Bakıda "Xəzərneftqaz - 2000" Beynəlxalq sərgisi və konfransının açılışı mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 6 iyun 2000-ci il


Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Mən "Xəzərneftqaz-2000" beynəlxalq sərgisi və konfransının açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm və sərginin, konfransın işinə uğurlar arzulayıram.

Azərbaycan qədim neft diyarıdır. Məlumdur ki, neftin sənaye üsulu ilə istehsalının 150 illik tarixi vardır. Ancaq bizim sərginin -"Xəzərneftqaz" sərgisinin yeddi illik tarixi var. Yeddi il bundan öncə, müstəqil Azərbaycan Respublikasının neft strategiyasının həyata keçirilməsinin başlanğıcında, dünyanın iri neft şirkətləri respublikamıza böyük maraq göstərdiyi zaman İngiltərənin "Spirhed eksibişnz LTD" şirkəti Azərbaycan Ticarət-Sənaye Palatası ilə birlikdə belə bir sərginin keçirilməsi haqqında təşəbbüs irəli sürmüşlər. İlk belə sərgi 1994-cü ildə keçirilmişdir. İndi isə bu, ənənəyə çevrilmişdir. Bu gün biz yeddinci sərginin iştirakçılarıyıq.

Sual olunur, nə üçün keçmiş zamanlarda Azərbaycanda, Bakıda - baxmayaraq ki, dünyada çıxarılan neftin böyük bir hissəsi Azərbaycanda hasil edilirdi - belə sərgilər keçirilirmirdi? Sual olunur, belə olan halda nə üçün Azərbaycan, Bakı dünyanın neft və qaz mərkəzlərindən biri kimi indiyədək bugünkü qədər tanınmamışdı?

Bunların cavabı məlumdur: səbəbi ondan ibarətdir ki, birincisi, Azərbaycan öz dövlət müstəqilliyini əldə etmişdir və dünya birliyində özünə yer tutan müstəqil dövlət kimi təbii sərvətlərinin sahibi olmuşdur, onlardan istifadə edilməsi üçün lazımi yeni tədbirlər görməyə başlamışdır. İkincisi, ondan ibarətdir ki, müstəqil Azərbaycan, onun dövləti öz iqtisadiyyatını inkişaf etdirmək və böyük təbii sərvətlərindən, xüsusən neft və qaz sərvətlərindən istifadə etmək üçün yeni neft strategiyası işləyib hazırlamış və onu həyata keçirməyə başlamışdır.

1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti Azərbaycan dövlətinin neft strategiyasını həyata keçirərək dünyanın bir neçə böyük neft şirkəti ilə birgə Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin müştərək işlənilməsi ilə əlaqədar ilk müqavilə imzalamışdır. O vaxt bu müqavilə dünyaya böyük səs salmış, geniş əks-səda doğurmuş və təsadüfi deyildir ki, "Əsrin müqaviləsi" adlandırılmışdır.

Beləliklə, Azərbaycan dövlətinin neft strategiyasının həyata keçirilməsi dünyanın bir çox ölkələrinin böyük neft şirkətlərinin respublikamıza marağına səbəb olmuş və tarixi nöqteyi-nəzərdən qısa bir zamanda - 5-6 il müddətində Azərbaycan, Xəzər dənizi dünyanın ən böyük neft və qaz mərkəzlərindən birinə çevrilmişdir.

Azərbaycan Dövlət Neft Şirkəti qısa bir zamanda dünyanın böyük neft şirkətləri ilə 19 müqavilə imzalamışdır və bu müqavilələrin həyata keçirilməsi üçün nəzərdə tutulmuş investisiyaların həcmi 50 milyard dollardan çoxdur.

Azərbaycan dövlətinin həyata keçirdiyi neft strategiyası, cəsarətli siyasəti və əməli tədbirləri təkcə ölkəmizə yox, bütün Xəzər dənizi hövzəsinin böyük neft-qaz sərvətlərinin Xəzəryanı dövlətlər tərəfindən istifadə edilməsinə və bunun üçün də dünyanın böyük şirkətlərinin Xəzərin başqa sektorlarındakı neft və qaz yataqlarına da maraq göstərməsinə səbəb olmuşdur.

Məmnuniyyətlə qeyd edirik ki, indi Xəzərin başqa sektorlarında da - Xəzəryanı hər bir dövlət tərəfindən öz sektorunda - neft və qaz yataqlarının kəşfinə, axtarışına başlanmış, bir çox hallarda yaxşı nəticələr əldə olunmuş, əməli işlər həyata keçirilməyə başlanmışdır. Beləliklə də Xəzər dənizi hövzəsi artıq dünyanın ən böyük neft regionlarından birinə çevrilmişdir.

Biz fəxr edirik ki, bu işin başlanğıcını qoymuşuq. Biz fəxr edirik ki, Xəzər dənizinin böyük neft və qaz sərvətlərinin dünya iqtisadiyyatına, dünya ictimaiyyətinə açmışıq. Biz fəxr edirik ki, Xəzər dənizinin böyük neft və qaz sərvətlərinin dünya iqtisadiyyatına, dünya ictimaiyyətinə açmışıq. Biz fəxr edirik ki, indi Xəzəryanı digər ölkələr - Rusiya, Qazaxıstan, Türkmənistan və İran da Azərbaycan ilə bərabər Xəzər dənizində özlərinə məxsus olan sektorlarda neft və qaz yataqlarının işlənilməsinə başlamışlar.

Son illər bizim bu sahədə gördüyümüz işlər bir çox çətinliklərlə, maneələrlə rastlaşmışdır. Bir tərəfdən Xəzərin Azərbaycan sektorunda olan neft və qaz yataqlarına böyük neft şirkətlərinin marağı artmışdır, ikinci tərəfdən isə Azərbaycan iqtisadiyyatının bu cür inkişaf etməsinə mane olmaq istəyən bəzi dairələr ölkəmizdə guya bu qədər neftin, onun gələcəyinin olmaması haqqında müxtəlif yazılar yazmış, bəyanatlar vermiş, hətta ayrı-ayrı tədbirlər də görmüşlər.

Ancaq biz öz iradəmizdən dönməmişik, apardığımız işi ardıcıl surətdə həyata keçiririk və bildiyiniz kimi, hazırda əməli nailiyyətlər əldə etmişik. İlk olaraq imzalanmış "Əsrin müqaviləsi" həyata keçirilərək 1997-ci ildə "Çıraq" yatağından bizim hamımızın gözlədiyindən də çox neft hasil edilmiş və onun ixrac olunması məsələləri həll edilmiş, iki ixrac neft kəməri - Bakı-Novorossiysk və Bakı - Supsa neft kəmərləri tikilmişdir. Hasil edilən neft bu kəmərlər vasitəsilə indi dünya bazarlarına çıxarılır.

Məlumdur, bunu sübut etməyə artıq ehtiyac yoxdur ki, Xəzərin Azərbaycan sektorunda böyük neft və qaz ehtiyatları vardır. Təbiidir ki, onlar hasil ediləcək və dünya bazarlarına çıxarılacaqdır. Bunun üçün də hələ 1994-cü ildə əsas ixrac neft kəmərinin - Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi haqqında qərar qəbul edilmişdir.

Ötən illərdə biz, yəni Azərbaycan dövləti, Türkiyə Cümhuriyyəti, Gürcüstan və "Əsrin müqaviləsi"nin iştirakçısı olan digər dövlətlərin neft şirkətləri əsas ixrac neft kəmərinin - Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi üçün hamımız birlikdə lazımi işlər görmüşük. Bu işlər də çox çətinliklə həyata keçibdir. Yenə də deyirəm, biz bu məsələdə də bir çox maneələrə rast gəlmişik. Ancaq sevindirici hal odur ki, bu maneələrin də qarşısını ala bilmişik. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin bütün sazişləri, müqavilələri artıq imzalanıbdır. Bu sənədlər Azərbaycan, Gürcüstan parlamentləri tərəfindən təsdiq edilibdir, yaxın günlərdə Türkiyə Cümhuriyyətinin parlamenti tərəfindən də təsdiq olunacaqdır. Beləliklə də biz böyük bir layihənin həyata keçirilməsinə başlayacağıq.

Bildirdiyim kimi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikilməsi haqqında beş il müddətində aparılan işlər bir tərəfdən bizim iradəmizin həyata keçirilməsi ilə əlaqədar olubdursa, ikinci tərəfdən biz bu layihənin həyata keçirilməsinin müxtəlif istiqamətlərdən qarşısını almaq məqsədləri ilə rastlaşmışıq.

Ancaq bu layihənin həyata keçirilməsinin ən əsas mərhələlərindən biri 1998-ci ilin oktyabr ayında Ankarada qəbul edilmiş bəyannamədir. Bu bəyannaməni Türkiyə Cümhuriyyətinin prezidenti, Azərbaycan Respublikasının prezidenti, Gürcüstan prezidenti, Qazaxıstan prezidenti, Özbəkistan prezidenti imzalamışlar. Bu bəyannaməyə Amerika Birləşmiş Ştatlarının enerji naziri cənab Riçardson da öz imzasını qoymuşdur.

İkinci həlledici mərhələ keçən ilin noyabr ayında İstanbulda ATƏT-in zirvə görüşündə yenə də Türkiyə, Azərbaycan, Qazaxıstan Cümhuriyyətləri prezidentlərinin və Gürcüstan prezidentinin imzaladığı bəyannamə və eyni zamanda bu bəyannaməni Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonun imzalaması olmuşdur.

İstanbul bəyannaməsi və İstanbulda bu barədə imzalanmış bütün sazişlər Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikilməsini tam təmin etmişdir. İndi əməli işlər həyata keçirilir. Bu kəmərin tikilməsi üçün bu yaxınlarda Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən sponsorların konfransı keçirilibdir. Orada bu kəmər haqqında böyük məlumatlar verilibdir. Güman edirəm ki, bundan sonra işlər sürətlə gedəcəkdir. İnanıram ki, əsas ixrac neft kəməri - Bakı-Tbilisi-Ceyhan tikilib 2004-cü ildə tamamilə başa çatdırılacaq və istifadəyə veriləcəkdir.

Bəziləri belə fikirləri irəli sürürlər ki, əsas ixrac neft kəməri vasitəsilə indi ixrac ediləsi miqdarda neft yoxdur. Buna görə də bəziləri hesab edirlər ki, bu, ümumiyyətlə, lazım deyil, digərləri isə hesab edirlər ki, bu, tezdir. Bunlar yanlış fikirlərdir. Çünki ən ehtiyatlı, yəni minimum proqnozlara görə Xəzər dənizinin təkcə Azərbaycan sektorundan 4-5 milyard ton neft hasil edilməsi gözlənilir.

Əgər nəzərə alsaq ki, həmin sənədləri, bəyannaməni Qazaxıstan da imzalayıbdır və Xəzərin Qazaxıstan sektorunda böyük miqdarda neft hasil edilməsi gözlənilir, Azərbaycanda hələ bundan sonra da geniş işlər görüləcək, - onda təsəvvür etmək olar ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri nə qədər zəruridir və nə qədər də lazımdır.

Alimlərimizin, mütəxəssislərimizin fikri belədir ki, Xəzər dənizində o qədər böyük neft və qaz yataqları var ki, hələ bu kəmərlər də yetərli olmayacaqdır. Ona görə də Azərbaycan dövləti hesab edir ki, Xəzər dənizindən hasil olunacaq neftin dünya bazarlarına çıxarılması üçün alternativ başqa neft kəmərləri də tikilə bilər və biz bu fikirlərdən də imtina etmirik.

Xəzər hələ böyük sirlər dənizidir. Bilirsiniz ki, dörd il bundan əvvəl belə bir sərgi keçirilən zaman Azərbaycan Dövlət Neft Şirkəti ilə bir çox xarici şirkətlər arasında Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının birgə işlənilməsi ilə əlaqədar müqavilə imzalanmışdır. Bu gün mən böyük iftixar hissi ilə sizə bildirirəm ki, indi bunun gözəl nəticələri vardır. Orada qazılan iki quyu "Şahdəniz" yatağından bir trilyon kubmetrdən artıq qaz əldə edilməsinə imkan olduğunu göstərmişdir.

Ümumiyyətlə, bizim mütəxəssislərin proqnozları - onların proqnozları həmişə özünü doğruldubdur və mən çox sevinirəm ki, Azərbaycanda belə yüksək səviyyəli mütəxəssislər var - onu göstərir ki, Xəzər dənizinin Azərbaycan sektorundan ən azı dörd trilyon kubmetr qaz hasil edilməsi gözlənilir. İndi biz düşünürük və əməli tədbirlər görürük ki, hasil olunacaq qazın dünya bazarlarına ixrac edilməsi məsələsi həll olunsun. Güman edirəm ki, bizimlə bərabər işləyən şirkətlərlə, onların dövlətləri ilə birlikdə bunları da həll edə biləcəyik.

Mən Xəzərin Azərbaycan sektorunda görülmüş bu işlər haqqında sizə qısa məlumat verərək, bir tərəfdən istəyirəm ki, respublikamızın həm qurudakı, həm də dənizdəki neft və qaz yataqlarına maraq göstərən şirkətlər bundan sonra da gəlib bizimlə əlaqələr qursunlar. Eyni zamanda, mən bu fikirlərimlə Xəzəryanı başqa dövlətləri - Rusiyanı, Qazaxıstanı, Türkmənistanı və İranı da Xəzər dənizindəki öz sektorlarında bundan sonra daha fəal işləməyə həvəsləndirmək istəyirəm.

Bilirsiniz ki, dənizdə neft və qaz axtarışı, hasil edilməsi ilə məşğul olan mütəxəssislər Azərbaycanda çoxdur. Biz Xəzəryanı bütün ölkələrə, qonşularımıza bu sahədə yardım göstərməyə, kömək etməyə hazırıq.

Son illər Xəzər dənizinin hüquqi statusu haqqında müxtəlif danışıqlar aparılıbdır. Ümumiyyətlə, ictimaiyyətə, dünya ictimaiyyətinə bu barədə müxtəlif fikirlər söylənilibdir. 1994-cü ildən başlayaraq Azərbaycan Xəzər dənizinin hüquqi statusunun Xəzəryanı bütün ölkələr tərəfindən birlikdə müzakirə edilib müəyyənləşdirilməsinin tərəfdarı olubdur. Biz bu gün də bunun tərəfdarıyıq və hər bir müzakirəyə hazırıq.

Hesab edirəm ki, biz bu məsələni müzakirə edib ümumi fikrə gəlməliyik, ümumi qərar qəbul etməliyik. Ancaq bir-birimizə mane olmaq, yaxud müxtəlif fikirlər yaymaq lazım deyildir.

Siz son 5-6 il içərisində dünyanın böyük neft şirkətlərinin və həmin şirkətlərin öz işlərini görmək üçün cəlb etdiyi dünyanın bir çox başqa şirkətlərinin Azərbaycanda uğurla, rahat, səmərəli işləməsinin şahidisiniz.

Biz 1994-cü ildə bəyan etmişdik ki, Azərbaycan dövləti bazar iqtisadiyyatı yolu ilə gedir, respublikamız öz iqtisadiyyatını inkişaf etdirmək üçün dünyanın bütün ölkələri ilə əməkdaşlıq qurmaq, xarici investisiyanı ölkəmizə cəlb etmək istəyir və bu investisiyanın Azərbaycana cəlb olunması üçün lazım olan bütün şərtlərin həyata keçirilməsini öz üzərinə götürür.

Mən bu gün böyük məmnuniyyət hissi ilə deyirəm ki, biz bütün bəyanatlarımızı həyata keçirmişik, onlara sadiq olmuşuq.

Hər bir xarici ölkə şirkətinin, hər bir iş adamının başqa bir ölkədə iş görməsi üçün bir neçə şərt mövcuddur. Onlardan birincisi bu ölkədə ictimai-siyasi sabitliyin olmasıdır. Biz Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etmişik. Doğrudur, bu, bizim üçün asan olmamışdır. 1994-cü ildən bizimlə müştərək iş görən şirkətlər və onların nümayəndələri gördülər ki, sabitliyi təmin edərkən biz bir çox terror, dövlət çevrilişinə cəhd halları ilə rastlaşdıq. Ancaq biz bunların hamısının qarşısını aldıq, Azərbaycanı cinayətkar dəstələrdən təmizlədik, ölkəmizdə sağlam mühit yaratdıq və ictimai-siyasi sabitliyi tam təmin etdik.

Biz yaxşı bilirik ki, xarici investisiyanın Azərbaycana gəlməsi üçün müvafiq qanunlar - vergi qanunu, başqa qanunlar lazımdır. Bu qanunlar Azərbaycana gələn hər bir investorun səmərəli işləməsi və öz işinə daim arxayın olması üçün şərait yaratmalıdır. Biz bu qanunları qəbul etmişik, onlar Azərbaycana gələn investorların səmərəli işləməsi üçün bütün imkanları yaradıbdır. Ancaq bu proses davam edir. Ölkəmizdə bundan sonra da lazım olan qanunlar qəbul ediləcəkdir. Mən əmin edirəm ki, biz xarici investisiyanın Azərbaycana gəlməsində çox maraqlıyıq və bunun üçün lazım olan hər dürlü şəraiti yaradacağıq.

Xarici şirkətlərin, investorların Azərbaycanda neft, qaz sahələrində və başqa sahələrdə səmərəli işləməsi üçün bir şərt də çox böyük əhəmiyyətə malikdir. O da ondan ibarətdir ki, Azərbaycanda yüksək səviyyəli mütəxəssislər, mühəndislər, texniklər, təcrübəli və dənizdə ağır şəraitdə işləməyə qadir olan fəhlələrimiz vardır. Xarici şirkətlər ötən illərdə görüblər ki, bizim bu sahədə olan kadrlarımız yüksək standartlara cavab verirlər və onlarla işləmək asandır.

Azərbaycan hüquqi, demokratik dövlətdir. Azərbaycanda demokratiyanın, qanunun aliliyinin təmin olunması üçün bütün işlər görülür və görüləcəkdir. Bunların özü də xarici investorların Azərbaycanda işləməsi üçün əsas şərtlərdən biridir.

Beləliklə, Azərbaycanın prezidenti kimi mən bu gün yeddinci sərginin iştirakçıları qarşısında çıxış edərək böyük qürur hissi ilə deyirəm ki, müstəqil Azərbaycanın dövlət neft strategiyası uğurla həyata keçirilir və bu, Azərbaycan iqtisadiyyatının inkişaf etməsi üçün böyük imkanlar yaradır. Bu, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi və daimi olması üçün çox böyük imkanlar yaradır. Bunlar hamısı bizi sizinlə birlikdə böyük gələcəyə aparır.

Azərbaycanın dövlət neft strategiyasının həyata keçirilməsində, müqavilələrin imzalanmasında və həmin müqavilələrin əməli surətdə həyata keçirilməsində ölkəmizə gəlmiş şirkətlərlə əməkdaşlığımızı çox səmərəli hesab edirəm. Şübhə etmirəm ki, onlar burada böyük qonaqpərvərlik və mehribanlıq əhval-ruhiyyəsi görürlər. Bu əməkdaşlığımıza və Azərbaycana bu sahədə gətirdikləri yeniliklərə görə respublikamızda işləyən bütün xarici ölkə şirkətlərinə, vətəndaşlarına minnətdarlığımı, təşəkkürümü bildirirəm.

Biz bu gün yeddinci sərgini keçiririk. Bu, XX əsrdə bu sahədə keçirdiyimiz son sərgidir. Biz XXI əsrə, üçüncü minilliyə doğru addım atırıq. Heç şübhə yoxdur ki, XX əsrin sonunda Azərbaycanın öz dövlət müstəqilliyini əldə etməsi və müstəqil dövlət olaraq bütün sahələrin inkişafında müvəffəqiyyətlər qazanması və xüsusən neft strategiyasının həyata keçirilməsində böyük nailiyyətlər əldə etməsi XXI əsrdə Azərbaycanın daha da inamla irəliləməsi üçün əsas yaratmışdır.

Hörmətli dostlarımız, bizim sizinlə imzaladığımız müqavilələr və son illərdə gördüyümüz işlər XXI əsr üçün yaxşı əsas yaradıbdır. Bu müqavilələr XXI əsrin, gələcək nəsillərin müqavilələridir. Ümidvaram ki, gələcək nəsillər bizim gördüyümüz bu dəyərli işləri daha sürətlə irəli aparacaqlar.

Biz səkkizinci "Xəzərneftqaz" sərgisini 2001-ci ildə, XXI əsrin ilk ilində keçirəcəyik. Həmin sərginin çox böyük əhəmiyyəti olacaqdır. İnanıram ki, o sərgi bundan da geniş, bundan da yüksək olacaqdır.

Böyük Britaniyanın "Spirhed eksibişnz LTD" şirkətinə, Azərbaycan Ticarət və Sənaye Palatasına, bu sərginin hazırlanmasında zəhmət çəkmiş bütün şirkətlərə, insanların hamısına təşəkkür edirəm. Sərginin, konfransın işində sizə yeni-yeni uğurlar, yeni-yeni müqavilələr, yeni-yeni əməkdaşlıq arzulayıram. Sağ olun.

Oçerklər

NEFT STRATEGİYASI

Ümumi tarixi arayış

NEFT STRATEGİYASI

Tarixi arayış

NEFT STRATEGİYASI