"Şərq-Qərb enerji dəhlizi reallıqdır" mövzusunda beynəlxalq konfransda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - Vaşinqton, 25 fevral 2003-cü il


Hörmətli cənab Skoukroft!

Hörmətli cənab Stiv Mən!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Mən sizin hamınızı burada, Amerika Birləşmiş Ştatlarında, Vaşinqtonda indi işinə başladığımız konfrans münasibətilə təbrik edirəm, sizi səmimi qəlbdən salamlayıram və konfransın işinə uğurlar arzulayıram.

Bu konfransın Vaşinqtonda indi keçirilməsinin çox böyük əhəmiyyəti var. Konfrans "Şərq-Qərb enerji dəhlizi reallıqdır" mövzusundadır və onu Amerika-Azərbaycan Ticarət Palatası, Amerika-Gürcüstan Biznes Şurası, Amerika-Türkiyə Şurası və təbiidir ki, Amerika Birləşmiş Ştatlarının hökuməti birlikdə təşkil etmişlər. Dövlət Departamenti də bu işlə məşğul olubdur. Belə bir konfransın keçirilməsinin zəruri olduğu haqqında qərar qəbul etmişlər və bu konfrans baş tutmuşdur.

Bunun xüsusiyyəti ondan ibarətdir ki, burada həm Amerika Birləşmiş Ştatlarının həm Türkiyənin, həm Gürcüstanın, həm də Azərbaycanın nümayəndələri iştirak edirlər. Bu da təbiidir, çünki Şərq-Qərb dəhlizi böyük məsafəni əhatə edir. Ancaq daha çox Xəzər dənizi hövzəsində həyata keçirdiyimiz proqramlar, layihələr əsasında bizim regionu - Xəzər dənizini, Azərbaycanı, Gürcüstanı və Türkiyəni əhatə edir.

Şərq-Qərb dəhlizi təkcə bundan ibarət deyildir. O daha böyük ərazini əhatə edir. Ancaq bizim layihələr indi məhz bu ölkələr arasında həyata keçirilir. Lakin bu layihələrin həyata keçirilməsində Amerika Birləşmiş Ştatları və onun böyük neft şirkətləri xüsusi rol oynayırlar. Qərb ölkələrinin bir neçə böyük neft şirkəti və xüsusən Böyük Britaniyanın bp şirkəti bu işlərdə əvvəldən xüsusi rol oynayır.

Bu məsələ Amerika Birləşmiş Ştatlarının ictimaiyyətinə, güman edirəm ki, xüsusən də burada iştirak edənlərə, bu layihəyə maraq göstərənlərə məlumdur. Ancaq mən bu layihənin tarixi haqqında bir neçə kəlmə demək istəyirəm ki, hər şey daha da aydın olsun.

Sovetlər İttifaqı dağılandan sonra Azərbaycan öz müstəqilliyini əldə edib ölkəsində yeni, demokratik, dünyəvi dövlət qurmaq işinə başlamışdır. Azərbaycan dövlət quruculuğunda demokratiya, dünyəvilik, qanunun aliliyi və bazar iqtisadiyyatı prinsiplərinin həyata keçirilməsini əsas götürmüşdür və artıq on ildən çoxdur ki, bu yolla gedir.

Bu illər Azərbaycan üçün asan olmayıbdır. Biz bir neçə sınaqlardan keçmişik, bir neçə dəfə Azərbaycanda qanuni hakimiyyəti devirməyə çalışıblar və bəzən də buna nail olublar. Ancaq biz 1993-cü ildən başlayaraq - 1994-cü və 1995-ci illərdə Azərbaycanda hakimiyyət çevrilişinə cəhd edənlərin qarşısını ala, ölkəmizdə sabitlik yarada bildik. İndi Azərbaycan tam daxili sabitlik içərisində yaşayan bir ölkədir və demokratik prinsiplər əsasında inkişaf edir, bazar iqtisadiyyatı, iqtisadi islahatların keçirilməsi Azərbaycan iqtisadiyyatının əsas istiqamətləridir. Biz bu istiqamətdə irəliləyirik və deyə bilərəm ki, xeyli nailiyyətlər də əldə etmişik.

Bu yolda Azərbaycan birinci növbədə özünün təbii sərvətlərindən istifadə olunmasına xüsusi əhəmiyyət verdi. Sizə məlumdur ki, Azərbaycan qədim neft ölkəsidir. İlk dəfə sənaye üsulu ilə neftin hasilatı 150 il bundan öncə məhz Azərbaycanda başlamışdır. XIX əsrin ikinci yarısında Azərbaycana bir çox Qərb şirkətləri gəlib neftin hasilatı ilə məşğul olublar. Burada Nobel qardaşları xüsusi rol oynayıblar. Sovet hakimiyyəti dövründə Azərbaycan, demək olar ki, SSRİ-nin ən böyük neft regionu olmuşdur. Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsində İngiltərə-Amerika koalisiyası ilə birlikdə SSRİ-nin alman faşizminə qalib gəlməsi mümkün olmazdı. Bu da həqiqətdir, o vaxt SSRİ-də istifadə olunan neftin 70 faizi Azərbaycandan daşınırdı, Azərbaycanda hasil edilirdi.

Beləliklə, Azərbaycan neft və qaz ilə zəngin bir ölkə olmuşdur. Azərbaycanda neftçilər, alimlər, geoloqlar hətta Xəzər dənizində də kəşfiyyat işləri, neft hasilatı ilə məşğul olmuş və 1949-cu ildə - yarım əsr bundan əvvəl ilk dəfə sahildən 100 kilometr uzaqda neft çıxarılmışdır. Ona görə də Azərbaycan bir müstəqil dövlət kimi özünün böyük neft və qaz ehtiyatları olduğunu bildirdi. Bunlardan istifadə etmək üçün, - təbiidir ki, özünün buna imkanı yox idi, - Qərbə, yəni Amerika Birləşmiş Ştatlarına, Avropa ölkələrinə üzünü tutdu və həmin ölkələrdən gələn böyük neft şirkətləri Azərbaycanda bu ölkənin dövləti ilə, Dövlət Neft Şirkəti ilə yataqların işlənilməsinə başladılar. Dünyanın 14 ölkəsindən olan 32 neft şirkəti ilə 21 müqavilə imzalanıbdır. Onların birincisi, "Azəri", "Cıraq", "Günəşli" neft yataqları ilə əlaqədardır. Bunların işlənilməsi üçün həm Amerika şirkətləri, həm Böyük Britaniya, həm də digər ölkələrin şirkətləri - 11 neft şirkəti müqavilə imzalamışdır. 1994-cü ildə bu müqavilə imzalananda məhz Qərbdə, Amerikada ona "Əsrin müqaviləsi" adı verildi.

Biz nəzərdə tuturduq ki, bu yataqlardan 540 milyon ton neft hasil olunacaqdır. Ancaq sonra aparılan işlər göstərdi ki, orada 740 milyon ton neft hasil etmək mümkündür. Demək, bu yataqların işlənilməsinə başlanıldı.

Ancaq neftin ixracı bizim qarşımızda duran əsas məsələ idi. Biz 1997-ci ildə "Çıraq" yatağından ilk neft aldıq. O vaxt bir boru xətti var idi: Bakı-Novorossiysk. O xəttlə nefti ixrac etməyə başladıq. Sonra Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə, - onun başında bp durur, - xüsusi bir neft kəməri, Gürcüstanın Qara dənizdəki Supsa limanına neft kəməri çəkdik. İndi neft oradan ixrac olunur.

Ancaq biz müqaviləni imzalayanda və ondan sonrakı illərdə də aparılan bütün danışıqlar bu nəticəni vermişdi ki, Xəzərin zəngin neftini ixrac etmək üçün böyük neft kəməri lazımdır. Bu da Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Biz ötən illərdə bu kəmərin layihəsi üzərində işləmişik. 1998-ci ildə Ankarada Türkiyə, Azərbaycan, Gürcüstan Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəmərinin inşa edilməsi haqqında bəyannamə imzalamışlar. O vaxt Amerika Birləşmiş Ştatlarının energetika naziri də bu mərasimdə iştirak etmişdir. Qazaxıstan da bu bəyannaməyə qoşuldu ki, gələcəkdə Xəzər dənizindəki neftini bu boru xətti ilə ixrac edə bilsin. Sonra, 1999-cu ilin noyabr ayında İstanbulda ATƏT-in zirvə görüşü zamanı Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşa edilməsi haqqında ölkələrimiz arasında saziş imzalandı. Türkiyə prezidenti, Azərbaycan prezidenti, Gürcüstan prezidenti saziş imzaladılar və Amerika Birləşmiş Ştatlarının prezidenti də himayəsini göstərərək, bu sazişə öz imzasını atdı. Yenə də Qazaxıstan bu sazişə qoşuldu, Qazaxıstan prezidenti də onu imzaladı. Onlar da boru xəttindən istifadə edəcəklər. Bundan sonra layihə işləri daha da gücləndi. Nəhayət, keçən ilin sentyabr ayında Türkiyə, Gürcüstan və Azərbaycan prezidentləri Bakıda neft şirkətləri ilə birlikdə, bp və başqa şirkətlərlə birlikdə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşını qoydular və bununla da tikinti işləri başlandı. Demək, Bakı-Tbilisi-Ceyhan böyük ixrac neft kəməri reallıqdır. İşə başlanılmışdır. İndi artıq bu kəmər üçün Yaponiyadan və başqa ölkələrdən alınan borular Gürcüstana, Azərbaycana gətirilir. Beləliklə, biz artıq inşaat işlərinə başlamışıq.

Bu layihənin maliyyələşdirilməsi də böyük məsələdir. Çünki Bakı-Tbilisi-Ceyhan neft kəməri 1760 kilometr olacaqdır. Bu kəmər ildə 40 milyon ton neft nəql edəcək və bunu gələcəkdə ildə 60 milyon tona çatdırmaq olar. Neft kəmərinin 445 kilometri Azərbaycandan, 245 kilometri Gürcüstandan, 1070 kilometri Türkiyədən keçəcəkdir. Kəmərin tikintisinə 2 milyard 900 milyon dollar sərmayə qoyulacaqdır. Bunda Azərbaycanın hissəsi 600 milyon dollar, Gürcüstanın hissəsi 585 milyon dollar, Türkiyənin hissəsi 1 milyard 400 milyon dollardır.

İndi neft şirkətləri maliyyələşdirmə məsələsi ilə məşğul olurlar. Azərbaycan artıq öz payının birinci hissəsinin maliyyələşdirilməsi ilə əlaqədar qərar qəbul edibdir.

Bildirmək istəyirəm ki, biz 1994-cü ildə neft müqaviləsini imzalayarkən bu, çoxlarına xülya kimi görünürdü. Deyirdilər ki, bu, mümkün olmayan işdir. Amma bəziləri də dərhal çox narahatçılıq hissi keçirirdilər. Çünki Xəzər dənizinə qısa bir zamanda Amerika Birləşmiş Ştatlarından, digər Qərb ölkələrindən dünyanın böyük şirkətlərinin gəlməsi və onların orada sərmayə qoyması, təbiidir ki, bəzi ölkələrdə narahatçılıq doğururdu. Hətta bizim müqavilə imzalananda Xəzər dənizində belə bir işin mümkün olması, yenə də deyirəm, xülya hesab olunurdu. Amma eyni zamanda, biz nota da aldıq ki, Xəzər dənizinin hüquqi statusu sahilyanı ölkələr tərəfindən müəyyən olunmayınca, belə müqavilələrin imzalanmasının qüvvəsi yoxdur. Bu etirazlara baxmayaraq, biz öz işimizi görürdük və işimizi gördükcə buna qarşı maneçiliklər də hiss edirdik. Xüsusən, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin marşrutunun seçilməsinə müxtəlif maneçiliklər törədildi. Biz şübhə etmirdik ki, bu kəmər Gürcüstandan keçməlidir. Şübhə etmirdik ki, bu böyük neft kəməri məhz Türkiyəyə getməlidir. Xəzərin nefti Türkiyənin Ceyhan limanı vasitəsilə dünya bazarına çıxmalıdır. Amma bəziləri hesab edirdilər ki, kəmər başqa ölkələrdən keçə bilər. Yəni artıq Azərbaycanda, Xəzərin Azərbaycan sektorunda neftin hasil olunmasının reallığını görəndə bəziləri hesab edirdilər ki, bu neft borusu Cənuba gedə bilər, yaxud Şimala gedə bilər, Şərqə gedə bilər. Müxtəlif belə fikirlər, müxtəlif iddialar var idi və getdikcə bunlar güclənirdi. Ancaq biz öz qərarımızda qəti idik. Əvvəldən də biz bunu elan etmişdik ki, kəmər yalnız bu marşrut ilə keçəcəkdir. Bu barədə Azərbaycan, Gürcüstan, Türkiyə arasında qəti razılıq əldə edilmişdi. Demək istəyirəm ki, biz bu layihəni başlayandan indiyə qədər Amerika Birləşmiş Ştatları onun həyata keçirilməsinə çox böyük diqqət, qayğı göstərmişdir, bu işi himayə etmişdir. Əgər Amerika Birləşmiş Ştatlarının layihəyə bu qədər dəstəyi olmasaydı, biz bunu həyata keçirə bilməzdik.

Ancaq indi də, hər şey hazır olandan sonra da bəziləri cürbəcür marşrutlar elan edirlər. Amma Azərbaycanda buna nail ola bilməzlər, çünki biz öz qərarımızda qətiyik. Mənə belə gəlir ki, Türkiyə də öz qərarında çox qətidir. Gürcüstanda da buna şübhə yoxdur. Amma Gürcüstanda bəzi təşkilatlar "niyə bu, Gürcüstanın bu hissəsindən keçmədi, o hissəsindən keçdi, nə üçün oradan keçmir?" fikirlərini, ekologiya məsələlərini ortaya atıblar. Ekologiya hər yerdə var, Azərbaycan da ekologiya problemləri ilə yaşayır, Türkiyə də ekologiya problemləri ilə yaşayır. Gürcüstan da ekologiya problemləri ilə yaşayır. Məgər Gürcüstanın xüsusi ekologiyası var? Yox, sadəcə bu ayrı-ayrı qüvvələrin Gürcüstan dövlətinə və onun prezidenti cənab Şevardnadzeyə göstərdikləri maneələrdir.

Mən demək istəyirəm ki, Gürcüstan hökuməti, dövləti və prezidenti cənab Şevardnadze əvvəldən kəmərin məhz bu marşrutla keçməsinin tərəfdarı olubdur. Yəni biz eyni fikirdə olmuşuq və bu gün də bu fikirdəyik, fikir dəyişmir. Ancaq bəzi qüvvələr maneçilik törədirlər. Təsəvvür edin, iki ay bundan qabaq Amerikanın bir qrup konqresmeni müraciət edib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri Gürcüstandan yox, Ermənistandan keçsin. Biz 8 ildir bu işlə məşğuluq, buna bir belə xərc qoymuşuq, dünyada bir belə işlər görmüşük, indi iki ay bundan qabaq məktub yazıblar ki, qoy bu Ermənistandan keçsin. Təəssüf ki, biz belə təkliflərlə rastlaşırıq.

Bu qüvvələr niyyətlərinə nail ola bilmədiklərinə görə, indi, məhz layihənin bu vaxtında, bu zamanında istəyirlər ki, maneçiliklər törətsinlər. Bəzi xüsusi xidmət orqanlarının bizdə olan məlumatlarına görə, hətta bəzi ölkələrdə vəsait də ayrılıbdır ki, layihənin həyata keçirilməsinin qarşısını almaq üçün tədbirlər görülsün. Bizdə belə məlumatlar da var. Ancaq sizə bildirmək istəyirəm ki, bu layihə əvvəldən axıra qədər düşünülmüş layihədir. Birincisi, qeyd etmək istəyirəm ki, Xəzər dənizi dünyanın ən zəngin neft və qaz yataqları olan dənizlərindən biridir. Biz fəxr edirik ki, Xəzər dənizinin bu imkanlara malik olmasını məhz Azərbaycan açıb dünyaya təqdim edibdir. Əgər 1994-cü ildə təkcə biz Xəzər dənizinin Azərbaycan sektorunda işlər görmək üçün müqavilə bağlamışdıqsa, indi artıq Qazaxıstan da öz sektorunda bu işlərlə çox ciddi məşğuldur və yaxşı nəticələr əldə edir. İkincisi, Xəzər dənizinin sektorlara bölünməsi məsələsi. Əgər 5-6 il bundan öncə, sadəcə, bizə maneçilik etmək istəyirdilərsə və bizim təklifimizin mümkün olmadığını bildirirdilərsə, biz deyirdik ki, Xəzər dənizi sahilyanı ölkələr üçün sektorlara bölünməlidir. Yəni onun dibinin istifadə olunması, onun enerji resurslarından istifadə olunması üçün bölünməlidir. Belə bir bölgü Xəzər dənizində 1970-ci ildə sovet hökuməti tərəfindən edilmişdi. Onda Xəzər dənizi ancaq sovet hökumətinə məxsus idi. Onun cənubunda bir balaca hissəsi İrana məxsus idi.

Ancaq o vaxt bizimlə razı olmurdular. İndi isə aparılan danışıqlar nəticəsində Azərbaycan Rusiya və Qazaxıstan ilə Xəzər dənizinin sektorlara bölünməsi haqqında sazişlər imzalayıbdır. Biz həm birinci sənədləri imzalamışıq, həm də o sektorların koordinatlarının müəyyən olunması, yəni o sərhədlərin tam dəqiq müəyyən edilməsi ilə əlaqədar ikinci sazişləri imzalamışıq. Bunları mən şəxsən Rusiyanın prezidenti cənab Putin ilə, Qazaxıstanın prezidenti cənab Nazarbayev ilə imzalamışam. Eləcə də, Rusiya və Qazaxıstan arasında belə sazişlər imzalanıbdır. Türkmənistan və İran ilə əlaqədar hələ ki, biz razılığa gəlməmişik. Bu günlərdə sahilyanı ölkələrin Xəzər dənizi üzrə ekspertləri Bakıda yenidən görüşəcəklər. Biz çalışırıq ki, onlar da beynəlxalq hüquq normalarına, beynəlxalq dəniz hüququna uyğun olaraq orta xətt prinsipi əsasında razılığa gəlsinlər.

Onda hər bir Xəzəryanı ölkə öz sektorunda istədiyi işi görə bilər. Ancaq bildirmək istəyirəm ki, Xəzər dənizində neft və qaz ehtiyatları olduqca çoxdur. İlkin qiymətləndirmələrə görə, təkcə Azərbaycan sektorundan 4 milyard ton neft, 5 trilyon kubmetr qaz gözlənilir. Birinci müqavilədən 740-750 min ton neft gözləyirik və bu, Bakı-Ceyhan kəməri ilə ixrac ediləcəkdir. Ancaq Azərbaycan sektorunda çox perspektivli başqa yataqlar da var. Ona görə də görürsünüz, ümumi miqdar çoxdur - 4 milyard ton neft və 5 trilyon kubmetr qaz. Bunlar ancaq Azərbaycan sektorundadır. Demək bu, 50-100 ilə qədər işlənilməsi mümkün olan bir sahədir. Ona görə də bu, həm Azərbaycan üçün, onun iqtisadiyyatını inkişaf etdirmək, xalqımızın rifah halını yaxşılaşdırmaq üçün, həm də bizimlə əməkdaşlıq edən Qərb ölkələri, şirkətləri üçün çox böyük mənfəət, fayda gətirəcəkdir.

Konfransda bunları elan edərək bildirmək istəyirdik ki, gördüyümüz iş artıq layihə deyil, reallıqdır. Bu müddətdə Azərbaycanın neft sektoruna xarici şirkətlər tərəfindən 7 milyard dollar sərmayə qoyulubdur. Ümumiyyətlə, 1994-cü ildən indiyə qədər Azərbaycana gələn xarici sərmayə 9 milyard dollar təşkil edir. Yaxın vaxtlarda bu layihələrin həyata keçirilməsi üçün Azərbaycana xarici şirkətlərdən təxminən 10-12 milyard dollar sərmayə gələcəkdir. Bunların hamısı, təbiidir ki, öz nəticələrini verəcəkdir.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri təkcə iqtisadi xarakter daşımır. O, eyni zamanda, Qafqazda, xüsusən Cənubi Qafqazda, Türkiyədə təhlükəsizliyi və sabitliyi təmin etmək üçün əsas vasitələrdən biridir. Təəssüflər olsun ki, bizim regionda hələ tam sabitlikdən danışmaq mümkün deyildir. Çünki münaqişlər var: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, yaxud gürcü-abxaz münaqişəsi, yaxud bizdən şimalda - Çeçenistanda gedən hadisələr. Bunlar hamısı Qafqazda çox mürəkkəb siyasi-iqtisadi vəziyyət yaradıbdır. Ona görə də biz Azərbaycanda yeni neft strategiyasını həyata keçirərək, bu nailiyyətləri əldə edərək, iqtisadiyyatı inkişaf etdirərək çalışırıq ki, ölkəmizdə sabitliyi möhkəmləndirək və eləcə də, münaqişənin aradan qaldırılmasına müəyyən imkanlar yaradaq.

Təəssüflər olsun ki, bu münaqişənin aradan qaldırılması çox çətinləşibdir. Məlumdur ki, bu münaqişə 15 il bundan öncə Azərbaycana qarşı torpaq iddiası, Dağlıq Qarabağ vilayətini əlinə keçirmək məqsədi ilə Ermənistan tərəfindən başlanıbdır. Bu, müharibəyə çevrilib və sonra, xüsusən 1991-ci, 1992-ci, 1993-cü illərdə şiddətli müharibə gedibdir. Müharibə nəticəsində Ermənistan silahlı qüvvələri müəyyən səbəblərdən Azərbaycan ərazisinin 20 faizini işğal ediblər. Dağlıq Qarabağ vilayəti və onun ətrafındakı sırf azərbaycanlılar yaşayan 7 inzibati rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və indiyə qədər işğal altındadır.

İşğal olunmuş torpaqlardan 1 milyona qədər azərbaycanlı zorla çıxarılıb, etnik təmizləmə aparılıbdır. İndiyə qədər onların əksəriyyəti çadırlarda yaşayır. Öz yerlərindən, yurdlarından, torpaqlarından didərgin düşüblər. Bu münaqişənin həlli ilə Birləşmiş Millətlər Təşkilatı məşğul olub, qətnamələr qəbul edibdir. Təklif edib ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxsın. Ermənistan hökuməti bunu yerinə yetirməyibdir. Sonra ATƏT Minsk qrupu yaradıbdır. Minsk qrupunun həmsədrləri Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa neçə illərdir ki, məsələni sülh yolu ilə həll etməyə çalışırlar. Ancaq təəssüf ki, onlar da hələ bir şeyə nail olmayıblar. Çünki Ermənistan çox qeyri-konstruktiv mövqe tutur.

Biz heç vaxt razı ola bilmərik ki, Azərbaycanın hansısa bir hissəsi Ermənistanın tərkibinə qatılsın. Biz məsələnin beynəlxalq hüquq normaları əsasında, hər bir ölkənin suverenliyinin qorunması, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin edilməsi prinsipləri əsasında həll olunmasını istəyirik. Ancaq Ermənistan özü üçün xüsusi prinsiplər ortaya atır. Təbii ki, biz bununla razı ola bilmərik. Mən bu məsələni indi çox geniş izah etmək istəmirəm. Çünki bu gün bizim əsas mövzumuz başqadır. Sadəcə, buna toxundum ki, biləsiniz - Qafqazda ya xüsusən, Cənubi Qafqazda belə bir ağır vəziyyət var. Amerika Birləşmiş Ştatları bundan sonra bu regiona daha da diqqətli olmalıdır. Biz hesab edirik ki, Minsk qrupunun həmsədrləri kimi Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa bu məsələnin sülh yolu ilə həll olunmasında qəti addımlar atmalıdırlar. Biz müharibənin yenidən başlanmasını istəmirik. Baxmayaraq ki, Azərbaycanda əhali artıq dözə bilmir. Belə vəziyyətə dözə bilmir ki, torpaqlarının 20 faizi on ildir işğal altındadır. Belə vəziyyətə dözə bilmir ki, bir milyon qaçqın-köçkün azərbaycanlının əksəriyyəti çadırlarda yaşayır. Ona görə xalq tərəfindən çox təkliflər alırıq, insanlar tələb edirlər: "Biz istəyirik ki, müharibə edək, ya gedək torpaqlarımızı geriyə alaq, ya da məhv olaq!" Biz bunların qarşısını alırıq, bundan sonra da alacağıq. Ancaq vəziyyəti həmişə bu cür saxlamaq mümkün deyildir. Güman edirəm ki, bizim bu layihələrin həyata keçirilməsi münaqişələrin də həll olunmasına yardımçı ola bilər. Arzu edirəm ki, belə də olsun.

Beləliklə, hörmətli xanımlar və cənablar, Azərbaycanın yeni neft strategiyası, onun qarşıya qoyduğu məsələlər, Azərbaycanın iqtisadiyyatı və bunun gələcəyi, demokratik, hüquqi, dünyəvi dövlət kimi ilbəil inkişaf etməsi, bazar iqtisadiyyatı ilə irəliləməsi - bunlar hamısı bizim əsas prinsiplərimizdir. Həmin prinsiplərimizdən istifadə edərək, biz ölkəmizin inkişafı ilə məşğuluq. Bu layihələrdə də biz həm Amerika Birləşmiş Ştatları ilə çox sıx əməkdaşlıq edirik, həm də Avropanın bir çox ölkələri və onların neft şirkətləri ilə əməkdaşlıq edirik və bunu gələcəkdə də davam etdirəcəyik.

Diqqətinizə görə sağ olun, təşəkkür edirəm!