Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasına rəsmi səfər zamanı İran Xarici İşlər Nazirliyinin siyasi araşdırmalar mərkəzinin diplomatik kurslarında təhsili başa çatdırmış müdavimlər qarşısında çıxışı - 2 iyul 1994-cü il


İran İslam Respublikasının xarici işlər naziri hörmətli Əli Əkbər Vilayəti!

Siyasi araşdırmalar mərkəzində çalışan hörmətli müəllimlər və diplomatlar!

Hörmətli cənablar və xanımlar!

İran İslam Respublikasına səfərimin son günündə burada sizinlə bir yerdə olmağımdan çox məmnunam və hamınızı Azərbaycan xalqı adından, öz adımdan salamlayıram.

Bu gün burada mühüm bir hadisə baş verir. Azərbaycanın xarici işlərlə məşğul olan bir qrup mütəxəssisi burada təhsili bitirdikləri haqqında müəyyən sənədlər alır. Mən bu hadisənin iştirakçısı olduğumdan çox məmnunam. Siyasi araşdırmalar mərkəzinin diplomatik kurslarını bitirən Azərbaycandan gəlmiş məzunları təbrik edir, İranın Xarici İşlər Nazirliyinə respublikamıza göstərdiyi bu yardıma görə təşəkkürümü bildirirəm.

İran İslam Respublikasının prezidenti hörmətli Haşimi-Rəfsəncaninin dəvəti ilə mən dördüncü gündür ki, İranda rəsmi səfərdəyəm. Burada bizim çox faydalı görüşlərimiz olub və belə hesab edirəm ki, bu səfər İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin gələcək inkişafı üçün mühüm mərhələdir.

Bildiyiniz kimi, Azərbaycan öz müstəqilliyini çox gec- yəni bir-iki il bundan əvvəl qazanıbdır. Respublikamız müstəqil bir dövlət kimi dünya birliyində öz yerini tutmaqdadır. Bu dövrdə Azərbaycan çox ağır çətinliklərlə rastlaşıb, Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb. Altı ildir ki, Azərbaycan müharibə şəraitindədir. Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının ərazisinin yüzdə iyirmi hissəsini işğal edib. Azərbaycanın bu məntəqələrdə yaşayan vətəndaşları qaçqın düşüb. Bir milyondan artıq azərbaycanlı öz yerini-yurdunu, evini-eşiyini itirib qaçqın vəziyyətində yaşayır.

Respublikamızın müharibə şəraitində olması müstəqil Azərbaycanın həyatında böyük çətinliklər yaradıb. Bununla əlaqədar İranın İslam Respublikasının Azərbaycana göstərdiyi yardıma görə, İranın Xarici İşlər Nazirliyinin bu sahədəki fəaliyyətinə görə mən öz təşəkkürümü bildirirəm. Burada, Xarici İşlər Nazirliyində olduğum üçün Azərbaycanın xarici siyasəti haqqında bir neçə kəlmə demək istəyirəm.

Azərbaycan müstəqil dövlətdir və öz müstəqiliyini heç vaxt əldən verməyəcəkdir. Azərbaycan 70 ildən çox müddətdə kommunist rejimi, sosializm şəraitində yaşamışdır. Azərbaycan xalqı, respublikamız indi bu rejimdən, bu ideologiyadan imtina edərək öz həyatını, taleyini tarixi, mənəvi ənənələri əsasında, Allahın buyruğu ilə qurmaq, həll etmək istəyir. Azərbaycan müstəqilik yolu ilə gedir, demokratik hüquqi dövlət qurur, respublikada daxili siyasət Azərbaycanda demokratik prosesləri inkişaf etdirmək, siyasi plüralizmə yol açmaq, iqtisadiyyatı bazar münasibətləri yolu ilə aparmaq məqsədlərinə, yəni köhnə rejimdən tamamilə imtina olunmasına xidmət edir. İndi biz keçid dövründəyik. Bu dövrün çətinlikləri çoxdur. Əminəm ki, biz bu keçid dövrünü ötüb keçəcəyik və Azərbaycan öz həyatını dünyanın sivilizasiyalı ölkələrində əldə olunmuş nailiyyətlərindən istifadə edərək quracaqdır.

Azərbaycanın xarici siyasəti azad və müstəqildir. Ölkəmiz bütün dünya dövlətləri üçün açıqdır. Biz Azərbaycanın müstəqilliyini tanıyan, onun mənafeyinə toxunmayan, ölkəmizə müsbət münasibət göstərən hər bir dövlətlə əlaqələr qurmağa hazırıq və belə əlaqələr qururuq.

Azərbaycan bütün ölkələrlə ikitərəfli, qarşılıqlı surətdə faydalı əlaqələr qurmaq yolu ilə gedir və bu yolu davam etdirəcəkdir. Azərbaycan öz xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin genişlənməsinə çox böyük fikir verir. Qonşu dövlətlərlə Azərbaycanın tarixi əlaqələri sıx olduğuna görə ölkəmiz həmin münasibətlərin bundan sonra da inkişaf etməsinə çalışır.

Azərbaycanla İran arasındakı münasibətlər dərin köklərə malikdir. Bizim xalqlarımız əsrlər boyu bərabər yaşamış, bir yerdə olmular. Bizim tarixi, mənəvi dəyərlərimiz eynidir. Biz hamımız, yəni İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlardır. İslam aləminin dəyərləri bizim üçün əzizdir, möhtərəmdir. Biz bu dəyərləri öz həyatımızda bundan sonra da bərqərar edəcəyik. Elmi, mənəvi, mədəni əlaqələrimiz bizi tarixi boyu birləşdirib. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının çox böyük sərhədi var. Bunları nəzərə alaraq Azərbaycan İran İslam Respublikası ilə dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirmək əzmindədir.

Doğrudur, bu əlaqələrdə son vaxtlar müəyyən soyuqluq əmələ gəlib, ancaq biz bunları aradan qaldırmışıq və qaldırırıq. İran İslam Respublikasının prezidenti Haşimi-Rəfsəncani keçən ilin oktyabr ayında Azərbaycanda rəsmi səfərdə olandan sonra bu əlaqələr müsbət istiqmətdə inkişaf edir və biz bunu davam etdirəcəyik. Məhz buna görə də mən İran İslam Respublikasının prezidenti Haşimi-Rəfsəncaninin dəvətini qəbul edib buraya gəlmişəm və burada gördüyümüz işlər, aparılan danışıqlar onu göstərir ki, biz düz yoldayıq və bu yolla da gedəcəyik. Tam əmin ola bilərsiniz ki, İranla Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrinin inkişaf etməsi üçün biz bütün səyləri göstərəcəyik. Mən bir prezident kimi, bu siyasətin təminatçısı kimi çıxış edirəm.

Azərbaycan digər qonşu ölkələrlə də dostluq əlaqələrini davam etdirir. Bu baxımdan Gürcüstanla əlaqələrimiz dostluq xarakteri daşıyır. Rusiya ilə əlaqələrimizdə əvvəllər müəyyən çətinliklər olmuşdu, indi bunlar aradan qaldırılır və əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir. Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələri inkişaf edir və inkişaf edəcəkdir. Azərbaycan Avropa və dünya ölkələri ilə qarşılıqlı surətdə faydalı əlaqələri inkişaf etdirəcəkdir. Bu, bizim xarici siyasətimizin əsas prinsipləridir və biz bunun əsasında irəliyə gedəcəyik.

Bunların hamısını sizə çatdıraraq bir daha demək istəyirəm ki, Azərbaycanla İran arasındakı münasibətlər xüsusi xarakter daşıyır. Məni bu səfərdə Azərbaycanın görkəmli simaları - alimləri, yazıçıları, siyasətlə məşğul olan şəxsləri müşayiət edirlər. Onların əksəriyyəti bu salondadır. Onlar Azərbaycanın tarixi, qədim ədəbiyyatı ilə məşğul olan, böyük əsərlər yazmış adamlardır. Elmi işlə, yaradıcılıq işləri ilə məşğul olan şəxslər həmişə Azərbaycanla İran arasında, xalqlarımız arasında dostluq, qardaşlıq əlaqələrini və tarixi köklərimizin birliyni təhlil edərək öz əsərlərində əks etdirmişlər. Belə hesab edirəm ki, onlar həmin sahədəki fəaliyyətlərini bundan sonra da davam etdirəcəkdir. Əgər keçmişdə onlar çox böyük maneələr keçərək elmi tədqiqat işləri aparmırlarsa, indi İranın qapıları Azərbaycan üçün, Azərbaycanın qapıları isə İranın alimləri, şairləri, yazıçıları, tədqiqatçıları, diplomatları üçün açıqdır. Hər iki tərəf bu imkanlardan istifadə edib xalqlarımızın bir-birinə yaxınlaşmasına səy göstərməlidir. Mən əminəm ki, Azərbaycan tərəfindən belə şeylər göstəriləcəkdir.

Bizim ən böyük problemimiz Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzüdür. Bu təcavüz davam edir, Azərbaycan torpaqları işğal edilir. İşğal olunmuş ərazilərimizdə erməni silahlı qüvvələri Azərbaycanın milli, mənəvi sərvətlərini, İslam aləminə aid olan tarixi abidələri vəhşicəsinə dağıdırlar. Bilirsiniz ki, yaradılan şeyi dağıtmaq həmişə etiraz, həyəcan doğurur. Ancaq mənəvi, dini sərvətlərin, İslamın müqəddəs sərvətlərinin, əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə çatdırılan abidələrin dağıdılması qəlbimizi sıxır, bizi dəhşətə gətirir, həyəcanlandırır və bir daha bizi torpaqlarımızın müdafiəsinə dəvət edir.

Şübhəsiz ki, biz Ermənistan kimi kiçik bir dövlətin öhdəsindən gəlməyə qadirik. Azərbaycanın iqtisadi potensialı, qüvvəsi Ermənistandan qat-qat şoxdur. Ancaq siz bilməlisiniz ki, Ermənistanın müharibədəki üstünlüyünün əsas səbəbi dünyanın böyük dövlətlərinin ona kömək göstərməsidir. Ermənistanın heç bir təbii sərvəti yoxdur, iqtisadi vəziyyəti ağırdır. Ancaq xarici ölkələrdə - Amerikada, Avropada, Rusiyadakı erməni diasporunun böyük sərvətləri Ermənistana axır, ona kömək edir. Ermənistana dəstək verən, kömək göstərən ölkələr başqa sahələrdə də ona yardım edirlər, o cümlədən hərbi sahədə Ermənistan bu köməkdən istifadə edərək Azərbaycan torpaqlarını işğal etməyə nail olur. Ancaq bu o demək deyil ki, həmişə belə olacaq. Yox, heç vaxt olmayacaq.

Azərbaycan xalqı əsrlər boyu öz milli azadlığı, müstəqilliyi uğrunda vuruşub, döyüşüb, mübarizə aparıb, qurbanlar, şəhidlər verib. Doğrudur, belə də olub ki, Azərbaycan müvəqqəti olaraq məqlubiyyətlərə uğrayıb. Ancaq bütün bunlar müvəqqəti olub. Bundan sonra Azərbaycan xalqı yenə də ayağa qalxıb, yüksəlib, öz qamətini düzəldib, yenə də öz müstəqilliyini, azadlığını əldə edibdir. Güman edirəm ki, bundan sonra da edəcəkdir.

Mən belə hesab edirəm ki, siz bizim dərdlərimizi daha yaxşı başa düşürsünüz. Çünki İran xalqı həmişə öz ərazisini qorumaq üçün müharibələr aparıb. Buna görə də bizim dərdimizi daha yaxşı, daha yaxından, qəlbdən hiss edə bilərsiniz. Siz çoxlu şəhidlər vermisiniz, ölkənizi müdafiə etmisiniz, İran İslam Respublikasının ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını qorumusunuz.

Azərbaycan da öz ərazisinin bütövlüyü, sərhədlərinin toxunulmazlığı uğrunda mübarizə aparır. Azərbaycanın başqa heç bir fikri yoxdur. Ölkəmiz heç bir dövlətin torpağına göz dikməyib, Azərbaycan ancaq öz ərazisini, özünə məxsus olan sərvətləri qorumağa çalışır, müharibə aparır. Ona görə də biz öz xarici siyasətimizdə beynəlxalq normaların əsası olan prinsipi - hər bir müstəqil dövlətin ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının qorunmasını müqəddəs prinsip kimi qəbul etmişik və edirik. Biz buna riayət edirik. İran İslam Respublikasının ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını öz torpaqlrımızın, öz ərazimizin, öz ərazisinin, öz sərhədlərimizin toxunulmazlığı kimi qəbul edirik, ona hörmət etmişik və hörmət edirik. Eyni zamanda biz bütün dövlətlərin, o cümlədən İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı üçün öz səsini qaldırmasını arzu edirik və güman edirik ki, həmin səslər bundan sonra da gur olacaq.

Bu salonda çıxış edərkən mən həm İran İslam Respublikasının, həm də Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması naminə verilmiş şəhidlərin qəhrəmanlığını qeyd edirəm, onların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi sizdən rica edirəm. Allah onlara rəhmət etsin.

Azərbaycan xalqı bütün bu bəlalardan çıxmağa qadirdir. Biz heç vaxt sınmayacağıq, bizim iradəmiz heç vaxt dönməyəcək. Yenə də deyirəm ki, bir başqa ölkənin, başqa dövlətin torpağına göz dikməmişik, ancaq öz ərazimizi, öz torpağımızı qorumağa çalışacağıq və buna nail olacağıq. Azərbaycan öz müstəqilliyini heç vaxt əldən verməyəcək. Xalıqmız öz milli zadlığını qoruyacaqdır.

Bu fürsətdən istifadə edib İran İslam Respublikasına, onun rəhbərlərinə, İran xalqına öz hörmət və ehtiramımı bildirirəm. İran xalqına bundan sonra da xoşbəxtlik və səadət arzu edirəm.

"Azərbaycan" qəzeti, 4 iyul 1994-cü il