ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlərə dair ümumi tarixi arayış


1992-ci ilin mart ayının 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olunub. Görüşdə ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib.

1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edildi. Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edilib. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, sonra isə 1995-97-ci illər ərzində İsveç və Rusiya başçılıq edib. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.

Hazırda Minsk Qrupunun tərkibinə aşağıdakı ölkələr daxildir: ABŞ, Almaniya, Azərbaycan, Belarus, Ermənistan, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya, Rusiya, Türkiyə, Finlandiya, Fransa. (www.mfa.gov.az)

1997-1998-ci illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair Minsk Qrupunun Həmsədrləri tərəfindən üç təklif tərtib edilib. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul edilməyib. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin "paket" (Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu) həlli, 1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin "mərhələli" (münaqişənin mərhələlərlə nizama salınması) həllindən ibarət idi. 1998-ci il noyabrın 9-da həmsədrlərin beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qəbul edilməsi mümkün olmayan üçüncü təklifi dünya praktikasında mövcud olmayan "ümumi dövlət" ideyasına əsaslanırdı. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən "ümumi dövlət" təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşmanın göstəricisi idi.

2000-2001-ci illərdə ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionuna 3 dəfə ardıcıl səfərlər ediblər. Onlar münaqişə bölgəsində geniş əraziləri gəzərək yerli əhali, cəbhə xəttində yerləşən hərbi birləşmələrin rəhbərləri, separatçı Dağlıq Qarabağ rejiminin başçıları, Ermənistan və Azərbaycan prezidentləri ilə görüşüblər.

Həmsədrlər Kerri Kavano (ABŞ), Nikolay Qribkov (Rusiya Federasiyası) və Jan Jak Qalyard (Fransa) 11 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə növbəti danışıqları zamanı bu səfərlər və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı digər məsələləri müzakirə ediblər.

Heydər Əliyev Minsk qrupunun fəaliyyətinə böyük əhəmiyyət verdiyini və onun birbaşa görüşlərlə yanaşı aparılmalı olduğunu ifadə edib: "Mən Ermənistan prezidenti ilə danışıqları yenə də davam etdirməyə hazıram. Minskdə bizim görüşümüz zamanı mən bunu təsdiq etdim və prezident Koçaryan da təsdiq etdi. Amma siz bilirsiniz ki, bu danışıqların istənilən nəticəyə gəlib çıxmamasının səbəbi kimdədir. Ona görə mən sizə müraciət edirəm ki, həm danışıqlar aparaq, həm də siz öz fəaliyyətinizi genişləndirəsiniz."

2001- ci il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri fəal danışıqlar aparıblar. Həmin dövrdə Heydər Əliyev və Robert Koçaryan iki dəfə Parisdə (yanvar, mart), Ki-Uestdə (ABŞ, aprel) və Soçidə (Rusiya, avqust) görüşüblər. (www.karabakh.org)

Aparılan danışıqlar gərgin şəraitdə keçib. Vəziyyətin həlledici mərhələyə daxil olması ehtimalı Azərbaycanda Minsk qrupu həmsədrlərinin təklif etdikləri həll variantlarının 2001- ci ilin fevralında ictimaiyyətə açılmasına səbəb olub. Paket, mərhələli və ümumi dövlət adlı layihələr ölkə parlamentindən başlayaraq bütün ictimai-siyasi təşkilatların müzakirəsinə verilib. Respublika ictimaiyyəti siyasi rəhbərliklə bərabər Azərbaycanın ərazi bütövlüyünə zidd istənilən təklifi, xüsusilə ümumi dövlət adlı variantı qəbul etməmək əzmində olduğunu bəyan edib.

Prezidentlərin təkbətək görüşlərinin nəticəsizliyi Minsk qrupu həmsədrlərinin fəaliyyətini zəiflətməyib. Bu, onların 4 noyabr 2001- ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevlə Bakıdakı görüşündə də təsdiqlənib. Həmsədr dövlətlərdən Rusiya öz həmsədr nümayəndəsindən başqa görüşdə xarici işlər nazirinin müavini ilə təmsil olunub. Bu format 2001-ci ilin aprelində Ki-Uest danışıqlarında da təkrar olunub. (www.state.gov)

Azərbaycan Prezidenti Heydər Əliyev Minsk qrupu həmsədrləri ilə 4 noyabr 2001-ci il görüşündə məqbul sülh prinsiplərinin razılaşdırılmamasının müharibə təhlükəsini artırdığını söyləyib.

Minsk qrupunun həmsədrləri öz çıxışlarında münaqişənin hərbi yolla həlli olmadığını, hərbi yolla həll ediləcəyi təqdirdə, onsuz da çox ciddi və güclü şəkildə zərər çəkmiş insanlar daha böyük və uzunmüddətli müsibətlərə məruz qalacaqlarını bildiriblər.

Ümumilikdə 2001-ci ildən sonra aparılan istər prezidentlərin təkbətək görüşləri, istərsə də onların şəxsi nümayəndələrinin Praqa prosesi çərçivəsində apardıqları müzakirələrin nəticə verməməsi Minsk qrupu həmsədrlərinin növbəti mərhələ üçün məsləhətləşmələri ilə əvəzlənib.

2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev də dəfələrlə Minsk qrupunun həmsədrlərini qəbul edib.

Azərbaycanda keçirilmiş prezident seçkilərindən sonra Minsk qrupu həmsədrlərinin regiona ilk səfəri 5 dekabr 2003-cü ildə olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Minsk qrupunun Rusiyadan, Amerika Birləşmiş Ştatlarından və Fransadan olan həmsədrləri Yuri Merzlyakovu, Rudolf Perinanı, Anri Jakoləni qəbul edib. Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin uzun illər öz həllini tapmamasından narahatlıq hissi vurğulanıb.

16 iyul 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə ATƏT-in Minsk qrupunun Amerika Birləşmiş Ştatlarından, Rusiyadan və Fransadan olan həmsədrləri Stiven Mənni, Yuri Merzlyakovu və Anri Jakoleni qəbul edib. Prezident İlham Əliyev Azərbaycanın mövqeyinin ATƏT-in Minsk qrupunun həmsədrlərinə yaxşı məlum olduğunu, bu mövqenin prezidentlər və xarici işlər nazirləri arasında keçirilmiş görüşlərdə dəfələrlə bəyan edildiyini deyərək, Azərbaycanın mövqeyi münaqişənin yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında həll olunmasından ibarət olduğunu bildirib.

Bundan başqa İlham Əliyev 2005-ci il (27 may, 16 dekabr), 2006-cı il (2 oktyabr, 26 oktyabr, 22 noyabr, 24 may), 2007-ci il (18 sentyabr, 26 oktyabr), 2008-ci il (14 yanvar, 18 yanvar, 2 aprel, 27 iyun, 13 noyabr) tarixlərində Minsk qrupunun həmsədrləri ilə görüşüb. Bütün bu görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə olunub. Lakin buna baxmayaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında heç bir uğur əldə edilməyib.

Sonuncu dəfə Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasyeni, rusiyalı həmsədri Yuri Merzlyakovu, amerikalı həmsədri Metyu Brayzanı və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki 19 yanvar 2009-cu ildə qəbul edib. Bu görüşdə də digər görüşlərdə olduğu kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyətindən danışılıb.

Ümumi tarixi arayış 31 yanvar 2009-cu ildə tərtib edilib.