Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Goranboy rayonu ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə çıxış - 13 sentyabr 2002-ci il


Hörmətli goranboylular!

Mən çox şadam ki, bu gün sizin rayona gəlmək fürsəti əldə etmişəm. Mən buraya çoxdan gəlmək istəyirdim. Ancaq rayondakı vəziyyət mənə gəlməyə o qədər imkan vermirdi. Nəhayət, bilirsiniz ki, iki ay bundan qabaq sizə yeni icra hakimiyyəti başçısı təyin etdik və bu iki ay müddətində hiss edirəm ki, burada çox dəyişikliklər baş verib və işlər yaxşı tərəfə yönəlibdir. Ona görə də mən bu gün sizin rayona gəldim ki, sizinlə görüşüm, söhbət edim. Sizin rayonda yaratdığımız Aşağı Ağcakənd qəsəbəsinə də gedəcəyəm, orada Ermənistandan gələn qaçqınları yerləşdiririk.

Mən indi qısa olaraq icra hakimiyyətinin başçısını dinlədim. Amma sizin hamınızla birlikdə onu dinləmək istəyirəm, bir balaca məlumat versin. Amma çox uzun olmasın. Çünki mənim qabaqda da işlərim çoxdur. Görürəm, meydana çox adam yığışıbdır, gərək onlarla da görüşək, söhbət edək.

Yekun nitqi

Mən indi söhbətimizə başlayanda dedim. Bir də qeyd etmək istəyirəm ki, bu gün Goranboya gəlməyimdən və sizinlə bu görüşdən çox məmnunam. Goranboy rayonu Azərbaycanın iri, çox böyük iqtisadi potensiala malik olan və strateji xarakter daşıyan rayonudur. Goranboy rayonu keçmişlərdə də Azərbaycanın iqtisadiyyatının inkişafında çox mühüm rol oynayıb və indi də böyük potensiala malikdir. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanandan Goranboy rayonunun vətəndaşları, goranboylular burada Azərbaycanın torpaqlarının müdafiəsi, qorunması uğrunda çox işlər görüblər. Biz atəşkəs əldə edənə qədər Goranboy çox çətin bir vəziyyətdə yaşayırdı. Yəni burada, Dağlıq Qarabağ ilə sərhəddə olan bölgələrdə, kəndlərdə döyüşlər gedirdi, bəzən ermənilər Goranboy tərəfdə olan mövqelərimizə hücum edirdilər, bəzən də bizim əsgərlər belə əməliyyatlar həyata keçirirdilər. Ona görə goranboylular daim belə gərgin vəziyyətdə yaşamışlar.

Qeyd etmək istəyirəm ki, goranboylular, həqiqətən, erməni işğalçıları ilə aparılan müharibədə çox qəhrəmanlıq nümunələri göstərmişlər və Azərbaycanın torpaqlarının keşiyində daim durmuşlar. Onların xidmətləri Azərbaycan dövləti

tərəfindən qiymətləndirilib və qiymətləndirilir.

Biz atəşkəs rejimini 1994-cü ilin may ayında yaratdıq. İndi 2002-ci ilin may ayı ötübdür. Demək, biz 8 ildir ki, atəşkəs rejimində yaşayırıq. Təbiidir ki, bu müddətdə Azərbaycanın iqtisadiyyatı inkişaf edibdir və bəzi sahələrdə çox irəliyə gedibdir. Kənd rayonlarında, yəni aqrar sektorla xarakterizə olunan rayonlarımızda da çox işlər görülübdür. Biz bir çox iqtisadi islahatlar həyata keçirmişk. Onlardan önəmlisi, ən yaxşı nəticə verəni torpaq islahatıdır. Torpaq islahatı haqqında qanunu biz hələ 1995–1996-cı illərdə qəbul etdik. Ondan sonra onu həyata keçirməyə başladıq.

Xatirinizdədir, bu iş çox ağır gedirdi. Çünki insanlar təsəvvür etmirdilər ki, kolxozsuz, sovxozsuz necə yaşaya bilərlər, torpağı necə bölmək olar, nеcə etmək olar. Ancaq biz bu siyasətimizi, islahatları həyata keçirdik və indi Azərbaycanda

kənd təsərrüfatı bütün sahələrə nisbətən ən çox inkişaf etmiş sahədir.

Goranboyda da bu inkişaf var. İcra hakimiyyətinin başçısı bu barədə məlumat verdi. Ancaq hesab edirəm ki, Goranboyda inkişaf daha da çox ola bilərdi. Çünki Goranboyun aqrar sahədə, kənd təsərrüfatı sahəsində imkanları böyükdür. Goranboy böyük potensiala malikdir. Bunlardan istifadə etmək lazım idi. Təəssüflər olsun ki, istifadə olunmayıbdır. Siz günahkar deyilsiniz, ancaq günahkarlar da var. Çünki vaxtilə rayona təyin edilən rəhbərlər iş görmək əvəzinə, müxtəlif nalayiq işlərlə məşğul olublar.

Xatirimdədir, 1993-cü ildə mən təzə işə başlayanda burada çox ağır vəziyyət idi.

Bilirsiniz ki, mən 1993-cü ildə necə gərgin şəraitdə idim. Azərbaycanı vətəndaş müharibəsindən xilas etmək, ermənilərin hücumunun qarşısını almaq istəyirdim, Azərbaycanın daxilində olan silahlı dəstələri aradan götürüb ictimai-siyasi sabitlik yaratmaq istəyirdim. Təbiidir ki, belə vəziyyətdə kadrların seçilməsində də mənə təqdim olunan adamları heç bir araşdırma aparmadan təsdiq edirdim. Bizim kadrlar belə də təsdiq olunurdu. Təəssüf ki, o vaxt təyin edilən şəxs burada uzun müddət olmağına baxmayaraq, layiqli işləmədi və biz onu işdən götürdük. Sonra yeni bir adam təyin olundu. Onda da böyük səhv buraxılmışdı. Mən bunu dedim, bizim Prezident Aparatının səhvidir ki, elə bir adamı bu vəzifəyə təyin olunmaq üçün təqdim etmişdilər. O da burada işləri, vəziyyəti düzəltmək əvəzinə, vəziyyəti daha da gərginləşdirdi. Yəni iqtisadi vəziyyəti və bütün başqa məsələləri. Biz onu da işdən kənarlaşdırdıq. Nəhayət, Novruzovu Lerik rayonundan buraya təyin etdik. O orada neçə illərdir işləyibdir. Lerik rayonu dağ rayonudur, şəraiti də çox çətindir. Orada neçə il işlədin?

Novruz Novruzov (Rayon İcrа Hakimiyyətinin başçısı): Cənab Prezident, 7 il işləmişəm.

Heydər Əliyev: Yeddi il orada işləyibdir. Orada özünü müsbət göstəribdir. Sınanmış adam olduğuna görə biz Novruzovu buraya təyin etdik. Məndə belə məlumat var ki, siz də bu təyinatımı müsbət qarşılamısınız. Düzmü deyirəm?

Yerdən səslər: Cənab Prezident, tamamilə düz deyirsiniz və düz etmisiniz.

Heydər Əliyev: Qısa bir müddətdə rayonda vəziyyət tam dəyişilməsə də, xeyli dəyişikliklər var və əsas odur ki, iş gedir. İcra hakimiyyətinin başçısı və onun ətrafında olan hakimiyyət orqanlarının vəzifəli şəxsləri indi işlə məşğuldurlar. İcra hakimiyyəti başçısının məlumatından hiss etdim ki, doğrudan da indi bir çox işlərin əsası qoyulubdur, onlar gələcəkdə həyata keçiriləcək və icra hakimiyyəti burada böyük proqramla irəliyə getmək istəyir. Mən bunu dəstəkləyirəm, ona kömək edəcəyəm. Əmin ola bilərsiniz ki, rayonunuzda iqtisadi inkişafın təmin olunması üçün bizim tərəfdən, hökumətimiz tərəfindən, mənim tərəfimdən nə lazımdırsa ediləcəkdir. Ancaq əgər siz də yeni icra başçısına etibar edirsinizsə, inanırsınızsa, gərək onunla birlikdə əl-ələ verib bu işləri görəsiniz. Ümidvaram ki, siz bunu edəcəksiniz.

Mən indi Gəncədən gəlirəm. Dünən Gəncədə idim, orada böyük Olimpiya İdman Kompleksi açdıq. Bilirsiniz ki, o, Milli Olimpiya Komitəsi və onun prezidenti İlham Əliyevin təşəbbüsü ilə tikilmişdir. Gəncə üçün çox böyük hədiyyədir, gözəl bir idman sarayıdır. Onu açdıq, sonra mən Gəncədə hərbi hissədə də oldum. Gec də olsa, axşam saat 9-dan sonra, sizinlə görüşdüyüm kimi, orada geniş tərkibdə şəhərin rəhbərləri, müxtəlif təbəqələrin nümayəndələri ilə görüşdüm, danışdım. Ancaq bu dəfə Gəncə barədə təəssüratım o qədər də yaxşı deyildir. Mən bunu dünən axşam orada dedim – televiziya çəkirdi, hələ onları verməyibdir, bu gün verəcəklər, dinləyərsiniz – xoşuma gəlmədi.

Gəncənin çox böyük imkanları var. Amma təəssüf ki, bu imkanlardan lazımi səviyyədə istifadə olunmur. Mən indi bunu geniş danışmaq istəmirəm. Siz dinləyərsiniz. Məni narahat edən, ürəyimi sıxan o oldu ki, Gəncə şəhərində küçələr bərbad vəziyyətdədir. Gedib-gəlirsiniz, görürsünüz, abad deyildir. Başqa işləri görə bilmirlər, heç olmasa səkiləri düzəltsinlər. Axı küçə boş deyil, küçə boyu müəssisələr var, təşkilatlar var, şəxsi evlər var, ümumi yaşayış evləri var. İcra hakimiyyəti onları səfərbər etsə, özləri küçələri qaydaya salarlar. Amma təəssüf ki, bunlar edilməyibdir. Mən Gəncə şəhərini yaxşı tanıyıram, oraya dəfələrlə getmişəm. Şəhəri yaxşı vəziyyətdə görmədim.

Sizin ayağınız o qədər də yer almasın. Mən rayonun mərkəzinə girəndə baxdım, hətta təkcə mənim fikrim deyil – görürəm, burada Usubov da gülür – İlham ilə də söhbət edirdim, sizin rayonun mərkəzi Gəncədən daha yaxşı təəssürat yaratdı.

Rafiq Abbasov (icra hakimiyyəti başçısının müavini): Möhtərəm Prezident, bu, son ayların nəticəsidir.

Heydər Əliyev: Demək, əgər son ayların bəhrəsidirsə, indi gör, ilin bəhrəsi nə olacaq, üç ilin bəhrəsi nə olacaq. Mən də bunları çox maraqla izləyəcəyəm və gözləyəcəyəm.

Bilirsiniz, Azərbaycanın dövlət başçısı, prezidenti kimi, mənə yaxşı işdən savayı heç bir mükafat vermək, xoş söz demək lazım deyildir. Bunların heç biri mənə lazım deyildir. Yaxşı işləyin, iş görün. Amma təmiz iş görün, mənəvi saflığı təmin edin. Bu işlərin yaxşı getməməsinin səbəblərindən biri, bəzən çox böyük səbəblərdən biri də mənəviyyatın pozulmasıdır. Burada mənəviyyat pozulmuşdu. Bilirsiniz, rayonun rəhbərliyində olan şəxslər özləri mənəviyyatsız olanda, ümumiyyətlə, mənəviyyatdan söhbət aparmaq mümkün deyildir. Mənəviyyat pozulmuşdu. Rayonun başçısı, yaxud başqa vəzifəli şəxs gərək hamı üçün nümunə olsun, saflıq nümunəsi, mənəvi təmizlik, işgüzarlıq nümunəsi olsun. Əgər bu yoxdursa, əksinə, vəzifəli şəxslər rüşvət alırlarsa, yaxud insanların hüquqlarını tapdalayırlarsa, digər əyri yollara gedirlərsə, onda başqalarından nə gözləmək olar?! Başqaları da onlardan «nümunə» götürür, onlar elədiklərindən də çox edirlər.

Mən orada çoxlu şikayətlər almışam. Mənimlə çoxlu jurnalist gəlib, 40-dan çox jurnalist var. Dünən orada müşavirə qurtaranda gecə saat on bir idi, çıxanda gördüm ki, jurnalistlər icra hakimiyyəti binasının birinci mərtəbəsində toplaşıblar. Dedim, burada niyə gözləyirsiniz, mən onları zalda görməmişdim. Mənə dedilər ki, başqa otaqda televizor qoyublar, zalda olan hər bir şeyi görüblər, eşidiblər. Dedilər ki, biz bu sözləri Sizə demək istəyirdik. Biz Gəncəni gördük, çox narahat olduq. İstəyirdik Sizə deyək ki, Gəncə niyə belədir. Amma Siz bunların hamısını dediniz.

Mən nə gördüm? Mən vağzalda vaqonda gecələyirdim. Oradan Xətai prospekti ilə icra hakimiyyətinə, idman kompleksi olan yerə, yaxud hərbi hissəyə gedir, həmin yolla da qayıdırdım.

Bir neçə küçəni gördüm, hamısını görmədim. Amma gördüklərim məndə çox ağır hissiyyatlar yaradıbdır. Niyə belədir, nə üçün belədir? Ona görə özünüz üçün bundan da nəticə çıxarın. Sizin rayonun ərazisinə girəndə gördüm ki, çoxlu adam yığışıb, əllərində bayraqlar və s. var. Təbiidir, avtomobili saxlatdım ki, – bilmirdim, bunlar kimdirlər – siz kimsiniz, mən bilmədim ki, Goranboyun sərhədinə gəlmişəm. Dedilər ki, Xoylu kəndindəndirlər. Mən insanların əhval-ruhiyyəsini gördüm, onların paltarını gördüm və fərqi də gördüm. Başa düşürsünüz, o sərhəddəki fərqi gördüm. Mən bəlkə də indi sizi tərifləyirəm, hələ tezdir. Çünki hələ siz az iş görmüsünüz. Amma yaxşı başlamısınız. Buna görə mən sizə daha da ruh vermək istəyirəm. Başa düşürsünüz, hər bir yaxşı iş o dəqiqə məndə, yaxud mənim kimi başqa insanlarda böyük minnətdarlıq hissi doğurur və istəyirsən bu insanları daha da ruhlandırasan ki, çox işləsinlər.

Burada icra hakimiyyətinin başçısı aqrar sektor haqqında danışdı, öz proqramı haqqında dedi. Mən ona razıyam, etiraz etmirəm və İqtisadi İnkişaf Nazirliyinə, başqa nazirliklərə – kimə müraciət etmisiniz, bunları mənə deyəcəksiniz – göstəriş verəcəyəm ki, onlar sizin vəziyyətinizə diqqətlə baxsınlar, rayona kömək etsinlər. Amma hesab edirəm, aqrar sektorda siz daha da çox nailiyyətlər əldə edə bilərdiniz. Sizin torpağınız çoxdur. Keçmişdə pambıq əkmisiniz, 35 min ton pambıq istehsal etmisiniz. İndi hökm deyil ki, yenidən o qədər pambıq istehsal edəsiniz. Düzdür, icra hakimiyyətinin başçısı dedi ki, bunu 35 min tona qaldıracağıq. Bu, düzgün deyil, mən səninlə razı deyiləm. Çünki indi keçmiş vaxt deyil, raykom deyil ki, desin, bəli, bizə bu qədər plan veriblər, bunu yerinə yetirmək lazımdır. Heç bir plan vermirik və heç bir şey də demirik ki, nə qədər nəsə əkin.

Sizin xatirinizdədir, mən Azərbaycanda pambıqçılığın inkişafı üçün nə qədər səylər qoyurdum və canımı qoydum. Elə sizin rayona iki dəfə gələrkən burada məhz pambıq tarlalarına getmişəm, pambıqçılığın inkişafı ilə məşğul olmuşam. Sizin rayonu və bir neçə başqa rayonları su ilə daha çox təmin etmək üçün Dağlıq Qarabağın ərazisində Sərsəng su anbarını tikdik, su elektrik stansiyasını tikdik. O, böyük tikinti idi. Mən onu etdim. Biz onun üçün Moskvadan əlavə vəsait aldıq. Ona görə ki, su oradan Tərtər çayı ilə gəlib sizin rayonun ərazisini təmin etsin. Bu bizim böyük proqramımız idi. Təkcə siz yox, Tərtər rayonu da bu sudan istifadə etməli idi. Amma bu su daha çox sizə gəlməli idi.

İndi belə oldu ki, hələlik neçə illərdir Sərsəng ermənilərin əlində qaldı. Bəzən oradan su gəlir, bəzən gəlmir. İndi siz artezian quyularından istifadə etməlisiniz. Əvvəllər burada artezian quyularından çox istifadə edirdilər. Mənim xatirimdədir, çox artezian quyuları var idi. Mən onları yaxşı xatırlayıram.

Ancaq biz indi heç kəsə demirik ki, nə qədər pambıq lazımdır. Sizə nə qədər lazımdır, o qədər də əkin. Əgər siz o pambıqdan yaxşı gəlir götürəcəksinizsə, əkin, götürün. Yəni məqsəd nədir? Torpaqdan səmərəli istifadə edəsiniz və maksimum məhsul alasınız. Sizin üçün hansı məhsul daha əlverişli, daha çox gəlir gətirəcək, onu əkin. Pambıqdan çox gəlir alacaqsınızsa, pambıq əkin. Taxıldan çox alacaqsınızsa, taxıl əkin.

Burada dediniz ki, indi günəbaxan çox əkmək istəyirsiniz. Ondan çox gəlir alacaqsınızsa, əkin. Nə istəyirsiniz əkin. Amma o bitkiləri əkin ki, onlardan çox məhsul alacaqsınız. Yəni torpaqdan səmərəli istifadə edəcəksiniz. Bizim aqrar siyasətimizin əsası bundan ibarətdir. İndi torpaq dövlətin deyil, torpaq kəndliyə paylanıbdır. Kəndli bu torpaqdan necə istifadə etməyi özü həll etməlidir. Ona görə mən sizə aydınlıq gətirirəm.

Heyvandarlığın da inkişafında, mənə belə gəlir ki, siz çox şey əldə edə bilərdiniz. İndi sizin rayonun 96 min əhalisi var, əksəriyyəti də kənd əhalisidir. Bir neçə şəhər tipli qəsəbədən, rayon mərkəzindən savayı, qalanlar mal-qara saxlamalıdır və mala-qara çox olmalıdır. İndi sən dedin ki, 170 min davar, 29 min qaramal var. Bu sizin rayonunuz üçün o qədər də çox deyildir. Mən indi başqa rayonların rəqəmlərini sizə demək istəmirəm, özünüz bununla tanış ola bilərsiniz. Amma bu o qədər çox deyil, siz mal-qaranın sayını çox artıra bilərsiniz. Yəni burada da plan qoymuram. Ancaq hər bir kəndli baxmalıdır ki, onun neçə inəyi var. Əgər o bundan doğrudan da yaxşı gəlir götürürsə, saxlasın. Götürmürsə, saxlamasın. Yaxud qoyun-keçidən gəlir götürürsə, saxlasın, götürmürsə, saxlamasın. Amma son illərin təcrübəsi onu göstərir ki, Azərbaycan kəndlisi heyvandarlıqdan çox böyük gəlir götürür. Ona görə mən bu məlumatı sizə çatdırıram və bu tövsiyələri verirəm.

Bir sözlə, mən çox məmnunam ki, rayonunuzda indi sağlam əhval-ruhiyyə yaranır, hələ tamam yaranması üçün vaxt lazımdır. Yeni icra hakimiyyəti başçısı və onun ətrafında olan sizlər işə yaxşı başlamısınız. Arzu edirəm ki, bu minvalla işi daha da yaxşı aparasınız və Goranboy rayonu böyük iqtisadi potensialından tamamilə istifadə edib Azərbaycanın iqtisadi həyatında öz yerini tuta bilər.

Məktəb, xəstəxana tikintisi və başqa şeylər – bunlar çox vacib məsələlərdir. Sosial məsələlərlə ciddi məşğul olun. Çox vacib məsələlərlə məşğul olun.

Mən indi Aşağı Ağcakəndə gedəcəyəm. Bilirsiniz ki, orada qəsəbə tikmişik. Artıq deyildiyi kimi, mən Neft Fondundan ilk dəfə 82 milyard manat vəsaiti bu qaçqınlar üçün ayırmışam. Qalanına əl vurmuruq, hamısı yerindədir. Çünki mən söz vermişəm, Neft Fondu gələcək nəsillər üçündür və sosial problemlərin həll olunması üçündür. Görürsünüz, o insanlar 1988-ci ildə Ermənistandan köçüblər, indiyə qədər onların yerləri yoxdur. Ona görə Aşağı Ağcakənddə onlaрa evlər tikirik. ġəmkirdə, Yevlaxda evlər tikilir ki, onlar tamamilə məskunlaşsınlar. Onlar artıq sizin rayonun doğma sakinləri olacaqlar.

Mən icra hakimiyyətinin başçısı ilə danışırdım. Dedim ki, Gəncənin məsələsi məni incidir. Təbiidir, biz onlara çox yardım edəcəyik. Amma Gəncənin ətrafında kənd təsərrüfatı rayonları var. Hər halda, bunların imkanları var, məsələn, hər rayon Gəncənin bir küçəsini götürsün, təmir etsin, qaydaya salsın. İcra hakimiyyətinin başçısı dedi ki, ola bilər. Düzdür, vəzifəm yüksək olduğuna görə mən bunu deyəndən sonra icra hakimiyyətinin başçısı nə deyəcək, deməyəcək ki, ola bilməz. Ancaq mən istəyirəm ki, o bu işə daha da real yanaşsın. Əgər doğrudan da bu mümkündürsə – dünənki söhbətdən sonra bu sözü birinci dəfədir açıram – edin.

Novruz Novruzov: Cənab Prezident, biz Gəncənin bir küçəsini rayonumuzun baş küçəsinə uyğun səviyyədə təmir edib gəncəlilərə təhvil verə bilərik. Problem yoxdur.

Heydər Əliyev: Yaxşı asfalt ilə, səkilərlə, küçənin kənarında yaxşı gül-çiçəklə, sonra evləri rəngləyərsiniz, qaydaya salarsınız.

Novruz Novruzov: Goranboylular bir küçəni düzəldəcəklər.

Heydər Əliyev: Eləyə bilərsiniz?

Novruz Novruzov: Bəli.

Heydər Əliyev: Yaxşı, onda belə hesab edəcəyəm ki, bu mənim yox, goranboyluların təşəbbüsüdür. Mən Şəmkirlilərə deyəcəm, Xanlara, o birilərə də deyəcəm. Ətrafda olanların hamısı bu təşəbbüsə qoşulsunlar. Ona görə bir proqram hazırlanar, müəyyən olunar ki, Goranboy hansı küçəni edəcək, neçə vaxta edəcəkdir. Biz keyfiyyətinə özümüz nəzarət edəcəyik ki, Bakıdakı kimi olsun. Görürsünüz, Bakı indi necə düzəlibdir. Bakını gəlib görürsünüz?

Yerdən səslər: Bəli.

Heydər Əliyev: Xoşunuza gəlirmi?

Yerdən səslər: Çox gözəldir.

Heydər Əliyev: Mən dünən orada şəhərin icra hakimiyyəti başçısına dedim ki, bəlkə Abutalıbovu on günlük Gəncəyə göndərim, gəlsin Gəncədə otursun, bu küçələri qaydaya salsın.

Yaxşı, yəqin bu təşəbbüsü bəyənmək olar. Sağ olun. Mən sizinlə görüşməyimdən çox məmnunam. İndi orada deyəsən sizin rayonun vətəndaşları toplaşırlar. Onları da salamlamaq lazımdır. Ondan sonra mən Ağcakəndə gedəcəyəm. Sağ olun.

Tarixi arayış