Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Əliəsgər Şerdust başda olmaqla İran İslam Respublikası Parlamenti İran– Azərbaycan dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşü - Prezident sarayı, 11 mart 2002-ci il


Bu görüşdən məmnun qaldığını bildirən Azərbaycan Prezidenti Heydər Əliyev nümayəndə heyətinin ölkəmizə səfər müddətində keçirdiyi çoxsaylı görüşlərdən xəbərdar olduğunu vurğuladı.

İran–Azərbaycan Dostluq Qrupunun rəhbəri Əliəsgər Şerdust İran prezidenti Məhəmməd Xatəminin səmimi salamlarını Azərbaycan dövlətinin başçısına çatdırdı. Nümayəndə heyətinin üzvlərini Prezident Heydər Əliyevə təqdim etdikdən sonra Əliəsgər Şerdust Azərbaycana indiki səfərinin təəssüratından danışdı. O, Azərbaycanda və onun ayrılmaz hissəsi olan Naxçıvanda son vaxtlar görülmüş quruculuq işlərinə heyran qaldığını ifadə etdi, Milli Məclisdəki səmərəli görüşlərdən söhbət açdı. Səfər günlərində ölkəmizdə müşahidə etdikləri sabitliyin onlarda xüsusi təəssürat doğurduğunu vurğulayan nümayəndə heyətinin başçısı Azərbaycanın bugünkü yüksəlişində Prezident Heydər Əliyevin müstəsna xidmətləri olduğunu bildirdi.

İran prezidentinin səmimi salamlarına görə təşəkkürünü bildirən Prezident Heydər Əliyev özünün ən xoş arzularını cənab Xatəmiyə çatdırmağı xahiş etdi. Prezident Heydər Əliyev vurğuladı ki, İranla dostluq münasibətlərinin inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.

Bu münasibətlər dövlətlərarası müqavilələr və imzalanmış digər sənədlər əsasında nizamlanır. Dövlətimizin başçısı bu əlaqələrin hər iki ölkənin mənafeyi naminə genişləndirilməsinə tərəfdar olduğunu söylədi. Azərbaycan prezidenti İrana səfərinin təxirə salınmasının obyektiv səbəblərini açıqladı və bildirdi ki, bu səfərin gercəkləşməsi üçün səfirlər vasitəsilə tədbirlər davam etdirilir.

Əliəsgər Şerdust dedi ki, Azərbaycan prezidentinin İran İslam Respublikasına qarşıdakı səfəri onun ölkəsində böyük maraq doğurmuşdur. Bu səfər zamanı aparılacaq danışıqlar və imzalanacaq sənədlər iki qonşu dövlət arasında münasibətlərin daha da genişlənməsində müsbət rol oynayacaqdır. Qonaq İran parlamentində təmsil olunmuş azərbaycanlı deputatların fəaliyyəti barədə də məlumat verdi.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsi yolunda qarşıya çıxan problemlər və onların aradan qaldırılması yolları və digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.