"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin TÜRKSOY Beynəlxalq Təşkilatının Bakıda keçirilən VIII toplantısında nitqi (Rəşid Behbudov adina Dövlət Mahnı Teatrı, 6 noyabr 1996-cı il)" sənədinə tarixi arayış


TÜRKSOY Beynəlxalq Təşkilatı türkdilli dövlətlərin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan respublikalarının mədəniyyət nazirlərinin 1992-ci ildə İstanbul və Bakı şəhərlərində apardıqları danışıqlar zamanı əldə olunan razılığa əsasən formlaşdırılıb. TÜRKSOY-un fəaliyyət prinsipləri və yaradılması haqqında müqavilə 1993-cü ilin iyulun 12-də sözügedən ölkələr tərəfindən Qazaxıstan Respublikasının keçmiş paytaxtı Almatıda imzalanıb. Regional mədəni inteqrasiyanın inkişafında TÜRKSOY-un əvəzsiz rolu vardır.

1996-cı il noyabrın 6-da Bakıda TÜRKSOY Beynəlxalq təşkilatının VIII toplantısı keçirilib. Sammitdə çıxış edən Heydər Əliyev təşkilatın ötən illərdəki fəaliyyətini və İstanbul şəhərində TÜRKSOY-la YUNESKO arasında qarşılıqlı əməkdaşlıq haqda müqavilənin imzalanmasını yüksək qiymətləndirib. Tədbirdə Rusiya Federasiyasının və Gürcüstan Respublikasının nümayəndə heyətləri də iştirak ediblər.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.85