Bakıdakı İdman-sərgi kompleksində "Xəzərneftqaz - 2001" səkkizinci beynəlxalq sərgi konfransının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - 5 iyun 2001-ci il


scotch egg
scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli sərgi və konfrans iştirakçıları!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Sizi 8-ci Beynəlxalq "Xəzərneftqaz" sərgisinin və konfransının açılışı münasibətilə, işə başlaması münasibətilə ürəkdən təbrik edirəm. Sərginin və konfransın işinə uğurlar arzulayıram.

Səkkiz ildir ki, ardıcıl olaraq Azərbaycanda beynəlxalq neft-qaz sərgisi keçirilir, konfrans keçirilir. Sərgi ilə tanışlıq, şübhəsiz ki, dünyanın neft və qaz sənayesi ilə məşğul olan şirkətlərin təcrübə mübadiləsini təmin edir və konfranslarda aparılan diskussiyalar, müzakirələr, söylənilən fikirlər də hər bir sərgi iştirakçısı üçün və neft və qaz sənayesi ilə məşğul olan hər bir ölkə üçün çox faydalı olur.

Azərbaycanda 8-ci beynəlxalq Xəzər neft-qaz sərgisinin keçirilməsi heç də təsadüfi hal deyildir. Məlumdur ki, Azərbaycan qədim neft diyarıdır. Dünyada sənaye üsulu ilə neft ilk dəfə məhz Azərbaycanda, Bakıda hasil olunubdur. Demək, Azərbaycanda, Bakıda neft hasilatı dünyada bəşəriyyət üçün çox lazım olan bu təbii sərvətin istifadə olunması üçün əsaslar qoyubdur. Azərbaycan bu illər müddətində böyük yol keçibdir. Keçmişdə də Azərbaycanda neftin hasil olunması üçün dünyanın böyük sahibkarları, sonra isə neft şirkətlərinə çevrilmiş təşkilatlar fəaliyyət göstəriblər. Bu da bütün dünyada, hesab edirəm ki, öz rolunu oynayıbdır.

Azərbaycanda neft öncə quruda hasil olunubdur. Təsadüfi deyil ki, Azərbaycana "Odlar diyarı" deyirlər. Mən indi bu sözün mənşəyini dəqiq müəyyənləşdirmək istəmirəm. Ancaq bizim tarixçilərin fikrincə, məhz Azərbaycanda hələ qədim zamanlardan, heç insanın özünün müdaxiləsi olmadan yerdən qazın çıxması, onun yanması Azərbaycanı odlar diyarına çevirib və tarixən Azərbaycan "Odlar diyarı" kimi məşhur olubdur.

Mən bu gün bir daha cəsarətlə deyə bilərəm ki, ötən dövrdə Azərbaycanın nefti dünyada sənayenin inkişafına, müxtəlif ölkələrdə neft sənayesinin yaranmasına və inkişafına öz təsirini göstəribdir. Ona görə də Azərbaycanda həmişə neft sənayesi ilə, neftçilərlə, neft sahəsində ixtisaslaşmış alimlərlə, mühəndislərlə fəxr ediblər. Çünki onlar Azərbaycanın yeraltı sərvətlərinin öyrənilməsi ilə məşğul olaraq, ardıcıl surətdə yeni-yeni neft yataqlarının kəşfinin və bunlardan istifadə edilməsinin səbəbkarları olmuşdur.

Mən görürəm, burada, bizim konfransda ən qədim neftçilərdən biri, bakılı, azərbaycanlı Nikolay Konstantinoviç Baybakov oturubdur. Bu yaxınlarda biz hamımız Nikolay Konstantinoviç Baybakovun 90 illik yubileyini qeyd etdik. Doxsan il yaşayasan, ən çətin bir sahədə böyük işlər görəsən, indi də, XXI əsrin əvvəlində yenə də bu sənətindən əl çəkməyərək, gəlib Bakıda neft-qaz sərgisinin iştirakçısı olasan - bu, asan məsələ deyildir.

Nikolay Konstantinoviç, mən Sizi salamlayıram, 90 illiyiniz münasibətilə mən Sizə təbrik teleqramı göndərmişdim. İndi bu fürsətdən istifadə edərək, yubileyiniz münasibətilə Sizi bir daha və bir daha təbrik etmək istəyirəm. Əminəm ki, biz Sizinlə birlikdə 100 illiyinizi də qeyd edəcəyik.

Nikolay Baybakov 40 il SSRİ kimi böyük dövlətin neft naziri olubdur. Sonra hökumətin sədrinin müavini olubdur. Çox işlər görübdür. Amma bizim üçün ən önəmlisi odur ki, o, bizimdir, bakılıdır, Azərbaycanın yetirməsidir. Azərbaycan Neft İnstitutunun məzunudur. Onun böyük və şərəfli həyatı məhz Azərbaycanda -Balaxanıda, Sabunçuda başlayıbdır. Ondan sonra isə dünya şöhrəti alıbdır. Bu kiçik bir ştrix, güman edirəm ki, bütün konfrans, sərgi iştirakçılarına Azərbaycanın keçmişdə neft hasilatı sahəsində nə qədər əhəmiyyətli rolu olduğunu bir daha nümayiş etdirir.

Təbiidir, mən demirəm ki, Azərbaycan həmişə dünyanın bütün ölkələrindən çox neft hasil edibdir. Yox. Ancaq neft hasilatının, neft geologiyasının başlanğıcı Azərbaycanda olduğuna görə Azərbaycan bu gün də böyük iftixar hissi keçirir. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra onun həyatının yeni səhifələri başlanmışdır. Mən bu məsələnin siyasi cəhətinə toxunmaq istəmirəm. Təbiidir ki, hər bir insan, - indi burada dünyanın böyük ölkələrinin, müxtəlif ölkələrin vətəndaşları toplaşıblar, - azad, müstəqil ölkədə yaşamaq istəyir. Azərbaycan xalqı da azad, müstəqil, demokratik ölkədə yaşamaq istəyirdi və 10 il bundan öncə Sovetlər İttifaqı dağılan zaman Azərbaycan öz dövlət müstəqilliyini əldə etdi. Bu, Azərbaycan xalqı üçün tarixi hadisədir və eyni zamanda Azərbaycanda neft və qaz hasilatı sahəsində yeni mərhələnin başlanğıcıdır. Biz bu mərhələni çətin bir zamanda başladıq. Çünki keçmişdə SSRİ-nin tərkibində bütün neft və qaz sənayesi bir mərkəzdən idarə olunduğu halda, indi biz özümüz müstəqil olaraq, başqa işlərlə bərabər, Azərbaycanın ən zəngin təbii sərvəti olan neft və qazın hasilatını təmin etməliyik.

Mən bu gün cəsarətlə deyə bilərəm ki, əvvəlki illər Azərbaycan həmişə keçmiş SSRİ tərkibində bu sahədə qabaqcıl yerlərdə olubdur. Bir faktı da qeyd etmək yerinə düşərdi. Azərbaycan dünyada ilk dəfə sənaye üsulu ilə neft hasil edən ölkə olmaqla yanaşı, həm də dünyada ilk dəfə dənizin dərinliklərindən, dənizin dibindən neft çıxaran, neft hasil edən ölkə olubdur. Bu işlər təxminən 20-ci illərdə başlayıbdır. Ancaq çox böyük inkişaf edə bilməyibdir. 1949-cu ildə Azərbaycan geoloqları, neftçiləri əfsanəvi Neft daşlarında neft buruqları qurub ilk dəfə suyun dərinliyindən, dənizin dibindən neft çıxarmağa başlayıblar.

Azərbaycan burada da dünyada birinci yeri tutur. Bunlar hamısı Azərbaycanda neft və qaz sahəsində böyük təcrübənin, böyük tarixin və böyük ənənələrin olduğunu göstərir. Ancaq təbii ki, sonralar dünyanın müxtəlif regionlarında böyük neft yataqları kəşf edilibdir. Onlardan Azərbaycana nisbətən çox-çox artıq neft və qaz hasil olunubdur. Yeni texnologiya yaranıbdır. O texnologiyadan istifadə edərək, təbiidir ki, neft və qaz hasilatının səmərəliliyi artırılıbdır.

Məsələn, Norveçin neft sənayesi və energetika nazirinin müavini, bu gözəl qadın dünən mənimlə danışanda da, bu gün də deyirdi ki, Norveç neft sənayesində gənc ölkədir, 30 ildir neft hasilatı ilə məşğul olur. Bu, həqiqətdir. Amma Allah onlara qismət edib, Şimal dənizində çox zəngin neft yataqları aşkar olunubdur və ən əsası da ondan ibarətdir ki, dünyada mövcud olan ən müasir texnikadan, texnologiyadan istifadə edərək, külli miqdarda neft və qaz hasil etməyə nail olublar. İndi Norveç kimi kiçik bir ölkə böyük bir neft ölkəsinə çevrilibdir.

Bunu dünyanın başqa regionlarında olan ayrı-ayrı ölkələr haqqında da demək olar. Bunları deyərək, mən onu qeyd etmək istəyirəm ki, indi dünyada çox zəngin neft yataqları olan bölgələr var. Dünyanın neftə, qaza həddindən çox ehtiyacı var. Artıq indi alimlər, mütəxəssislər belə fikirlər söyləyirlər ki, dünyada neftə və qaza olan tələbat artır. Ancaq neft və qaz hasilatı bu artımı ola bilər, istənilən səviyyədə təmin edə bilməsin. Bunların hamısı onu göstərir ki, dünyanın hər bir bölgəsində yeni neft və qaz yataqlarının kəşf edilməsi, onlardan səmərəli istifadə olunması, təkcə o bölgə üçün, yaxud ölkə üçün yox, dünya üçün lazımdır, bəşəriyyət üçün lazımdır.

Bəlkə də mənim bu fikrim səhv olsa, mütəxəssislər onu düzəldə bilərlər. Amma hesab edirəm ki, bütün yeraltı sərvətlərdən, təbii sərvətlərdən bəşəriyyət üçün, insan həyatı üçün bu gün də, gələcəkdə də neft və qaz kimi dəyərli və çox lazımlı ikinci bir sərvət yoxdur. Məsələn, dəmiri, yaxud da başqa metalları indi kimyəvi üsulla hazırlanmış materiallarla əvəz edirlər. Amma o materiallar da neft və qaz məhsullardan alınır. Əgər neft və qaz olmasa, o materialları almaq mümkün deyil. Atom enerjisi icad olunubdur. Amma onun nə qədər xeyri, nə qədər zərəri var, yəqin ki, bunu da bilmək çətin deyildir. Ona görə də dünyanın neftə və qaza olan tələbatı artır və beləliklə, həmin bölgədə yeni-yeni neft və qaz yataqlarının açılması, onlardan istifadə edilməsi bəşəriyyət üçün lazımdır, dünyanın gələcəyi üçün lazımdır.

Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra, təbiidir ki, biz əvvəlcə özümüz haqqında düşünürdük, öz ölkəmizin, öz xalqımızın iqtisadiyyatı haqqında düşünürdük. Xalqımızın rifah halı haqqında düşünürdük. Ona görə də bizim bu zəngin təbii sərvətlərimizdən əvvəlki illərə nisbətən daha da səmərəli istifadə etmək məqsədini qarşımıza qoyduq. Bunun da əsası var idi. Çünki Azərbaycanın sektorunda hələ işlənilməmiş neft yataqları var.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndə biz çox gözəl bilirdik ki, Xəzər dənizi dünyanın zəngin neft və qaz yataqlarına malik olan bir bölgədir. Bu da bir fərziyyə deyildir. Azərbaycanın alimləri, geoloqları, mühəndisləri, neftçiləri uzun illər neft hasilatı ilə yanaşı, eyni zamanda Xəzər dənizində yeni-yeni neft yataqlarının aşkar edilməsi ilə ardıcıl surətdə məşğul olublar. Onların çoxu bu gün bizimlə deyil, dünyalarını dəyişiblər. Nə xoşbəxtlikdir ki, Nikolay Konstantinoviç Baybakov kimi insanlar hələ bizimlədir. Amma onun dostları, silahdaşları, onunla bərabər Bakıda çalışmış və Xəzər dənizinin neft yataqlarını aşkar etmiş insanların bir hissəsi artıq yoxdur, dünyalarını dəyişiblər. Həmişə dediyim kimi, bu gün də deyirəm, biz onları böyük minnətdarlıq hissi ilə xatırlamalıyıq. Onlara minnətdar olmalıyıq ki, həm öz biliklərini, elmini, həm də öz əməyini sərf edərək, Xəzər dənizində böyük neft yataqlarının aşkar olunmasını təmin ediblər.

Biz dövlət müstəqilliyini əldə edəndə belə bir mənzərəni görürdük. Ancaq bu, mənzərədir. Mənzərə həmişə gözəl görsənir. Amma bu mənzərədən nə cür istifadə etmək, nə etmək - bu, daha da çətin məsələdir. Yəni çox çətin məsələdir. Ona görə də biz 1994-cü ildə Azərbaycanın, müstəqil Azərbaycan dövlətinin neft strategiyasını, konsepsiyasını işləyib hazırladıq. O da ondan ibarət oldu ki, Azərbaycan öz imkanları ilə çox zəngin neft və qaz yataqlarını işlətməyə və neft və qaz hasil etməyə qadir deyildir. Demək, burada dünya təcrübəsinə müraciət etmək, dünyanın daha da böyük imkanlara malik olan, böyük vəsaitə, müasir texnikaya, texnologiyaya malik olan ölkələri ilə, şirkətləri ilə əlaqə qurmaq lazım idi. Biz də bunu etdik.

Doğrudur, bu o vaxtlar birmənalı qəbul olunmurdu. Azərbaycanda da bəziləri hesab edirdilər ki, nə üçün biz öz neft yataqlarımızı xarici şirkətlərlə bərabər işlətməliyik, nə üçün onları buraya dəvət etməliyik. Təbiidir ki, bunlar dünyanın inkişafından geri qalmış adamlardır. Onlarla heç hesablaşmaq da lazım deyildi. Biz isə dünyada gedən prosesləri bilirdik və dünyada neft və qaz sahəsində əldə olunmuş böyük nailiyyətləri bilirdik. Ona görə də böyük neft şirkətlərinin Azərbaycana dəvət olunması, onların, birincisi, buraya sərmayə qoyması, investisiya gətirməsi, ikincisi isə, onların imkanlarından istifadə edilməsi, onların malik olduğu texnikadan, texnologiyadan istifadə olunması zəruri idi. Bizim neft strategiyamızın əsasını təşkil edən ana xətt bundan ibarət olmuşdur. Artıq indi, səkkiz ildən sonra, - elə səkkiz il bundan öncə də inandığım kimi, - təsdiq olunur ki, Azərbaycanın neft strategiyası düzgün müəyyən edilib, düzgün təyin olunub və o, artıq öz nəticələrini verir.

Bu yolda ilk addım 1994-cü ilin sentyabr ayında Azərbaycanda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin dünyanın bir çox şirkətləri ilə birlikdə işlənilməsi üçün müqavilə imzalanması idi. Biz bunu etdik. Bugünkü kimi yadımdadır.

1994-cü ilin 20 sentyabrı Azərbaycan tarixində ən parlaq səhifələrdən biridir. O, bizim nəzəri olaraq hazırlanmış neft strategiyamızın əməli surətdə həyata keçirilməsinin əsasını, başlanğıcını qoydu. Biz səhv etmədik. Biz düz yolda olduq və o vaxtdan da düz yol ilə gedirik.

Ancaq məlumdur, bunlar heç də asan gəlmirdi. O vaxt bizə maneçilik göstərənlər çox idi. Bir neçə dövlətlər, bir neçə ölkələr buna çox etiraz edirdilər. Bəhanə gətirirdilər ki, hələ Xəzər dənizinin sektorları, yaxud da ki, istifadə olunması prinsipləri müəyyən olunmayıbdır. Təxribatlar aparırdılar. O təxribatlar məlumdur. Bunlar Azərbaycanda terror hadisəsinə gətirib çıxardı. Azərbaycanda silahlı çevriliş cəhdlərinə gətirib çıxardı. Bizi başqa dəhşətli hadisələrlə rastlaşdırdı və təzyiqlər hər il davam edirdi. Hələ bu gün də bu təzyiqlər var. Ancaq müstəqil Azərbaycanın dövləti tutduğu yoldan nəinki geri çəkilmədi, heç şübhə də etmədi. Bu yol ilə ardıcıl surətdə getdi və gedir.

Biz xarici şirkətlərlə birlikdə - indi ona Beynəlxalq Əməliyyat Şirkəti adı verilibdir - 1997-ci ildə "Çıraq" neft yatağından ilk neft aldıq. Biz bu nefti alarkən, artıq Şimal istiqamətində neftin ixracı üçün boru xətti yaratmışdıq. Sonra 1999-cu ilə qədər biz Qərb istiqamətində Gürcüstanın Qara dənizdəki limanına yeni bir ixrac kəməri, Bakı-Supsa kəməri hazırladıq. Bu işlərin hamısı birlikdə gedirdi. Biz bilirdik ki, əgər nefti çıxarıb onu ixrac edə bilməyəcəyiksə, bu neftin əhəmiyyəti olmayacaqdır. Bunların hamısını biz həyata keçirdik.

İndiyədək "Çıraq" neft yatağından 14 milyon ton neft hasil olunub və ixrac edilibdir. Həmin konsorsiuma daxil olan şirkətlər artıq indi bu müqavilədən mənfəət götürürlər, o cümlədən Azərbaycan da - Dövlət Neft Şirkəti də, Azərbaycan dövləti də mənfəət götürür.

Bizim bu addımımız Xəzər dənizinə nəzər-diqqəti cəlb etdi. Bu addımımız və əldə olan nəticələr dünyanın bir çox neft şirkətlərini Azərbaycanda real imkanlar olmasına inandırdı və Azərbaycana ardıcıl surətdə təkliflər gəldi. Biz ötən dövrdə 21 müqavilə imzalamışıq. 14 ölkədən 30 neft şirkəti ilə bizim müqavilələrimiz vardır. Ümumi sərmayə əvvəldən nəzərdə tutulub, təxminən 60 milyard dollara qədər olacaqdır.

Biz bu yaxın günlərdə "Bi-Pi"-nin rəhbərlik etdiyi həm Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin, həm də "Şahdəniz" yatağında aparılan işlərin rəhbərlərinin məruzəsini dinlədik, gördükləri işlərin təqdimatını etdilər.

Onlar bəyan etdilər ki, dünyanın ən böyük şirkətlərindən olan "Bi-Pi" şirkəti buraya 8 milyard dollar sərmayə qoymağı qərara almışdır və əlavə etdilər ki, "Bi-Pi" heç vaxt hansısa bir yerdə bu qədər məbləğdə sərmayə qoymayıbdır. Bunlar görülən işlərdir və bizim gələcək işlərimizin nə qədər uğurlu olduğunu göstərir.

Bizim ikinci müqavilə "Şahdəniz" yatağına aiddir. Orada gözlədiyimizdən xeyli artıq qaz kəşf olunubdur. Mənim yaxşı xatirimdədir, 1996-cı ildə iyunun 4-5-i idi. Biz bu sərgini keçirəndə, ikinci gün "Şahdəniz" neft və qaz yatağı haqqında müqavilə imzaladıq. O vaxt buna maneçilik etmək istəyənlər çox idi. Bizim içərimizdə Azərbaycanın iqtisadiyyatının əleyhinə olan adamlar buna maneçiliklər edirdilər. Ancaq bizim neftçilərimiz, geoloqlarımız və bizimlə bərabər artıq o sahədə müəyyən iş aparmış "Bi-Pi"-nin və başqa şirkətlərin mütəxəssisləri müəyyən etdilər ki, orada işə başlamaq olar.

Güman edirəm, bunu deməyə lüzum yoxdur ki, təcrübəli neft şirkətləri yaxşı bilirlər, haraya vəsait qoymaq olar. Əgər onlar bir balaca şübhələnirlərsə ki, vəsait qoymaq olmaz, onu heç vaxt qoymazlar. Onlar da, biz də eyni fikirdə olduq. Ancaq o vaxt nə biz, nə onlar, yəni "Bi-Pi" və başqa şirkətlər təsəvvür edə bilməzdilər ki, orada nəzərdə tutduğumuzdan çox qaz var.

Yadımdadır, bizim çox təcrübəli geoloqumuz Xoşbəxt Yusifzadədən, - indi o, buralardadır, - bir neçə dəfə soruşanda ki, de görüm, "Şahdəniz"də nə qədər qaz var? O mənə dedi ki, 400 milyard kubmetrə qədər qaz var. Dedim, bəlkə çoxdur? Dedi, yox, çox ola bilməz, amma o qədər ola bilər. Amma indi aparılan işlər, qazılan buruqlar onu göstərdi ki, orada bir trilyon kubmetrdən də çox qaz var. Hələ bu da son rəqəm deyildir. Çünki, bu işi aparan şirkətlər, adətən, həmişə ehtiyatla danışırlar. Həmişə çalışırlar ki, proqnozdan bir az aşağı rəqəm elan etsinlər, yəni sonra onları günahlandırmasınlar ki, niyə çox demişdiniz, indi az verirsiniz. Bizim üçün fərqi yoxdur. Allah eləsin ki, bir trilyon olsun. Amma bir trilyona şübhə yoxdur. Hesab edirəm ki, bir trilyondan da çox olacaqdır.

Başqa yataqlarda da. Məsələn, indi "Şevron" şirkəti "Abşeron" yatağında böyük işlər görür. "Şevron"un rəhbərləri mənə deyiblər ki, biz sizə "Şahdəniz"dən də çox nəticələr təqdim edəcəyik. Mən də deyirəm ki, sizin bu raportunuzu gözləyirəm.

Beləliklə, qısa bir zamanda Xəzər dənizinin Azərbaycan sektorunda nə qədər böyük imkanlar olduğu müəyyən edilibdir. Hesab edirəm ki, Azərbaycanın, habelə səkkizinci dəfə keçirilən Xəzərneftqaz sərgisinin əsas xidmətlərindən biri ondan ibarətdir ki, biz Xəzər dənizinin nəinki Azərbaycan sektorunda, bütün başqa Xəzəryanı ölkələrə məxsus olan sektorlarında da nə qədər çox neft və qaz yataqlarının olduğunu nümayiş etdirdik.

Açıq danışmaq lazımdır, əvvəl bunu çoxları bilmirdi. Ancaq Azərbaycanda görülən işlər, əldə olunan nəticələr onları ruhlandırdı, onlar bu işə girişdilər. Xarici şirkətlər gəldilər, həmin ölkələrlə iş apardılar. Məsələn, indi Xəzərin Qazaxıstan sektorunda "Kaşaqan" yatağı kimi böyük bir yataq açılıbdır. Mən buna çox sevinirəm. Demək, bizim Xəzər dənizinin böyük neft və qaz ehtiyatlarına malik olması haqqında vaxtilə alimlərimizin söylədikləri fikirlər və ondan sonra Azərbaycan dövlətinin fikirləri və həyata keçirdikləri tədbirlər Xəzər dənizini dünyanın böyük neft regionlarından biri kimi tanıdıbdır.

Doğrudur, indi də bəzi ölkələrdə müxtəlif qüvvələr Azərbaycana, yaxud da ümumiyyətlə, başqa Xəzəryanı ölkələrə zərər gətirmək üçün cürbəcür məqalələr yazırlar ki, nə bilim, əvvəlki proqnozlar özünü doğrultmadı, yaxud da gözlənilənlər alınmadı, filan olmadı. Qoy onlar çığırsınlar, bağırsınlar, bizim üçün fərqi yoxdur. Biz özümüz bilirik ki, nə var, nə yoxdur, nə alındı, nə alınmadı. Təbiidir ki, ola bilər, hər şey alınmasın. Məsələn, ola bilər, bir yerdə quyu qazasan, oradan neft çıxmasın. Amma ondan bir az o tərəfdə qazasan, oradan çıxsın. əsas odur ki, o regionlar, yəni o hissələr düzgün müəyyən olunsun. Bir tərəfdən çıxmayıbsa, o biri tərəfdən çıxacaqdır. Bunları isə Azərbaycan neftçiləri, Azərbaycan alimləri çox düzgün müəyyən ediblər.

Beləliklə, əvvəl dediyim kimi, bu səkkizinci sərgi heç də təsadüfi deyildir. Çünki birincisi, artıq Xəzər hövzəsi özünü böyük neft və qaz ehtiyatlarına malik olan bir bölgə kimi dünyada tanıdıbdır. İkincisi, bu işin başlanğıcını Azərbaycan qoyubdur və təsadüfi deyil ki, bu sərgi də Azərbaycanda başlayıbdır, səkkizinci dəfədir keçirilir və bundan sonra da keçiriləcəkdir.

Məsələnin ikinci tərəfi, hasil olan neftin və qazın ixrac olunmasıdır. Mən sizə bildirdim ki, ilkin neftin ixrac olunması üçün biz vaxtında imkanlar yaratdıq: Bakı-Supsa neft kəməri və Bakı-Novorossiysk neft kəməri. Ancaq bunlar ilkin neft üçündür. Böyük nefti bu kəmərlər buraxa bilməzlər. Ona görə biz hələ 1994-cü ildə müqaviləni imzalayanda Bakı-Ceyhan, - indi isə biz ona Bakı-Tbilisi-Ceyhan adı vermişik, - neft kəmərinin tikilməsinin zəruri olduğunu həmin o müqavilədə yazmışıq.

O vaxtdan indiyə qədər biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yaranması üçün həddən ziyadə çox iş görmüşük. Əgər bir tərəfdən, Azərbaycanın neft strategiyasının həyata keçirilməsinə maneçilik törətmək istəyən qüvvələr var idisə, ondan da çox Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsinə maneçilik törədənlər var idi. Çünki əgər Azərbaycanda neft varsa, onu çıxardırıq. Buna maneçilik törədənlər var idi. Amma bu maneçilik nəticə verə bilməzdi. Biz bu nefti, qazı çıxardıq. Ancaq çıxarılan neftin, qazın qiyməti təkcə bunda deyil ki, sən onu çıxartdın, gərək onu ixrac etməyə sənin imkanın olsun. Çünki bəzi mane olanlar istəmirdilər ki, məsələn, bu marşrutla ixrac edilsin, istəyirdilər ki, başqa marşrutla ixrac olunsun. Amma bizim əvvəldən qərarımız belə idi ki, ixrac kəməri Bakı-Tbilisi-Ceyhan olacaq. Biz bu qərarı qəbul etmişik. Bu qərarı Türkiyə qəbul etmişdi. Bu qərarı Gürcüstan qəbul etmişdi. Məmnuniyyət hissi ilə demək istəyirəm ki, Azərbaycanda işləyən böyük neft şirkətləri və onların mənsub olduğu ölkələr - Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, başqa ölkələr, - Avropa ölkələri məhz bu marşrutun həyata keçirilməsini dəstəkləmişlər. Əgər onların dəstəyi olmasaydı, mən sizə deyim ki, bu layihəni həyata keçirmək bizim üçün çətin olardı. Düzdür, keçirəcəkdik, amma çətin olardı.

Bakı-Tbilisi-Ceyhan böyük imtahanlardan keçdi. Nəhayət, 1999-cu ildə biz İstanbulda onun son sənədini imzaladıq. Ondan sonra böyük mühəndis-maliyyə işləri aparıldı. İndi artıq əməli işə başlanıbdır və verilən proqnozlara görə, yaranmış plana görə, - mən buna inanıram, - Azərbaycan nefti, Xəzər nefti, bizim hamımızın birlikdə hasil etdiyimiz neft 2004-cü ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Gürcüstandan, Türkiyədən keçərək, Aralıq dənizində Ceyhan limanına gedib çatacaqdır.

Hesab edirəm ki, burada artıq heç bir problem olmamalıdır. Çünki həm Türkiyə, həm də Gürcüstan belə bir qəti mövqedədirlər ki, Bakı-Tbilisi-Ceyhan layihəsi vaxtında reallaşdırılmalıdır.

Görürsünüz, həyat yeni-yeni hadisələr gətirir. Biz "Şahdəniz" yatağında işləməyə başlayarkən bilirdik ki, orada daha çox qaz var, nəinki neft. Ancaq bu qədər olduğunu bilmirdik. İndi artıq bizim qarşımızda məsələ durur - qazın ixrac olunması. İndi o da bizə məlumdur. Türkiyənin qaza çox böyük ehtiyacı var, Avropanın qaza çox böyük ehtiyacı var. Gürcüstanın qaza ehtiyacı var. Ona görə də biz qərar qəbul etmişik ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinə paralel olaraq, Bakıdan Türkiyənin sərhədinə qədər qaz kəməri çəkilməlidir. Biz də bu işə başlamışıq. Burada hörmətli nazir qeyd etdi, mən mart ayında Türkiyədə, Ankarada rəsmi səfərdə olarkən, Azərbaycanın "Şahdəniz" yatağından çıxarılacaq qazın ilkin mərhələdə 6 milyard kubmetrinin Türkiyəyə satılması, ixrac olunması haqqında Azərbaycan dövləti ilə Türkiyə dövləti arasında saziş imzalamışıq. İndi bu saziş gərək Gürcüstanla da imzalansın. Güman edirəm ki, bu, yaxın vaxtlarda olacaqdır. Çünki işə başlamaq lazımdır. Biz söz vermişik ki, 2002-ci ildə "Şahdəniz" yatağından Türkiyəyə qaz çatdırılacaqdır. Bunun üçün vaxt itirmək olmaz. Sazişlərin imzalanması, başqa məsələlərin həll olunması təmin edilməlidir ki, tezliklə inşaat işlərinə başlansın.

Bunlar bizim əldə etdiyimiz ilkin nailiyyətlərdir. Ancaq görün, bizdə nə qədər böyük ümidlər yaradır. Görün, bunlar nə qədər perspektivlər açır. Təkcə Azərbaycan üçün yox, bütün Xəzəryanı ölkələr üçün və təkcə onlar üçün yox, bütün dünya üçün.

Burada biz Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Buşun təbrik məktubunu böyük məmnuniyyətlə dinlədik.

Böyük Britaniyanın Baş naziri cənab Toni Bleyerin təbrik məktubunu dinlədik. Onlar bu işə nə qədər böyük maraq göstərir, nə qədər böyük əhəmiyyət verir və nə qədər dəstək verirlər. Bu, artıq göz qabağındadır. Mən indiyə qədər bizə verilən dəstəyi, - təkcə onlar tərəfindən yox, burada Fransanın da nazir müavini çıxış etdi, - bizimlə işləyən bütün ölkələrin bu işə münasibətini yaxşı bilirəm, çox yaxşı bilirəm.

"Şahdəniz" yatağında İranın da payı var, xeyir götürəcəkdir. İranın səfiri burada oturubdur. Ona görə də çalışmalıdır ki, tezliklə bu qaz kəməri tikilsin, siz oradan xeyrinizi götürəsiniz. İranın başqa müqavilələrdə də payı var.

Bir də deyirəm, burada təkcə Azərbaycanın maddi imkanları yox, həm bütün bölgənin strateji maraqları həll olunur, bölgədə təhlükəsizliyin təmin olunması üçün böyük təminat yaranır, həm də dünyanın bir çox ölkələrinin, Qərb ölkələrinin həm neftə, həm də qaza ilbəil artan tələbatının təmin olunmasının əsası qoyulubdur.

İndi bizdə olan proqramın XXI əsrin əvvəlində, 2001-ci ildən başlayaraq, təxminən 10-15-20 ilə həyata keçirilməsi, təbiidir ki, çox böyük yeniliklər yaradacaqdır. Bütün bunlar müqavilələrdə və bu işlərdə iştirak edən ölkələr üçün, xalqlar üçündür. Ona görə də biz Azərbaycanın dövlət neft strategiyasının nə qədər düzgün-doğru olduğunu bu gün bir daha nümayiş etdiririk.

Bildiririk ki, bundan sonra da ardıcıl olaraq, təbiidir ki, hər mərhələnin özünəməxsus tələbləri var, o tələblərə uyğun olaraq öz işimizi aparacağıq. Bizimlə əməkdaşlıq edən şirkətlərlə, ölkələrlə əlaqələrimiz daha da sıxlaşacaq, daha da genişlənəcək, daha da yaxınlaşacaqdır. Təbiidir ki, hər bir ölkə kommersiya maraqlarını üstün tutur. Biz də belə fikirləşirik. Ancaq bu, təkcə kommersiya maraqları deyildir.

Əgər ölkələr arasında kommersiya əlaqələri böyük yer tutursa, onda bu ölkələr arasında siyasi əlaqələr də və başqa, humanitar əlaqələr də ona uyğun olmalıdır. Bunlar bir-biri ilə ziddiyyətdə ola bilməz, heç vaxt ola bilməz! Biz belə fikirdəyik və güman edirəm ki, bu gün burada qonaqlar tərəfindən deyilən sözlər və elan olunmuş təbriklər də məhz bunları əyani surətdə sübut edir.

Sərgi hər il daha da genişlənir. Birinci sərgidə 12 ölkədən, gərək ki, 150 şirkət iştirak edirdi. İndi 25 ölkədən 340-a qədər şirkət iştirak edir. Görürsünüz, nə qədərdir. Mən buraya gələndə, bu sərgini təşkil edən hörmətli xanım dedi ki, sərgidə təmsil olunan şirkətlərin üçdə biri ilk dəfə iştirak edir. Azərbaycanda təkcə neft şirkətləri işləmir. Nə qədər çox başqa şirkətlər işləyir. Məsələn, Norveçi yada salmaq istəyirəm. Norveçin bir şirkəti var - "Statoyl". O burada çox iş görür. Amma onunla bərabər Norveçin bir neçə başqa şirkətləri burada çox əhəmiyyətli işlər görürlər - "Kverner" şirkəti, digər şirkətlər. Onların adlarını hörmətli xanım burada çəkdi. Eləcə də burada nə qədər çox Amerika şirkətləri işləyirlər. Nə qədər çox Böyük Britaniya şirkətləri işləyirlər. Onlar birbaşa neft şirkətləri deyillər. Amma neft hasil etmək üçün nə qədər texniki işlər, nə qədər başqa işlər görmək lazımdır. Onların hər birini görən ixtisaslaşmış şirkətlər var.

Beləliklə, indi burada, Azərbaycanda dünyanın çox ölkələrindən tarixdə olmadığı qədər şirkətlər işləyir, bu ölkələrin vətəndaşları bizimlə bərabərdirlər. Bu da bizim həm iqtisadi, həm humanitar, həm də siyasi əlaqələrimizi genişləndirir və möhkəmləndirir. Bizi bir-birimizlə yaxınlaşdırır, təcrübə mübadiləsini təmin edir və insanlar bir-biri ilə daha da yaxınlaşırlar. Çünki XXI əsr insanların daha da sülh, əmin-amanlıq şəraitində yaşaması əsri olmalıdır. XXI əsrdə insanlar bir-biri ilə daha da səmimi əlaqələr qurmalıdırlar. XXI əsrdə insanlar heç bir millətə, heç bir başqa dinə mənsub olan ölkələrə ayrı-seçkilik qoymamalıdırlar. Çünki bu, sivilizasiyanın tələbidir. Bunu təmin etmək üçün də hər bir ölkə, hər bir təşkilat, hər bir vətəndaş öz xidmətini göstərməlidir.

Mən bu sərgini təşkil edənlərə təşəkkür edirəm. Sərgidə iştirak edən şirkətləri təbrik edirəm ki, onlar bu sərgidə öz işlərini nümayiş etdirmək hüququ qazanıblar. Sərginin və sərgidən sonra aparılacaq konfransın işinə yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 6 iyun 2001-ci il

Oçerklər

NEFT STRATEGİYASI

Ümumi tarixi arayış

NEFT STRATEGİYASI

Tarixi arayış

NEFT STRATEGİYASI