Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri Cənab Corc Buşa - 14 iyun 2001-ci il


Əziz cənab prezident!

Bakıda "Xəzər neft, qaz neftayırma və neft kimyası VII beynəlxalq sərgi və konfransı" münasibəti ilə mənə göndərdiyiniz məktuba görə sizə təşəkkür edirəm.

Haqlısınız ki, artıq ənənə halını almış bu konfransın Bakıda keçirilməsi və onun işində dünyanın müxtəlif ölkələrini təmsil edən çoxsaylı şirkətlərin iştirak etməsi ölkəmizi Xəzər regionunda enerji sahəsinə qoyulan investisiyaların mərkəzinə çevirmişdir.

Məmnunam ki, enerji sektorundakı əməkdaşlığımız uğurlu davam edir. Xəzər dənizinin Azərbaycan sektorunda neft və qaz ehtiyatlarının işlənməsində və ixrac olunmasında Amerika şirkətləri xüsusi yer tutur. Azərbaycanda Amerikanın 9 nəhəng enerji şirkəti fəal iştirak edir, iqtisadiyyatımızın müxtəlif sahələrində 100- dən çox digər Amerika şirkətləri və birgə müəssisələri müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Təkcə "Əsrin müqaviləsi" üzrə layihədən Amerika şirkətləri indiyə kimi yarım milyard dollara qədər mənfəət əldə ediblər. Bütün bunlar böyük işlərin yalnız başlanğıcıdır.

Mən şərq qərb enerji - nəqliyyat dəhlizinin Azərbaycana və bütün regionumuza gətirəcəyi faydalar barədə Sizin fikirlərinizlə də tamamilə razıyam. Ümidvaram ki, Siz və rəhbərlik etdiyiniz administrasiya regionumuzun iqtisadi çiçəklənməsində və region dövlətlərinin azadlığının və suverenliyinin möhkəmlənməsində olduqca böyük əhəmiyyət kəsb edən bu nəhəng layihələrin həyata keçirilməsində bundan sonra da öz köməyini əsirgəməyəcəksiniz.

Mən Azərbaycanın tezliklə güclü, sabit və dinamik inkişaf edən iqtisadiyyata malik bir dövlət olacağına qəti əminəm. Bunun üçün ölkəmizə sərmayə qoymaq istəyən xarici şirkətlərdən ötrü əlverişli şərait yaratmaq məqsədi ilə biz bundan sonra da əlavə tədbirlər görəcək, apardığımız məqsədyönlü islahatları davam etdirəcəyik.

Ümid edirəm ki, biz bütün regionun inkişafına əngəl olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Sizin köməyinizlə sülh yolu ilə həll edilməsinə nail ola biləcəyik. Bir daha sizə bildirirəm ki, mən xalqımızın dövlətimizin və regionumuzun gələcəyini düşünərək, sülhün əmin - amanlığın bərqərar olmasının bütün regionun dirçəlişinə və xalqımızın firavan yaşamasına necə böyük və müsbət təsir edəcəyini gözəl anlayaraq lazımi addımlar atmağa hazıram. Lakin bunun üçün gərək Ermənistanın rəhbərliyi də konstruktiv mövqe tutaraq qarşılıqlı addımlar atsın.

Cənab prezident!

Məktubunuza görə Sizə bir daha təşəkkür edirəm. Sizi əmin edirəm ki, biz Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı çoxtərəfli, qarşılıqlı surətdə faydalı siyasi, iqtisadi əlaqələrin genişləndirilməsinə, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə daim sadiq qalacağıq və bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Dərin hörmətlə ehtiramla,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.