Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına rəsmi səfəri (19-24 iyul 1998-ci il)


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Toni Bleyrin dəvəti ilə iyulun 19-24-də Böyük Britaniyada rəsmi səfərdə olub. Prezident Heydər Əliyev iyulun 20-də Böyük Britaniyanın aparıcı kütləvi informasiya vasitələrinin yüksək vəzifəli nümayəndələri ilə görüşündə səfər haqda fikrini bele ifadə edib: «Mənim bu səfərim Azərbaycan ilə Birləşmiş Krallıq arasında mövcud olan əlaqələri inkişaf etdirmək məqsədi daşıyır.»

Elə həmin gün Prezident Heydər Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığın beynəlxalq inkişaf üzrə dövlət katibinin müavini Corc Foulksla, Böyük Britaniyanın «Şell» şirkətinin icraçı direktoru Fill Vatsala, «Lazma» şirkətinin prezidenti Con Darbilə görüşüb.

Günün ikinci yarısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər üzrə dövlət naziri Daq Henderson Londonda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şərəfinə rəsmi qəbul təşkil edib. Daq Henderson Azərbaycanın Xəzər regionunda olduqca böyük əhəmiyyət kəsb etdiyini və Birləşmiş Krallığın Azərbaycanla strateji əlaqə yaratmaq istədiyini vurğulayıb.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Londonda Britaniya Şurasının baş direktoru doktor Deyvid Driyuri ilə görüşündə Azərbaycan ilə Britaniya arasında sıx əlaqələr qurmasından razı qaldığını bildirib. Daha sonra Londonda Böyük Britaniyanın «Monument Oyl and qaz» şirkətinin baş direktoru Tim Eqqar və bu şirkətin icraçı direktoru Terri Adams ilə görüşüb.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Britaniya-Azərbaycan Cəmiyyətinin Londonda onun şərəfinə təşkil etdiyi rəsmi qəbulda iştirak edib.

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Londonda öz iqamətgahında Böyük Britaniyada çıxan «Först» jurnalının beynəlxalq prezidenti Patrik Kormakı qəbul edib. Daha sonra Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan Respublikasının Beynəlxalq Bankı arasında beynəlxalq bank-kredit xətti açılması haqqında sazişin imzalanması mərasimi olub. Mərasimdən sonra Heydər Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Çarlz Frankla görüşüb.

Elə həmin gün Londonda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Yelizaveta ilə görüşən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Böyük Britaniya ilə bütün sahələrdə qaşılıqlı surətdə faydalı əlaqələrin daha da möhkəmləndirilməsinin müstəqil Azərbaycan Respublikası üçün çox əhəmiyyətli olduğunu qeyd edib. II Yelizaveta öz növbəsində Böyük Britaniyanın Azərbaycana böyük maraq göstərdiyini bildirib.

Sonra Azərbaycan Prezidenti Heydər Əliyev Londonda Böyük Britaniyanın ticarət və sənaye üzrə dövlət katibi, Ticarət Şurasının prezidenti xanım Marqaret Bekett ilə görüşüb.

Günün ikinci yarısı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Londonda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Toni Bleyr ilə görüşüb. Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu bildirən Baş nazir deyib ki, iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin durmadan inkişaf etdirilməsinə böyük əhəmiyyət verir.

Böyük Britaniyanın, xüsusən Baş nazir Toni Bleyrin Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə çox böyük əhəmiyyət verməsini yüksək qiymətləndirən Heydər Əliyev qeyd edib ki, Azərbaycan dünya siyasətinə təsir etmək gücünə malik bir dövlətin ölkəmizə böyük maraq göstərməsindən çox məmnundur və bu əlaqələrin daim inkişaf etməsi üçün öz tərəfindən lazım olan bütün tədbirləri görəcək.

Prezident Heydər Əliyevin və Baş nazir Toni Bleyrin görüşündən sonra sənədlərin imzalanması mərasimi olub. Prezident Heydər Əliyev və Baş nazir Toni Bleyr Azərbaycan Respublikası Prezidentinin və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Baş nazirinin Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməsini imzalayıblar. Bundan başqa Xəzər dənizinin Azərbaycan sektorundakı «Araz», «Alov» və «Şərq» perspektivli strukturlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişi Böyük Britaniyanın «Britiş Petroleum» şirkəti, Norveçin «Statoyl» şirkəti və ARDNŞ tərəfindən imzalanıb. «İnam» perspektivli strukturunun kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında saziş ABŞ-ın «AMOKO» şirkəti, Böyük Britaniyanın «Monument Oyl and Qaz» şirkəti, Rusiyanın «Mərkəzi Yanacaq» şirkətilə ARDNŞ arasında imzalanıb. Azərbaycan Respublikasında quruda yerləşən «Muradxanlı» və «Cəfərli» neft yataqlarının və «Zərdab» perspektivli strukturunun kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında sazişi Böyük Britaniyanın «Ramko» şirkəti ilə ARDNŞ imzalayıb.

Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Londonda onun üçün ayrılmış iqamətgahda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ticarət və Sənaye Departamentinin dövlət naziri Con Bətti ilə görüşüb.

Kraliça və Baş nazirlə keçirdiyi görüşləri, apardığı danışıqları bu ölkəyə rəsmi səfərinin ən mühüm hadisələri hesab etdiyini vurğulayan Prezident Heydər Əliyev Toni Bleyr ilə birlikdə imzaladığı sənədin ölkələrimiz arasında əlaqələrin gələcək inkişafında mühüm rol oynayacağını bildirib.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Birləşmiş Krallığa rəsmi səfəri Böyük Britaniya mətbuatının diqqət mərkəzində olub. Böyük Britaniyanın ən nüfuzlu televiziya kanalı olan Bi-Bi-Si-nin müxbiri iyulun 21-də Prezident Heydər Əliyevdən müsahibə alıb. Müsahibə elə həmin axşam Bi-Bi-Si televiziya kanalı ilə yayımlanıb.

Elə həmin gün Londonun lord-meri Riçard Nikols Heydər Əliyevin şərəfinə rəsmi qəbul təşkil edib.

İyulun 22-də dünyanın bir sıra ölkələrindən 300-dən çox nümayəndə toplaşan, Böyük Britaniyanın «Ay-Bi-Si» şirkətinin Londonun «Royal Qarden» mehmanxanasında təşkil etdiyi «Azərbaycanda biznes» mövzusunda beynəlxalq konfransda Azərbaycan Prezidenti Heydər Əliyev çıxış edərək qeyd edib ki, kim gəlib Azərbaycanda sağlam iş görmək istəyirsə, bizim ölkəmizdə onun üçün bütün imkanlar vardır.

Elə həmin gün Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan səfirliyində Böyük Britaniyada yaşayan Azərbaycan icması nümayəndələri ilə görüşü keçirilib. Sonra prezident Londonda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər və birlik işləri üzrə dövlət katibi Robin Kuk ilə görüşüb. Azərbaycanın Avropa strukturları ilə əlaqələrinin daim artmasından söhbət açan cənab Robik Kuk bildirib ki, Böyük Britaniya Avropa Şurasına Azərbaycanın tam hüquqlu üzv kimi qəbul olunması üçün lazımi işlər görəcək və bu məsələ Birləşmiş Krallıq tərəfindən dəstəklənəcəkdir.

İyulun 23-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Şotlandiyanın Edinburq şəhərində də olub. Həmin gün «Siti Çembers»də Edinburq şəhərinin lord-provostu Erik Miliqanla görüşüb, Britaniyanın «Britiş Petroleum» şirkətinin Qreyncmaut şəhərindəki sənaye-istehsal kompleksində olub. Daha sonra Edinburqun «Balmoral» mehmanxanasında Şotlandiyanın biznes dairələrinin nümayəndələri ilə görüşüb.

Elə həmin gün Azərbaycan Prezidenti Heydər Əliyev Edinburqda – Şotlandiyada yaşayan soydaşlarımızla da görüşüb. Görüşdə çıxış edən prezident qeyd edib ki, xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasının və onun fəaliyyətinin gündən günə daha da güclənməsinin, Azərbaycanın haqq işini dünya ictimaiyyətinə çatdırmaq üçün səylərin birləşdirilməsi vacibdir.

İyulun 24-də Azərbaycan Prezidenti Heydər Əliyev Londondakı Azərbaycan Mədəniyyət Mərkəzində yeni açılmış sərgidə olub.