Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin tanınmış jurnalistlərinə müsahibəsi - Ankara, 6 may 1997-ci il


Mən sizi salamlayıram.

Əslində bu gün mən keçirilən tədbirlərdə çox danışmışam və bu tədbirlərdə siz də iştirak etmisiniz. Onlara əlavə etməyə bir şey yoxdur. Bu gün siz Türkiyə Böyük Millət Məclisində olmusunuzsa, orada mən çox məsələlər haqqında danışdım, istədiklərimi dedim. Ona görə də mən Türkiyəyə nədən ötrü gəldiyim, Azərbaycan-Türkiyə əlaqələri barədə danışmayacağam, çünki siz bunları artıq bilirsiniz. Nə sözünüz varsa, buyurun, mən sizi dinləyirəm.

Sual: Cənab prezident, dünən Azərbaycanla Türkiyə arasında bir çox sənədlər imzalandı, o cümlədən "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında bəyannamə" imzalandı. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Bu, çox əhəmiyyətli bir bəyannamədir. Çünki bu, Azərbaycan-Türkiyə əlaqələrinin strateji xarakter daşıdığını göstərir. Yəni, biz artıq strateji partnyoruq. Bunun həm Türkiyə, həm də Azərbaycan üçün məsuliyyəti böyükdür. Eyni zamanda biz dünyaya da bildiririk ki, Azərbaycan ilə Türkiyənin əlaqələri xüsusi xarakter daşıyır. Yəni bu əlaqələr bu gün, sabah üçün deyil, daimidir. Şübhəsiz ki, bu, eyni zamanda bir çox məsələlərdə həm Türkiyənin, həm də Azərbaycanın beynəlxalq aləmdə baş verən məsələlərdə eyni mövqedə olmasını, məsləhətlər aparmağımızı və bir-birimizə dəstək verməyimizi də nəzərdə tutur. Ona görə də bu bəyannamə indiyə qədər imzalanmış sənədlərə rəğmən Azərbaycan-Türkiyə əlaqələrini daha da yüksəklərə qaldırır.

Sual: Cənab prezident, bu bəyannamə iki ölkədən birinin savaşa girməsi zamanı onların bir-birinə dəstək verməsini nəzərdə tuturmu?

Cavab: Bəyannamədə bu məsələ nəzərdə tutulmur. Bunun üçün əsgəri iş birliyi anlaşması lazımdır. Bu gün mən Böyük Millət Məclisində söylədim, ancaq sizə bir daha bildirmək istəyirəm ki, məsələn, Rusiya ilə Ermənistan arasında əsgəri iş birliyi anlaşması vardır. Bu əsgəri iş birliyi anlaşmasında onlar öz üzərlərinə vəzifə götürüblər. Əgər bir ölkəyə hücum və ya başqa bir hadisə olsa, o biri ölkə ona yardım edəcəkdir. Mən bilmirəm ki, Ermənistan Rusiyaya nə yardım edəcəkdir? Amma Rusiyanın Ermənistana nə yardım edəcəyi aydındır, məlumdur. Bizim imzaladığımız bəyannamədə isə belə bir maddə yoxdur.

Sual: Hörmətli prezident, bu anlaşmadan sonra əsgəri bir anlaşma imzalana bilərmi və bunu necə qiymətləndirirsiniz?

Cavab: Ola bilər.

Sual: Siz buradakı danışıqlarınızda əsgəri bir anlaşmanın bağlanması barədə müzakirələr apardınızmı?

Cavab: Bilirsiniz, biz çox məsələlər haqqında danışmışıq. Amma bir halda mən dedim ki, ola bilər, bu hər şeyə cavab verir.

Sual: Bu bəyannamə ilə əlaqədar gələcəkdə daha bir sənədin imzalanması nəzərdə tutulurmu?

Cavab: Bu bəyannamənin özü çox uzunmüddətlidir. Yəni onun vaxtı yoxdur, daimidir. Ola bilər, iş birliyimiz, strateji tərəfdaşlığımız daha da dərinləşsin və müəyyən bir zamandan sonra bu anlaşmanı daha da dərinləşdirən bır sənə imzalayaq. Bu, ola bilər. Ancaq indiki zaman üçün bu, bizi təmin edir.

Sual: Cənab prezident, indi Türkiyə qəzetlərində Türkiyənin Ermənistana dair siyasətində bir yumşalma müşahidə edilməsi, Yerevan-Trabzon xəttində təyyarələrin uçması barədə yazılar dərc olunur. Həmin yazılarda Türkiyə iş adamlarının Ermənistanla ticarət əlaqələrindən də söhbət açılır. Siz bu barədə, ikincisi isə Bakı-Ceyhan neft kəməri və Rusiya ilə münasibətləriniz barədə nə deyə bilərsiniz?

Cavab: Birinci sualınız çox maraqlı sualdır. Bu gün sadəcə, vaxtım olmadı. Yəni, mənim Türkiyə Böyük Millət Məclisindəki çıxışım bir saatdan çox oldu, ona görə də istəmədim ki, millət vəkillərinin vaxtını çox alım. Amma bu məsələ fikrimdə idi ki, onu söyləyim. Sadəcə, vaxt çatmadı. Amma indi bu fürsətdən istifadə edib demək istəyirəm ki, Türkiyədə bəzi dairələr ticarəti hər şeydən üstün tuturlar. Amma heç bilmirlər ki, ticarət nə nəticə verəcəkdir. Yəni, Türkiyə ilə Ermənistan arasındakı ticarət bir qazanc gətirəcək deyə, Ermənistanla Türkiyə arasındakı sərhədlərin açılması, sərhəd rejiminin yumşaldılması və başqa bu kimi hərəkətlər meydana çıxır.

Mən hörmətli xanım Tansu Çillərə söylədim ki, bir il və ya ondan da əvvəl siz məsələni belə qoydunuz ki, "H-50" hava yolunu açandan sonra Ermənistana təsir etmək üçün bizim əlimizdə bir əsas olacaqdır və Ermənistan da yumşalacaqdır, bu da ümumi işə yardım edəcəkdir. Biz buna razı deyildik. Amma Türkiyə bunu istədi və biz də inandıq ki, bəli, doğrudan da belədir. Amma bu hava yolunu açdınız, nə oldu? Birincisi, bəs bu əsas haradadır, ondan nə üçün istifadə etmirsiniz? İkincisi, Ermənistanın yumşalması baş verdimi? Olmadı, yoxdur. Ona görə də indi Ermənistanla Türkiyə arasında ticarət əlaqələri lazımdırmı? Yerevandan Trabzona təyyarələr uçur. Bunu biz sizin qəzetlərdən bilirik. Sizin qəzetləriniz bunu yazdı, biz də Bakıda bunu bildik. Biz bu barədə Türkiyə hökumətinə öz etirazımızı bildirdik. Mən dünən də bu barədə danışdım. Söyləyirlər ki, bu, özəl uçaqdır, təyyarədir. Amma indi uçaqların hamısı özəldir. İndi hansı uçaq dövlətindir? Bir də ki, fərqi nədir - özəldir, ya qeyri-özəldir? Ona görə də bu cür hərəkətlər bizi çox rahatsız edir.

Bir il bundan əvvəl də belə şeylər, Ermənistanla Türkiyə arasında sərhədin açılması məsələsi olmuşdu. Məsələn, Gürcüstanın xarici işlər naziri bir-iki ay bundan əvvəl Azərbaycana gəlmişdi. O söyləyirdi ki, guya Türkiyə deyir ki, Gürcüstanla Türkiyə arasındakı sərhəddə iki qapı var, üçüncüsünü də açmaq lazımdır. Bunu Türkiyə istəyir. Nə üçün? Çünki həmin üçüncü qapı Gürcüstanın ermənilər yaşayan sərhədindədir. Demək, bu, ermənilərə lazımdır. Mən gürcülərdən soruşdum ki, iki qapı sizə yetərlidirmi? Dedilər ki, bizə yetərlidir, üçüncü bizə lazım deyil. Amma bunu bizdən Türkiyə istəyir, biz də sizinlə məsləhətləşirik, soruşuruq sizin fikriniz necədir? Biz buna etiraz etdik. Bilmirəm, bizim etirazımız qəbul olundu, yoxsa yox. Bilirsiniz, Türkiyədə heç bir şeyi unutmayın. Mən Türkiyədəki bütün qardaşlarıma, bacılarıma deyirəm ki, bunu unutmayın.

Bu gün mən Türkiyə Böyük Millət Məclisində də dedim. Kimsə, hansısa tacir nəsə qazanacaq, qazanmayacaq, - Allah bilir. Ancaq milli mənafeyi, bizim böyük milli işlərimizi ona qurban vermək olmaz. Yaxud, bəzi tacirlər deyirlər ki, "Onsuz da Türkiyənin mallarını İran alır, aparıb Ermənistanda satır, qazanır. Biz özümüz satarıq, özümüz da qazanarıq". Birincisi, biz bunu araşdırdıq. Bu, doğru deyil. Türkiyənin bəzi şirkətləri gizli olaraq Gürcüstanın üstündən Ermənistanla ticarət edirlər. Ancaq öz işlərini gizlətmək üçün bu yalanı ortaya atıblar ki, guya onu İran alıb, aparıb Ermənistanda satır. İrana, İran tacirlərinə Türkiyə mallarını alıb aparıb Ermənistanda satmaq lazım deyil. Çünki İranın özünün çox malı var və o malı da Ermənistanda gen-bol satır. İran ilə Ermənistan arasında əlaqələr indi o qədər açılıb, genişlənib, o qədər güclənibdir ki, bu iki ölkə arasındakı 40 kilometrlik kiçik sərhəddə qısa müddətdə böyük bir körpü tikiblər, həmin körpüdən İranın gündə 100 yük maşını keçir. İranlılar Ermənistanın bütün bazarlarını malla doldurublar. Ona görə də iranlıya lazım deyil ki, Türkiyə malını aparıb Ermənistanda satsın. O öz malını aparıb satır. Bax, bu cür hərəkətlər bizi çox incidir. Mən hörmətli prezident Süleyman Dəmirələ də, hörmətli baş nazir Nəcməddin Ərbakana da, hörmətli xanım Tansu Çillərə də bu barədə fikirlərimizi bildirmişəm, bu gün sizə də bildirirəm. Türkiyənin ictimaiyyətinə bildirmək istəyirəm ki, onlar gərək Ermənistana belə güzəştlər edilməsinə heç vaxt imkan verməsinlər.

Əgər Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından çıxsa və Azərbaycanın 1 milyondan artıq vətəndaşı - sizin bacılarınız, qardaşlarınız, türklər öz yerlərinə-yurdlarına qayıtsa, əgər Ermənistan öz torpaq iddialarından, o cümlədən Türkiyəyə olan torpaq iddialarından geri çəkilsə, onda şübhəsiz ki, Ermənistanla da bir normal ticarət əlaqələri yaratmaq olar. Mən bunu inkar etmirəm. Hesab etmirəm ki, hər şeyi ömürlük qapamaq lazımdır. Ancaq bir halda ki, Ermənistan bu cür hərəkət edir, onun müqabilində Türkiyə tərəfindən ona münasibəti yumşaltmaq, onu açmaq, orada bir kozır əldə etmək siyasəti nəticəsiz siyasətdir.

Sən ikinci sual da vermişdin, - Bakı -Ceyhan boru xətti barədə. Bilirsiniz, Rusiyanın təsiri barədə fikirləri siz unudun. Bizim üzərimizdə Rusiyanın təsiri yoxdur. Rusiyanın bizim üzərimizə basqısı, hər şeyi var. Biz müstəqil dövlətik, amma bizim üzərimizə basqı yapırlar. Şübhəsiz ki, 1994-cü ildə biz ilk müqaviləni imzalayanda başımıza nə işlər gətirdilər - bizim insanları terror etdilər, öldürdülər. Rusiyanın kəşfıyyat orqanları bizim həbsxanalardan dörd cinayətkarı çıxardılar, apardılar. Çox işlər gördülər. Bakı-Ceyhan xətti barədə mən hər yerdə demişəm, bu gün Böyük Millət Məclisində bir daha demişəm. Bizim istəyimiz odur, onu da edəcəyik. Biz çox şeyləri demişik, istəmişik, həyata da keçirmişik. Bunu da həyata keçirəcəyik.

Sual: Hörmətli prezident, Dağlıq Qarabağda müstəqillik elan ediblər. Buna necə baxırsınız?

Cavab: Dağlıq Qarabağın müstəqilliyi ola bilməz.

Sual: Amma ermənilər bunu istəyir?

Cavab: Ermənilər ancaq bunu istəyirlər.

Sual: Cənab prezident, əgər Dağlıq Qarabağın müstəqilliyi defakto elan edilsə, Azərbaycanın taleyi nə ola bilər?

Cavab: Defakto bu müstəqilliyi indi də yaradırlar. Ancaq bunu heç kəs tanımır. Onlar da məsələnin bu cür bitdiyini hesab etmirlər.

Sual: Əgər onlar bu işə cəhd göstərərlərsə?

Cavab: Bunu gələcək göstərəcək.

Sual: Hörmətli prezident, Siz bütün çıxışlarnızda Mustafa Kamal Atatürkün Türkiyə xalqı qarşısındakı xidmətlərini bir daha yüksək qiymətləndirdiniz. Atatürkün adını tez-tez çəkməyiniz nə ilə əlaqədardır?

Cavab: Bilirsiniz, mən XX əsr tarixinin çoxunu şəxsən yaşamışam. XX əsr sona çatır. Bu dövrdə mən Türkiyənin həyatını izləmişəm, Azərbaycanın həyatı mənim həyatım olubdur, mən bu tarixi yaxından hiss etmişəm, görmüşəm, oxumuşam. Mən öz fikirlərimi söyləyirəm. Mən Türkiyə haqqında, Türkiyə Cümhuriyyəti, onun keçdiyi yol barədə sadəcə olaraq öz fikirlərimi deyirəm. Mən bu ölkəyə gəlmişəm, gərək bu ölkənin tarixi, keçmişi, bu günü, gələcəyi haqqında öz fikirlərimi söyləyəm. Mən dostam, qardaşam. Mustafa Kamal Atatürk haqqında dediklərim sözlər yetərlidir. Əgər istəyirsiniz, yenə də deyim.

Sual: Türkdilli respublikalar, o cümlədən Azərbaycan öz müstəqilliyini qazananda demişdilər ki, Türkiyə Respublikasını model kimi götürəcəklər.

Cavab: Bəli, bunu mən bu gün də söyləmişəm. Amma bu o demək deyildir ki, bu modeli olduğu kimi götür, istifadə et. Yəni buradakı təcrübədən hansı Azərbaycana uyğundursa, münasibdirsə, biz onu götürürük, qəbul edirik. Türkiyə ilə Azərbaycan nə qədər yaxın olsa da, bizim fərqlərimiz də var. Bilirsiniz, Türkiyəni götürün: Osmanlı imperatorluğu olub, o dağılıb, dağılmış imperatorluğun yerində Türkiyə Cümhuriyyəti qurulub. Türkiyə Cümhuriyyəti də 70 ildən çoxdur yaşayır. Amma XX əsrdə Azərbaycanın başına nə işlər gəlibdir? XIX əsrin əvvəlində Azərbaycan Rusiyanın istilası altına düşüb. Sonra -XX əsrin əvvəllərində Rusiyada Oktyabr inqilabı oldu. Bu inqilabdan sonra Rusiya dağıldı, yeni bir dəyişiklik əmələ gəldi. Azərbaycan bu fürsətdən istifadə edib 1918-ci ildə demokratik bir cümhuriyyət yaratdı. Ancaq bu cümhuriyyət çox yaşamadı. Çünki Rusiyada yaranmış Sovet hakimiyyəti keçmiş çar imperatorluğunun bütün ərazisinə yayıldı. Öna görə də Azərbaycan Sovetlər Birliyinin içində qaldı. 70 il biz belə olduq. 70 ildən sonra müstəqilliyimizi əldə etdik. Müstəqilliyimizi hansı şərtlər içində əldə etdiyimizi mən bu gün Böyük Millət Məclisindəki nitqimdə dedim. Bunu təkrar etməyə ehtiyac yoxdur. Yəni, XX əsrdə Türkiyənin, Azərbaycanın tarixinin nədən ibarət olması arasında fərq çoxdur. Bunlar bir-birindən çox fərqlənir, elədirmi? Ona görə də Türkiyə cümhuriyyət, demokratiya, insan hüquqları və digər ümumbəşəri dəyərlərin hansından ki, istifadə edibdir və çox yaxşı nəticələr əldə edibdir. Bunları bizim Türkiyədən götürməyimiz daha faydalıdır, nəinki, Almaniyadan, Fransadan götürməyimiz. Çünki Türkiyə ilə Azərbaycan eyni millətdir, eyni dinə, ənənələrə malik olan bir xalqdır. Türkiyə bu demokratiya yolunu keçibdir, biz də onu götürürük. Amma hansı yerə qədər, necə demokratiyanı? - bu, sizdə bu cür, bizdə başqa cür ola bilər. Heç siz də iddia etməyin ki, sizdəki demokratiya gəlib Azərbaycanda da eyni olmalıdır.

Sual: Cənab prezident, bəs dünyəvilik baxımından necə?

Cavab: Əlbəttə, şübhəsiz ki, bu mütləq olmalıdır. Biz bunu bəyan etmişik. Biz müstəqilliyimizi əldə edən kimi bəyan etmişik ki, Azərbaycanda demokratik, hüquqi, dünyəvi, yəni layiqli dövlət quruculuğu gedir. Bu, bizim əsas prinsipimizdir. Bu prinsip bizim üçün dəyişməzdir. Siz bunu dəyişdirirsiniz, yoxsa necə?

Sual: Cənab prezident, Türkiyə qəzetləri vaxtilə Azərbaycanda dövlət çevrilişinə olmuş cəhdlər barədə çoxlu yazılar dərc edirlər. Siz də Böyük Millət Məclisindəki nitqinizdə bu barədə geniş danışdınız və Azərbaycandakı bu çevriliş cəhdlərində Türkiyə vətəndaşlarının da iştirak etdiyini söylədiniz. Siz nitqinizdə həmçinin dediniz ki, həmin adamlar söyləmişdilər ki, Türkiyəyə gedəndən sonra səssizcə oturacaqlar. Ancaq onlar tez-tez televiziyaya çıxıb həmin çevriliş cəhdləri barədə müsahibələr verirlər. Siz buna necə baxırsınız?

Cavab: Böyük Millət Məclisindəki çıxışımda mən bu barədə bütün fikirlərimi səmimi olaraq dedim. Güman edirəm ki, hökumət adamları hamısı orada idi.

Sual: Cənab prezident, Siz Türkiyə iş adamlarının Azərbaycana sərmayə qoymasının vəziyyətindən razısınızmı? Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün bir çox layihələr mövcuddur. Amma əslində Azərbaycanda Türkiyənin böyük şirkətləri yoxdur. Olanların hamısı kiçik və orta özəl şirkətlərdir. Ona görə də bir çoxları ölkələrimiz arasındakı iqtisadi əlaqələrin lazımi səviyyədə olmadığını söyləyirlər. Siz bunu doğru hesab edirsinizmi?

Cavab: Xeyr, doğru deyil. Azərbaycanda Türkiyənin böyük şirkətləri yoxdur. Respublikamıza Türkiyənin əsasən kiçik və orta şirkətləri gəlirlər. Ancaq böyük şirkətlərin nə üçün gəlmədiyini bilmirəm. Doğrudur, biz neft müqavilələrimizdə "Türkiyə petrolları" şirkətinə yer verdik. Bu başqadır. Amma böyük şirkətlər gəlib respublikamızda iş görmürlər. Nə üçün görmürlər, deyə bilmərəm.

Sual: Cənab prezident, Siz bunun səbəbini bu günlərdəkidanışıqlarınızda soruşmadınız?

Cavab: Mən bunu dəfələrlə söyləmişəm. Amma bu şirkətlər hökumət dairələrinə tabe deyillər, onların hər biri sərbəstdir.

Sual: Məgər dövlət onlara təsir göstərə bilməz?

Cavab: Bəli, təsir edilə bilərsə, edilsin. Güman edirəm, bu şirkətlər çox səhvə yol verirlər. Mən bilirəm ki, onlar başqa ölkələrə daha çox gedirlər. Məsələn, Türkmənistana, Orta Asiyanın başqa ölkələrinə daha çox sərmayə qoyurlar. Amma onlar Azərbaycana sərmayə qoymurlar. Nə üçün, bilmirəm.

Sual: Türkiyənin böyük şirkətləri iddia edirlər ki, guya Azərbaycanda onların fəaliyyət göstərməsi üçün hüquqi baza yoxdur. Onların iddiaları var. Siz bunu doğru hesab edirsinizmi?

Cavab: Doğru deyil, Azərbaycanda hər şey var. Azərbaycanda hüquqi baza, qanunlar, bütün şərait var. Amma kim gəlmirsə, uduzur. Eybi yoxdur, bu gün gəlməsə də, sonra gələcək.

Sual: Cənab prezident, Türkiyə Azərbaycan barədə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirirmi? Hiss edilir ki, Türkiyədən incimisiniz.

Cavab: Mən nə vaxt dedim ki, incimişəm? Siz onu necə hiss etdiniz?

Sual: Bundan qabaqkı görüşlərinizdən biz bunu hiss etdik. Yəni demək istəyirəm ki, Siz Türkiyənin Ermənistana qarşı münasibətinin yumşalmasından incimisinizmi?

Cavab: Bəli, Ermənistana münasibət məsələsində həqiqətən incimişəm. Mən bunu açıq deyirəm. Çünki bəzi vəzifəli adamlar belə şeylər söyləyirlər. İndi də mən xəbərdarlıq edirəm ki, belə şeylərə yol verilməsin.

Sual: Siz Türkiyədən iqtisadi yardım istəmisiniz. Türkiyə bu yardımı ayıracaqmı?

Cavab: Bilirsiniz, yardım etmirlər. Mən söylədim ki, son üç ildə Rusiya Ermənistana bir milyard dollar dəyərində silah veribdir. Amma təkcə silah deyil. Ermənistanda böyük bir atom elektrik stansiyası vardı. 1990-cı ildə onu bağladılar. Çünki Ukraynanın Çernobıl şəhərindəki atom elektrik stansiyasında böyük bir fəlakət oldu. Çernobıl faciəsindən 11 il keçib, amma insanlar indiyə qədər şikəstdirlər, əlildirlər. Buna görə bu, təhlükəli bir şeydir. Ermənilər 1990-cı ildə atom elektrik stansiyasını tamam bağladılar. Amma sonra, iki il bundan əvvəl Rusiyadan həm böyük maliyyə, həm də texniki yardım verdilər. Onların mütəxəssisləri, alimləri gəlib həmin atom elektrik stansiyasını bərpa etdilər, işə saldılar. Bu atom elektrik stansiyasu ümumiyyətlə Ermənistan üçün də, Türkiyə üçün də təhlükəlidir. Bunu bilin, əgər orada bir qəza baş versə, Türkiyənin yarısı gedəcəkdir. Ona görə də mən hesab edirəm ki. Türkiyə buna etiraz etməlidir. Ancaq Rusiya bu stansiyanın işə salınmasına kömək edir. Rusiya başqa şeylər də edir.

1992-ci ildə Amerika Azərbaycana qarşı embarqo qoyubdur, Konqres qərar çıxarıbdır. Orada qanuna bir 907-ci düzəliş var ki, guya Azərbaycan Ermənistanı blokadaya aldığına görə ABŞ-dan Azərbaycana yardım qadağandır. Heç bir yardım yoxdur. Amma Amerikanın qanununa görə keçmiş Sovetlər Birliyinə mənsub olmuş, indi müstəqil ölkələr olan dövlətlərə Amerika yardım edir. Amerika Ermənistana daha çox yardım edir, amma Azərbaycana yardım etmir. Yenə də deyirəm, oradan Amerika Azərbaycana embarqo qoyubdur, yardım etmir. Amma Ermənistana yardım edir; oradan Rusiya Ermənistana həm bir milyard dollar dəyərində silah verir, həm də başqa yardımlar edir. Amma Azərbaycana heç kəs, Türkiyə də yardım etmir. Mən bunu söylədim.

Sual: Siz yardım almaq barədə müraciət etdiniz, nə cavab aldınız?

Cavab: Söylədilər ki, bu məsələyə baxacaqlar.

Sual: Cənab prezident, deyirlər ki, "Eksimbank" Azərbaycana krediti artıracaq. Bu doğrudurmu?

Cavab: Bilirsinizmi, "Eksimbank"ın krediti bizim başımıza bir bəla olubdur. Biz 71 milyon kredit almışıq. Onun da çox hissəsini buğdaya vermişik. Azərbaycanın çörəyə ehtiyacını ödəmək üçün buğda gətirilməli idi. İndi biz o krediti geri qaytara bilmirik. Son iki ildə 7 milyon dollar faiz vermişik. Əgər krediti geri qaytara bilməsək, biz 2000-ci ilədək 20 milyon dollar faiz verəcəyik. Krediti də qaytara bilmirik. Mən o vaxt Azərbaycana gec gəldim. Bu, mənim Azərbaycana rəhbərlik etdiyim vaxtdan əvvəl alınan kreditdir. Mən bilsəydim belə olacaq, heç bu krediti də almazdıq, necə olsa yaşayacaqdıq.

Sual: Məgər bu kreditin vaxtı uzadılmayıb?

Cavab: Onun vaxtının uzadılmasını neyləyirəm? Biz bu krediti almışıq, amma onu geri qaytara bilmirik. Belə kredit mənə nədən ötrü lazımdır? Belə kredit lazım deyil.

Sual: Cənab prezident, neftə görə indi Qərb ölkələrinin, xüsusən Amerika Birləşmiş Ştatlarının Azərbaycana böyük marağı vardır. "AMOKO", "Britiş petroleum" və digər nüfuzlu şirkətlər Azərbaycanda fəaliyyət göstərir. Ermənistan-Azərbaycan münaqişəsi aradan qaldırdmadığına görə bəzi adamlar fikirləşir ki, bu cür böyük neft şirkətləri nə üçün öz ölkələrinin başçılarına və müxtəlif dairələrə bu münaqişənin həlli ilə əlaqədar təsir göstərmirlər? Əgər gələcəkdə Azərbaycan işğal olunmuş torpaqları müharibə yolu ilə azad etmək istəsə, bu neftin taleyi necə olacaqdır?

Cavab: Bilirsiniz, sizin bu sualınız "O belə olsa, bu belə olacaq, bu belə olsa, o belə olacaq"dan ibarətdir. Bu suala sən özün cavab tap.

Sual: Cənab prezident, Siz İstanbulda Ter-Petrosyanla 45 dəqiqəlik görüş keçirdiniz. Bu görüşün nəticəsi nə oldu?

Cavab: Görüşümüzün məqsədi odur ki, biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli imkanını tapaq. Biz deyirik ki, bunun yolu Lissabon Zirvə görüşündə qəbul olunmuş prinsiplərdir. Onlar bu prinsipləri qəbul etməyiblər. Amma nə istədiklərini bilmirəm. Ola bilər, Ter-Petrosyanla yenə görüşüm. Güman etməyin ki, hər görüşdən böyük bir nəticə ola bilər. Bu o qədər mürəkkəb, o qədər çətin məsələdir ki, bir-iki görüşlə heç bir nəticə almaq olmaz. Amma görüşmək lazımdır.

Sağ olun!