Azərbaycan Prezidenti Heydər Əliyevin Fransa Azərbaycan dostluq qrupunun sədri, senator Jan Buayenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - 10 sentyabr 2001-ci il


Heydər Əliyev: Cənab senator Jan Buaye, mən sizinlə və sizinlə bərabər Azərbaycana gəlmiş qonaqlarla görüşməyimdən çox məmnunam. Xoş gəlmisiniz.

Siz Fransa parlamentində Fransa-Azərbaycan dostluq qrupunun sədri kimi, çox illərdir çalışmısınız və Fransa-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün çox xidmətlər göstərmisiniz. Ona görə hər dəfə sizi görəndə məndə böyük minnətdarlıq hissi oyanır. Buyurun.

Jan Buaye: Cənab prezident, çox sağ olun. Mənim bu gün buraya səfərimin iki mənası var. Birincisi, ən əsası bir senator kimi gəldim ki, sizinlə görüşüm, vidalaşım və Sizə minnətdarlığımı bildirim. Çünki mən bundan sonra, yəni sentyabr ayında senat seçkilərinə öz namizədliyimi təqdim etməyəcəyəm.

Cənab prezident, ikinci məqsədim isə odur ki, məni əvəz edəcək senator cənab Ambruaz Düponu Sizə təqdim etmək istəyirəm. Onun Senatda bu dostluq qrupunun sədri olmasını təklif edəcəyəm. Mən ümid edirəm ki, bu, qəbul olunacaqdır.

Cənab prezident, demək istəyirəm ki, mən həm bu vəzifəmi, həm dostluq qrupunda sədrliyimi həyəcansız dərk edə bilmirəm. Çünki özünüz yaxşı bilirsiniz, bir neçə il bundan əvvəl Sizin razılığınız və xeyir-duanızla biz bu dostluq qrupunu yaratmışdıq. Siz yaxşı bilirsiniz ki, biz fəaliyyətimizdə həddindən artıq çox səylər göstərmişik. Xüsusilə də Sizin qonşunuzla olan münasibətlərinizdə bu səylərimizi daha çox göstərmişik.

Cənab prezident, mənim yanımda dostum cənab Düpon oturmuşdur. Ondan xahiş edəcəyəm ki, bundan sonra da bizim bu məqsədimizi daha çox müdafiə etsin, daha çox Azərbaycanı müdafiə etsin. Əminəm ki, o, bunu edəcəkdir. O, əslində, elə Azərbaycan üçün səs verən 40 senatordan biridir.

Cənab prezident, Sizə demək istəyirəm ki, mən bizim yaratdığımız evin açarlarını çox böyük inamla, etibarla cənab Düpona verirəm. Sizə minnətdarlığımı bildirirəm ki, bizim Sizinlə görüşlərimiz zamanı mənə rəsmi və qeyri-rəsmi surətdə öz qayğılarınızdan, ölkənizin problemlərindən danışmısınız. Bu, mənim üçün böyük şərəf idi. Sizdən xahiş etmək istərdim ki, Siz bunu cənab Düpon üçün də edəsiniz.

Cənab prezident, Sizi əmin etmək istəyirəm ki, bu fəaliyyət bundan sonra da davam edəcəkdir. Mən Senatın sədri, dostunuzun salamlarını Sizə çatdırıram. O, məndən xahiş edibdir ki, onun ən xoş arzularını çatdırım. Onun fikri bundan ibarətdir və o, əvvəlki mövqeyində qalır, biz bir yerə yığışmalıyıq ki, qarşımıza çıxan problemləri birlikdə həll edək.

Mən dünya mətbuatından çox yaxşı bilirəm ki, Siz daim həmişə çalışmısınız ki, bu regionda sülhü, əmin-amanlığı bərpa edəsiniz. Sizin böyük dostunuz prezident Şirak da Sizin yanınızdadır. Mən deməliyəm ki, o da sülhsevər adamdır və həmişə Sizinlə birlikdə sülh axtarışlarını davam etdirəcəkdir.

Mənin əsas arzum ondan ibarətdir ki, ağıl, müdriklik hisslərə qalib gəlsin. Cənab prezident, Siz isə müdrik adamsınız. Müdrik adam olduğunuz üçün də həmişə düzgün mövqe tutmusunuz. Bu isə həmişə mənim ürəyimdə ən əziz bir fikir və ideya kimi qalacaqdır. Çox sağ olun.

Heydər Əliyev: Mənim əziz dostum, çox təşəkkür edirəm.

Mən qeyd etdim ki, Fransa-Azərbaycan dostluq qrupunun sədri kimi Siz uzun illər Fransa-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsində çox xidmətlər göstərmisiniz. İndi hər halda ki, siz artıq bu vəzifəni tərk edirsiniz, mən sizə bütün bu fəaliyyətinizə görə səmimi qəlbdən təşəkkür edirəm.

Bizim deməyə haqqımız var ki, bu illər Fransa ilə Azərbaycan arasında bir çox sahələrdə əlaqələrimiz inkişaf edibdir. O cümlədən parlamentlərarası əlaqələr çox yaxşı inkişaf edibdir. Ticarət əlaqələri, iqtisadi əlaqələr barədə də bunu demək olar. Azərbaycanda Fransanın böyük neft çirkətləri - "Total", "Elf Akiten" geniş fəaliyyət göstərirlər. Ancaq bunları hələ yetərli hesab etmək olmaz. Amma bunlardan da əsas, hesab edirəm, bizim ən böyük nailiyyətimiz odur ki, ölkələrimizi, xalqlarımızı bir-birinə daha da yaxşı tanıtmışıq.

Fransa böyük, qədim ölkədir. Qərb mədəniyyətinin, dünya mədəniyyətinin inkişafında və bütün dünyadakı demokratik proseslərin həyata keçirilməsində onun xidmətləri var. Ona görə də Fransanı, fransızları hər yerdə həm böyük ölkə kimi, həm böyük tarixə malik olan xalq kimi, həm də onların əldə etdiyi başqa nailiyyətlərə görə tanıyırlar. Azərbaycan isə gənc, müstəqil bir ölkədir, müstəqil bir dövlətdir. Biz bu il öz dövlət müstəqilliyimizin elan olunmasının onuncu ildönümünü qeyd edirik. Ona görə, təbiidir, biz hər şeydə gəncik. Mən demək istəmirəm ki, fransızlar gənc deyillər, qocalıblar. Sadəcə, mən ölkə, dövlət kimi deyirəm. Ona görə, təbiidir ki, Azərbaycan bir müstəqil dövlət kimi keçmişdə Fransada tanına bilməzdi. Çünki müstəqilliyi yox idi. Müstəqillik əldə edəndən sonra çox böyük səylər göztərmək lazım idi ki, Fransada Azərbaycanı yaxşı tanısınlar.

Biz - həm Fransa, həm də Azərbaycan - bu sahədə apardığımız müştərək işlərin nəticəsində Azərbaycanı Fransada müəyyən qədər tanıda bilmişik. Fransanı da Azərbaycan cəmiyyəti təkcə coğrafiya kitablarından, yaxud ayrı-ayrı başqa kitablardan alınan məlumatlar əsasında yox, ölkədə gedən proseslər, ölkənin müasir vəziyyəti, onun dünya syasətindəki yeri, rolu kimi çox mühüm məsələlər əsasında bu illərdə yaxşı öyrənə və lazımi biliklər ala bilibdir.

Mən bütün bu işlərdə sizin xidmətlərinizi bir daha qeyd etmək istəyirəm. Əsas odur ki, sizi bizim ölkəmizdə - həm hakimiyyət dairələrində, həm də cəmiyyətdə - Azərbaycana səmimi dostluq münasibəti göstərən br Fransa senatoru kimi tanıyırlar. Mən isə sizi artıq öz şəxsi dostum hesab edirəm. Prezident cənab Jak Şirakla mənim aramda çox səmimi dostluq əlaqələri yaranıbdır. Xüsusən, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün Rusiya, Amerika Birləşmiş Ştatları ilə bərabər, Fransa Minsk qrupunun həmsədri olan zamandan prezident cənab Şirakla mənim əlaqələrim daha da genişlənib və daha da dərinləşibdir. O, həm Fransanın prezidenti kimi, həm də bir şəxsiyyət kimi dünyada, beynəlxalq aləmdə, dünya siyasətində çox böyük xidmətlər göstərmiş insandır və böyük də hörmət qazanıbdır.

Bu ilin yanvar və fevral aylarında mən Parisdə onunla iki dəfə görüş keçirmişəm. Bizim telefon danışıqlarımız da olubdur. Məktublaşma vasitəsilə də əlaqələrimizi həyata keçiririk. Mən bu dostluq əlaqələrindən çox məmnunam. Hiss edirəm və görürəm ki, prezident cənab Jak Şirak Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün çox səmimi səylər göstərir. Bunlar hamısı son illər bizim əlaqələrimizin əldə etdiyi nailiyyətlərdir.

Mən təəssüf edirəm ki, siz öz vəzifənizi tərk edirsiniz. Çünki Azərbaycan artıq sizinlə çox yaxınlaşıbdır, dostlaşıbdır. Biz həmişə hiss etmişik ki, siz Azərbaycana qarşı səmimi münasibət göstərirsiniz. Amma qərar sizinkidir. Mən bunun qarşısını ala bilmərəm. Əgər mənimlə məsləhətləşsəydiniz, sizə deyərdim ki, hələ istefa verməyin, seçkilərdə yenə də iştirak edin. Ancaq dediniz ki, sizin dostunuz cənab Düpon gördüyünüz işlərin çox dəyərli davamçısı olacaqdır. Mən çox məmnunam ki, sizdən sonra sizə bənzər bir dost tapırıq. İnanıram ki, sizin kimi o da Azərbayca-Fransa əlaqələrinin inkişaf etdirilməsi üçün çalışacaq və bizimlə səmimi dostluq əlaqələri yaradacaqdır. Xahiş edirəm, Senatın sədrinə, parlamentin sədrinə mənim salamlarımı, hörmət və ehtiramımı çatdırasınız. Sizə bir daha təşəkkür edirəm və gələcək işlərinizdə uğurlar, həyatınızda xoşbətlik arzulayıram.

Jan Buaye: Cənab prezident, çox sağ olun.


"Azərbaycan" qəzeti, 11 sentyabr 2001-ci il.