Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Kiotodakı Nişicin-Ori-Kalkan Toxuculuq-Sənaye Mərkəzindəki söhbətindən - 28 fevral 1998-ci il


Hörmətli xanımlar və cənablar!

Bu gün son dərəcə şadam ki, Yaponiyanın ən böyük toxuculuq sənaye mərkəzindəyəm. Məni mehribanlıqla qarşıladığınıza görə, ünvanıma söylədiyiniz səmimi sözlərə görə sağ olun.

Əlaqələrimizin inkişaf etməsində mənim Yaponiyaya rəsmi səfərim, bu səfər zamanı əlahəzrət imperatorla, Baş nazirlə, digər yüksək vəzifəli şəxslərlə görüşlərim, danışıqlarım, əldə etdiyimiz nailiyyətlər, imzaladığımız dəyərli sənədlər xüsusi yer tutur. Bizim ölkələrimiz arasında yaranmış iqtisadi əməkdaşlıq Yaponiya-Azərbaycan əlaqələrinin bu günü və gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir.

Burada deyildi ki, toxuculuq sənaye mərkəzi qədim Kiotonun rəmzi kimi şöhrət tapmışdır. Mərkəzin yaranma tarixi, onun kiçik toxuculuq sexindən böyük sənaye mərkəzinə çevrilməsi haqqında ətraflı məlumatınız da çox maraqlı oldu. Toxuculuq mərkəzində istehsal prosesi ilə tanış oldum, məlum oldu ki, ötən illər ərzində burada çox böyük işlər görülmüşdür. Burada toxunan qızıl parça, gözəl, nəfis parçalar, hazırlanan məşhur kimano, qalstuklar, şallar, çətirlər və digər məhsullar nəinki Yaponiyada, xarici ölkələrdə də məşhurdur. Bu məhsullar son dərəcə ecazkardır. Bər-bəzəklə, naxışla ziynətləndirilən, məharətlə biçilən yapon milli geyimləri, yapon parçaları rəng şuxluğu, əlvanlığı, zərifliyi, gözəlliyi ilə nəzəri cəlb edir.

Nişicin-Ori-Kalkanda fəhlələrə yaradılmış şərait, onlara göstərilən xidmət məndə çox böyük məmnunluq hissi yaratdı.

Mən bu gün burada, toxuculuq sənaye mərkəzində olmağımdan çox şad oldum. Səmimi görüşünüz, göstərdiyiniz mehribançılıq üçün sizə təşəkkür edirəm. Hamınıza uğurlar arzulayıram. Sağ olun.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 2005, 14-cü cild, səh.466-467