Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyanın Xarici Ticarət və Sənaye Naziri Mistio Xoriuçi ilə görüşdəki söhbətindən - Tokio, Azərbaycan Prezidentinin iqamətgahı, 27 fevral 1998-ci il


Cənab Xoriuçi!

Xoş sözlərə və məni mehribanlıqla qarşıladığınıza görə sizə minnətdarlığımı bildirir, dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan Yaponiyaya rəsmi səfərə gəlməyimdən çox razı qaldığımı vurğulamaq istəyirəm.

"Böyük ipək yolu"nun bərpa edilməsinə Yaponiyanın böyük əhəmiyyət verdiyini, Baş nazir Haşimotonun "İpək yolu diplomatiyası"nın tezliklə uğur qazanması üçün xüsusi proqram hazırlandığını yüksək qiymətləndirirəm. Asiyadan Avropaya uzanan həmin yolun gələcəyi ilə bağlı məsələləri müzakirə etmək üçün 1998-ci ilin may ayında Avropa Birliyi ilə birlikdə Bakıda beynəlxalq konfrans keçiriləcək və konfransda 33 ölkə iştirak edəcəkdir. Bazar münasibətləri yolunu seçmiş Azərbaycanın öz iqtisadiyyatının inkişaf etdirilməsində xarici ölkələrin nüfuzlu Şirkətləri ilə əməkdaşlığa böyük üstünlük verdiyini nəzərə çarpdırıram.

Yaponiyanın işgüzar dairələrinin ölkəmizə böyük maraq göstərməsini yüksək qiymətləndirirəm. Son illər Azərbaycanda uğurlu islahatlar aparılmışdır. İndi respublikamızda inflyasiya yoxdur, milli valyutanın - manatın məzənnəsi sabitdir, ümumi daxili məhsulun həcmi 5,8 faiz artmışdır və ölkədə möhkəm ictimai-siyasi sabitlik yaradılmışdır. Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi barədə imzalanmış müqavilələrin həyata keçirilməsində dünyanın 12 ölkəsindən 20-dən çox ən nüfuzlu şirkəti yaxından iştirak edir, respublikamızın bütün sahələrinə sərmayə qoyulması getdikcə artır. Bu prosesdə Yaponiya şirkətlərinin də fəallıq göstərməsinin vacib olduğunu bildirmək istəyirəm. Yaponiyanın 6 ən böyük şirkətinin Azərbaycanda öz nümayəndəliyini açmasını müsbət hadisə kimi qiymətləndirirəm və əmin olduğumu bildirmək istəyirəm ki, ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud imkanlardan daha səmərəli istifadə ediləcəkdir. Azərbaycanda fəaliyyət göstərən Yaponiya şirkətlərinə hər cür şərait yaradılacaqdır. Zəngin təbii ehtiyatlara malik olan respublikamızla bütün sahələrdə əlaqələrin genişləndirilməsinin hər iki tərəf üçün çox böyük faydalar gətirəcəyinə ürəkdən inanıram. Azərbaycan-Yaponiya əməkdaşlığının durmadan inkişaf etdirilməsi üçün ikitərəfli hökumətlərarası komissiya yaradılmasını, "Şimal" buxar-qaz elektrik stansiyasının tikinti layihəsinə 20,7 milyard iena (165 min ABŞ dolları) məbləğində ən güzəştli kredit ayrılması, orada işlərin qısa bir müddətdə başa çatdırılması, əlavə olaraq 45 kilometr qaz-boru kəmərinin çəkilməsi, Naxçıvan hava limanının yenidən qurulması, Onkoloji Mərkəzin tikintisinin başa çatdırılması ilə əlaqədar kredit ayrılmasını müsbət qiymətləndirir və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsinin hər iki tərəf üçün faydalı olduğunu bildirirəm.

Sağ olun. Cənab Xoriuçi, mən Sizi Azərbaycana səfərə dəvət edirəm.