Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin işgüzar müzakirələrdən sonra Vayxır su anbarının tikinti meydançasında jurnalistlərə verdiyi müsahibə - 12 avqust 2002-ci il


Heydər Əliyev: Təmiz hava alırsınız. Görürsünüz, sizin üçün nə qədər yaxşı iş görürəm. Məndən nə istəyirsiniz?

Sual: Cənab Prezident, Naxçıvanın enerji təchizatı ilə bağlı üç layihə var idi. Bu layihələr problemi həll edə bilərmi?

Heydər Əliyev: Əhmədzadə, hazırlaş, cavab ver.

Əhməd Əhmədzadə: Cənab Prezident, Ordubadla bağlı su elektrik stansiyası kanal vasitəsilə həyata keçirilir. Bu, İranla bağlı məsələdir. O vaxt Siz İranda olanda Məzrə su elektrik stansiyasının tikilməsi barədə söhbət etmişdik. Biz də Ordubad su elektrik stansiyasını tikmək istəyirdik. Danışıqlar bir müddət getdi. Amma onlar da tikmədilər, biz də tikmədik.

Heydər Əliyev: Araz çayının üzərində İranla bizim layihəmiz var. Sən Araz çayından danışırsan, yoxsa Dəstə çayından danışırsan?

Jurnalist: Dəstə kəndinin yaxınlığından...

Əhməd Əhmədzadə: Dəstə kəndinin yaxınlığında su elektrik stansiyası olmalı idi.

Heydər Əliyev: Bu, İranla əlaqədardır. Biz İranla danışıqlarımızda bu məsələni çox tez-tez qoyuruq. Ancaq təəssüf ki, onlar gətirib bunu Xudafərinlə bağlayırlar. Yəni siz icazə verin, biz Xudafərində işi davam etdirək və qurtaraq.

Biz isə buna razılıq vermirik. Çünki Xudafərində Araz çayının biz tərəfdəki sahili Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ona görə, təbii, biz buna razı ola bilmərik. Doğrudur, onlar bizə cürbəcür izahatlar verirlər ki, biz hazırlayaq, başlayaq, bu iş çox vaxt aparacaq, o vaxta qədər məsələ həll oluna bilər. Dedim, bu ola bilməz. Hətta biz onlara bir-iki dəfə demişdik ki, siz ermənilərlə danışın, Araz çayının sahilində təxminən 5–7 kilometr zolağı – Xudafərin hissəsində – azad etsinlər, bizim ordumuz oraya daxil olsun, o hissəni mühafizəyə götürsün. Onda biz bu işi apara bilərik. Onlar bunu edə bilmədilər. Çünki güman edirəm, ermənilər onlara bu razılığı vermədilər.

Sual: Cənab Prezident, Naxçıvana İrandan qaz alınıb verilməsi məsələsi nə yerdədir?

Cavab: Bu olacaqdır. Bizim İqtisadi İnkişaf naziri Fərhad Əliyev və İranın Kooperasiya naziri Sufi, yəni bizim müştərək komissiyanın sədrləri mən Naxçıvana gedəndən iki gün qabaq orada görüşmüşlər, bu barədə prinsipial razılıq var. Yəqin bunu həyata keçirmək mümkün olacaqdır.

Sual: Cənab Prezident, Dağlıq Qarabağda yeni «seçkilər» keçirilib və Qukasyan qalib gəlibdir. Sizcə, bu amil danışıqlara təsir edəcəkmi?

Cavab: Heç bir təsir etməyəcəkdir. Çünki hamı bilir ki, orada «seçkilər» keçiriləcək, kim qalib gələcək, özlərinin işidir. Bilirəm, keçirilibdir.

Sual: 110 meqavat gücündə Naxçivan qaz-turbin stansiyası ilə bağlı bir layihə var idi. İnvestisiyaya görə qalmışdı. Bununla əlaqədar göstərişiniz olacaqmı?

Cavab: Mən orada işləyən vaxt Türkiyədən dörd ədəd turbin alıb gətirdik. Onun birini işlətməyə də başladıq, bir az enerji verdi. İndi də hərdən işlədirlər.

Vasif Talıbov: Bəli, bayram günlərində işlədirik.

Heydər Əliyev: Onlar var. Əgər indi qaz alsaq, onları işə salmaq olar. Onların hərəsi neçə meqavatdır?

Vasif Talıbov: 15 meqavatdır.

Heydər Əliyev: Hərəsi 15 meqavat, 4 ədədi də daimi 60 meqavat elektrik enerjisi versə, bu, Naxçıvanın 50 faizdən çoxunu təmin edir. Elədirmi?

Vasif Talıbov: Elədir.

Heydər Əliyev: Amma onun üçün də qaz lazımdır.

Sual: Cənab Prezident, Siz indi içəridə müzakirə keçirdiniz. Orada mətbuat üçün açıqlana bilən məqamlar varmı?

Cavab: Yox. Sadəcə olaraq, orada yer yox idi ki, siz gələsiniz. Sizdən xəlvət bir şey yoxdur, hər şey aşkardır. Sabah müşavirədə burada danışdığımız məsələlərin hamısını geniş surətdə müzakirə edəcəyəm.

Sual: Cənab Prezident, İrandan hansı yolla qaz alınması daha sərfəlidir?

Cavab: Bilirsən, bir neçə variant var. Əvəzləmə də var, ödəmə də var. İndi biz bunların hansından istifadə edəcəyik, onu deyə bilmərəm. Çünki əvəzləmə bir-iki şərtlərlə bağlıdır. Ödəmə də, əlbəttə, bizim vəsaitimizdən asılı olacaqdır. Yaxud ola bilər, ekvivalent olaraq onlara neft məhsulu verək. Bu da ola bilər. Bunlar hamısı dəqiqləşdiriləcəkdir.

Sual: İran yüksək qiymət qoyur, Ermənistanla eyni qiymət qoyur.

Cavab: Bu, keçmiş şeydir.

Sual: Ermənistanla eyni qiymətə razılaşırsınızmı?

Heydər Əliyev: Ermənistana qiymət nə qədərdir? 

Jurnalist: İran deyir ki, rəsmi 82 dollardır, amma qeyri-rəsmi 60 neçə dollardır.

Heydər Əliyev: İnanmıram. Qiyməti danışacağıq. İndi mən sizə bir qiymət deyə bilmərəm. Qiymət çox çətin məsələdir. Elə bizim bu tikintinin qiymətini də mən soruşuram, deyirlər. Deyirəm yox, gəlin sabaha qədər də fikirləşin.

Sual: Cənab Prezident, bu, baş verərsə, Naxçıvanın sənaye həyatının inkişafını necə görürsünüz?

Cavab: Oğlum, bu, sənayeyə aid deyil, kənd təsərrüfatına aiddir. Bunu orada dedilər, sabah da deyiləcəkdir. Mən əvvəlcədən bunları bildirmək istəmirəm.

Jurnalist: İrandan qaz alınmasından sonranı deyirəm.

Heydər Əliyev: Yox, biz İrandan qaz alıb burada sənaye inkişaf etdirmək istəmirik. Çünki buna o qədər imkan yoxdur. Sadəcə, Naxçıvanı qazla təchiz etmək istəyirik.

Sual: Cənab Prezident, referenduma çıxarılan məsələlər Azərbaycan üçün çox əhəmiyyətlidir. Amma bir məsələ var ki, Azərbaycanda bir az başqa cür fikirlər yaradır. Məsələn, alternativ hərbi xidmət məsələsi. Sizcə, bu, indiki reallıqda problemlər yaratmayacaq ki?

Cavab: Bilirsiniz, o məsələ Avropa Şurasının tələbi ilə əlaqədardır. Bu məni də düşündürür. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR