Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair sənədlərin imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - İstanbul, "Çırağan sarayı", 18 noyabr 1999-cu il


scotch egg
scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli prezidentlər!

Hörmətli dostlar!

Hörmətli xanımlar və cənablar!

Mən bu gün böyük iftixar hissi keçirirəm. Ona görə ki, beş il bundan öncə, 1994-cü ilin sentyabr ayında Bakıda imzalanmış "Əsrin müqaviləsi" adlı böyük neft müqaviləsinə, Xəzər dənizinin neft və qaz ehtiyatlarından müştərək istifadə etmək üçün yaranmış konsorsiumun tərkibinə Azərbaycan, Amerika Birləşmiş Ştatları, Avropa ölkələri, Türkiyə və Rusiya daxildirlər və bu müqavilənin imzalanmasından beş il keçəndən sonra həmin müqavilə imzalanarkən nəzərdə tutulmuş Bakı-Tbilisi-Ceyhan neft kəmərinin həyata keçirilməsi üçün artıq bu gün bu sənədlər imzalandı.

Məlumdur ki, bu, asan iş deyildi. Bizim qarşımızda çox böyük çətinliklər var idi. "Əsrin müqaviləsi" imzalananda da biz böyük çətinliklərlə rastlaşdıq. Sonra da Bakı-Ceyhan neft kəmərini çəkmək üçün bizim qarşımızda çox böyük maneçiliklər, əleyhimizə çıxanlar var idi. Ancaq biz öz iradəmizi itirmədik, başladığımız işi axıra çatdırdıq.

Bu barədə Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında olan əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Ona görə də mən Türkiyə Cümhuriyyətini, Türkiyə xalqını və Türkiyə Cümhuriyyətinin Prezidenti, əziz dostum, qardaşım Süleyman Dəmirəli ürəkdən təbrik edirəm.

Biz bu boru xəttini Gürcüstandan keçiririk. Şübhəsiz ki, əgər bu xəttin Gürcüstan ərazisindən keçməsi mümkün olmasaydı, bu, baş tutmazdı. Ona görə də Gürcüstan Prezidenti cənab Şevardnadzenin də bu məsələnin həll edilməsi üçün çox böyük səyləri olmuşdur. Mən gürcü xalqını, Gürcüstanı və əziz dostum, qardaşım Eduard Şevardnadzeni ürəkdən təbrik edirəm.

Ancaq onu da bəyan edirəm ki, əgər bu məsələləri həyata keçirmək üçün Amerika Birləşmiş Ştatlarının dəstəyi olmasaydı biz bunların heç birisini edə bilməzdik.

"Əsrin müqaviləsi"nin imzalanmasından əvvəl müstəqil Azərbaycana qarşı bir il böyük təzyiqlər göstərildi. Bizim qarşımızı almaq istəyirdilər. Məhz Amerika Birləşmiş Ştatlarının, onun Prezidenti, hörmətli dostum cənab Bill Klintonun dəstəyi nəticəsində biz 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"ni imzaladıq. Amma ondan sonra da problemlərimiz çox oldu. Bakı-Ceyhanı başqa ölkələr qəbul etmirdilər. Ancaq hörmətli cənab Prezident Bill Klinton bu məsələ ilə ardıcıl surətdə məşğul olurdu, bizə dəstək, ruh verirdi və Türkiyəni, Azərbaycanı, Gürcüstanı, Xəzəryanı başqa ölkələri bu məsələyə cəlb edirdi, öz hörməti, öz nüfuzu ilə, bu barədə ardıcıl siyasəti ilə biz belə böyük "Əsrin müqaviləsi"nin imzalanmasına nail olduq.

Ona görə də mən, biz hamımız birlikdə Amerika Birləşmiş Ştatlarına, onun Prezidenti, əziz dostumuz cənab Bill Klintona təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Hörmətli cənab Prezident Bill Klinton, mən sizi də bu münasibətlə ürəkdən təbrik edirəm.

Bu boru xəttinin, yəni neft kəmərinin istifadə edilməsi layihəsinə indi Qazaxıstan da qoşulubdur. Qazaxıstan da öz neftinin böyük bir hissəsini bu kəmər vasitəsilə keçirəcəkdir.

Biz Azərbaycan olaraq, - Gürcüstan da bunu qəbul edibdir, bunu qəbul etmişik və üzərimizə düşən bütün öhdəlikləri həyata keçirəcəyik. Hesab edirəm ki, Qazaxıstan bu yolla, bu boru xətti ilə neftin ixracında böyük uğurlar əldə edəcəkdir. Ona görə də mən qazax xalqını və Qazaxıstan Prezidenti, əziz dostum Nursultan Nazarbayevi ürəkdən təbrik edirəm.

Mən Türkiyə xalqına, Türkiyənin vətəndaşlarına hörmət və ehtiramımı bildirirəm və onları təbrik edirəm. Beş ildir ki, Türkiyəyə hər dəfə gələndə mənə sual verirdilər: Bakı-Ceyhan boru xətti nə vaxt olacaqdır? Mən də hər dəfə deyirdim ki, olacaqdır, olacaqdır, olacaqdır! Artıq bu gün bu, oldu və saziş imzalandı. Hamınızı ürəkdən təbrik edirəm!

"Azərbaycan" qəzeti, 19 noyabr 1999-cu il.

Oçerklər

NEFT STRATEGİYASI

Ümumi tarixi arayış

NEFT STRATEGİYASI

Tarixi arayış

Neft və qaz kəmərləri