"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Çıraq-I" platformasında işə başlanılması, neftin alınması münasibətilə keçirilən təntənəli mərasimdə nitqi (12 noyabr 1997-ci il)" sənədinə tarixi arayış


Azərbaycanın yeni neft strategiyasının əsası 20 sentyabr 1994-cü ildə Xəzərin Azərbaycan sektorunda yerləşən üç zəngin neft yatağının iri xarici neft şirkətləri ilə birgə işlənilməsini nəzərdə tutan “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulub.

Texniki, maliyyə və təşkilati işlərin həyata keçirilməsi üçün yaradılan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) üç il sonra - 12 noyabr 1997-ci ildə həmin yataqlardan birindən- “Çıraq-1” yatağından ilkin neftin hasilatına başlayıb. Azərbaycan Prezidenti Heydər Əliyev ilkin neftin çıxarılması hadisəsini açıq dənizdə tikilən platformada bayram kimi qeyd edən azərbaycanlı və xarici neftçilərə həmin gün baş çəkib. O, Rusiya Baş nazirinin birinci müavini Boris Nemtsov, Britaniyanın dövlət naziri Derrik Façet ilə birlikdə helikopterlə sahildən 120 km aralıda yerləşən “Çıraq-1” platformasına gəlib. Azərbaycan Prezidentini və xarici qonaqları platformada ABƏŞ-in prezidenti Terri Adams, ARDNŞ -nin prezidenti Natiq Əliyev, ARDNŞ -nin birinci vitse-prezidenti İlham Əliyev və platformanın meneceri Hyu Oliver qarşılayıblar. Sonra ilkin neftin platformadan sahildəki terminaladək çəkilmiş 176 km uzunluqda sualtı kəmərə vurulmasına başlanıb.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.104