"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bəyanatı" (12 may 1999-cu il) sənədinə tarixi arayış


Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində başlamış Dağlıq Qarabağ münaqişəsində hərbi əməliyyatların dayandırılması, atəşkəs əldə olunması üçün real addımlar MDB Parlamentlərarası Assambleyasının 4-5 may 1994-cü il Bişkək görüşü zamanı atılıb. Həmin vaxt xüsusilə Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın parlament rəhbərləri, Dağlıq Qarabağın erməni icmasının iştirakı ilə münaqişədə tərəfləri atəşkəsə çağıran sənəd layihəsini razılaşdırılıb. (Vladimir Kazimirov, Mir Karabaxu (k anatomiyu requlirovaniya) /www.kazimirov.ru)

"Bişkək protokolu" adlandırılan həmin sənəd Azərbaycan tərəfindən (parlament sədri və Azərbaycanın Dağlıq Qarabağ icmasının rəhbəri) Prezident Heydər Əliyevlə razılaşdırılmaqla 8 may 1994-cü ildə imzalanıb. 9-11 may 1994-cü ildə Azərbaycan və Ermənistanın müdafiə nazirləri, Dağlıq Qarabağın separatçı ermənilərinin hərbi rəhbərinin imzaladıqları müvafiq sənədlərlə mayın 12-ə keçən gecədən Ermənistan və Azərbaycan arasında bu günədək davam edən atəşkəsə əməl olunmağa başlayıb. (Tomas de Vaal, Çerniy sad: Armeniya i Azerbaydjan mejdu mirom i voynoy, Perevod s anqliyskoqo O.Alyakrinskoqo, Moskva, Tekst-2005, s. 319)

Azərbaycan Prezidenti Heydər Əliyev 12 may 1999-cu ildə atəşkəsin 5 illiyi ilə bağlı bəyanatında Azərbaycanın bu dövrdə keçdiyi inkişaf yolunun atəşkəsin düzgün qərar olduğunu sübuta yetirdiyini bildirib.

Dövlət başçısı beş il ərzində Azərbaycanın yaxşı təşkil edilmiş və müasir texnika ilə təchiz olunmuş, təcavüzkarı dəf etməyə qadir ordu yaratdığını bildirib. O, ölkənin dünya dövlətləri ilə strateji və tərəfdaşlıq münasibətləri yaratması, neft müqavilələrinin imzalanması və Azərbaycan ərazisindən keçən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin formalaşdırılması üçün həyata keçirilən layihələri atəşkəs nəticəsində ölkənin qazanılan böyük uğurları olduğunu bəyan edib.

O, sülh sazişi əldə edilənə qədər Azərbaycanın atəşkəsə riayət edəcəyini deyib.

Növbəti illərdə də davam edən atəşkəs zamanı Azərbaycan silahlı qüvvələrini gücləndirməkdə davam edib. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında Azərbaycan hərbi büdcəsinin təcavüzdən əl çəkməyərək işğal etdiyi torpaqları azad etmək istəməyən Ermənistanın bütün dövlət büdcəsinə bərabər ediləcəyi haqda vədi 2006-cı ildə yerinə yetirilib. Həmin ilin dövlət büdcəsində Azərbaycanın dövlət büdcəsindən müdafiə xərcləri üçün 1 milyard dollar ayrılıb. (http://www.today.az/)

1994-2008-ci illərdə Ermənistan tərəfinin müntəzəm olaraq atəşkəsi pozması nəticəsində 3 minə qədər azərbaycanlının həlak olduğu bildirilir. Bunun böyük əksəriyyəti hərbçilərdən ibarətdir. (http://www.ayna.az/)

Tarixi arayış 3 iyul 2008-ci ildə yeniləşdirilib.