"Neft konsorsiumuna daxil olan ABŞ şirkətlərinin Azərbaycan dövlət başçısının şərəfinə təşkil etdikləri rəsmi qəbulda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi" (Nyu-York, 24 oktyabr 1995-cı il) sənədinə tarixi arayış


20-26 oktyabr 1995-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BMT-nin yaranmasının 50 illiyinə həsr olunan təntənəli tədbirlərdə iştirak etmək üçün ABŞ-da rəsmi səfərdə olub. Səfər çərçivəsində Azərbaycan Prezidenti bu ölkənin prezidenti Bill Klintonla, yüksək vəzifəli dövlət rəsmiləri, ABŞ-ın işgüzar dairələrinin nüfuzlu nümayəndələri ilə görüşlərində iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivləri barədə danışıqlar aparıb.

Azərbaycan Prezidenti 25 oktyabr 1995-ci ildə ABŞ neft şirkətlərinin rəhbərlərinin onun şərəfinə düzənlədikləri rəsmi qəbulda iştirak edib. Qəbulda Azərbaycanla əməkdaşlığa başlayan ABŞ şirkətlərinin rəhbərləri və səlahiyyətli nümayəndələri təmsil olunub.

Rəsmi qəbulda ABŞ Dövlət Departamentinin yeni müstəqil dövlətlər üzrə xüsusi səlahiyyətli səfiri Ceyms Kollinz, Texas ştatından konqressmen Qreq Laflin, ABŞ-ın energetika nazirinin müavini cənab Körtis, "Arko", "AMOKO", "Yunokal", "Eksson", "Şevron", "Mobil oyl" neft şirkətlərinin prezidentləri, neft-qaz sənayesinin müxtəlif sahələri üzrə ixtisaslaşmış "Cİ-Tİ-İ", "Artur Anderson Korporeyted", "FNS", "Farel Layens Korporeyşn" şirkətlərinin sahibləri və Azərbaycanda neft sənayesinin müxtəlif sahələrinə sərmayə qoymaq niyyətində olan iri şirkətlərin nümayəndələri də iştirak edib.

Azərbaycanda ABŞ şirkətlərindən ilk olaraq fəaliyyətə başlayanlar "Əsrin müqaviləsi"ndə pay alan "AMOKO", "Makdermott", "Pennzoyl", "Yunokal" şirkətləri olub. Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin yatırımını stimullaşdıran iqtisadi siyasət nəticəsində isə ABŞ-a məxsus şirkətlərin sayı ölkəmizdə daha da artmağa başlayıb. Hazırda ABŞ-a məxsus iri şirkətlərdən "Eksson", "Remko", "Mobil", "Şevron", "Devon", "Frontera Resorses", "Arko", "Konoko", "Teksako", "Haubeyker", "Oksidental Petroleum", "Hallibortn", "Katerpillar" və s. Azərbaycanda fəaliyyət göstərirlər. Onlar neft-qaz sənayesinin müxtəlif sahələrində beynəlxalq əhəmiyyətli iri layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin tikilib istifadəyə verilməsində iştirak ediblər. "Əsrin müqaviləsi" üzrə işləri koordinasiya etmək məqsədilə yaradılan konsorsiumda fəaliyyət göstərən ABŞ şirkətlərindən "MakDermot" bu müqavilədəki payını Yaponiyanın "İtoçu" şirkətinə sataraq yeni sazişlərə qoşulub. "AMOKO" neft şirkəti Böyük Britaniyanın "bp" şirkəti ilə birləşib, "Eksson" şirkəti isə "Mobil" neft şirkəti ilə birgə fəaliyyət göstərməyə başlayıb.

Rəsmi qəbulda çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev qeyd edib ki, ABŞ neft şirkətləri ilə Azərbaycanın imzaladığı müqavilələrin 25-30 illik bir müddəti əhatə etməsi onu göstərir ki, Azərbaycan-ABŞ münasibətləri müvəqqəti xarakter daşımır və gələcəkdə bu əlaqələrin daimi olması üçün Azərbaycan öz üzərinə düşən bütün işlərin öhdəsindən layiqincə gələcək.

Tarixi arayış 7 iyul 2008-ci ildə tərtib edilib.