Qara Dəniz Hövzəsi Ölkələri İqtisadi Əməkdaşlığı Parlament Məclisinin yeddinci sessiyası iştirakçılarının şərəfinə rəsmi ziyafətdə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - "Gülüstan" Sarayı, 11 iyun 1996-cı il


Hörmətli qonaqlar, xanımlar və cənablar!

Bu gün Azərbaycanın paytaxtı Bakıda Qara Dəniz Hövzəsi Ölkələri İqtisadi Əməkdaşlığı Parlament Məclisi öz işinə başladı. Mən Qara Dəniz Hövzəsi İqtisadi Əməkdaşlığı Parlament Məclisinin işinə başlamasını alqışlayır və onun fəaliyyətinə uğurlar arzulayıram.

Qara Dəniz Hövzəsi İqtisadi Əməkdaşlığı Təşkilatı böyük regional təşkilatdır və mövcud olduğu dövrdə ona daxil olan ölkələr arasında iqtisadi əməkdaşlığı təmin edə bilmişdir və indi əməkdaşlığın daha da dərinləşməsində və inkişafında yeni addımlar atır.

Azərbaycan bu təşkilata onun bünövrəsi qoyulduğu vaxtdan daxildir və ümid edir ki, bu təşkilatda iştirak Qara dəniz hövzəsi ölkələri ilə əməkdaşlığın inkişafına kömək edəcək və təbii olaraq, həm bu ölkələrə, həm də Azərbaycana fayda gətirəcəkdir.

Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisinin növbəti iclasının Azərbaycanda, Bakıda keçirilməsini biz bu təşkilatın respublikamıza, şəhərimizə diqqətinin təzahürü hesab edirik və əminik ki, burada sizə səmərəli iş üçün hər cür şərait və imkan yaradılacaqdır.

Azərbaycan xalqı adından, Bakı şəhərinin sakinləri adından, öz adımdan mən sizi ürəkdən salamlayıram və əminəm ki, respublikamızla, səhhətimizlə tanışlıq xalqımız, ölkəmiz haqqında sizin üçün əlavə məlumat mənbəyi olacaq, sizin ölkələrinizlə Azərbaycan arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə və inkişaf etməsinə yaxşı imkanlar yaradacaqdır.

Ötən ilin yayında Rumıniya paytaxtında - Buxarestdə Qara Dəniz iqtisadi əməkdaşlığı ölkələrinin dövlət başçılarının görüşü oldu. Hesab edirəm ki, bu görüş Qara dəniz hövzəsinin ölkələri arasında iqtisadi münasibətlərin daha da genişlənməsində öz rolunu oynadı. Biz iqtisadi əməkdaşlığın vaxtı çatmış məsələlərini müzakirə etmək, təşkilatımızın daha da inkişaf tapması yollarını müəyyənləşdirmək imkanına malik olduq. Əminəm ki, biz bu yolla getsək, Qara dəniz hövzəsi ölkələrinin iqtisadi əməkdaşlığında böyük müvəffəqiyyətlər qazana bilərik.

Ölkələrimizin parlamentləri, eləcə də parlament məclisi bizim regional təşkilatın fəaliyyətində mühüm rol oynayırlar. Buna görə də bu gün inamla demək olar ki, parlament məclisi fəal işləyir, ölkələrimizin parlament nümayəndələri dövlət başçılarına nisbətən daha tez-tez görüşür və iqtisadi əməkdaşlığımızın daha da inkişaf etməsi və dərinləşməsi üçün yaxşı qanunvericilik zəmini yaradırlar.

Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatında öz iştirakına böyük əhəmiyyət verir və bu əməkdaşlığa kömək göstərməyə, bu əməkdaşlıqda fəal rol oynamağa çalışır. Ümidvaram ki, Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisinin növbəti iclasının Azərbaycanda, Bakı şəhərində keçirilməsi Qara dəniz hövzəsi ölkələrinin parlament üzvlərinə həyatımızla, iqtisadi imkanlarımızla və Azərbaycanla iqtisadi əməkdaşlığın perspektivləri ilə yaxından tanış olmağa imkan verəcəkdir. Odur ki, bu fürsətdən istifadə edərək biz əməkdaşlığımızın ümumən uğurlu olması üçün, bu əməkdaşlıqda Azərbaycanın daha fəal iştirak etməsi üçün öz imkanlarımızı daha inandırıcı şəkildə göstərə bilərik.

İqtisadi əməkdaşlıq ölkələrin, xalqların yaxınlaşması üçün, etimadın, qarşılıqlı anlaşmanın möhkəmlənməsi üçün ən mühüm vasitədir. İndi, dünyada mürəkkəb proseslər getdiyi bir dövrdə bizim hamımız, bütün ölkələrimiz, xalqlarımız bir-birimizlə daha sıx münasibətlər yaratmağa, bütün sahələrdə əməkdaşlığı möhkəmlətməyə ehtiyac duyuruq.

Əminəm ki, bu təşkilat ölkələrimizin iqtisadi əməkdaşlığını təmin edərək, digər bütün sahələrdə ölkələrimiz arasında, bütövlükdə regionumuzda münasibətlərin həm inkişafı, həm də dərinləşməsi üçün çox iş görə bilər. Biz hamımız buna ehtiyac duyuruq. Biz hamımız sabitliyə, sülhə ehtiyac duyuruq və iqtisadi əməkdaşlıq buna nail olmaq üçün çox mühüm vasitədir.

Şübhə yoxdur ki, Qara Dəniz Ölkələri İqtisadi Əməkdaşlığı Təşkilatı ölkələrinin parlament nümayəndələrinin indiki görüşü iqtisadi münasibətləri inkişaf etdirməklə və dərinləşdirməklə yanaşı, bütün sahələrdə münasibətləri möhkəmlətməyə imkan verəcək, bir-birini daha yaxşı tanımağa imkan verəcək, ölkələrimiz və xalqlarımız arasında sülhü və qarşılıqlı anlaşmanı möhkəmlətməyə imkan verəcəkdir.

Mən sizi bir daha salamlayır, sizə uğurlu iş arzulayıram və regional təşkilatımız çərçivəsində iqtisadi əməkdaşlığın daha da inkişaf etməsi və dərinləşməsi naminə, regionumuzda sülhün daha da möhkəmlənməsi, əməkdaşlığın daha da inkişaf etməsi naminə, sabitlik naminə, iqtisadi əməkdaşlıq təşkilatımızı təmsil edən ölkələrin və xalqların xoşbəxtliyi və tərəqqisi naminə badə qaldırıram. Sizin sağlığınıza badə qaldırıram!