Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi münasibətilə mayın 26-da Milli Məclisin təntənəli iclasında Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 27 may 1998-ci il


Hörmətli Milli Məclis!

Hörmətli sədr, hörmətli deputatlar!

Sizi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, Azərbaycanın müstəqilliyinin inkişafı naminə gələcək işlərinizdə sizə uğurlar arzulayıram.

Mən sizin hamınızı səmimi qəlbdən salamlayıram, Azərbaycan dövlətinin böyük bir qanadını təşkil edən Milli Məclisin deputatlarının hamısına öz hörmət və ehtiramımı bildirirəm.

Biz Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyini böyük iftixar hissi ilə bayram edirik. Bu münasibətlə son aylar Azərbaycan Respublikasında həyata keçirilən tədbirlər, təntənəli mərasimlər, elmi konfranslar Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini müasir Azərbaycan üçün daha da geniş təqdim etdi, eyni zamanda ötən 80 ildə Azərbaycan xalqının keçdiyi yolu və əldə etdiyi nailiyyətləri də yüksək qiymətləndirdi.

Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət yaşayıbdır. Ancaq o, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olub və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoyubdur. Məhz buna görə də Azərbaycanın bütün vətəndaşları - biz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını, onun fəaliyyətini və Xalq Cümhuriyyətini yaradanları, o dövrdə qəhrəmanlıq nümunələri göstərən insanları böyük minnətdarlıq hissi ilə yad edirik. Eyni zamanda, biz ondan sonrakı dövrü də yüksək qiymətləndiririk.

1992-ci ilin sonunda Azərbaycan xalqı 1918-ci ildə əldə olunmuş və sonra itirilmiş müstəqilliyini bərpa etmişdir. Ötən altı il müddətində biz müstəqillik şəraitində yaşayırıq. Azərbaycan öz müstəqilliyini dünyaya sübut etdi, beynəlxalq təşkilatlarda təsdiq etdi və istiqlaliyyətimizin daimi, əbədi olmasının əsasını yaratdı.

1918-1920-ci illər kimi, son altı il də çox mürəkkəb, çox çətin dövr olmuşdur. Ancaq biz qürur hissi ilə deyə bilərik ki, bu çətinliklərin öhdəsindən gələ bilmişik, mürəkkəb şəraitdə dövlətimiz yaşayır və yaşamaqdadır, bundan sonra da uğurla yaşayacaqdır.

Azərbaycanda müstəqil dövlətin hüquqi-normativ əsaslarını yaratmaq üçün Azərbaycanın parlamenti, Milli Məclisi bu illərdə çox iş görübdür. Xüsusən 1995-ci ilin noyabr ayında Azərbaycan Respublikasının, müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyasının ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi XX əsrin tarixi hadisələrindəndir. 1995-ci il noyabrın 12-də Azərbaycanda demokratik seçkilər əsasında - açıq, sərbəst, ədalətli seçkilər əsasında, çoxpartiyalı sistem əsasında müstəqil Azərbaycanın ilk parlamenti seçildi.

O gündən indiyə qədər parlament səmərəli fəaliyyət göstərir və Azərbaycanda dövlət quruculuğu prosesinin, siyasi, iqtisadi islahatların həyata keçirilməsinin, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsinin fəal iştirakçısı olubdur. Mən Milli Məclisin, parlamentin xüsusən son dövrlərdəki fəaliyyətini yüksək qiymətləndirirəm. Dövlət, hakimiyyət orqanları Konstitusiya ilə təsbit olunmuş funksiyalarına, səlahiyyətlərinə ilbəil daha çox öyrəşirlər və bu səlahiyyətləri, prinsipləri daha da doğru-düzgün mənimsəyə bilirlər. Bunlar da hər bir dövlət orqanının öz çərçivəsində, səlahiyyətləri dairəsində səmərəli işləməsi üçün yaxşı imkanlar yaradır.

Bu baxımdan son dövrdə Milli Məclisin, Azərbaycanın parlamentinin fəaliyyəti də təqdirəlayiqdir. Mən bunu yüksək qiymətləndirirəm.

Həyatımızın əsasını təşkil edən qanundur. Bizim əsas qanunumuz Konstitusiyadır. Konstitusiyamızın əsasında qəbul olunan qanunlar bu gün də, gələcəkdə də Azərbaycan Respublikasının, Azərbaycan dövlətinin inkişafını təmin edən əsas sənədlərdir. Bu qanunlar da Milli Məclisdə müzakirə edilir və Milli Məclis tərəfindən qəbul olunur.

Hər bir demokratik dövlətdə, hakimiyyət bölgüsü prinsipi əsasında qurulmuş dövlətdə qanunvericilik fəaliyyəti çox mühüm əhəmiyyət kəsb edir. Qanunvericilik fəaliyyəti nəticəsində qanunlar yaranır və bu qanunlar əsasında da cəmiyyət formalaşır, qanunlar əsasında insanlar fəaliyyət göstərir, öz həyatını qurur, qanunlar əsasında dövlətin bütün budaqları öz fəaliyyətini səmərəli apara bilir. Buna görə də qanunvericilik fəaliyyəti, yenə də deyirəm, dövlətin ən mühüm bir hissəsidir. Bu baxımdan sizin gördüyünüz işlər yüksək əhəmiyyətə malikdir və əldə etdiyiniz nəticələr də təqdirəlayiqdir.

Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir. Biz bu varislik prinsipini şərəflə, sədaqətlə yerinə yetiririk. Şübhəsiz ki, 1918-1920-ci illərlə 1990-cı illər arasında böyük fərq var, yaxud o dövrlə bu dövr arasında çox böyük məsafə var. Bu məsafə də boşluqdan ibarət deyil - bu 70 ildə Azərbaycan xalqı yaşayıb, yaradıb, xalq kimi, millət kimi inkişaf edibdir və Azərbaycanın bu gün mövcud olan iqtisadi, siyasi, intellektual, mədəni potensialını yaradıbdır. Bunlar hamısı birlikdə bu 70 illik dövrü təşkil edir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyini bayram edərkən Azərbaycan xalqının keçdiyi 80 illik yolu qiymətləndirir və əldə olunan bütün nailiyyətlərə qiymət veririk, bizim nailiyyətlərimizi bayram edirik.

Şübhəsiz ki, heç bir ölkədə heç bir zaman nailiyyət qurbansız, itkisiz hasil olmur. Bu, bizim ölkəmiz, Azərbaycan üçün də xasdır. Burada təəccüblü heç bir şey yoxdur. Bizim tarixçilər bunu təhlil edirlər, etməlidirlər, hər şeyi də öz yerinə qoymalı, hər şeyə də özünəməxsus qiymət verməlidirlər. Ancaq bu gün biz müstəqil Azərbaycan dövlətini qurub yaradanlarıq. Müstəqil Azərbaycan dövlətini qurub yaradarkən tarixi keçmişimizi həmişə qiymətləndirir, nailiyyətlər üçün sevinir, itkilər, qurbanlar üçün kədərlənirik, təəssüf edirik.

Azərbaycan Respublikasının Milli Məclisi Xalq Cümhuriyyətinin yaratdığı parlamentin indi də varisidir. Varislik həmişə eyni zamanda böyük məsuliyyət demək olubdur. Varislik o demək deyil ki, sən o hadisəni olduğu kimi təkrar edəsən, yaxud o səviyyədə yaşayasan. Hər bir varis varislik prinsipini əziz tutaraq, o dövrün, o hadisənin varisi olaraq o hadisəni, o dövrü, o quruluşu daha da yüksəklərə qaldırmalıdır. Biz Azərbaycanda bunu edirik və bu sahədə çox şeylərə nail olmuşuq.

Hesab edirəm ki, Azərbaycanın bugünkü Milli Məclisi varislik adını şərəflə daşıyır, eyni zamanda, ötən illərdə və xüsusən son dövrdə Azərbaycanın müstəqil dövlətini inkişaf etdirmək üçün çox işlər görübdür. Bütün bunlara görə də mən sizə öz hörmət-ehtiramımı bildirirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz qazandığınız nailiyyətləri gələcəkdə daha da yüksəldəcək və bu şərəfli ada layiq olacaqsınız.

Azərbaycanın bugünkü reallığı ölkəmizdə daha da sıx birliyin, həmrəyliyin olmasını tələb edir, Mən məmnunam ki, Azərbaycanın indiki demokratik quruluşunda hakimiyyətin bütün budaqları, qanadları arasında Konstitusiyanın prinsiplərinə əsaslanan sağlam münasibətlər yaranıb və bu da bizim hamımız üçün - həm parlament, həm ali icra orqanı, bütün icra orqanları üçün, həm də məhkəmə orqanları üçün səmərəli işləməyə çox yaxşı şərait yaradıbdır. Mən parlamentlə prezident arasında olan işgüzar, sağlam, prinsipial münasibətləri xüsusi qeyd edirəm.

Bu gün çıxış edən deputatlar 1918-1920-ci illərdə Xalq Cümhuriyyətinin həyatında olmuş çəkişmələr, didişmələr, hakimiyyət mübarizəsi və şəxsi mənafeyinə görə ümummilli mənafeyə zərbələr vurulması faktlarını da xatırlatdılar. Bu da həqiqətdir. Biz bütün keçmişdən ibrət götürməliyik. Keçmişin yaxşı cəhətlərindən, bu gün üçün xeyirli, yararlı tərəflərindən istifadə etməli, amma keçmişin zərərli tərəflərinin yenidən meydana gəlməsinə yol verməməliyik.

Təəssüflər olsun ki, ötən altı il müddətində Azərbaycanın müstəqil yaşaması təxminən 1918-1920-ci illərdə baş vermiş hadisələrə bənzər hadisələrlə də müşayiət olunubdur. Ancaq bunlar bizim üçün nə qədər çətinliklər yaratmış olsa da, Azərbaycanın dövlət müstəqilliyi yolu ilə uğurla getməsinin qarşısını ala, buna mane ola bilməyib və ola da bilməyəcəkdir. Amma bunlara baxmayaraq, bu gün də, gələcəkdə də həm Azərbaycanın Milli Məclisində, həm bütün hakimiyyət orqanlarında, həm də bizim cəmiyyətimizdə, xalqımızda sağlam prinsiplər əsasında, insan azadlıqlarının təmin edilməsi prinsipləri əsasında, fikir müxtəlifliyinin, siyasi plüralizmin tamamilə bərqərar olması əsasında vətəndaş həmrəyliyi, vətəndaş birliyi, xalq birliyi, həmrəyliyi olmalıdır.

Biz bu yolda çalışırıq və çalışacağıq. Sizi əmin edirəm ki, Azərbaycanın prezidenti kimi mən bu vəzifəni özümün əsas vəzifəm hesab edirəm və güman edirəm ki, biz bu sahədə çox şeylərə də nail olmuşuq. Ancaq hələ görüləsi işlər də çoxdur və aradan qaldırılası nöqsanlar da var. Ümidvaram ki, bizim müştərək işimizin nəticəsində, indiyə qədər mövcud olmuş sağlam əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsi vasitəsilə Azərbaycanda həm cəmiyyətdə, həm də hakimiyyət orqanlarında daha da sağlam mühit, sağlam əhval-ruhiyyə yaradacağıq və daha da çox birliyə, həmrəyliyə nail olacağıq.

Mən bu böyük bayram münasibətilə sizi bir daha təbrik edir və Xalq Cümhuriyyətinin 80 illiyinin Azərbaycanın parlamentində, Milli Məclisində xüsusi müzakirə olunmasını və bayram iclasının keçirilməsini də çox əlamətdar hadisə hesab edirəm. Sizin hamınıza cansağlığı, işlərinizdə uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!

"Azərbaycan" qəzeti, 28 may 1998-ci il

Tarixi arayış