Azərbaycan Xalq Cümhuriyyəti


28 may 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın və türk dünyasında ilk dünyəvi dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edilib. Məmmədəmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurasının mayın 28-də Tbilisidə Həsən bəy ‎Ağayevin sədrliyi ilə keçirilən tarixi iclasında İstiqlal ‎Bəyannaməsi qəbul olunub. Bu bəyannamə müsəlman Şərqində ilk dəfə olaraq ‎Azərbaycanda demokratik respublika idarə üsulunun, parlamentli respublikanın ‎yaradıldığını bəyan edib. Azərbaycanın dövlətçilik tarixində ilk ‎konstitusiya aktı olan bu bəyannamə müstəqil Azərbaycan dövlətinin yarandığını, onun ‎prioritetlərini, məramını elan edib.

Azərbaycan Xalq Cümhuriyyətinin Fətəli xan Xoyskinin başçılığı ilə ilk müvəqqəti hökuməti aşağıdakı tərkibdə olub:‎

Fətəli xan Xoyski- Nazirlər Şurasının sədri və daxili işlər naziri;‎

Xosrov Paşa bəy Sultanov- hərbi nazir;‎

Məmməd Həsən Hacınski- xarici işlər naziri;‎

Nəsib bəy Usubbəyov- maliyyə naziri və xalq maarif naziri;‎

Xəlil bəy Xasməmmədov - ədliyyə naziri;‎

Məmməd Yusif Şeyxülislamov - əkinçilik naziri və əmək naziri;‎

Xudadat bəy Məlik Aslanov- yollar naziri və poçt-teleqraf naziri;‎

Camo bəy Hacınski- dövlət nəzarətçisi.‎

Cəmi 23 ay yaşayan cümhuriyyət dövlət quruculuğu sahəsində mühüm qərarlar ‎qəbul edib. 1918-ci ilin iyununda Milli Ordunun yaranması haqqında qərar ‎çıxarılıb. Həmin ayın 27-də isə Azərbaycanın tarixində ilk dəfə olaraq Azərbaycan ‎dili dövlət dili elan edilib. 1918-ci il noyabrın 9-da Azərbaycanın indiki üçrəngli ‎dövlət bayrağı qəbul edilib. Eyni zamanda Azərbaycan vətəndaşları haqqında ‎qanun da qəbul olunub. Qeyd edək ki, Azərbaycan bütün Şərqdə qadınlara seçki hüququ verilən ilk ‎ölkədir.

Azərbaycan Demokratik Respublikasının xarici siyasətinin ən önəmli uğurlarından biri Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olmaq idi. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində 28 aprel 1920-ci ildə süqut edib və Azərbaycanda sovet hakimiyyəti qurulub. ‎

Azərbaycan Demokratik Respublikası az bir müddətdə mövcud olsa da Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, dövlət müstəqilliyinin əldə edilməsində, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynayıb. Bu dövlətin qısa bir müddət ərzində həyata keçirdiyi tədbirlər, dəyərli işlər xalqın dövlətçilik tarixində böyük izlər buraxıb. Qeyd edək ki, həmin dövrdə Azərbaycanın ərazisi 114.000 km2 olub.

"Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 1998-ci il tarixli sərəncamında deyilir: "Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir".

Qısa oçerk 15 oktyabr 2005-ci ildə tərtib edilib.