Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının sənaye naziri Qulamrza Şafei ilə söhbətindən - 29 aprel 2000-ci il


Heydər Əliyev: Hörmətli Ağayi Şafei!

Hörmətli qonaqlar!

Sizi Azərbaycanda bir daha salamlayıram. Sizin bu səfərinizdən çox məmnunam. Bu gün iki saat bir yerdə olmuşuq, birlikdə İranın Azərbaycanda VIII sərgisinin açılışında iştirak etmişik. Sərgi mənə çox yaxşı təsir bağışlayıbdır. Siz xüsusən bir neçə çox mühüm sahədə - avtomobil istehsalı, avtobuslar istehsalı, başqa maşınlar istehsalı və bütün başqa sahələrdə böyük nailiyyətlər əldə etmisiniz. Ona görə də hesab edirəm ki, sizin bu sərginiz burada yaxşı təəssürat yaradacaqdır və Azərbaycanla İranın iqtisadi əlaqələrinin daha da inkişaf etməsinə kömək edəcəkdir. Mən çox məmnunam. Buyurun.

Qulamrza Şafei: Mən, əvvələn, bizi qəbul etdiyinizə və bugünkü sərgimizin açılışına təşrif gətirdiyinizə görə çox təşəkkür edirəm. Mümkün deyildir ki, Azərbaycanda prezident gəlib hər sərgiyə baxsın. Amma bu gün mənə, İrana böyük minnət qoydunuz, zəhmət çəkib gəldiniz. Buna görə təşəkkür edirəm.

Cənab prezident, bir neçə il idi ki, Sizinlə görüşə bilməmişdim. Əlbəttə, hər zaman Yaşar müəllimi görəndə, səfir Abbasəli Həsənov ilə, bizim səfir ilə görüşəndə onların vasitəsilə salam göndərirdim, əhvalınızı soruşurdum. Amma görüşmək tamam başqa bir şeydir və nəhayət, Sizi gördüm, əhvalınız da yaxşıdır. Sizin salamatlığınızdan və əhvalınızın yaxşı olmasından çox məmnunam. Bu gür sərginin açılışında bir saata yaxın çıxış etdiniz, çox əhəmiyyətli fikirlər söylədiniz. Bunlara görə də təşəkkür edirəm.

Mənim Bakıya səfərimin bir neçə səbəbi var. Biri odur ki, bu sərgidə iştirak edəm və eyni zamanda cənab Ağayi-Xatəminin dəvətnaməsini sizə təqdim edəm. Bu dəvətnamədə qeyd edilibdir ki, iyunun 21-də Tehranda EKO-nun iclası olacaqdır.

Heydər Əliyev: EKO?

Qulamrza Şafei: Bəli. İranın prezidenti cənab Ağayi Xatəmi sizi də dəvət edibdir ki, orada iştirak edəsiniz. Eyni zamanda onu da deməliyəm ki, Azərbaycan indi iclasın sədri olacaqdır, işləri çox diqqətlə və səmimiyyətlə aparacaqdır. Səfir Abbasəli Həsənov İranda çox fəaldır. O, EKO ölkələrinin səfirləri ilə birlikdə müfəssəl işlər görür.

Cənab prezident, icazə verin, bu dəvətnaməni Sizə çatdırım.

Bu gün Siz sərgidə bir çox mətləblərə toxundunuz. Orada iştirak edən şirkətlərin nümayəndələrini düşündürən bir məsələ var və hesab edirəm, bu, EKO-nun iclasında müzakirə oluna bilər. Bu da ondan ibarətdir ki, komitələr, nazirliklər ölkələrimizin yaxınlığından bəhrələnərək öz aralarında vergi və s. məsələləri müzakirə etsinlər. MDB ölkələri bu sahədə razılıq əldə ediblər. Razılığa görə, əgər Azərbaycandan həmin ölkələrə hər hansı bir şey ixrac olunsa, ona vergi tutulmur və ya o ölkələrdən Azərbaycana məhsul gəlsə, vergi alınmır. Bu, imkan yaradır ki, ölkələr öz aralarında ticarət edə bilsinlər. Zənnimcə, bu işi EKO ölkələri arasında da yaratmaq olar.

Heydər Əliyev: Yəni EKO-ya, EKO ölkələrinə də bu prinsipi tətbiq etmək olar?

Qulamrza Şafei: Bəli, bu prinsipi orada da tətbiq etmək olar. Məsələn, İran, Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan və Orta Asiya ölkələri - Qazaxıstan, Türkmənistan və s. öz aralarında müəyyən qərara gələ bilərlər. Bu ölkələrin bəziləri MDB-nin üzvüdürlər - Azərbaycan, Orta Asiya ölkələri.

Heydər Əliyev: Azərbaycan və Orta Asiya ölkələrinin hamısı MDB-dədir. MDB-də olmayan İrandır, Türkiyədir, Pakistandır və Əfqanıstandır.

Qulamrza Şafei: Bəli, bunu EKO çərçivəsində etmək olar. Təklifim odur ki, əgər məsləhət bilsəniz, EKO-nun iclasında bu məsələ müzakirə olunsun.

Başqa bir xahişimi də Sizə bildirmək istəyirəm. Əlbəttə, vaxt ayırıb, hörmət göstərib sərgimizə gəldiniz. Amma orada digər xidmət sahələri də var idi, onları görmədiniz. İstəyirəm o sahələr barədə danışım.

Məsələn, orada tibbi cihazlar istehsal edən ayrı-ayrı zavodlar, şirkətlər də təmsil olunmuşdu. Onların nümayəndələri deyirlər ki, Azərbaycanla İran arasında bu sahədə əlaqələri daha da genişləndirmək olar. Ərzaq, ev əşyaları istehsalı ilə məşğul olan şirkətlər də var idi. Vaxt olmadı ki, onların təmsilçiləri Sizinlə görüşsünlər.

Sərgidə gördüyünüz kimi, İran keçən illərə nisbətən yaxşı inkişaf edibdir. Novruz bayramında beşillik planımız başa çatdı. Sənaye sahəsində 11 faiz artım var idi.

Heydər Əliyev: Yəni inkişaf.

Qulamrza Şafei: Bəli. İndi imkan yaranıbdır ki, avtomobil istehsalı, digər sahələr - neftdən tutmuş zavod tikməyə qədər - bunların hamısı üzrə əlaqələr qurulsun və səmərəli istifadə edilsin. Bu, sizin ixtiyarınızdadır. Elə etmək olar ki, İranın imkanlarından Azərbaycanda istifadə edilsin.

Bilirəm ki, Azərbaycan 70 il rusların, Kommunist Partiyasının əlinin altında qalmışdır, indi isə müstəqillik əldə edibdir. Biz də istəyirik ki, bu, daha da inkişaf etsin. Əsas iş odur ki, dağılanlar yenidən qurulsun.

İranda iyirmi, on, beş min işçisi olan bəzi zavodlar var. Əgər lazım olsa, bu sahədə əməkdaşlıq etmək üçün Sizin ixtiyarınızdayıq. Hər nə kömək lazımdır, etməyə hazırıq.

Xəzər dənizi bir dostluq dənizidir. İran və Azərbaycan neft, qaz, gəmiçilik sahələri üzrə əməkdaşlıq edə bilərlər. İnşallah, gərək elə edək ki, bütün bu işlər yerinə düşsün, hər kəsin nə iş görməsini müəyyənləşdirək, həmkarlıq edək.

Avtomobil sənayesinə aid mənim bir şəxsi təklifim vardır. O da EKO-nun iclası zamanı iştirakçı ölkələr arasında müştərək bir iş görülməsinə aiddir. Keçən görüşlərdə qərara gəlinmişdi ki, İran ilə, Türkiyə ilə Pakistan və bəzi ölkələr təyyarə istehsal etsinlər. Amma bu iş qabağa getmədi. Çünki o şirkətlər ki, gərək təyyarəni alsınlar, onlar dövlətdən asılıdırlar. Amma avtomobil belə deyil, onu müstəqil alırlar. Avtomobil bazarı geniş bir bazardır. Bu sahədə müştərək iş görmək lazımdır. Vacib deyil ki, bu iş ancaq bir ölkədə olsun. Avtomobil istehsal edən zavodlar tikmək olar, iş görkəm olar. Bu, mənim təklifimdir və əgər razı olsanız, ikitərəfli iş görməklə müəyyən nailiyyət əldə etmək olar. Əlbəttə, İran və Azərbaycan tərəfdən bəzi şirkətlər əlaqə qurublar, həmkarlıq edirlər. Lakin işi genişləndirmək lazımdır.

Digər təklif ondan ibarətdir ki, gərək İran ilə Azərbaycan üçüncü bazarlarda müştərək işlər görsünlər. Yəni İranla müştərək konsorsium, ya şirkət quraraq hər iki tərəf işə başlasın. Onların sahələri də çox müfəssəldir. Həm zavod qurmaq, həm neft, həm qaz sahəsində müştərək çalışmaq mümkündür. Hər iki tərəfin iştirakı ilə digər ölkələrdə müəyyən işlər görmək olar.

Mən Sizə zəhmət verdiyimə görə üzr istəyirəm. Sağ olun.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Əvvəla, cənab prezident Xatəminin bu dəvətini mən qəbul edirəm. Mən mütləq Tehrana gələcəyəm, EKO zirvə görüşünü bir yerdə keçirəcəyik. Çünki biz bu təşkilatı möhkəmləndirməliyik və çalışmalıyıq ki, bizim bütün əlaqələrimizin, xüsusən iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün bu təşkilatdan səmərəli istifadə edək.

Orada, sərgidə də bunu dedilər, indi siz burada da məsələ qaldırdınız - bu vergi, rüsum məsələlərini. Mənə belə gəlir ki, əgər biz EKO dövlətlərinə MDB dövlətləri ilə indi olan prinsipi tətbiq etsək, bu variant qəbul oluna bilən bir variant olar. Mən bu barədə bizim baş nazirə, nazirliklərə göstəriş verəcəyəm. Onlar da fikirləşsinlər, hazırlaşsınlar. Bizim başqa təkliflərimiz vardır. İkiqat vergi ilə bağlı, - məsələn, biz o məsələni də qoyuruq ki, bu barədə işləri müəyyən qədər yüngülləşdirmək lazımdır. Hər halda sizin təkliflərinizi də nəzərə alaraq mən göstəriş verəcəyəm ki, bizimkilər də öz təkliflərini versinlər. Güman edirəm ki, biz Tehranda bu barədə, bir neçə məsələ üzrə müəyyən bir razılığa gələ bilərik.

Digər məsələlər, - hansılar ki siz qaldırdınız və dünən mənə baş nazir dedi ki, onun da yanında bu barədə çox ətraflı danışmısınız, - bunların hamısı mənim tərəfimdən bəyənilən məsələlərdir və bir çox sahələrdə əməkdaşlıq etməliyik. İndi mən siz dediyiniz məsələlərin, sadəcə, hər birinə cavab vermək istəmirəm. Amma demək istəyirəm ki, bu təklifləri prinsip etibarilə qəbul edirəm. Mən bizim baş nazirə və nazirliklərə göstəriş verirəm ki, bunların hər birini sizin nümayəndələrlə birlikdə ayrı-ayrı araşdırsınlar, təhlil etsinlər və bizim təkliflərimizi versinlər.

Mən bu gün sərgidə də dedim, indi də deyirəm ki, bizim siyasətimiz bundan ibarətdir ki, İran ilə bütün əlaqələri gücləndirmək lazımdır, inkişaf etdirmək lazımdır. İqtisadi əlaqələr burada xüsusi yer tutur. O cümlədən, Xəzər dənizi haqqında da, - siz dəryayi-Xəzər deyirsiniz, - mənə belə gəlir ki, bir çox işlər görmək olar.

Məsələn, mənə bizim baş nazir dedi ki, siz gəmiçilik barəsində, gəmi istehsalı barəsində də əməkdaşlıq etmək istəyirsiniz. Bu da mümkündür. Bizim burada imkanlarımız vardır, gəmi təmiri zavodlarımız vardır, bundan da istifadə etmək olar. Amma o iki təklif ki, var, sizin avtomobil sənayesinin bizim bəzi təşkilatlarla müştərək iş görməsi barədə, -mən bunu dərhal bəyənirəm və bunların həyata keçirilməsi üçün lazım olan tədbirləri öz tərəfimdən edəcəyəm, göstəriş verəcəyəm.

Bir sözlə, mən fikirlərimin çoxunu bu gün sərgini açanda dedim. Təkrar etmək istəmirəm. İran-Azərbaycan əlaqələri genişlənməlidir, inkişaf etməlidir və bəzi ayrı-ayrı bədxahların, bizim əlaqələrə zərər gətirmək istəyən qüvvələrin, yaxud da bunu mənfi şəkildə göstərmək istəyən qüvvələrin biz qarşısını almalıyıq.

Bilirsiniz, bizim yaşadığımız region indi dünyada çox böyük diqqət cəlb edir. İran da böyük bir dövlət kimi, böyük iqtisadi potensiala malik olan ölkə kimi böyük diqqət cəlb edir. İranın dostları da var, amma İranı istəməyənlər də var.

Azərbaycan bir müstəqil dövlət olandan sonra, təbiidir ki, Azərbaycana maraq çox böyükdür. Çünki birincisi, Azərbaycanın çox əlverişli strateji mövqeyi var, yəni o, Şərqlə Qərbin, Asiya ilə Avropanın arasında duran bir ölkədir və xüsusən Avropa ilə Asiya arasındakı nəqliyyat vasitələrinin keçəcəyi ən qısa bir yerdir. Azərbaycan burada xüsusi yer tutur. Ondan sonra, - Azərbaycanın enerji ehtiyatlarının işlənilməsi, bunların gələcək perspektivləri. Başqa cəhətlər də var. Ona görə də bəzi qüvvələr ayrı-ayrı ölkələrdə məqalələrlə, yazılarla belə bir fikir yaratmaq istəyirlər ki, guya İran ilə Azərbaycan arasında əlaqələr soyuqdur. Soyuq deyil, yaxşıdır, amma daha da isti olmalıdır.

Mən - Azərbaycanın prezidenti, Azərbaycanın siyasətini təyin edən və onu həyata keçirən adam belə fikirdəyəm. Amma kənar adamlar çox şey deyə bilərlər. İndi biz elə bir dövrdə yaşayırıq ki, hərə öz fikrini deməyə haqlıdır, ixtiyarı var, - yalan da olsa, doğru da olsa, düz də olsa, əyri də olsa. Ancaq biz bunlara fikir verməməliyik. Biz əlaqələrimizi inkişaf etdirməliyik.

Mənim İrana rəsmi səfərim də gündəlikdə durur. Çünki mən prezident cənab Xatəmidən dəvət almışam. İndi bu səfər də ortaya düşür. Ola bilər ki, mən bu il İrana iki dəfə səfər edim - bir dəfə EKO-nun zirvə görüşünə gəlim, bir dəfə də rəsmi səfərə gəlim.

Qulamrza Şafei: İran Sizin öz evinizdir. Hər zaman gələ bilərsiniz.

Heydər Əliyev: Ondan sonra da mən cənab Xatəminin Azərbaycana gəlməsini gözləyəcəyəm. Bunlar - məsələn, sizin kimi nümayəndə heyətlərinin Azərbaycana gəlməsi, bizim nümayəndə heyətlərimizin İrana getməsi, bizim xarici işlər naziri son vaxtlar İranda oldu, görüşlər keçirdi, sizin xarici işlər naziri bir müddət bundan öncə gəlmişdi, indi Nyu-Yorkda İranın və Azərbaycanın xarici işlər nazirləri görüşüblər. Çünki o ora gedəndə mən ona göstəriş vermişdim ki, ola bilər, Nyu-Yorkda görüşlər çox olsun, amma mütləq İranın xarici işlər naziri ilə görüş. O da görüşübdür, danışıbdır, geriyə dönəndən sonra mənə məlumat verəcəkdir, - yəni hesab edirəm, bütün bu vasitələrdən hər iki tərəf istifadə etməlidir ki, bizim əlaqələrimiz daha da geniş olsun, daha da sıx olsun.

Cənab Şafei, mən sizinlə köhnə dostam.

Qulamrza Şafei: Naxçıvandan.

Heydər Əliyev: İndi düşünürəm ki, səkkiz il bundan öncə Naxçıvanda görüşdük və sizinlə ilk dəfə Naxçıvana elektrik xəttinin çəkilməsini orada bayram etdik. Xatirinizdədir, biz nə ağır şəraitdə idik. Ancaq o vaxt İrandan elektrik xəttini çəkdik və o, bizə xeyli yardım etdi. Biz Türkiyədən bir elektrik xətti çəkdik, sonra İrandan çəkdik və sizinlə birlikdə görüşdük.

Xatirindədir, getdik Şahtaxtıda, Poldəşt körpüsünü açdıq və orada sərhədyanı bazar təşkil etməyə çalışdıq. O günlər yadımdan çıxmır. Çünki o günlər Naxçıvan üçün və Naxçıvana başçılıq edən bir şəxs kimi mənim üçün ağır günlər idi, bizim üçün çox ağır günlər idi. Amma biz onları yaşadıq.

Məsələn, indi Naxçıvanda vəziyyət... Doğrudur, indi Naxçıvanın Azərbaycanla əlaqələri bir təyyarə vasitəsilə, bir də ki, İran ərazisindən gedən avtomaşınların, avtomobillərin vasitəsilə olur. Başqa əlaqələrimiz yoxdur. Ancaq İran ilə Naxçıvan arasındakı əlaqələr - ticarət əlaqələri, insanların gedib-gəlməsi - bunlar indi çox yaxşı səviyyədədir və mən bunlardan məmnunam. Hesab edirəm ki, bu da İran-Azərbaycan əlaqələrinin inkişaf etməsinə çox böyük kömək göstərir.

Mən 1994-cü ildə İrana gələndə, yadımdadır, siz məni müşayiət edirdiniz. İranda, Tehranda bir yerdə gəzirdik. Bunlar hamısı xatirimdədir və ona görə də bütün rəsmi münasibətlərdən başqa, dostluq münasibətləri də yaranıbdır, şəxsi məhəbbət yaranıbdır. Mən məmnunam ki, siz İran İslam Cümhuriyyətində yenə də nazirsiniz - keçmişdə kooperasiya naziri, indi sənaye naziri. Arzu edirəm ki, bundan da yüksək vəzifələrə çatasınız. Çünki bilirəm ki, siz İran-Azərbaycan əlaqələrinin sağlam vəziyyətdə olmasına və inkişaf etməsinə can yandıran bir insansınız. Bu, həm İran üçün lazımdır, həm də Azərbaycan üçün lazımdır. Mən sizi bir daha salamlayıram, sizinlə görüşməyimdən məmnun olduğumu bir daha bildirmək istəyirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 30 aprel 2000-ci il.