"Xəzərneftqaz -97" 4-cü Beynəlxalq sərgisinin və konfransının açılışı mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin giriş və yekun nitqi - Bakı idman-konsert kompleksi, 3 iyun 1997-ci il


Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Mən "Xəzərneftqaz-97" dördüncü beynəlxalq sərgisinin və konfransının açılışı münasibətilə sizi təbrik edirəm. Sərgiyə və konfransa işlərində uğurlar arzulayıram.

"Xəzərneftqaz-97" dördüncü beynəlxalq sərgisinin Azərbaycanda işə başlaması neft və qaz sənayesi sahəsində respublikamızda sərgilər keçirilməsinin ənənəvi xarakter daşıdığını bir daha nümayiş etdirir.

Dördüncü dəfədir ki, biz burada, Azərbaycanın paytaxtı Bakıda "Xəzərneftqaz-97" sərgisinə toplaşmışıq. Bu dəfə keçirilən sərgi ötən illərdə keçirilən sərgilərdən öz miqyasına və iştirakçılarının sayına görə daha da genişdir, əhatəlidir.

1994-cü ilin iyun ayında Azərbaycanda ilk dəfə "Xəzərneftqaz-97" sərgisi keçirilməyə başlayıbdır. Bundan sonra həmin sərgi hər il ilin bu mövsümündə, ayında keçirilir və o, artıq ənənəvi bir xarakter alıbdır. Çox sevindirici haldır ki, bu sərgiyə, toplantıya maraq ilbəil artır. Əgər 1994-cü ildə Bakıda keçirilən ilk "Xəzərneftqaz-97" sərgisində 11 ölkəni təmsil edən 117 şirkət iştirak edirdisə, artıq dördüncü beynəlxalq sərgidə 25 ölkəni təmsil edən 250 şirkət iştirak edir.

Şübhəsiz ki, təbiidir ki, "Xəzərneftqaz-97" sərgisi təntənəli bir mərasim deyil. Bu, işgüzar bir tədbirdir, görüşdür. Əgər Azərbaycanın paytaxtı Bakıda keçirilən bu sərgiyə dünya ölkələri və şirkətləri, xüsusən neft və qaz sənayesi ilə məşğul olan şirkətlər tərəfindən maraq bu qısa müddətdə bu qədər sürətlə artıbsa, demək, bunun çox böyük əhəmiyyəti vardır.

Biz, Azərbaycan hökuməti ev sahibi kimi dördüncü dəfə "Xəzərneftqaz-97" beynəlxalq sərgisinin Azərbaycanda, Bakıda keçirilməsindən çox məmnunuq və bunu ölkəmizin neft-qaz sənayesinə və Azərbaycan neft sənayesinin tarixinə, ənənələrinə göstərilən böyük diqqət və marağın təzahürü hesab edirik. Bu, eyni zamanda onu göstərir ki, qədim neft diyarı kimi Azərbaycanın neft və qaz sənayesi sahəsi bu gün də özünün dünya miqyasındakı böyük rolunu saxlayıbdır və Azərbaycan neft və qaz sənayesinin həm tarixinə, ənənələrinə, həm də bugünkü imkanlarına dünyada böyük maraq vardır.

Məlumdur ki, dünyada ilk dəfə sənaye üsulu ilə neft hasilatı, ilk neft fontanı 1848-ci ildə məhz Bakıda baş vermişdir. Məlumdur ki, suda, dənizdə, dənizin dərinliyindən neft hasilatı da dünyada ilk dəfə 1949-cu ildə Azərbaycanda, Xəzərin Azərbaycan sektorunda baş vermişdir. Bunlar dünyanın neft və qaz sənayesi tarixində çox parlaq səhifələrdir. Biz bunlarla fəxr edirik və eyni zamanda həddindən artıq məmnunuq ki, bizim bu tarixi nailiyyətlərimiz bu gün, XX əsrin sonunda da dünyanın neft-qaz sənayesi sahəsində Azərbaycanı mötəbər mərkəzlərdən biri kimi tanıdıbdır.

Bu təbiidir və biz hesab edirik ki, Azərbaycan neft-qaz sənayesi keçmişdə olduğu kimi, indi də dünyada özünəməxsus yer tutubdur. Son zamanlar dünyada keçirilən beynəlxalq neft-qaz sərgiləri, konfransları içərisində - Hyuston, Abergin, Stavanker şəhərləri ilə bərabər. Artıq dördüncü ildir ki, Bakıda. Azərbaycanda beynəlxalq neft-qaz sərgisi və konfransı keçirilir.

"Xəzərneftqaz" sərgisinin Azərbaycanda dördüncü dəfə keçirilməsi bu tədbirin artıq ənənəvi xarakter daşıdığını sübut edir. Mən tam əminəm ki, bu ənənə davam edəcəkdir və gələcək illərdə də bu sərginin, konfransın miqyası genişlənəcəkdir, gələcək sərgilər də dünyada neft-qaz sənayesinin sürətlə inkişaf etməsinə xidmət edəcəkdir.

Hörmətli qonaqlar, sərginin və konfransın iştirakçıları, bu sərgidə iştirakınıza, Azərbaycana gəldiyinizə və burada birgə işə başladığınıza görə mən sizi təbrik edirəm. Mən həm bu sərginin, konfransın keçiriləcəyi günlər zamanı, həm də gələcəkdə sizə öz işlərinizdə böyük uğurlar arzulayıram. Ümidvar olduğumu bildirmək istəyirəm ki, "Xəzərneftqaz-97" sərgisi dünyada neft və qaz sənayesinin inkişafı üçün yeni yollar açacaqdır, buraya toplaşmış, burada iştirak edən 250 şirkət arasında bu günlər yaxşı işgüzar əlaqələr yaranacaqdır və yeni müqavilələrin, layihələrin əsası qoyulacaqdır. Beləliklə də, şirkətlər, neft və qaz sənayesi ilə məşğul olan ölkələr arasında işgüzar əlaqələr yaranıb inkişaf edəcəkdir.

"Xəzərneftqaz" sərgisi və konfransı Xəzər dənizi hövzəsində olan ölkələrin və burada fəaliyyət göstərən neft və qaz şirkətlərinin işini bir araya gətirmək üçün də çox önəmli bir vasitədir. Xəzər dənizi hövzəsindəki neft-qaz yataqları son illər dünyanın bir çox ölkələri və bir çox neft-qaz şirkətləri tərəfindən böyük maraq hissi doğurur. Bunlar tamamilə əsaslıdır, çünki artıq yaxşı məlumdur ki, Xəzər dənizi hövzəsində zəngin neft-qaz yataqları vardır və gələcəkdə, xüsusən XXI əsrdə bu yataqlardan istifadə olunması, neftin, qazın hasil edilməsi və dünya cəmiyyətinə təqdim edilməsi əsas vəzifələrdən biridir.

Azərbaycanın, ölkəmizin neftçilərinin, alimlərinin bu sahədə böyük nailiyyətləri, ənənələri vardır. Məlumdur ki, hələ bu əsrin 40-50-ci illərindən başlayaraq Azərbaycanın neftçiləri, geoloqları, alimləri Xəzər dənizində neft-qaz yataqlarını kəşf etmək üçün çox işlər görüblər və böyük nailiyyətlər əldə ediblər.

Mən bu gün iftixar hissi ilə demək istəyirəm ki, Xəzər dənizindəki mövcud, indi məlum olan neft-qaz yataqlarının tam əksəriyyəti Azərbaycan neftçiləri, geoloqları, alimləri tərəfindən kəşf olunubdur. Azərbaycan neftçiləri tərəfindən son on illərdə Xəzər dənizində bir çox seysmik, geofiziki və başqa axtarışlar, işlər aparılıbdır. Bunların nəticəsində də artıq Xəzər dənizinin, demək olar ki, bütün sahəsində neft və qaz yataqlarının konturları və bir çoxunun dəqiq yerləri məlum olubdur. Məhz bunların nəticəsində Xəzər dənizinin demək olar ki, çox hissəsində, o cümlədən Azərbaycan sektorunda da, Türkmənistan sektorunda da, Qazaxıstan sektorunda da, Rusiya sektorunda da, İran sektorunda da bir çox perspektivli, çox böyük ehtiyatlara malik olan neft və qaz yataqları, strukturları müəyyən olunubdur, aşkar edilibdir.

Məhz bunlara görə də Xəzər dənizi hövzəsi indi dünyanın zəngin neft və qaz yataqları olan bir bölgə kimi tanınıbdır. Məhz buna görə də Xəzər dənizinə neft və qaz istehsal edən şirkətlərin, ölkələrin marağı artıbdır. Mən bu gün tam qətiyyətlə demək istəyirəm ki, XXI əsrdə Xəzər dənizi neft-qaz sahəsində dünyanın ən zəngin mərkəzlərindən biri olacaqdır.

Biz Azərbaycanda bu neft-qaz yataqlarının bir qismindən keçmişdə istifadə etmişdik, bir çox perspektivli strukturlardan isə istifadə etmək üçün dünyanın böyük neft şirkətləri ilə müştərək işə başlamışıq.

Artıq sizə məlumdur ki, 1994-cü ilin sentyabr ayında Xəzərin Azərbaycan sektorunda olan "Azəri", "Ciraq" yataqlarından və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsindən müştərək istifadə edilməsi və neft hasilatının təmin olunması üçün ilk müqavilə imzalanmışdır. Bu müqavilənin iştirakçıları beynəlxalq konsorsium təşkil etmişlər və həmin konsorsium Azərbaycan Dövlət Neft Şirkəti ilə 30 il müddəti olan bir müqavilə imzalanmışdır. "Əsrin müqaviləsi" adlandırılmış bu müqavilə ilə Xəzər dənizində suyun dərin hissələrində olan neft-qaz yataqlarından əməli surətdə istifadə edilməsi işinə geniş miqyasda başlanmışdır.

Bu müqavilənin imzalanması dünyada böyük maraq doğurmuş, bir çox müsbət və bəzən də qısqanc, yaxud da mənfi əhval-ruhiyyə ilə əlaqədar olan fikirlər meydana çıxarmışdır. Ancaq mən bu gün, bu müqavilənin imzalanmasından artıq iki ildən çox vaxt keçdiyi bir zaman məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, konsorsium əməli surətdə fəaliyyət göstərir, konsorsiumun nəzərdə tutduğu proqram ardıcıl şəkildə həyata keçirilir və bu müqavilənin həqiqətən, nəzəri, layihə nöqteyi-nəzərindən yox, məhz əməli nöqteyi-nəzərdən əhəmiyyətli olduğu artıq heç kəsdə şübhə doğurmur.

Birinci müqavilə imzalanandan sonra Xəzərin Azərbaycan sektorundakı neft-qaz yataqlarına maraq artmış və aparılan işlər nəticəsində ondan sonra bir neçə müqavilə də imzalanmışdır. Bu gün mən sizə bildirmək istəyirəm ki, artıq beynəlxalq konsorsium təşkil edən dünyanın bir çox böyük neft şirkətləri ilə bu ilin yanvar ayında beşinci müqavilə imzalanmışdır və bu müqavilələrin hər birinin özünəməxsus əhəmiyyəti, çəkisi və hər birinin böyük gələcəyi vardır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dünyanın böyük neft şirkətləri ilə imzaladığı bu müqavilələr 11 ölkəni təmsil edən 16 şirkətlə imzalanıbdır. Beləliklə, bizim əməkdaşlığımızın dairəsi görürsünüz, nə qədər genişlənibdir.

Güman edirəm ki, bu qısa müddətdə, yəni 1994-cü ilin sentyabr ayından indiyə qədər görülən işlər və əldə edilən nailiyyətlər Xəzər dənizində olan neft-qaz yataqlarının işlənməsinin həqiqətən nə qədər əhəmiyyətli olduğunu sübut edir və bu işlərin nə qədər böyük gələcəyə malik olduğunu nümayiş etdirir.

Bizim gördüyümüz işlərin təsiri altında və şübhəsiz ki, bu təcrübədən istifadə edərək Xəzər dənizinin digər sektorlarında və Xəzəryanı ölkələrlə dünyanın neft şirkətləri arasında müştərək iş görmək üçün hazırlıq işləri aparılır. Bildiyimizə görə bəzi müqavilələr hazırlanıb, yaxud da imzalanıbdır. Azərbaycan, şəxsən biz bunu çox məmnuniyyətlə qəbul edirik və hesab edirik ki, Xəzəryanı ölkələrin hər biri Xəzərin onlara məxsus olan sektorlarında iş görməyə hüquqludur və bu işləri görməlidir. Əgər onlar bu gün bu işləri hələ sürətlə görmürlərsə, mən tam əminəm ki, gələcək illərdə bu işlərə qoşulacaqlar.

Beləliklə, Xəzər dənizi hövzəsi dünyanın bir çox ölkələrinin və şirkətlərinin əməkdaşlıq etmək meydanına çevrilir. Bu da ümumiyyətlə, dünyada gedən inteqrasiya proseslərinə kömək edir, ölkələrin, xalqların sülh və əmin-amanlıq şəraitində bir-biri ilə əməkdaşlıq etməsi üçün çox gözəl nümunədir.

Xəzər dənizində neft-qaz hasilatı ilə əlaqədar görülən işlərdə şübhəsiz ki, Xəzər dənizinin ekologiyası hər şeydən üstün tutulmalıdır. Xəzər dənizinin təbii sərvətlərinin qorunması, saxlanması, Xəzərin təmizliyinin qorunması və dənizdə olan bioloji ehtiyatların qorunub saxlanması və hətta onların inkişaf etdirilməsi üçün lazımi tədbirlərin görülməsi də Xəzəryanı ölkələrin və bu işə cəlb olunan bütün şirkətlərin ən ümdə borcu, vəzifəsi olmalıdır.

Mən çıxışımın çox hissəsini Xəzər dənizi hövzəsinə həsr edirəm. Ancaq bugünkü "Xəzərneftqaz" sərgisi və burada keçiriləcək konfrans təkcə dənizdə yox, eyni zamanda neft sənayesində olan nailiyyətləri nümayiş etdirmək, üçün yeni əlaqələr yaratmaq məqsədi daşıyır. Azərbaycanın ərazisində, quruda olan neft və qaz yataqlarının da hələ böyük imkanları vardır. Biz bir çox şirkətlərlə bu sahədə əməkdaşlıq edirik və bundan sonra da əməkdaşlıq edəcəyik. Hesab edirəm ki, bu sahə də bizim diqqət mərkəzimizdə olmalıdır. Mən dünyanın neft şirkətlərinin diqqətini Azərbaycanın bu imkanlarına da cəlb etmək istəyirəm.

Şübhə etmirəm ki, bu sərgidə nümayiş etdirilən eksponatlar 250 şirkətin müasir texnologiyaya malik olan nümunələrini sərgi iştirakçılarına göstərəcək, burada çox geniş fikir mübadiləsi aparılacaq, yeni əlaqələr qurulacaqdır. Dördüncü beynəlxalq "Xəzərneftqaz" sərgisi və konfransı neft-qaz sahəsində dünyada gedən proseslərə öz xidmətini göstərəcəkdir.

Sərgini və konfransı böyük həvəslə və maraqla təşkil edən Birləşmiş Krallığın "Spirhed Eksibişna LTD" Şirkətinin və Azərbaycan Ticarət-Sənaye Palatasının xidmətlərini xüsusi qeyd edirəm və onlara bu sahədə gələcək işlərində də uğurlar arzulayıram.

Sərgi iştirakçılarını bir daha salamlayıram. Sərgiyə gəlmiş hökumət nümayəndələrinə xüsusi hörmət və ehtiramımı bildirirəm. Sizin hamınıza sərgi zamanı yeni əlaqələr qurmaq işində uğurlar arzulayıram.

Sərgi iştirakçılarına bütün gələcək işlərində müvəffəqiyyətlər arzulayıram və bu sərgidə iştirak edən şirkətlərin təmsil olunduğu ölkələrin xalqlarına sülh, əmin-amanlıq və səadət arzulayıram.

Bu əlamətdar hadisə münasibətilə sizi bir daha təbrik edirəm və cansağlığı, xoşbəxtlik arzu edirəm.

Yekun sözü

 

Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Bu gün dördüncü beynəlxalq "Xəzərneftqaz" sərgisinin və konfransının açılışı çox məzmunlu, əhatəli, yüksək səviyyədə keçdi. Sərginin aşılışında bir çox ölkələrin hökumət nümayəndələrinin çıxışları və bu çıxışlarda onların irəli sürdükləri fikirlər, təkliflər, eyni zamanda Azərbaycanın paytaxtı Bakıda dördüncü dəfə keçirilən sərgiyə verilən yüksək qiymət bu sərginin həqiqətən beynəlxalq xarakter daşıdığını, bu gün üçün də, gələcək üçün də çox əhəmiyyətli olduğunu əyani sübut edir.

Sərgidə çıxış edən natiqlərin respublikamız, ölkəmiz haqqında və Azərbaycan dövlətinin, hökumətinin neft sənayesinin inkişafında və xüsusən Xəzər dənizi hövzəsində olan neft-qaz yataqlarının müştərək işlənməsi sahəsində gördüyü işlərə verdikləri yüksək qiyməti mən xüsusi qeyd edirəm və buna görə təşəkkürümü bildirirəm.

Bir daha əmin olduğumu bildirmək istəyirəm ki, "Xəzərneftqaz" sərgisi gələn illərdə də davam edəcək, ilbəil yüksəkliklərə qalxacaq və dünya dövlətlərinin, şirkətlərinin neft və qaz sənayesi sahəsindəki əməkdaşlığında özünə layiqli yer tutacaq, öz xidmətlərini göstərəcəkdir.

Amerika Birləşmiş Ştatlarının səfiri cənab Kozlariç Amerika hökuməti adından burada çıxış edərkən Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonun bu sərginin açılışı münasibətilə mənə göndərdiyi məktubu təqdim etdi. Prezident Bill Klintonun məktubu tək mənim üçün yox, eyni zamanda sərginin bütün iştirakçıları üçün çox böyük əhəmiyyət kəsb etdiyinə görə mən cənab Kozlariçdən rica edirəm ki, prezident Bill Klintonun məktubunu sərginin iştirakçılarına çatdırsın.

Oçerklər

NEFT STRATEGİYASI

Ümumi tarixi arayış

NEFT STRATEGİYASI

Tarixi arayış

NEFT STRATEGİYASI