Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliyanıin Əmək və Sosial Siyasət naziri Rоbеrtо Mаrоninin bаşçılıq еtdiyi nümаyəndə hеyəti ilə görüşü - Prеzidеnt sаrаyı, 9 dекаbr 2002-ci il


Azərbaycan Prezidenti Heydər Əliyev qonaqları səmimiyyətlə salamlayaraq, İtaliyanın Əmək və Sosial Siyasət nazirinin Azərbaycana ilk səfərinə böyük əhəmiyyət verdiyini vurğuladı və dedi ki, güman edirəm, bu səfər təkcə həmin sahədə deyil, ümumiyyətlə, İtaliya–Azərbaycan əlaqələrinin inkişafına kömək edəcəkdir.

Mən dəfələrlə bəyan etmişəm ki, Azərbaycan İtaliya ilə bütün sahələrdə geniş əməkdaşlıq etmək arzusundadır, bunu istəyir və bunun üçün də ötən illərdə lazımi tədbirlər görülübdür. Doğrudur, mən bu tədbirləri tamamilə yetərli hesab etmirəm. Gərək biz bundan da çox səylər qoyaydıq. Ancaq qoyduğumuz səylər də az olmayıbdır. İtaliya da gərək öz tərəfindən Azərbaycanla əməkdaşlıq sahəsində səylərini artırsın.

Prezident Heydər Əliyev İtaliyanın «Eni» və «Acip» şirkətlərinin Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənilməsində iştirak etməsi ilə əlaqədar sazişlər imzalanmasının böyük məmnuniyyətlə qarşılandığını bildirdi. Dövlətimizin başçısı 1997-ci ildə İtaliyaya rəsmi səfərini xatırladaraq dedi ki, o vaxt həm prezidentlə, həm də Baş nazirlə danışıqlar apardıq və bəzi müqavilələr də imzaladıq. Təəssüf ki, o vaxt İtaliya–Azərbaycan əlaqələrində yaranmış canlanmanı saxlaya bilmədik. Amma biz bunu edə bilərik. Sizin keçmiş səfir bu barədə cəhdlər göstərirdi, indiki səfiriniz xanım Marqarita da çox çalışmaq istəyir. Bizim tərəfdən də çox çalışırıq. Ancaq bunlar hələ ki, istənilən nəticəni verməyibdir. Güman edirəm, sizin indiki səfəriniz bizim münasibətlərimizdə canlanmanı artıracaqdır.

Səmimi qəbula görə minnətdarlıq edən cənab Roberto Maroni Azərbaycan prezidenti ilə görüşməsindən böyük şərəf hissi duyduğunu vurğuladı və bildirdi ki, Bakıya səfər çərçivəsində Azərbaycan ilə İtaliya arasında əmək və sosial müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair sənəd imzalanmışdır.

O, Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyevlə Birləşmiş Millətlər Təşkilatının konfransı çərçivəsində görüşdüyünü, Azərbaycana səfəri barədə orada razılıq əldə edildiyini vurğuladı. Qonaq dedi ki, Avropa Birliyinin üzv ölkəsi olan İtaliya birinci dəfədir ki, Birliyin üzvü olmayan Azərbaycanla sosial sahədə əməkdaşlığa dair sənəd imzalayır. Biz də öz tərəfimizdən çalışırıq ki, səylərimizi artıraq və iki ölkə arasında olan münasibətlər daha da möhkəmlənsin, həm iqtisadi, həm ticarət, həm də mədəni sahələrdə inkişaf etsin.

Cənab Roberto Maroni gələn ilin ikinci yarısında İtaliyanın Avropa Birliyinə sədrlik edəcəyini söyləyərək dedi ki, istəyirəm ölkənizin naziri İtaliyaya gəlsin, AB-nın üzvü olan ölkələrin əmək nazirlərinin iyul ayında keçiriləcək iclasında iştirak etsin. Cənab Prezident, əmin ola bilərsiniz ki, mən ölkəmə qayıdanda Baş nazir cənab Berluskoniyə və İtaliya hökumətindəki həmkarlarıma Sizin ölkənizə səfərim haqqında məlumat verəcək və bildirəcəyəm ki, biz Azərbaycanla münasibətləri daha da genişləndirməliyik.

AzərTAc