Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ANS Telekanalının baş redaktoru Mirşahin Ağayevə müsahibəsi - Klivlend şəhəri, 19 fevral 2002-ci il


MirşahinAğayev: Hər vaxtınız xeyr, cənab prezident!

Heydər Əliyev: Salaməleyküm, axşamın xeyir, Mirşahin.

Mirşahin Ağayev: Cənab Prezident, necəsiniz, özünüzü necə hiss edirsiniz?

Heydər Əliyev:  Sağ ol, özümü yaxşı hiss edirəm.

Mirşahin Ağayev: Maşallah, elə gümrah görünürsünüz, o dərəcədə gümrah addımlayırdınız ki, tamaşaçılarımızda belə təəssürat var ki, guya bu, on-on beş gün əvvəlki çəkiliş idi.

Heydər Əliyev: Mən elə əvvəl də gümrah olmuşam, indi də gümraham, buna heç kəsin şübhəsi olmasın. Ancaq təbiidir cərrahiyə əməliyyatından sonra müəyyən qədər reabilitasiya, müalicə lazımdır. Mən də indi bu dövrü keçirirəm.

Sual: Cənab prezident, əməliyyatdan sonra keçən bu neçə gün ərzində özünüzü necə hiss edirsiniz? Ümumiyyətlə qan təzyiqiniz, qida rejiminiz yuxunuz normaldırmı?

Cavab: Hər şey normaldır. Hər şey yaxşıdır, istənilən səviyyədədir hər şey yaxşı gedir. Mən çox məmnunam ki, bu əməliyyatı da həyata keçirmişik. Həkimlərin dediyinə görə, bu, lazım idi. Mən bundan çox məmnunam və güman edirəm, çox az qalıb ki, reabilitasiya dövrü də qurtarsın və mən Vətənə gəlim və sizinlə birlikdə olum.

Sual: İnşallah . Birdən-birə niyə belə qərar verdiniz ki, bu əməliyyatın aparılması zəruridir?

Cavab: Bilirsiniz, birdən-birə deyildir. Məni müayinə etdilər, tibbi müayinə zamanı məlum oldu ki, belə bir şey Cərrahiyyə əməliyyatını etmək də olardı, bir az gözləmək də olardı. Amma mən hesab etdim ki, yaxşı olar, edək, bu da aradan çıxsın. Həkimlər də belə fikirdə idilər. Ona görə də həkimlərin məsləhəti ilə razılaşdım və bunu etdik.

Sual: Həkimlər işləməyə icazə verirmi? Yəqin ki, kimlərisə qəbul edirsiniz, orada müxtəlif görüşləriniz olur?

Cavab: Mən burada heç kəsi qəbul etmirəm. Çünki bu klinikada çox ciddi rejim var. Hər yerdən yanıma gəlmək istəyənlər çoxdur, amma mən qəbul etmirəm. İşləməyinə işləyirəm. Bütün günü işləyirəm. Buradakı vaxtla Bakıdakı vaxtın fərqi var. İndi Bakıdakı gün qurtarır. Burada isə gün təzə başlayıbdır. Mən telefon əlaqəsi saxlayıram. Respublikada ayrı-ayrı vəzifəli şəxslərdən məlumatlar alıram, lazımı göstərişlər verirəm. Respublikada gedən bütün prosesləri izləyirəm. Hər şeydə xəbərdaram, hər şeyi bilirəm və hesab edirəm ki, indi respublikamızda işlər yaxşı gedir. Çox məmnunam ki, mənim respublikadan çox məmnunam. Yəni respublikada daim əlaqəm var.

Sual: Cənab prezident sonuncu sualımı verirəm, sizi yormaq istəmirəm. Bizim bildiyimizə görə, bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında Xocalı faciəsinin qara ildönümü münasibəti ilə tədbir keçiriləcəkdir. Bunu Amerikadakı Azərbaycan cəmiyyəti təşkil edir. Sizi dəvət ediblərmi? Dəvət olunmuşsunuzsa, iştirak edəcəksinizmi?

Cavab: Bəli, bunu bilirəm, ancaq mənim orada iştirak etməyimə ehtiyac yoxdur.

Mirşahin Ağayev: Cənab prezident, tez sağalın. Kollektivimiz adından, Azərbaycanın bütün televiziya tamaşaçıları adından Sizə minnətdarlığımı bildirirəm.

Heydər Əliyev: Sağ ol. Mən də sizin ANS telekanalı vasitəsilə Azərbaycan vətəndaşlarına, həmvətənlərimə öz salamımı, sayğımı, hörmətimi, məhəbbətimi yetirirəm. Hamıya cansağlığı arzulayıram. İnsan üçün cansağlığı hər şeydən üstündür. Cansağlığı, işlərinizdə uğurlar arzu edirəm. Çox məmnunam ki, sizin telekanal vasitəsilə bizim tamaşaçılara vətəndaşlarla bir daha ünsiyyətdə oldum.

Mirşahin Ağayev: Təşəkkür edirəm. Sizə minnətdaram.

Heydər Əliyev: Sağ ol. Təşəkkür edirəm.

Tarixi arayış