Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti - 25 fevral 1995-ci il


Əziz həmvətənlərim!

Xalqımızın milli müstəqillik uğrunda mübarizə tarixində ən qanlı səhifələrdən biri olan Xocalı faciəsindən üç il keçir. Xaricdəki imperiyapərəst qüvvələrin dəstəyi ilə törədilən bu soyqırımı erməni qəsbkarlarının müstəqil Azərbaycan dövlətinə qarşı yeritdiyi məqsədyönlü təcavüz planının ən amansız həlqəsi, misli görünməmiş vəhşilik aktı, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş cinayət kimi XX əsrin tarixinə daxil olmuşdur. Günahsız dinc əhaliyə tutulmuş amansız divan, ağlasığmaz qəddarlıq erməni irticasının və onun xaricdəki havadarlarının iç üzünü beynəlxalq ictimaiyyət qarşısında bütün çılpaqlığı ilə açıqladı.

Bu ağır faciənin baş verməsinə respublika daxilində gedən hakimiyyət davaları da əlverişli zəmin yaratmışdı. O zamankı iqtidarın siyasi səbatsızlığı, ümummilli mənafelərə zidd mövqeyi Xocalı faciəsinin törədilməsində az rol oynamamışdır.

Milli varlığımız və istiqlaliyyət uğrunda dönməz mübarizəmizə qarşı yönəldilmiş belə məqsədyönlü cinayətlər nə qədər amansız olsa da, xalqımızın mübarizə əzmini qıra bilməmiş, onun mətin iradəsini sarsıtmamışdır.

Bu milli hüzn günündə də Azərbaycan xalqını öz iradə və əzmini qoruyub saxlamağa, milli dövlətçiliyimiz və tam müstəqilliyimiz uğrunda gələcək mübarizələrə səfərbər olmağa çağırıram. Bunu bizdən şəhidlərimizin müqəddəs ruhları tələb edir.

Xocalı faciəsinin günahsız qurbanlarının müqəddəs ruhu qarşısında bir daha baş əyir, xalqımıza başsağlığı verirəm.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - xxxx, səh.214.