Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gəncədə onu müşayiət edən jurnalistlərin suallarına cavabı - 13 sentyabr 2002-ci il


Sual: Cənab Prezident, bu gün Azərbaycanın ilk müstəqil telekanalı olan ANS Gəncədə yayımlanmağa başlayır. Buna Sizin münasibətiniz necədir?

Heydər Əliyev: Sizi təbrik edirəm. Çox yaxşı ki, yayımlanmağa başlamısınız. Amma niyə belə gec yayımlanırsınız?

Jurnalist: Maliyyə çətinliklərinə görə.

Heydər Əliyev: Sizin telekanal – hamıdan zəngin, hamıdan qabaqcıl, özünü hamıdan yüksək səviyyədə saxlayan telekanal geriyə qalıbdır. Sizi təbrik edirəm. Sual: Cənab Prezident, dünən verilən şikayət məktubları şəhər icra hakimiyyətinin başçısından əlavə, həm də polis rəisindən idi. Polislə bağlı şikayətlərə münasibətiniz necədir?

Heydər Əliyev:Sən nə bildin, o şikayətləri oxumusan?

Jurnalist: Cənab Prezident, bir-iki şey öyrənə bildik. Biz həm də əhali ilə söhbət etdik.

Heydər Əliyev:Onlar nə deyirlər?

Jurnalist: Onlar dedilər ki, rüşvət halları vardır. Polis şəxsiyyət vəsiqəsini verərkən rüşvət alır.

Heydər Əliyev: Hər şikayətə baxacağıq, lazımi ölçü götürəcəyik. Ancaq Daxili İşlər naziri buradadır. Bura gəl görüm, eşidirsən?!

Ramil Usubov: (Daxili İşlər naziri): Cənab Prezident, eşidirəm. Tədbir görəcəyəm.

Heydər Əliyev: Axi niyə, niyə belə olsun? Biz nə qədər tədbirlər görürük, insanları tərbiyə edirik, nə qədər başa salırıq. Axı bu rüşvətdən niyə əl çəkmirlər? Mən inanıram ki, şikayətlərin bir qismi həqiqətə uyğundur. Təbii ki, şikayətlərdə subyektiv fikirlər də olur, hərə öz mənafeyindən şikayət edir. Ancaq, ümumiyyətlə, polisdən narazılıq çoxdur, rüşvətxorluq halları da var və bunu da əhali, xalq bilir. Bu, daxili işlər orqanlarını, polis orqanlarını hörmətdən salır. Əlbəttə, bizim dövlətin də nüfuzuna toxunur və bəzən də onu ləkələyir. Bilin, bunlar məni çox incidir.

Mən indi Daxili İşlər nazirinə tapşırıq verəcəyəm. Bu şikayətlərin hamısına mən baxacağam, özünüz tədbir görün.

Ramil Usubov: Cənab Prezident, aydındır.

Sual: Cənab Prezident, Siz bir az yorulmusunuz. Siz sahibkarlığın inkişafına təkan verəcək fərmanlar imzalamısınız. Amma regional yanaşma necə olacaqdır? Bakıdan fərqli olaraq, Gəncə kimi şəhərlərə sərmayə cəlb etmək üçün sahibkarlara güzəştlər ola bilərmi?

Heydər Əliyev: Birincisi, mən demədim ki, yorulmuşam. Mən dedim ki, yorulmamışam. Əgər siz televiziya ilə müşavirəyə baxırdınızsa, orada salonda oturanlara dedim ki, mən yorulmamışam, amma siz yorulmusunuz. Ona görə sən mənə şər atma.

Jurnalist: Cənab Prezident, yəni düşünürük ki, yorulmusunuz.

Heydər Əliyev: Bu, başqa məsələ. Amma o məsələ mühüm məsələdir. Mən dünən də dedim, vacib məsələdir. İndi nə cür həll olunacaq, mən əvvəlcədən heç vaxt bir şey demək istəmirəm. Təəssüf ki, bizdə, elə mənim ətrafımda da belə adamlar var ki, işin hamısını bilmədən, yarımçıq şəraitdə dərhal deyirlər ki, belə olacaq, elə olacaq. Sonra da elə olmur. Ondan sonra da qalır belə. İnsanlar da deyir, bəs niyə, axı bu belə demişdi?

Bilirsən, məsələ həll olmamış, qərar qəbul edilməmiş belə bəyanatlar vermək düzgün deyildir. Baxmayaraq ki, bu qərarları mən qəbul edirəm, fərmanlari mən imzalayıram, mən baxıram, ancaq özüm də bunlardan əvvəl bir fikir deməkdən çəkinirəm. Çünki niyə? Bunun texnologiyası çox mürəkkəbdir. Bəlkə siz bunu bilmirsiniz. Tapşırıq verirəm, göstəriş verirəm, hazırlayırlar, lazımi yerlərlə məsləhətləşirlər, razılaşırlar, gətirirlər, baxıram. Məsələn, görürəm ki, bu çatmır, bu belə olmaz, burasını başqa cür etmək lazımdır, bu məsələ başqa cür həll olunmalıdır. İki-üç dəfə bunu dəyişdirirəm. Ondan sonra, tam bir qərara gələndən sonra mən onu imzalayıram. Ona görə də sənin sualına ümumi cavab verirəm. Güman edirəm ki, bu, doğru fikirdir. Baxılacaq, amma konkret nə olacaq – demək istəmirəm.

Sual: Cənab Prezident, Beynəlxalq Valyuta Fondunun nümayəndələri Sizinlə görüşdülər. Onların Azərbaycanda enerji daşıyıcılarının qiymətlərinin artırılması ilə bağlı tələbləri var idi. Onlar bunu israrlı tələb edirlər, buna münasibətinizi bilmək olarmı?

Heydər Əliyev: Bilirsiniz, onlar israrla tələb edirlər. İndi təsəvvür edin, onlar deyirlər ki, Azərbaycanda neft məhsullarının satış qiymətini dünya qiymətlərinə qaldıraq. Biz bunu qaldırsaq, sizə nə olacaq?! Nə olacaq?! Sizi demirəm, bəlkə sizin şəxsi avtomobiliniz yoxdur, neft məhsullarından o qədər də istifadə etmirsiniz. Amma bizim Azərbaycanı götürün. Bizim kənd təsərrüfatı неъя olacaqdır, aqrar sahədə özəl sektor var, biz indi onu ayağa qaldırırıq, inkişaf edir. Bilirsiniz ki, vaxtilə onlara güzəştlə yanacaq məhsulları satırdıq. Sonra onlardan vergiləri götürdük. İstəyirik ki, onlar ayağa qalxsınlar.

İndi qiyməti birdən qaldırırıq, onda onları, necə deyərlər, vurduq öldürdük. Bilirsinizmi, onlar bunu bir ildir deyirlər. Biz də bununla razı olmuruq. Çünki niyə razı olmuruq? Bəli, bunu dövlət üçün qaldırarıq, gəlirlər də artacaqdır. Amma biz hər bir şeyi xalqın, əhalinin, işləyənlərin imkanları ilə ölçürük. Ona görə biz bunu etmirik. Onlar da bəzi hallarda bizim real vəziyyətimizi nəzərə almaq istəmirlər. Demirəm ki, bilmirlər, bilirlər, onların burada nümayəndələri var. Nəzərə almaq istəmirlər. Bəzən də elə zor edirlər. Çünki öz siyasətlərini yerinə yetirmək istəyirlər. Biz də, təbiidir, bu barədə danışıq aparırıq, mübahisə aparırıq. Valyuta Fondu gəldi bunu dedi – et, onu dedi – et, biz bunu edə bilmərik. Əgər biz Valyuta Fondunun hər dediyini etsəydik, onun bizə çox böyük hörməti olmazdı. Hər ölkənin özünün xüsusiyyəti var, şərtləri var. Ona görə bu məsələdə biz onlarla çox ciddi danışıqlar aparırıq və danışıqlar da davam edəcəkdir.

Sual: Cənab Prezident, Devid Vudvord dünən demişdir ki, «Şahdəniz» layihəsi ilə bağlı konsepsiyaya, ola bilər, yenidən baxılsın. Onun həyata keçirilməsinə sanksiya oktyabr ayından sonra veriləcəkdir. Buna necə baxırsınız, Azərbaycanın qarşısında qazın satılması problemi dururmu?

Heydər Əliyev: Təəssüflər olsun ki, belə meyllər var. Amma biz bununla məşğuluq.

Sual: Cənab Prezident, bildiyiniz kimi, Türkiyə Naxçıvandan oraya neft məhsulları aparılmasını dayandırdı. Bu, Naxçıvanda müəyyən problemlər yaratdı, etiraza səbəb oldu. Bu, Naxçıvan üçün çətinlik yarada bilərmi?

Heydər Əliyev: Bu, təkcə Naxçıvan üçün yox, İğdırın və başqa vilayətlərin əhalisinə də çox böyük faydalar gətiribdir. Mən ilk dəfə 1992-ci ildə gedib İğdırı görəndə təəccübləndim. İğdırı Türkiyənin tarixində böyük bir şəhər kimi təsəvvür edirdik. Bizim kəndlərdən biri kimidir. Məsələn, Naxçıvanda Şərur rayonunun mərkəzi var, onunla müqayisə etdim. Heç onunla müqayisə ediləsi də deyildi. Amma indi, körpü açılandan sonra, ticarət başlayandan sonra, o cümlədən neft məhsulları ticarəti başlayandan sonra İğdır tamamilə dəyişibdir. Onlar İrandan da neft alırlar. Deyəsən, İrandan gətirib aparırdılar. O mexanizmi bilmirəm, hər halda, orada ticarət gedir. Türkiyə dayandırıbsa, bundan ötrü biz Türkiyə ilə mübahisəyə girməyəcəyik. Hər dövlətin öz siyasəti var.

Elmira Axundova («Literaturnaya qazeta»nın əməkdaşı): Cənab Prezident, olar bir sual verim? İndi sualları cavanlar verir, amma veteranlar vermirlər.

Heydər Əliyev: Verin, gəl buraya. Bu veteran mənim köhnə dostumdur. Hər şeyin təzəsi, dostun köhnəsi.

Elmira Axundova: Bu məsələ məni çoxdan düşündürür. Vaxtilə bütün respublikanı – Bakını, onlarca mikrоrayonu, qəsəbələri, yaşayış massivlərini və sairəni Siz tikmisiniz. Eyni zamanda, bütün rayonlarda qonaq evləri tikdirmisiniz. Mən Lənkərandakı qonaq evini indi də görürəm, çox gözəldir. Onu demək istəyirəm ki, indi Siz rayonlara gedəndə qalmağa yer olmur. Özünüz üçün bir iqamətgah yoxdur. Axı bu, acınacaqlı haldır. Rusiya, Ukrayna və başqa ölkələrin prezidentlərinin hər şəhərdə iqamətgahları var. Düzdür, Siz ciddi adamsınız, bəlkə istəmirsiniz. Amma icra hakimiyyəti başçıları düşünməlidir ki, prezident gələndə ona layiq qonaq evi olmalıdır. Bu məsələyə Siz necə baxırsınız, qonaq evi, iqamətgah tikilməlidir, ya yox?

Heydər Əliyev: Mən bu işə belə baxıram ki, bunlar prezidentə görə olmamalıdır. Məsələn, bilmirəm, bilirsiniz, ya yox, mən vağzalda gecələmişəm, orada mənim xüsusi vaqonum var, onu oraya gətiriblər. Mən orada gecələmişəm. Keçən dəfə gələndə də belə olmuşdu. Mənim üçün heç bir şey lazım deyildir. Bəlkə gələcəkdə başqa prezident olacaq, hər şeyi buraxıb bu işlə məşğul olacaqdır. Amma mənim üçün bunlar lazım deyildir. Mənim həyatım həmişə sadə keçibdir. Hər halda, bir yerdə gecələyəcəyəm.

Elmira Axundova: İndi biz müstəqil dövlətik, olmalıdır.

Heydər Əliyev: Bəli, əvvəlkindən fərqli olaraq, indi müstəqil dövlətik. Doğru deyirsiniz, olmalıdır. Ancaq bu da hər yerdə yerli təşəbbüslə əlaqədardır. Mənim özüm heç vaxt göstəriş verməmişəm ki, keçmişdə haradasa qonaq evi tikilsin. Hansısa rayonun bir rəhbərinin təşəbbüsü olubsa, onlar azdan-çoxdan belə şeyləri düzəldiblər. Amma kimsə bu işlərə biganədirsə, onlar düzəltməyiblər.

Jurnalist: Hər hansı xarici iş adamı buraya gəlsə, qalmağa heç bir yer yoxdur. Heydər Əliyev: Siz dünən mənim çıxışımı eşitdiniz. Dedim, Bakıdan bizim vəzifəli şəxslər iş üçün buraya gəlirlər. Elə edirlər ki, səhər tezdən gəlsinlər, işlərini görsünlər, axşam da qayıtsınlar. Burada qalmağa bir yer yoxdur. Mən ölkənin prezidentiyəm, gəlmişəm, əgər burada şəhərin rəhbərləri mənə münasib yer verə bilmirlərsə, başqa adam haqqında nə deyim? Ona görə dünən Fərhad Əliyev belə bir təşəbbüs irəli sürdü ki, hansısa iş adamının vasitəsilə burada bir otel tikilsin. Böyük yox, kiçik otel tikilsin. Naxçıvanda tikilibdir, siz gördünüz.

Sual: Cənab Prezident, Amerika Rusiyadan və İrandan kürü idxalına qadağa qoydu ki, Xəzər dənizində nərə balığının kökü kəsilir. Bu həm də Azərbaycana aiddir. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

Heydər Əliyev: Bilirsiniz, bu çox çətin məsələdir. Bu məsələ sovet vaxtı da çox ciddi idi. Ancaq onda Xəzər dənizi, əsasən, Sovetlər İttifaqına məxsus idi və ciddi tədbirlər görülürdü. İndi beş Xəzəryanı ölkə var. Hərəsinin ərazisində nə qədər brakonyer var. Deyə bilərəm ki, bu, Xəzər dənizinin ən böyük problemlərindəndir, hətta şişirtmirəm, bir faciəsidir. İndi bilmirəm, bu dövlətlər birlikdə nə edəcəklər? Amma tədbirlər görmək lazımdır. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR