Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sədərək rayonunun Qıvraq kənd sakinləri ilə görüşü - 14 avqust 2002-ci il


Heydər Əliyev: Əziz dostlar!

Əziz bacılar və qardaşlar, Qıvraq kəndinin sakinləri!

Siz qıvraqlısınız, mən də bu kəndi çox yaxşı tanıyıram, bilirsiniz. Deyirlər ki, burada Qarabağlardan da, Xokdan da adamlar var, elədir?

Səslər: Bəli, elədir.

Heydər Əliyev: Bu kəndlər həmişə bir-biri ilə çox bağlı olublar. Mənim xatirimdədir, müharibə illəri, 1944– 1945-ci illər idi. Mən 1948-ci ilə qədər burada Naxçıvanda işləyirdim. Onda bu üç kənd bir-biri ilə bağlı idi. Burada güclü kolxoz sədrləri var idi. Birinin adı Əli, o birinin adı Vəli idi. Qarabağlar kəndində Vəli idi, Xok kəndində də Əli idi. Qardaş idilər. Elədir, düz deyirəm?

Səslər: Bəli.

Heydər Əliyev: Amma o keçmiş çox yaxşı idi. Ondan sonrakı illərdə də mən sizinlə dəfələrlə görüşmüşəm. 1990–1993-cü illərdə Naxçıvana gələndə burada sizinlə dəfələrlə görüşmüşəm. Bir neçə dəfə kəndə gəldim, bəzən də o tərəfə gedəndə burada mütləq adamlar olurdu, görüşürdüm. Yadımdadır, buradan keçdik, Qoldəştlə Şaxtaxtı arasında bir körpü açdıq, İran ilə ticarətə başladıq. İndi o körpü işləyir. Hətta danışmışıq, onu bir az da genişləndirəcəklər, yeni körpü tikəcəklər.

Yəni bir neçə anları yada salıram ki, biləsiniz, siz mənim qəlbimdəsiniz. Mən heç vaxt sizi unutmamışam və unutmayacağam. Naxçıvan gözəl diyardır, ilbəil gözəlləşir. Məsələn, o illər, 1990–1993-cü illərdə mən burada olanda biz çox çətin yaşayırdıq, ağır şəraitdə idik, yadınızdadır. Çox problemlərimiz var idi. Yadımdadır, mən bir dəfə, Şərura gedirdim. Qar yağmışdı, şaxta idi. Mənə demişdilər ki, Şərurda doğum evində bir uşaq donub ölmüşdür. Mən oraya gedirdim. Buradan keçəndə bir də gördüm ki, Yenikəndin yanında yolun qırağında böyük-böyük ağacları qırırlar. Mən onlara yaxınlaşanda hamı qaçdı. Mən yenə də getdim, özü də dizə qədər qar idi. Bir neçəsini tapdım, aralarında qadınlar da var idi. Mən gördüm, əyinlərində elə bir paltar da yox idi ki, soyuqdan özlərini qoruya bilsinlər. Mən onlara irad tutanda ki, bu ağacları niyə qırırsınız, bu ağaclar sizindir, mənə dedilər ki, ay Heydər Əliyev, axı biz donuruq. Biz özümüz bu şaxtaya dözürük, amma uşaqlarımız dözə bilmir, donurlar. Ya gərək bizim uşaqlarımız donsun, ya da bu ağacları qıraq. Dedim ağacları qırın. Çünki burada başqa söz demək mümkün deyildi. Amma mən indi oraya gedəndə Vasif Talıbov yanımda oturmuşdu, soruşurdum. İndi orada yeni-yeni ağaclar əkmisiniz və əkəcəksiniz.

Yolboyu ağaclar çox gözəldir. Vasif Talıbovla danışırdıq ki, bunu daha da artırmaq lazımdır. Hətta bəlkə buraya su da çəkək ki, ağaclara su verilsin. Sədərəkdən buraya qədər başqa nəyi görürəm? Yolun o tərəfi də, bu tərəfi də əkilibdir. Əkilməyən yer yoxdur. Amma o illərdə belə şey yox idi. İndi niyə əkirlər? Çünki torpağı kəndliyə vermişik, torpaq onundur. Əgər o, torpağı boş qoyursa, özünə zərər vurur. Amma əkir, əkmək üçün su da lazımdır. Orada yerli rəhbərlik çox işlər görübdür, buralara su çıxarıbdır. İndi su ilə təmin olunur. Ona görə əkin də var, qırılan ağacların yerində yeniləri əkilibdir, qalxıbdır, həyat inkişaf edir. Bu kəndlər böyük kəndlərdir.

Naxçıvan Muxtar Respublikasında Qıvraq kəndinin ayrıca böyük tarixi, Xok kəndinin ayrıca böyük tarixi, Qarabağlar kəndinin ayrıca böyük tarixi vardır. Qarabağlar kəndində 800 il bundan öncə yaranmış türbə göstərir ki, bura necə böyük bir mədəniyyət mərkəzi olubdur. Bunlar Naxçıvan Muxtar Respublikasının, hətta deyə bilərəm ki, Azərbaycanın böyük kəndləridir. Vaxtilə burada çox istedadlı insanlar yaşayıb, bu kəndlərdən böyük şəxsiyyətlər, alimlər, böyük müəllimlər çıxıbdır. Məsələn, Şahtaxtı kəndini götürsək, oradan nə qədər böyük siyasi xadimlər, dövlət xadimləri çıxıbdır. Yəni bu kəndlər həm insanların yaşayışı nöqteyi-nəzərindən həmişə yaxşı olub, buranın torpağı, təbiəti yaxşı olub, həm də bu kəndlər Azərbaycan xalqına çox görkəmli insanlar veriblər. Ona görə bu kəndlər məşhurdur. Mən də həmişə bu kəndlərə böyük hörmətlə yanaşıram. Bu hörməti də sizə göstərmək üçün – bu gün Sədərəkdən gələndə dedilər ki, yolüstü gəlib görmək istəyirsiniz – buraya gəlməyə razılıq verdim.

Mən çox şadam ki, sizinlə görüşürəm. Mən Sədərəkdə, sərhəddə Ermənistanın prezidenti Köçəryanla görüşdüm. Biz onunla son üç ildə vaxtaşırı görüşürük, danışırıq. Çünki bu Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək lazımdır. Biz o illər Naxçıvanı qoruyub saxladıq. Baxmayaraq ki, buraya hücumlar var idi. Yadınızdadır. Gəldilər Sədərək qəsəbəsini dağıtdılar, lakin qarşısını aldıq. Ancaq təəssüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsində torpaqlarımızı saxlamaq mümkün olmayıbdır, ermənilər müəyyən səbəblərdən həm Dağlıq Qarabağı, həm də onun ətrafında yeddi rayonumuzu işğal ediblər. Oradan 1 milyondan artıq insan qaçqın düşübdür. İndi çoxları çadırlarda yaşayırlar, vəziyyətləri ağırdır. Mənim fəaliyyətimdə əsas yer tutan məsələ Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoymaqdır. Bunu da hələ ki, sülh yolu ilə həll etmək istəyirik. Mən də, bizim özümüz də belə fikirdəyik ki, bu, sülh yolu ilə həll olunmalıdır. Beynəlxalq təşkilatlar da, bu işlə məşğul olan Minsk qrupunun həmsədrləri də belə fikirdədirlər ki, məsələ sülh ilə həll edilməlidir. Ona görə də mən belə görüşləri keçirirəm. Bu dəfə də görüşdük, danışdıq, bir çox məsələlərdə bir-birimizə aydınlıq gətirdik. İndi Naxçıvana qayıdıram.

Bilirsiniz ki, iki-üç gündür mən burada bir neçə proqramların həyata keçirilməsi ilə məşğulam. Televiziya ilə onları görmüsünüz eşitmisiniz. Akademiyanın Naxçıvan bölməsini yaratdıq, Naxçıvanın aeroportunu yenidən tikəcəyəm. Bir il ərzində beynəlxalq aeroport olacaqdır. Vayxır su anbarının tikintisi dayanıbdır, oraya getdim. O da Babək rayonunu su ilə təmin etmək üçün çox vacibdir. Bu gün sizinlə də burada görüşdüm. Sizi görməyimdən çox sevinirəm, çox məmnunam, hamınıza cansağlığı arzu edirəm, səadət, xoşbəxtlik diləyirəm. Sizə bir sualım var, ayın 24-də nə gözləyirsiniz?

Səslər: Cənab Prezident, referendumu gözləyirik.

Heydər Əliyev: Referendumun nə olduğunu bilirsiniz, Konstitusiyadakı dəyişiklikləri sizə izah ediblər, bilirsinizmi? 

Səslər: Bəli, bilirik.

Heydər Əliyev: Mənim bunu izah etməyimə ehtiyac yoxdur ki?

Səslər: Xeyr.

Heydər Əliyev: Yoxdur. Çox gözəl. Demək, onda siz avqustun 24-də nə edəcəksiniz? Referendum məntəqələrinə gedəcəksiniz, ya yatacaqsınız?

Səslər: Gedib yekdilliklə səs verəcəyik.

Heydər Əliyev: Xanımlar da gələcək?

Səslər: Əlbəttə, böyük məmnuniyyətlə gələcəklər.

Heydər Əliyev: Çünki keçmişdə bəzi adamlar belə deyirdilər ki, adamın həyat yoldaşı seçki məntəqəsinə gedə bilməz, bu, yaxşı olmaz. İndi belə şey yoxdur ki, sizin qarşınızı almırlar ki?

Səslər: Xeyr, almırlar.

Heydər Əliyev: Almırlar. Sən mənə baxırsan, deyəsən səni bir az sıxışdırırlar. Demək, hamınız gələcəksiniz,  referenduma səs verəcəksiniz və bizim Konstitusiyada bir neçə vacib dəyişiklikləri sizin razılığınızla edəcəyik.

Kənd sakini:  Heydər baba, Allahdan arzum budur ki, sidq ürəklə deyirəm, mənim qalan ömrümü Sizə versin. Mən Sizinlə fəxr edirəm.

Heydər Əliyev: Elə demə, sən cavan adamsan.

Sonra Qivraq kənd sakini İsmayıl Hüseynquluyev prezidentə həsr olunmuş şeir söylədi:

Ay ellər, yurduma bir oğul gəlib,

Gəlin, gəlişinə bir qurban kəsək.

Onun qüdrətilə Vətən yüksəlib,

Gəlin, bir ağızdan, xoş gəldin, deyək.

O oğul gəlib ki, Babək ürəkli,

O oğul gəlib ki, Vətən qeyrətli,

O oğul gəlib ki, əli çörəkli,

O verən çörəyin qədrini bilək.

Amalı bilinən Dədəm Qorquddur,

Bu Vətən, bu torpaq onun yurdudur.

Neçə zavod tikib, dəryaça salıb,

Gəlin, həqiqəti, düzü söyləyək.

Ey Şərur mahalı, niyə durmusan?!

Dar gündə Vətənə dayaq olmusan,

Heydər tək igidə hər vaxt ordusan,

Heydər amalını bayraq eyləyək.

Hörmətli Prezident, bütün aləm bilir ki, Siz türk dünyasının sönməz günəşisiniz. Qoy günəştək hərarətiniz xalqın üstündən əskik olmasın. Çox sağ olun.

Heydər Əliyev: Sağ olun, sağ olun. Mənə başqa bir sözü olan varmı?

Səslər: Yoxdur.

Heydər Əliyev: Sizə cansağlığı arzu edirəm, sağ olun.

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış