Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının xarici işlər nazirinin müavini Murtuza Sərmadini və onu müşayiət edən şəxsləri qəbul edərkən söhbətindən - 17 may 2000-ci il


Heydər Əliyev: Hörmətli cənab Sərmadi!

Hörmətli səfir!

Hörmətli qonaqlar!

Mən sizi salamlayıram. Azərbaycana xoş gəlmisiniz!

Sizin bu səfəriniz İran-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi yolunda əhəmiyyətli bir səfərdir. Siz burada bir çox görüşlər keçirmisiniz və güman edirəm ki, müəyyən nəticələr əldə olunubdur. Mən də sizi dinləməyə və sizinlə bəzi məsələləri müzakirə etməyə hazıram.

Murtuza Sərmadi: Sizə çox təşəkkür edirəm. Mənə və məni müşayiət edən nümayəndə heyətinə bəzi məsələləri müzakirə etmək üçün yaratdığınız imkana görə təşəkkür edirəm. Eyni zamanda cənab prezident Xatəminin səmimi, isti salamlarını Sizə çatdırıram. Biz 9-10 iyunda EKO-nun Tehranda keçiriləcək iclasında Sizi gözləyirik.

Azərbaycan Respublikasının müstəqilliyinin ildönümü münasibətilə öncədən Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Xoşbəxtlikdən, iki ölkənin əlaqələrindəki ab-hava qəbul oluna biləcək səviyyəyə yüksəlmişdir. Nümayəndə heyətlərinin mübadiləsi, keçirilən görüşlər, sərginin təşkili - bunlar iki ölkənin əlaqələrində baş verən müsbət hərəkətlərin göstəricisidir. Əlaqələrin genişlənməsi, ticarət mübadiləsinin artması, İranın iqtisadiyyat sektorunun, xüsusilə də sənayeçilərinin Azərbaycana marağının çoxalması bu istiqamətdə baş verən müsbət göstəricilərdir. Eyni zamanda iki ölkənin vətəndaşları arasında gediş-gəlişin artması, - bizim konsulluq sahəsində olan statistikamız buna dəlalər edir, - bunlar da iki ölkə arasında oan xoşagəlimli münasibətlərdən xəbər verir.

Mənim Azərbaycana səfərim, Sizin buyurduğunuz kimi, çox münasib bir vaxtda həyata keçirildi və mən Azərbaycanın Xarici İşlər Nazirliyində, eləcə də digər qurumlarda öz həmkarlarımla çox faydalı və gözəl danışıqlar apardım. Xarici İşlər Nazirliyində, eləcə də digər orqanlarda məsul şəxslərlə Dağlıq Qarabağ probleminə, Qafqazda təhlükəsizlik məsələlərinə dair gözəl danışıqlar apardıq.

Biz bu fikirdəyik ki, regional təhlükəsizlik məsələləsi daşıdığı, malik olduğu strateji əhəmiyyəti ilə birlikdə bütün bölgə ölkələrinin ciddi yanaşmalı olduğu məsələdir. Həmçinin bu fikirdəyik ki, regional təhlükəsizlik regiondakı ölkələrin birgə tərəfdaşlığı sayəsində təmin edilməlidir.

Müzakirələrin digər tərəfi iki ölkənin imkanlarından daha faydalı istifadə etmək olmuşdur. Xüsusilə də enerji, neft, qaz məsələlərinə aid olan sahələr, eyni zamanda enerjinin daşınması məsələsi üzrə.

Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti cənab İlham Əliyevlə çox faydalı danışıqlar aparmışıq. Hörmətli baş nazirlə görüşdə iki ölkənin maraq doğurduğu layihələr və digər sahələrə aid məsələlər müzakirə obyekti olmuşdur. Milli Məclisin hörmətli sədri ilə görüşdə parlamentlərarası əlaqələr, Qarabağ probleminin tənzimlənməsi prosesi müzakirə edilmişdir. Bizim fikrimizcə, İran-Azərbaycan əlaqələrinin genişlənməsi ölkələrimiz arasındakı münasibətlərin möhkəmlənməsinə gətirib çıxaran bir işdir. Ümidvaram ki, bu münasibətlər elə istiqamətə yönəldiləcək ki, xalqlarımızın dəstəyinə nail olacaqdır.

Bizim ölkənin malik olduğu böyük, geniş potensial Azərbaycana çox məzmunlu əlaqələr qurmağa imkan verir. Biz öz əlaqələrimizə elə məzmun verməliyik ki, bu heç bir təsirlər altında dəyişikliklərə uğramasın, təsir altına düşməsin. İran İslam Respublikasının iqtisadiyyat sahəsində əməkdaşlığa dair irəli sürdüyü təkliflər, xüsusilə enerji daşınmasına aid təkliflər iqtisadi məziyyətlərindən əlavə, Azərbaycanın inkişafı üçün tələb olunan xərcləri də azaltmış olur. Bu, yalnız həmin xərclərin azaldılması ilə deyil, Azərbaycanın regional və beynəlxalq səviyyələrdə manevr imkanlarını artırması ilə də müşayiət olunur. Bu, eyni zamanda İranın mehriban qonşuluq siyasətinin prinsiplərinə uyğun olmaqla yanaşı, bizim mənafelərimizi də təmin edir. Yaratdığınız imkana görə Sizə bir daha öz təşəkkürümü bildirirəm.

Heydər Əiyev: Sağ olun, təşəkkür edirəm. Əvvəla, mən çox məmnuniyyətlə prezident cənab Xatəminin salamlarını sizdən qəbul edirəm və öz tərəfimdən xahiş edirəm ki, mənim hərarətli salamlarımı, səmimi salamlarımı və ən xoş arzularımı prezident cənab Xatəmiyə çatdırasınız.

Gələn ayın 9-10-da Tehranda keçiriləcək EKO zirvə görüşündə mən mütləq olacağam, Tehrana gələcəyəm və güman edirəm ki, həm EKO təşkilatı çərçivəsində bizim əməkdaşlığımız üçün faydalı işlər görəcəyik, həm də İranda xüsusən prezident cənab Xatəmi ilə görüşüb lazım olan bütün məsələləri müzakirə etmək fikrindəyəm.

Bilirsiniz ki, bu il mənim bundan əlavə İrana rəsmi səfərim də nəzərdə tutulubdur. Güman edirəm ki, bu rəsmi səfər zamanı bizim daha da geniş imkanlarımız olacaqdır ki, həm bir çox məsələləri müzakirə edək, həm də rahat-rahat söhbət edək.

Verdiyiniz məlumatdan mən görürəm ki, siz burada artıq çox iş görmüsüniz. Çox faydalı görüşlər keçirmisiniz və bu da sizin Azərbaycana səfərinizin çox əhəmiyyətli olduğunu bir daha sübut edir. Sizin toxunduğunuz məsələlər elə bizi də maraqlandıran məsələlərdir. Yəni burada İranın və Azərbaycanın maraqları tamamilə üst-üstə düşür. Bunlar o məsələlərdir ki, biz onları həll edə bilsək, irəliyə apara bilsək, təbiidir ki, İran-Azərbaycan əlaqələrini daha da genişləndirə bilərik və daha da yüksəldə bilərik.

Mən onu bəyan etmək istəyirəm ki, biz, - Azərbaycan hökuməti, Azərbaycanın prezidenti İran ilə Azərbaycanın əlaqələrinə xüsusi əhəmiyyət veririk. Mən Azərbaycanda, Bakıda İran sərgisinin açılışı mərasimində çıxış edərək öz nitqimdə bu barədə fikirlərimi açıqca bəyan etdim. Bu fikirlər dəyişməzdir. Yəni bu, Azərbaycan prezidenti kimi mənim dəyişməz siyasətimdir və bu siyasət də heç bir başqa təsirə görə dəyişə bilməz. Yəni biz müstəqil dövlətik, biz özümüz öz siyasətimizi müstəqil olaraq aparırıq.

Mən bu gün bir də bəyan edirəm ki, İran bizim üçün dost ölkədir, qardaş ölkədir. İran bizim üçün bütün sahələrdə əməkdaşlıq edilməsi üçün çox vacib bir ölkədir ki, İran böyük iqtisadi potensiala malikdir və bu iqtisadi potensial dünyanın bütün ölkələri ilə yanaşı, qonşu, dost Azərbaycan ilə də əməkdaşlıq etmək üçün imkanlar yaradır. Biz burada, Azərbaycanda İrandakı iqtisadi inkişafı görürük, İranda mövcud olan dövlət üçün çox əhəmiyyətli ictimai-siyasi vəziyyəti görürük və biz İran ilə bütün sahələrdə əməkdaşlıq etmək istəyirik.

İran bizim yaxın qonşumuzdur. Biz çox dərin köklərlə bir-birimizə bağlıyıq və bu gün də biz İranın inkişaf etməsinin, İran hökumətinin qarşısında qoyduğu bütün məqsədlərin həyata keçirilməsinin tərəfdarıyıq.

İqtisadi sahədə əməkdaşlığımızı genişləndirmək üçün həqiqətən çox böyük imkanlar var. Bu barədə sizin apardığınız söhbətlər, danışıqlar həqiqətən çox əhəmiyyətlidir. Mən bu fikirlərlə razıyam. Sizin dediklərinizi təkrar etmək istəmirəm. Ancaq sizin burada danışıqlar apardığınız zaman müzakirə etdiyiniz bütün məsələlərin həm İran üçün, həm də Azərbaycan üçün vacib olduğunu mən də təsdiq edirəm.

İranın daxilində gedən müsbət prosesləri də biz məmnuniyyətlə izləyirik. İranın fəal xarici siyasətini də məmnuniyyətlə müşahidə edirik. Yəni İranın mövqelərinin möhkəmlənməsini. Bir dost ölkə kimi biz sizin bu nailiyyətlərinizə görə sevinirik və arzu edirik ki, ölkənizdə gedən bu müsbət proseslər davam etsin, İran öz xarici siyasətində və başqa ölkələrlə iqtisadi əlaqələrində daha da yaxşı uğurlar əldə etsin.

Bilirsiniz ki, bizim üçün ən böyük məsələlərdən biri Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasıdır. Bu barədə biz sizinlə əməkdaşlıq etmişik və bundan sonra da etməyə hazırıq. Bu baxımdan, bizim bölgədə sülhün, təhlükəsizliyin, əmin-amanlığın təmin olunması ilə əlaqədar vaxtilə mənim İstanbulda irəliyə sürdüyüm fikir və ümumiyyətlə, bir çox ölkələr tərəfindən irəliyə sürülmüş fikirlər də çox əhəmiyyətlidir. Mən bunu bəyan etmişdim və bu gün də bəyan edirəm ki, bizim bölgədə sülh, əmin-amanlıq və təhlükəsizlik paktı yaratmaq üçün və bunu təmin etmək üçün İran heç vaxt kənarda qala bilməz. İran bu prosesin iştirakçısı olmalıdır.

Biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasına çalışırıq. Bilirik ki, siz Azərbaycanın bu məqsədlərini dəstəkləyirsiniz. Çünki Ermənistan-Azərbaycan münaqişəsinin ləğv olunması, sülhün yaranması, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqların azad edilməsi və qaçqınların öz yerlərinə qayıtması bizim bölgədə, xüsusən İran-Azərbaycan sərhədində təhlükəsizliyin, sülhün təmin edilməsi üçün əsas şərtlərdəndir. Bu, bizim iqtisadi əməkdaşlığımız üçün də çox böyük imkanlar açacaqdır. Buna görə hesab edirəm ki, İran indiyə qədər olduğu kimi, bu gün də, gələcəkdə də bu işlərə çox maraq göstərməlidir.

Mən sizə bu səfərinizə görə bir daha təşəkkür edirəm. Əgər hansı bir məsələni xüsusi müzakirə etmək lazımdırsa, mən sizi dinləyə bilərəm.