"Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 75 illiyinə həsr edilmiş təntənəli yubiley iclasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi" (Naxçıvan, 12 oktyabr 1999-cu il) sənədinə tarixi arayış


1922-ci ilin dekabrında birinci Zaqafqaziya Sovetlər Qurultayı Naxçıvan məsələsi üzrə qəbul etdiyi xüsusi qərarda Naxçıvanın muxtariyyat statusunda Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu təsdiq edib. 1923-cü il dekabrın 5-də Azərbaycan Mərkəzi İnqilab Komitəsi Naxçıvan muxtar diyarının Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi haqqında qərar qəbul edərək onun təsdiq olunmasını Zaqafqaziya Mərkəzi İnqilab Komitəsindən xahiş edib. Zaqafqaziya Mərkəzi İnqilab Komitəsi 1924-cü il yanvarın 8-də bu qərarı təsdiq edib. Azərbaycan SSR Mərkəzi İnqilab Komitəsinin 1924-cü il 9 fevral tarixli dekreti ilə Naxçıvan muxtar diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi təsdiq olunub.

Azərbaycanın himayəsi altında Naxçıvanın muxtar ərazi statusu RSFSR ilə Türkiyə arasında 1921-ci ilin mart ayında imzalanmış Moskva müqaviləsində, Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında 1921-ci ilin oktyabrında imzalanmış Qars müqaviləsində təsdiq edilib. Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul edilmiş konstitusiyası ilə Azərbaycanın qədim tarixi torpağı olan Naxçıvan MR-ə Azərbaycanın tərkibində muxtar dövlət statusu verilib. Bu konstitusiya ilə üzvi surətdə bağlı olan Naxçıvan MR-nın yeni konstitusiyası Azərbaycan Respublkasının Milli Məclisi tərəfindən təsdiq olunduqdan və prezident tərəfindən imzalandıqdan sonra 1999-cu il yanvarın 8-də qüvvəyə minib.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1999-cu il 4 fevral tarixində verdiyi "Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi haqqında" fərmana uyğun olaraq muxtar respublikada həmin ilin oktyabrında təntənəli yubiley tədbirləri keçirilib. Bu tədbirlərdə dövlət başçısı Heydər Əliyev də iştirak edib. Sərəncamda həmçinin, "Naxçıvan Ensiklopediyası"nın yaradılması da nəzərdə tutulub.

Oktyabrın 12-də Naxçıvan şəhərində keçirilən təntənəli yubiley iclasında Azərbaycan Respublikasının və Naxçıvan MR-nin rəhbər işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan MR Ali Məclisinin deputatları, əmək adamları, elm, mədəniyyət, incəsənət xadimləri, Türkiyə Respublikasından və İran İslam Respubliksından gəlmiş rəsmi qonaqlar, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları iştirak ediblər.

Toplantıda edilən çıxışlar zamanı Naxçıvan MR-nin təşkil olunması ilə bağlı yubileylərin Sovetlər Birliyi dövründə bir neçə dəfə qeyd edildiyi, ancaq bu qədim yurdun muxtariyyat qazanması ilə bağlı növbəti yubileyin dövlət müstəqilliyi şəraitində ilk dəfə qeyd olunduğu bildirilib.

1999-cu il oktyabrın 12-də keçirilən yubiley iclasında iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev toplantıda çıxış edərək Naxçıvanın bütövlüyü, təhlükəsizliyi, dövlətçiliyi və muxtariyyatın gələcəkdə də təmin edilməsi üçün Qars müqaviləsinin çöx böyük, əvəzolunmaz bir sənəd olduğunu vurğulayıb.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü il fevralın 9-da "Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamda Naxçıvan Muxtar Respublikasının yaradılmasının və bu əlamətdar tarixin qeyd olunmasının Azərbaycan üçün böyük tarixi - siyasi əhəmiyyəti vurğulanıb.

Tarixi arayış 2 fevral 2009-cu ildə tərtib edilib.