Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amеrikа Birləşmiş Ştаtlаrının «McDоnаlds» şirkətinə məхsus «McDrаyv» rеstоrаnının аçılış mərаsimində nitqi - 13 dеkаbr 2002-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Bu gün burada çox əlamətdar, gözəl bir hadisə baş verir. Bakı şəhərinin ən gözəl guşələrindən birində, ən gözəl meydanlarının birində Amerika Birləşmiş Ştatlarının «McDonalds» şirkətinin yeni restoranı açılır. Mən bu münasibətlə birinci növbədə «McDonalds» şirkətini, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyini və bu restoranın bütün işçilərini, buranı tikənləri, yaradanları və bu gün bunu istismara verənlərin hamısını ürəkdən təbrik edirəm.

«McDonalds» dünyada çox məşhur şirkətlərdən biridir. O, artıq Azərbaycanda da özünə yer tapıbdır. Burada üç il müddətində fəaliyyət göstərərək uğurlar qazanıbdır. Ona görə də fəaliyyətini genişləndirir. Amerika Birləşmiş Ştatlarının böyük «McDonalds» şirkətinin Azərbaycanda uğurlu fəaliyyət göstərməsi üçün şərait, imkan var. Bu da Azərbaycanda sərbəst iqtisadiyyatın, bazar iqtisadiyyatının nümunələrindən biridir.

Mən qeyd etdim, Bakının gözəl bir yerində, gözəl bir meydanında «McDonalds» özünə yer tapıbdır. Bu da təsadüfi deyil, çünki burada açılan restoranın əsas vəzifəsi avtomobillə gedən sərnişinlərə xidmət göstərməkdir. Güman edirəm ki, bu işlər yaxşı gedəcəkdir. Çünki buradan avtomobillə olduqca çox sərnişin gedir.

Mən burada özlərinə iş yeri almış Azərbaycan vətəndaşlarını, ümumiyyətlə, bütün vətəndaşları bu münasibətlə təbrik edirəm. Əgər «McDonalds»ın Azərbaycanda öz şəbəkəsini genişləndirmək niyyəti varsa, təbii ki, burada imkanlar yaradılacaqdır. Hər halda, indiyə qədər «McDonalds»ın Azərbaycanla əməkdaşlığı uğurlu olubdur. Ona görə də burada indi yeni bir restoran açılır.

«McDonalds» şirkətinə uğurlar arzulayıram. Arzu edirəm ki, bu gün burada açdığımız restoran Azərbaycan vətəndaşlarına, Bakı sakinlərinə yüksək xidmət göstərsin. Sizi bir daha təbrik edirəm. Azərbaycan vətəndaşlarını, Bakı sakinlərini təbrik edirəm, hamınıza uğurlar arzulayıram. Hamınızı qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edirəm.