Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunda nitqi - Respublika Sarayı, 2 fevral 1996-cı il


Əziz gənclər, Azərbaycanın övladları, əziz balalar!

Sizi, müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunu, üzərinə Azərbaycan gənclərini səmimi qəlbdən salamlayıram, sizə təhsilinizdə, bütün işlərinizdə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumu öz işini başa çatdırır və hesab edirəm ki, müvəffəqiyyətlə başa çatdırır. Bu gün səhərdən indiyə qədər bu salonda biz gəncləri dinləyirik. Bu sarayda bütün söz gənclərə verilibdir. Mən indi, forumun işi sona çatarkən öz təəssüratlarımı sizə çatdırmaq istəyirəm. Həddindən artıq sevindiricidir ki, gənclər sərbəst, azad, müstəqil şəkildə öz fikirlərini ifadə edirlər, öz sözlərini deyirlər, öz problemlərindən danışırlar, xahişlərini edirlər, dərdlərini çatdırırlar.

Bildiyiniz kimi, keçmiş illərdə də Azərbaycanda gənclərin qurultayları, yığıncaqları olubdur, görüşləri, festivalları olubdur. Mən özüm də vaxtilə gənc olmuşam və belə görüşlərdə, toplantılarda iştirak etmişəm. Keçmişdə gənclərin fəaliyyətini və gənclik təşkilatlarının fəaliyyətini layiqincə qiymətləndirərək, mən qeyd etmək istəyirəm ki, bu gün bu sarayda tamamilə başqa bir ab-hava duyulur: sərbəstlik, azadlıq ab-havası. Gənclər, yenə də deyirəm, öz ürək sözlərini sərbəst, ıstədiyi kimi deyirlər. O formalizm, ştamp, standart artıq aradan götürülməkdədir.

Bu, çox sevindiricidir. Sevindirici cəhət ondan ibarətdir ki, gənclər respublikamızın həyatının bu çətin dövründə, ağır dövründə həyata, gələcəyə çox nikbinliklə baxırlar, yaşamaq, yaratmaq əzmindədirlər, böyük problemlər haqqında düşünürlər, böyük problemlər irəliyə sürürlər.

Onların bir qisminin həllinin indi mümkün olmaması aydındır, ancaq iş burasında deyil, iş orasındadır ki, gənclər düşünürlər, gənclər fikirləşirlər, gələcək haqqında düşünürlər, təkliflər irəli sürürlər. Demək, həqiqətən müstəqil Azərbaycanın gələcəyini düşünürlər. Burada olan bu mehriban münasibət və ruh yüksəkliyi bizi də sevindirir.

Həyatımız çətindir, ağırdır. Ancaq bu salonda olan əhval-ruhiyyə, ruh yüksəkliyi bizim gənclərimizin əhval-ruhiyyəsini əks etdirir. Bəli, bizim gənclərimizin təmtəraqlı söz deməyə haqları var və təmtəraqlı sözlər də deyilməlidir, çünki biz nə qədər inildəyəcəyik, nə qədər sızıldayacağıq, nə qədər bədbin-bədbin sözlərlə gənclərimizin beyninin zəhərlənməsinə yol verəcəyik? Bu salonda duyulan yüksək əhval-ruhiyyə sevindiricidir və mən forumun işinin müvəffəqiyyətlə başa çatması münasibətilə sizi ürəkdən təbrik edirəm.

Çıxışlarda gənclərin fəaliyyəti üçün, təhsili üçün, istəklərinin və arzularının yerinə yetirilməsi üçün bir çox təkliflər irəli sürüldü. Bu forumun çağırılması haqqında mənə müraciət olarkən mən bunu belə qəbul etdim, belə anladım ki, biz buraya respublikamızın indiki mərhələsində gənclərin vəzifələrini müəyyən etmək üçün, eyni zamanda Azərbaycan gəncliyinə qayğının, diqqətin artırılması sahəsində lazımi tədbirləri müəyyən etmək üçün toplaşmışıq. Mən belə düşünürəm.

Gənclər burada öz çıxışlarında, şübhəsiz ki, əsasən onların fəaliyyəti üçün, yaşayışı üçün, gələcəyi üçün vacib olan problemlərin həll olunması barədə təkliflərini irəliyə sürdülər. Bu, təbiidir və çıxışların əksəriyyətindən belə hiss olundu ki, gənclərə kömək etmək üçün Azərbaycanın hakimiyyət orqanları, dövlət orqanları və bütün başqa təşkilatları bunları həll etməlidir. Bu çıxışlar, bu təkliflər əsaslıdır. Doğrudur, Masallı rayonundan olan, burada çıxış edən bir fermer, - yalnız o, çıxışları tənqid etdi ki, biz özümüz iş görməliyik və özümüz dövlətə, hökumətə kömək etməliyik. Ancaq qalan çıxışlar məhz qayğının artırılması ilə əlaqədardır və gənclərin problemlərinin dövlət orqanları tərəfindən, hakimiyyət orqanları tərəfindən və müvafiq təşkilatlar tərəfindən həll olunması ilə əlaqədardır. Mən deyə bilərəm ki, irəliyə sürülən təkliflər, qaldırılan məsələlər, problemlər həqiqətə uyğundur və bunların heç birisində qeyri-təbiilik yoxdur. Eyni zamanda söhbət ondan getməlidir ki, bunların hamısının dərhal, yaxud indiki mərhələdə həyata keçirilməsi nə qədər realdır, nə qədər mümkündür.

Buna baxmayaraq, hesab edirəm ki, bizim vəzifəmiz, dövlət orqanlarının vəzifəsi, hakimiyyət orqanlarının vəzifəsi gənclərə diqqəti artırmaq, gənclər probleminin həll olunması ilə bundan sonra daha da yaxından məşğul olmaq və irəliyə sürülən təkliflərin həyata keçirilməsi üçün çalışmaq, lazımi tədbirlər görməkdən ibarətdir.

Bu forum haqqında biz məsləhətləşərkən mən belə qərar qəbul etdim ki, gənclərlə yanaşı, foruma respublikanın hakimiyyət orqanlarının nümayəndələri - nazirlər, yerli icra orqanlarının başçıları və hakimiyyət orqanlarının başqa nümayəndələri də dəvət olunsun. Onlar buradadırlar. Bütün günü biz bir yerdəyik. Onların hamısı buraya ona görə dəvət olunub ki, gənclərin problemlərini bilavasitə eşidib, dinləyib, hiss edib hərə öz imkanı daxilində bunların həll olunması üçün tədbirlər görsün. Bunu mən respublikanın hakimiyyət orqanlarının qarşısında konkret bir vəzifə kimi qoyuram. Nazirlər Kabineti, bütün nazirliklər, komitələr və digər hakimiyyət orqanları, yerli icra orqanları bu forumdan irəliyə gələn məsələlərin həll olunması ilə dərhal məşğul olmalıdırlar.

İndi biz keçmiş illərdən fərqli olaraq başqa bir şəraitdə yaşayırıq. İndi hər bir rəhbər vəzifəli şəxsin təşəbbüskarlığından, mövcud ehtiyat və imkanlardan istifadə etmək bacarığından çox şey asılıdır. Ona görə də mən bu vəzifəni konkret olaraq hakimiyyət orqanına rəhbərlik edən hər bir şəxsin qarşısında qoyuram, onlardan tələb edirəm ki, bu vəzifənin yerinə yetirilməsi ilə ciddi məşğul olsunlar. Eyni zamanda hesab edirəm ki, Gənclər və İdman Nazirliyi bütün çıxışlarda irəliyə sürülmüş təkliflərin, xahişlərin hamısını nəzərdən keçirməli, təhlil etməli, ümumiləşdirməli və bu forumun yekunlarından irəliyə gələn tədbirlərin həyata keçirilməsi üçün təklifləri təqdim etməlidir. Mən bu təkliflərə diqqətlə baxmağa söz verirəm və sizi əmin etmək istəyirəm ki, o təkliflərin həyata keçirilməsi üçün imkanlarımız çərçivəsində, imkanlarımız daxilində bütün səylər göstəriləcəkdir.

Burada bir neçə ayrı-ayrı təkliflər oldu, onlar haqqında dərhal da fikir söyləmək olar. Məsələn, bu təkliflərdən bəziləri ondan ibarətdir ki, keçmiş illərdə respublikamızda, Vətənimizdə, ölkəmizdə gənclər təşkilatına məxsus olan əmlak indi gənclərin ixtiyarına verilməlidir. Çünki həm gənclər təşkilatlarının əmlakının dağıdılması haqqında, həm də bizim idman, bədən tərbiyəsi təşkilatlarının əmlakının dağıdılması haqqında burada çox sözlər danışıldı, bunlar həqiqətdir.

Dağıdıblar, ancaq eyni zamanda hələ bəzi hissəsi də qalıbdır. Müstəqil Azərbaycan Respublikası keçmiş illərdə Azərbaycan Respublikasının ərazisində olan bütün mülkiyyətin, üzərinə əmlakın varisidir. Ona görə də gənclərə məxsus olan bütün əmlak, hesab edirəm ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə verilməlidir. Vaxtilə bizim böyük komsomol təşkilatımız olubdur. Keçmişə münasibət haqqında mən bir neçə kəlmə sonra deyəcəyəm, ancaq indi komsomolla əlaqədar onu qeyd etmək istəyirəm ki, 1920-ci ildən 1990-cı ilə qədər Azərbaycanda fəaliyyət göstərən komsomol, demək olar ki, bu salonda oturanların, səhv etmirəmsə, 90 faizinin təhsil almasında, tərbiyə almasında, formalaşmasında xidmətlər göstəribdir, o xidmətləri inkar etmək olmaz və unutmaq da olmaz. Ona görə də biz komsomolun keçmişdəki fəaliyyətini qiymətləndirməliyik. Şübhəsiz, keçmişdə olan bütün başqa ideoloji təşkilatlar kimi, bu gün komsomol da bərpa oluna bilməz. Ancaq komsomol, gənclər təşkilatlarının hamısı dövlətin himayəsində, dövlətin idarəsində, dövlətin vəsaiti ilə yaşayan təşkilatlar olubdur. Ona görə də hamısı dövlətə məxsus olubdur, dövlətin olubdur. O vaxt deyirdik ki, bu, eyni zamanda xalqındır, bu gün də müstəqil Azərbaycanın Gənclər və İdman Nazirliyinə çatmalıdır. Burada bir "Gənclik" mərkəzi var idi, deyəsən Zuğulbada idi, bəli, Zuğulbadakı həmin o "Gənclik" mərkəzinin təməlinin qoyulması günündən ta onun son səviyyəyə çatdırılmasına qədər mən şəxsən orada, dəniz kənarında o mərkəzin yaranmasında iştirak etmişəm, ona rəhbərlik etmişəm. O mərkəz Azərbaycanın vəsaiti ilə yaranıbdır və mən çox böyük təəssüf hissi ilə bu gün eşitdim ki, o, indi kimlərəsə, başqalarına məxsusdur. Ola bilməz, o, Azərbaycana məxsusdur və Azərbaycan Gənclər və İdman Nazirliyinə məxsusdur.

Bu barədə heç söhbət aparmağa da ehtiyac yoxdur. Mən Nazirlər Kabinetinə göstəriş verirəm ki, bir neçə günün içərisində bu məsələyə baxıb, qərar qəbul etsin, lazımi sənədlər qəbul olunsun və o mərkəz Gənclər və İdman Nazirliyinin sərəncamına verilsin. Eləcə də bu qəbildən olan, bütün obyektlərin, əmlakın hamısı verilməlidir. Gənclər və İdman Nazirliyinə. Başqa məsələlərin həll olunması ilə əlaqədar mən fikrimi söylədim. Gənclər və İdman Nazirliyi təkliflərini verməlidir, biz onlara baxacağıq və lazımi tədbirlər görəcəyik. Bir sözlə, əziz balalar, gənclər, hamımız çalışacağıq, güman edirəm, mənimlə bərabər bütün hakimiyyət orqanlarının nümayəndələri də çalışacaqlar ki, sizin problemlərin həll olunmasını ardıcıl surətdə təmin edək. Çalışacağıq və əlimizdən gələni edəcəyik.

O şeyi ki, bu gün edə bilməyəcəyik, onu sabah edəcəyik, sabah edə bilmədiyimizi bir neçə vaxtdan sonra edəcəyik, amma əmin olun ki, gənclərə qayğı, diqqət bundan sonra günbəgün, aybaay, ilbəil artacaq. Çünki siz həqiqətən Azərbaycanın gələcəyisiniz. Hər bir Azərbaycan vətəndaşı, hər bir Azərbaycan vətənpərvəri Azərbaycanın gələcəyi haqqında düşünməlidir. Buna əmin ola bilərsiniz.

Ancaq sizin qarşımızda çox böyük vəzifələr durur, qarşımızda böyük yol var. Yol hamar deyil, asfalt deyil, yol uzun yoldur, cürbəcür maneələrlə bağlı olan yoldur, o yolu hər biriniz keçməlisiniz. Bu yol müstəqil Azərbaycanın gələcəyi yoludur. Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir və öz həyatmı qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Bu, sizin vəzifələrinizdir və güman edirəm ki, hər bir Azərbaycan gənci cəmiyyətdə, Vətəndə, ölkədə öz vəzifələrini layiqincə yerinə yetirməyə çalışmalıdır.

Vəzifələr çoxdur, bu barədə saatlarla danışmaq olar, ancaq əgər ümumi şəkildə desək, gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır.

Biz dörd il bundan öncə Azərbaycan Respublikasının dövlət müstəqilliyinə nail olmuşuq. Bəzilərinə elə gəlir ki, dörd il çox böyük bir müddətdir. Ancaq keçid dövründə, bir iqtisadi-siyasi sistemdən başqa bir iqtisadi-siyasi sistemə keçid dövründə dörd il o qədər də böyük bir dövr deyildir.

Azərbaycanın müstəqilliyini inkişaf etdirmək üçün, qorumaq üçün, möhkəmləndirmək üçün və onu əbədi etmək üçün vaxt lazımdır. Ancaq eyni zamanda hər gün çalışmaq lazımdır, hər gün fəaliyyət göstərmək lazımdır. Buna görə də sizin əsas vəzifəniz bundan ibarət olmalıdır.

Bunun üçün sizin qarşınızda Azərbaycanın Əsas Qanunu var, Konstitusiyası var. İndi bütün gənclərin fəaliyyəti artıq keçmiş ideoloji tələblərdən, ideoloji prinsiplərdən, ideoloji buxovlardan azaddır. Hamımız üçün bir məqsəd var, müstəqil Azərbaycan Respublikası və onun Əsas Qanunu Konstitusiyası var. Hesab edirəm ki, keçən il bizim ən böyük nailiyyətimiz müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasını qəbul etmək oldu. Konstitusiya referendum vasitəsilə, ümumxalq səsverməsi vasitəsilə qəbul olundu. Hesab edirəm ki, bu, uzunömürlü Konstitusiya olacaqdır və Azərbaycanın dövlət müstəqilliyini təmin etmək üçün, Azərbaycan xalqının gələcək rifahını təmin etmək üçün çox gözəl yollar açır və açacaqdır.

Konstitusiyada hər bir vətəndaşın hüquqları, azadlıqları öz əksini tapıbdır, eyni zamanda hər bir vətəndaşın vəzifələri öz əksini tapıbdır. Konstitusiyanın maddələrinin üçdə bir hissəsi respublika vətəndaşlarının, o cümlədən gənclərin hüquq və azadlıqlarına həsr olunub. Əmin ola bilərsiniz: biz çalışacağıq ki, vətəndaşların Konstitusiyadan irəli gələn hüquq və azadlıqları daim təmin olunsun, qorunsun və Konstitusiyanın bütün maddələri ardıcıl surətdə həyata keçirilsin, tətbiq olunsun.

Vəzifələr isə, şübhəsiz ki, hər bir vətəndaşın özünün üzərinə düşən borcdur, məsuliyyətdir. Amma eyni zamanda bu, dövlət tərəfindən görülən tədbirlər nəticəsində, ayrı-ayrı təşkilatlar tərəfindən, siyasi partiyalar tərəfindən, gənclər təşkilatları tərəfindən görülən tədbirlər nəticəsində reallaşdırılan, həyata keçirilən vəzifələrdir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz bu vəzifələrin həyata keçirilməsini özünüz üçün həyat məqsədi kimi qəbul edəcəksiniz və bunları həyata keçirməyə çalışacaqsınız.

Mən təəssüf edirəm ki, bu gün burada gənclərin çıxışlarında Azərbaycanın ilk Konstitusiyası haqqında sözlər az deyildi. O mənada ki, yəni ona az istinad olundu, o Konstitusiyanın hər bir vətəndaşın, hər bir gəncin üzərinə qoyduğu vəzifələrin dərk olunması burada az səsləndi. Bu, təkcə gənclərə aid deyil, ümumiyyətlə bizim cəmiyyətimizə aid olan bir haldır. Çünki bunu etiraf etmək lazımdır, biz hələ qanunçuluq, konstitusiyaçılıq ənənəsi yarada bilməmişik. Biz hələ ki, qanunun, Konstitusiyanın daim təbliğ olunmasına nail ola bilməmişik, qanunların hər bir vətəndaş tərəfindən dərk olunmasına nail ola bilməmişik.

Bunları etiraf etmək lazımdır, ancaq bunları böyük bir xəta da hesab etmək olmaz. Çünki indiyə qədər Azərbaycanda hüquqi dövlət olmayıbdır, qanunların işlənib-işlənilməməsi vətəndaşlar üçün o qədər də əhəmiyyətli olmayıbdır və keçmişdə qəbul olunmuş konstitusiyalar, şübhəsiz ki, bizim dövlət orqanlarının, cəmiyyətin fəaliyyətini tənzimləmişdir, ancaq Əsas Qanun adı daşısa da Əsas Qanun olmamışdır. Əsas Qanun hakim Kommunist Partiyasının ideologiyası, onun ideoloji prinsipləri, onun irəliyə çəkdiyi vəzifələr olmuşdur. Ona görə də ümumiyyətlə cəmiyyətimizdə hələ ki, Konstitusiya yeganə bir Əsas Qanun kimi dərk olunmayıbdır və hər bir vətəndaşın onun maddələrini öyrənmək, ona mənfəət verən maddələri dərk etmək, ondan istifadə etmək, hüquqlarını dərk etmək və həmişə hüquqlarının qorunmasını gözləmək, buna çalışmaq hissiyyatı hələ bizdə yaranmayıbdır.

Güman edirəm ki, bu da bizim qarşımızda duran vəzifədir, gənclər təşkilatlarının qarşısında duran vəzifədir və bu vəzifəni yerinə yetirmək lazımdır. Konstitusiyanı öyrənmək lazımdır, Konstitusiyanı dərk etmək lazımdır. Konstitusiyanın maddələrini, xüsusən vətəndaşların vəzifələrinə aid olan, vətəndaşların hüquqlarına aid olan maddələrini vətəndaş bilməlidir, bizim gənc vətəndaş bilməlidir və ona riayət etməlidir. Güman edirəm ki, bu vəzifələri siz özünüzün ümdə vəzifələriniz kimi qəbul etməlisiniz. Bir sözlə, əsas vəzifəmiz Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdır.

Mən sizə deyə bilərəm ki, Azərbaycan xalqının çoxəsrlik tarixində nailiyyətləri də olubdur, ağır dövrləri də olubdur, qələbələri də olubdur, məğlubiyyətləri də olubdur. Ancaq bizim xalqımızın tarixində, ölkəmizin tarixində dövlət müstəqilliyini əldə etmək kimi bir nailiyyət olmayıbdır. İndiyə qədər hər bir azərbaycanlı üçün bu qədər böyük xoşbəxtlik - dövlət müstəqilliyi kimi böyük bir xoşbəxtlik olmayıbdır. Bunu dərk etmək lazımdır və bunu qorumaq lazımdır, bunu saxlamaq lazımdır. Bu gün mən sizi, bütün Azərbaycan gənclərini, Azərbaycanın gələcəyini əmin etmək istəyirəm ki, biz, o cümlədən bir Prezident kimi mən Azərbaycanın dövlət müstəqilliyini, Azərbaycan xalqının milli azadlığını daim qoruyacağıq və onu əbədi edəcəyik.

Heç bir qüvvə bizi bu müstəqillik yolundan çəkindirə bilməz, heç bir qüvvə Azərbaycanın dövlət müstəqilliyini əlindən ala bilməz. Biz bundan sonra daim azad, müstəqil Azərbaycanda yaşayacağıq. Buna əmin ola bilərsiniz.

Bu, dövlətin borcudur, bu, hər bir vətəndaşın borcudur. Bunun üçün çox iş görmək lazımdır. Müstəqilliyi təmin etmək üçün çox düşünülmüş xarici siyasət aparmaq lazımdır. Biz bunu aparırıq. Müstəqilliyi qoruyub saxlamaq üçün ölkəmizdə, respublikamızda vətəndaş həmrəyliyi, vətəndaş birliyi yaratmaq lazımdır, ictimai-siyasi sabitlik yaratmaq lazımdır, qanunların aliliyini təmin etmək lazımdır, sabitliyi təmin etmək lazımdır. Biz bunu edirik və edəcəyik. Müstəqilliyi yaşatmaq, qorumaq üçün, Konstitusiyamızda əks olunduğu kimi, Azərbaycanda dövlət quruculuğu ilə ciddi məşğul olmaq lazımdır. Biz Konstitusiyamızda yazmışıq və bu, heç vaxt pozula bilməz. Azərbaycanda hüquqi, demokratik, sivilizasiyalı, dünyəvi dövlət qururuq. Dövlət quruculuğu prosesi gedir və gedəcək və mən tam əminəm ki, biz Azərbaycanda hüquqi, demokratik dövləti tamamilə qurub, onu dünya demokratiyası səviyyəsinə çatdıra biləcəyik.

Müstəqilliyimizi təmin etmək üçün, bir də qeyd edirəm, Azərbaycanda qanunların aliliyini təmin etmək lazımdır, insanların hüquqlarını, azadlıqlarını qorumaq lazımdır, hər bir vətəndaşa sərbəstlik vermək lazımdır. Biz bunu təmin etmişik və edəcəyik. Müstəqilliyimizi qoruyub saxlamaq üçün Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, qoruyub saxlamaq lazımdır. Biz bu yolda da çalışırıq. Bildiyiniz kimi, Azərbaycan müstəqilliyini ağır və çətin bir dövrdə alıbdır. 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı başladığı təcavüz nəticəsində Azərbaycanda ictimai-siyasi vəziyyət gərginləşib. Bu təcavüz nəticəsində Azərbaycanın torpaqlarının bir qismi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. Azərbaycanın sərhədləri pozulubdur. Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Müharibə gedibdir, cürbəcür səbəblərdən Azərbaycanın torpaqları işğal olunubdur.

İndi onların təhlilini verməyə ehtiyac yoxdur. Ancaq biz müharibəni dayandırmışıq və məsələlərin sülh yolu ilə həll olunması ilə məşğuluq. İyirmi aydır ki, atəşkəs rejimində yaşayırıq. Ayrı-ayrı müxalif qüvvələr bu vəziyyəti tənqid edirlər, yaxud da ki, buna qara yaxmaq istəyirlər. Bu, onların öz işləridir. Amma məlumdur ki, respublikanın ictimaiyyəti, vətəndaşlarının tam əksəriyyəti bizim bu tədbirlərimizi, bu siyasətimizi bəyənir, dəstəkləyir və Azərbaycanın müharibədən bu yolla çıxmasına tərəfdar çıxır və bu siyasəti davam etdirməyi tövsiyə edir. Biz bu yolla gedirik və ümidvar olduğumu bildirmək istəyirəm ki, bu siyasətin nəticəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə nail olacağıq.

Bu sahədə son iki ildə görülən işlər sizə məlumdur. Dünyanın bütün beynəlxalq təşkilatları bizim problemlərlə məşğuldur, bütün bu beynəlxalq təşkilatlarda həmin problemləri müzakirə mövzusuna, müzakirə obyektinə biz çevirmişik və onların imkanlarından istifadə etməyə çalışırıq. Həm Qərbdə, həm Şərqdə dünyanın böyük dövlətləri, yəni dünya siyasətinə təsir göstərə bilən dövlətlər, onların başçıları bizim bu problemlərlə yaxından tanışdırlar, bunu bilirlər və bizim bu problemlərin həll olunması üçün səylər göstərirlər, bu məsələlərin məhz sülh yolu ilə həll olunması üçün tövsiyələr verirlər və öz köməklərini təklif edir, xidmət göstərirlər. Birləşmiş Millətlər Təşkilatında, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında, İslam Konfransı Təşkilatında, EKO Təşkilatında, bütün başqa beynəlxalq təşkilatlarda bu məsələlər dəfələrlə müzakirə olunub. Dediyim kimi, dünyanın ən böyük dövlətləri - Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa, İngiltərə, bizim qonşularımız olan Türkiyə, İran, Avropa dövlətləri bu problemlərin həlli üçün bizimlə müzakirələr aparırlar və problemin sülh yolu ilə həll olunması üçün bizə kömək göstərirlər. Biz bu imkanlardan istifadə etmişik, edirik və bundan sonra da edəcəyik.

Ancaq eyni zamanda biz heç vaxt xalqımızı pasifistliyə dəvət etməmişik və etmirik. Biz sülhsevər xalqıq, problemləri sülh yolu ilə həll etmək istəyirik. Ancaq eyni zamanda əgər bu yollar bizim respublikamızın ərazi bütövlüyünü təmin etməsə, işğal olunmuş torpaqlarımız azad olunmasa, respublikamızın dövlət sərhədləri bərpa olunmasa, biz sərəncamımızda olan bütün imkanlardan istifadə edəcəyik və etməyə qadirik ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü tamamilə təmin olunsun. Buna arxayın ola bilərsiniz. Azərbaycan gəncləri bunu özləri üçün bir vəzifə kimi qəbul etməlidirlər. Yenə də deyirəm, qarşımızda vəzifələr çoxdur.

Respublikamız sosial-iqtisadi böhran içindədir, böhrandan çıxmalıyıq. Tədbirlər görülür və görüləcəkdir. Əhalinin çox hissəsi ağır maddi vəziyyətdə yaşayır. Güman edirəm ki, iqtisadiyyatda nəzərdə tutulmuş dəyişikliklər, həyata keçiriləcək proqramlar bu problemlərin həll olunması üçün şərait yaradacaqdır. Bir çox başqa problemlər var, onlar da həll olunmalıdır. Ancaq ən əsas problem ondan ibarətdir ki, işğal olunmuş torpaqlar azad olunsun, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun və yerindən-yurdundan didərgin düşmüş bir milyondan artıq vətəndaşımız öz yerinə-yurduna qayıtsın. Buna nail olmaq üçün biz bütün əzab-əziyyətlərə, bütün çətinliklərə, bütün məhrumiyyətlərə dözməliyik. Başqa yolumuz yoxdur. Bunu etməliyik və bunu da edəcəyik. Güman edirəm ki, buna da biz nail olacağıq.

Dövlət quruculuğunda Azərbaycanın müdafiə imkanlarının yaranmasının mühüm rolu vardır. Müstəqil Azərbaycanın müstəqil bir dövlət kimi üzərinə dövlət atributları olmalıdır. Onlar yaranır və yaranma prosesi gedir. Təəssüf ki, müstəqillik əldə olunandan sonra bu proseslərin müvəffəqiyyətlə aparılması üçün zaman itirilmişdir, vaxt itirilmişdir, böyük fürsətlər əldən verilmişdir. Ancaq biz son zamanlar bu işlərlə ciddi məşğuluq. Bunlardan biri, dediyim kimi, Azərbaycanın müdafiə imkanlarının yaranması, Azərbaycanın müstəqilliyini təmin edən ordusunun yaranmasıdır. Ordu quruculuğunda böyük səhvlər buraxılıbdır, böyük günahlar edilibdir, hətta xəyanətlərə də yol verilibdir. Məhz bu xəyanətlərin nəticəsində, gedən müharibədən ayrı-ayrı adamların öz mənafeyi üçün istifadə etməsi nəticəsində vaxtında bizim nizami ordumuz yaranmayıbdır.

Ordunun yaranması tarixi dörd ildir, ancaq həqiqi ordu, - mən bu gün sizə tam qətiyyətlə demək istəyirəm, - 1993-cü ilin noyabr ayından sonra yaranmağa başlayıb. O vaxta qədər vaxt itirilibdir və keçmiş sovetlər ordusundan Azərbaycanın payına düşmüş böyük hərbi potensial, silahlar, sursatlar, hərbi texnika, böyük hərbi bazalar, - Azərbaycanın ərazisində bunlar çox olubdur, - dağıdılıb, mənimsənilib. Bunlar hamısı Azərbaycan ordusunun yaranmasına zərbələr vurubdur və Azərbaycan xalqını böyük xəyanətlərə gətirib çıxarıbdır. Açıq demək lazımdır, əgər 1991-ci ilin sonunda Azərbaycan müstəqillik aldığı zaman keçmiş sovet ordusunun Azərbaycan ərazisində olan potensialı, Azərbaycana çatmış potensialı qorunub saxlanılsaydı, ondan səmərəli istifadə olunsaydı nə bu cür məğlubiyyətlər ola bilərdi, nə də bizim müdafiə potensialımız indi belə vəziyyətdə ola bilərdi.

Çox şey dağıdılıbdır, həddindən artıq. Bunu adi vətəndaşlar bilmir, bunlar gizlədilibdir. Mən isə bilirəm ki, Azərbaycanın ərazisində keçmiş sovet ordusunun nə qədər nəhəng qurğuları var idi, nə qədər böyük texnikası var idi, nə qədər böyük sursat anbarları var idi, nə qədər binaları, hərbi bazaları var idi. Bunlar hamısı Azərbaycana qalmalı idi, bunlar hamısı Azərbaycanın sərəncamına keçməli idi. Bir çoxu keçib, haqq naminə demək lazımdır ki, sovet ordusu onu təhvil verib, ancaq o dövrdə bunlar ayrı-ayrı şəxslər tərəfindən dağıdılıb, mənimsənilib, satılıb, oğurlanıb. Ona görə də Azərbaycanda ordu quruculuğu iki tərəfdən şikəst olubdur: bir tərəfdən onun sərəncamında olan o böyük hərbi, texniki, silah potensialı, baza potensialı dağıdılıbdır, ikinci tərəfdən də hərbi quruculuqla məşğul olmaq əvəzinə cürbəcür, ayrı-ayrı batalyonlar yaradaraq o dövrdə hərə öz məqsədləri üçün istifadə edibdir. 1993-cü ilin noyabr ayından biz hərbi quruculuğa başlamışıq və hərbi quruculuq, ordu yaranması prosesi gedir. Mən bu gün sizə çatdırmaq istəyirəm ki, bu proses normal şəraitdə gedir, biz buna nəzarət edirik və müstəqil Azərbaycanın özünə layiq, onun müdafiəsini təmin edən ordusu yaranır və yaranacaqdır.

Bu sahədə üzərimizə düşən vəzifələri biz həyata keçiririk və keçirəcəyik. Ancaq gənclərin də üzərinə düşən vəzifələr çox böyükdür. Məlumdur ki, ordu gənclərdən ibarətdir. İndi bizim ordunun 90 faizini gənclər təşkil edir. Gənclər təşkilatının, gənclərin ən əsas vəzifəsi hər bir gənci, hər bir Azərbaycan övladını orduya xidmətə hazırlamaqdan ibarət olmalıdır. Təəssüf ki, bu iş bizdə hələ istənilən səviyyədə deyil. Bunu etiraf etmək lazımdır. Keçmiş zamanlar da, Azərbaycan Respublikası Sovetlər İttifaqı tərkibində olaraq sovet ordusunun formalaşmasında daim iştirak edibdir. Xatirimdədir, o illərdə Azərbaycandan hər il 18 yaşına çatmış təxminən 60 min gənc oğlan hərbi mükəlləfiyyətə çağırılırdı və sovet ordusuna xidmətə göndərilirdi. Hər il! Amma bunlara baxmayaraq və bizim o vaxtkı bütün ənənələrimizə baxmayaraq bizdə hərbi qulluğa münasibət istənilən səviyyədə olmamışdır, o vaxt da, indi də. Hesab edirəm ki, indiki dövrümüzdə bütün gənclər təşkilatlarımızın əsas vəzifəsi gəncləri hərbi qulluğa hazırlamaqdan ibarətdir.

Bu gün burada Masallıdan çıxış edən fermer dedi ki, əsgər haqqında heç bir kəlmə deyilməyibdir, gördüm ki, zaldan çox alqışlar gəldi. Çünki bilirəm, burada bizim ordu hissələrindən bir çox nümayəndələr iştirak edir, bir neçə yüz nümayəndə ordu hissələrindən, bütün bölgələrdən, o cümlədən cəbhə bölgələrindən gəliblər və forumda iştirak edirlər. Ona görə də onlar Masallı rayonu gənclərinin nümayəndəsinin çıxışını çox böyük alqışlarla qarşıladılar. Mən də elə bu forumun əvvəlindən gözləyirdim ki, nə vaxt bizim bir əsgər çıxış edəcəkdir, nə vaxt bir hərbi məsələ haqqında danışılacaqdır, nə vaxt ordu haqqında danışılacaqdır.

Səbirsizliklə gözləyirdim ki, bəs niyə bu gecikir, nə üçün bunu gecikdirirlər? Bəzən az qala istəyirdim xəbər göndərim ki, bəs bizim ordunun nümayəndələrinə söz verin. Nəhayət, ordumuzun nümayəndəsi Abdulla Qurbani çıxış etdi, çox hərarətli çıxış etdi və forum iştirakçıları da onu çox böyük sevgi, məhəbbətlə qarşıladılar. Ancaq bunlar hamısı azdır. Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim üzərinə həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik. Ona görə də mən bunu gənclər təşkilatlarının əsas vəzifəsi hesab edirəm. Hər bir Azərbaycan gəncinə isə gənclik vaxtına çatana qədər özünü orduda xidmət etmək üçün hazırlamağı tövsiyə edirəm.

Biz indi ildə təxminən 35-40 min gənci orduya səfərbər edirik. Bu, bizim gənclərin ümumi sayının çox hissəsini təşkil edir. Bundan artıq buna ehtiyac yoxdur. Ancaq gərək hər bir gənc orduya səfərbər olmağa hazır olsun və orduda xidmət etməyi özünə şərəf kimi qəbul etsin. Əksinə, orduda xidmət etməmiş gənc gərək düşünsün ki, cəmiyyətdə o hansı borcunu yerinə yetirməlidir. Dünyanın bir çox ölkələrində, o cümlədən bizə qonşu və bizə dost olan Türkiyədə hər bir gəncin orduda xidmət etməsi onun şərəfli borcudur və o gənclər çalışırlar o borcu layiqli yerinə yetirsinlər.

Bizim güclü ordumuz olmalıdır. Ona görə yox ki, biz yenidən hərbi əməliyyatlara başlamaq istəyirik. Yox, sadəcə olaraq müstəqil Azərbaycan Respublikasının özünəməxsus güclü ordusu olmalıdır. Bizim keçmişdə də orduda xidmət etmək sahəsində böyük ənənələrimiz olub. Keçmiş dövrləri götürsək, bizim xalq qəhrəmanlarının adları burada çəkildi. Məsələn, XIX, XX əsrləri götürsək, Azərbaycan çar Rusiyasının tərkibində olarkən xalqımızın çox dəyərli şəxsiyyətləri orduda yüksək rütbələrdə xidmət etmişlər, general rütbələri almışlar. Biz, məsələn, general Mehmandarovla, general Əliağa Şıxlinski ilə, yaxud Talışxanovlar, Bakıxanovlar, Ağalarovlar, Naxçıvanski nəslindən olan generallarla fəxr eləyirik. Bizim vaxtilə belə sərkərdələrimiz olubdur, generallarımız olubdur. Onlar bizim tariximizə yazılıbdır. Biz onları böyük hörmət və ehtiram hissi ilə xatırlayırıq.

İkinci dünya müharibəsində də bizim qəhrəmanlarımız olubdur. Azərbaycandan İkinci dünya müharibəsinə 600 min nəfər səfərbər olunubdur. Onlardan 300 mini geriyə qayıtmayıbdır, həlak olubdur. Sovet İttifaqı Qəhrəmanlarımız olubdur, o cümlədən Mehdi Hüseynzadə, Qafur Məmmədov, İsrafil Məmmədov kimi Sovet İttifaqı Qəhrəmanları tarixə düşmüşdür. Bu gün bizim sıralarımızda, bizimlə bərabər yaşayan Ziya Bünyadov, Məlik Məhərrəmov, Abbas Quliyev Sovet İttifaqı Qəhrəmanlarıdır.

İkinci dünya müharibəsində bizim Həzi Aslanov, Akim Abbasov, Mahmud Əbilov və başqaları kimi böyük generallarımız, sərkərdələrimiz olubdur. Bunlar hamısı olubdur. Bunlar bizim tariximizdir. Düzdür, onlar bizim müstəqil Azərbaycanın olmayıbdır, amma Azərbaycanın mənsub olduğu dövlətə xidmət ediblər. Yəni Azərbaycanın nə qədər yüksək səviyyəli zabit, general hazırlamaq imkanını nümayiş etdiriblər.

İndi biz müstəqil dövlətik. Bu son illər gedən müharibədə bizim şübhəsiz ki, çox böyük qəhrəmanlarımız olubdur - şəhid olublar, Milli qəhrəman adı alıblar. Milli qəhrəmanların birinin atası burada çox gözəl çıxış etdi. İndi yaşayan Milli qəhrəmanlarımız var, onlarla da biz fəxr edirik. İndi bizim ordumuzda generallarımız var. Onlar hələ özlərini göstərməlidirlər - döyüşlərdə göstərməlidirlər, ordunun quruculuğunda göstərməlidirlər. Onlar göstərməlidirlər ki, keçmiş zamanlarda sınaqlardan çıxmış generallar səviyyəsində ordumuza xidmət edirlər. Bunların hamısını mən bu gün sizə belə geniş çatdıraraq qeyd etmək istəyirəm ki, bizim indi qüdrətli ordu yaratmağa imkanımız vardır.

Burada çıxış eləyənlərdən biri söylədi ki, vaxtilə Azərbaycanda ordu zabitləri hazırlamaq üçün tədbirlər görülübdür. Bəli, 1970-ci ildə mən Azərbaycanın gələcəyini düşünərək Bakıda xüsusi bir hərbi məktəbin yaranmasına nail oldum. O məktəbə Cəmşid Naxçıvanskinin - bizim qəhrəman generallardan birinin adı verildi. Artıq 25 ildir ki, bu məktəb fəaliyyət göstərir.

Mən indi düşünürəm, - əgər bu hərbi məktəb olmasaydı, bizim ordumuzdakı o zabitlərin çoxu yəqin olmayacaqdı! Çünki bu zabitlərimizin çoxu həmin məktəbin yetirməsidir. Bu məktəbdən sonra biz ildə təxminən 800-900 nəfər gənc azərbaycanlını Sovetlər İttifaqının ali hərbi məktəblərinə göndərirdik. O cümlədən Bakıda yerləşən iki ali hərbi məktəbdə, - onlar indi bizim ixtiyarımızdadır, - zabitlər hazırlayırdıq. İndi ordumuzda olan zabitlərin tam əksəriyyəti həmin dövrdə hazırlanan zabitlərdir, onlar xidmət edirlər. Bu işləri biz vaxtında görmüşük. O dövrdə bizim imkanlarımız məhdud idi, amma bunları etmişik. Amma bu gün isə hər şey bizim əlimizdədir və çalışmalıyıq ki, bu imkanlarımızdan istifadə edib güclü ordu yaradaq. Ona görə də mən Azərbaycan ordusunun bu forumda iştirak edən nümayəndələrini xüsusi salamlayıram. İndi Azərbaycanın torpaqlarının keşiyində duran əsgərlərimizə, zabitlərimizə bu salondan hərarətli salamlarımı göndərirəm və bizim əsgərlərimizə, zabitlərimizə, Milli Ordumuza Azərbaycanın müstəqilliyinin qorunmasında, Azərbaycanın torpaqlarının müdafiəsində uğurlar arzulayıram.

Bizim gənclərimizin vəzifəsi təhsil almaq və müasir tələblərə uyğun olan səviyyəyə çatmaqdır. Təhsil haqqında burada çox tənqidi sözlər deyildi. Azərbaycan Respublikasının güclü təhsil sistemi yaranıbdır - həm orta təhsil sistemi, həm ali təhsil sistemi. 1919-cu ildə ilk Bakı Dövlət Universiteti yaranandan indiyə qədər Azərbaycanda yüksək təhsil sistemi, ümumtəhsil sistemi yaranması üçün çox işlər görülübdür. Ancaq indi bizim təhsilimiz bütün həyatımızın başqa sahələri kimi böhran dövrü keçirir. Məktəblərimizin vəziyyətindən, digər təhsil ocaqlarının vəziyyətindən danışıldı.

Məlumdur ki, bir neçə il bundan əvvəlki vəziyyət indi yoxdur. Yəni orta məktəblərdə, ali məktəblərdə təhsili təmin etmək üçün, dərsliklər hazırlamaq üçün və təhsili yüksək səviyyədə aparmaq üçün istənilən şərait yoxdur. Bu, məlumdur. Ancaq eyni zamanda bizim böyük müəllim potensialımız var, böyük alimlər potensialımız var, böyük elmi potensialımız var. Biz çalışmalıyıq ki, bu ağır dövrdə bütün bu imkanlarımızı gənclərin təhsillənməsinə, tərbiyələnməsinə həsr eləyək. Nöqsanlar, qüsurlar, naqis cəhətlər, mənfi cəhətlər məlumdur. Bunların aradan götürülməsi üçün çalışmaq lazımdır. Hərə öz imkanlarından istifadə etməlidir. Hərə çalışmalıdır ki, bu mənfi cəhətlər tezliklə aradan götürülsün. Mən bu barədə ümumi bir resept vermək istəmirəm, çünki vəziyyət o qədər gərgin, ağırdır ki, ümumi bir resept vermək çətindir. Amma hər bir vətəndaş çalışmalıdır ki, bizim gənc nəslimiz yaxşı tərbiyə alsın, yaxşı təhsil alsın, müasir tələblərə uyğun səviyyəyə çatsın.

İndi təhsil sistemində cürbəcür islahatlar aparılır, dəyişikliklər keçirilir. Bunlar təbiidir. Özəl təhsil sistemləri yaranır, bunlar da təbiidir. Ancaq mən bu gün xəbərdarlıq edirəm - bu özəl təhsil sistemləri, təhsil ocaqları bizim ümumi təhsil səviyyəsini aşağıya salmamalıdır. Təəssüf ki, bəzi adamlar indi belə bir ağır şəraitdən istifadə edərək cürbəcür yollarla ancaq öz şəxsi məqsədlərinə nail olmağa, şəxsi mənafe götürməyə çalışırlar. Bəziləri guya özəl məktəblər, özəl ali məktəblər yaradaraq yaxşı təhsil vermək istəyirlər. Burada çox diqqətli olmaq lazımdır. Bizim xüsusi komissiyamız var. O, çox ciddi məşğul olmalıdır. Və o yerdə ki, - özəl təhsil təşkilatları doğrudan da günün tələblərinə uyğun ola bilər, - onlar fəaliyyət göstərə bilərlər. Ancaq o yerdə ki, günün tələblərinə uyğun deyillər, onların fəaliyyətinə imkan vermək olmaz.

Eyni zamanda bizim mövcud universitetlərimiz, ali təhsil ocaqlarımız öz işini davam etdirməlidir, öz fəaliyyətini aparmalıdır və biz gənclərimizi təhsilləndirməliyik. Gənclərimiz təhsil almalıdır. Çünki ali təhsil olmasa gənclərimizin istənilən gələcəyi də olmayacaqdır. İndi təhsil almaq üçün tələbələr xarici ölkələrə də gedirlər. Ya özləri öz imkanlarından istifadə edib gedirlər, bəzi xeyriyyəçi təşkilatlar da onlara kömək edirlər. Bunlar hamısı, şübhəsiz ki, bizim təhsilimizin yüksəlməsinə kömək edəcəkdir, səbəb olacaqdır. Keçmiş Sovetlər İttifaqına mənsub olan ölkələrdə də indi təhsil almaq imkanından imtina etmək lazım deyil. Xüsusən Rusiyanın ali təhsil ocaqlarında. Burada 70-ci, 80-ci illərdə hər il 800-900 nəfər gəncin Azərbaycandan kənarda olan təhsil ocaqlarına göndərilməsi yada salındı. Doğrudan da, hər il burada, bu salonda biz həmin gəncləri Moskvaya, Leninqrada, Kiyevə, başqa-başqa şəhərlərə yola salırdıq, onlara xeyir-dua verirdik, onları yüksək təhsil almaq üçün, yaxud bizim respublikamızda mövcud olmayan ixtisasları mənimsəmək üçün həmin təhsil mərkəzlərinə göndərirdik. Bunlar öz bəhrəsini verir. Burada deyildi ki, indi həmin təhsil ocaqlarında təhsil almış, mütəxəssis kimi fəaliyyət göstərən şəxslərin cəmiyyəti yaranıb. Mən bu cəmiyyəti salamlayıram, ona çox böyük ehtiramımı bildirirəm və çalışacağam ki, bu cəmiyyətin üzvləri ilə görüşüm. Çünki vaxtilə belə kadrların hazırlanması üçün mən xeyli səylər göstərmişəm.

Gənclərimizin qarşısında duran əsas vəzifələrdən biri mənəvi tərbiyə məsələsidir. Bilirsiniz, indi maddi çətinlik, maddi ehtiyaclar, şübhəsiz ki, cəmiyyətdə cürbəcür mənfi halların meydana gəlməsinə gətirib çıxarır. Ancaq gənclərimiz də bilməlidir, vətəndaşlarımız da bilməlidir ki, bu dövrün müvəqqəti çətinliklərinə dözmək lazımdır, mənəvi tərbiyəni daim aparmaq lazımdır və gənclərimizi yüksək mənəviyyat ruhunda tərbiyələndirmək lazımdır. Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir, Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Nə qədər var-dövlət olsa da, nə qədər pul olsa da, nə qədər zənginlik olsa da mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Xalqımızın tarixinin əsasını təşkil eləyən bütün mərhələlərdə, keçmiş əsrlərdə yüksək mənəviyyat olmuşdur. Keçmiş tariximizdən bizə qalan simaları bu gün dünyada məşhurlaşdıran və bizim üçün nümunə edən onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır. Ona görə də bu gün mənəvi tərbiyə bəlkə də keçmiş illərdən daha çox lazımdır. Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik.

Ona görə də gənclərə mən nə demək istəyirəm? Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi sevməlidir, dilimizi sevməlidir, dinimizi sevməlidir, milli ənənələrimizi sevməlidir. Bunları sevə bilməyən adam, onları özü üçün mənəvi əsas edə bilməyən gənc həyatda özünə yer tapa bilməyəcəkdir və şübhəsiz ki, bizim ictimai-siyasi prosesdə, müstəqil Azərbaycanın inkişafında lazımi qədər iştirak edə bilməyəcəkdir.

Bizim xalqımızın böyük, möhtəşəm tarixi var. Biz öz tariximizlə fəxr edə bilərik. Bizim xalqımızın böyük dövlətçilik tarixi olubdur. Ən qədim dövrlərdən Azərbaycan torpağında əzəmətli dövlətlər olmuşdur. Orta əsrlərdə Azərbaycan dövlətçiliyi tariximizə gözəl nümunələr vermişdir. Şirvanşahlar dövləti, Atabəylər dövləti, Ağqoyunlular dövləti, Qaraqoyunlular dövləti, Səfəvilər dövləti - bunlar hamısı Azərbaycan xalqının dövlətçiliyinin tarixidir. Ondan sonra Azərbaycanda olan xanlıqlar da dövlətçilik xarakteri daşımışdır. Və nəhayət, XX əsrin əvvəlində, 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaranmışdır. Ondan sonrakı dövr, 1920-ci ildən 1991-ci ilə qədər olan dövr Azərbaycanın həyatında xüsusi bir dövr olmuşdur. Azərbaycan müstəqil dövlət olmamışdır, ancaq Azərbaycan xalqı böyük bir inkişaf dövrü keçirmişdir. Nəhayət, 1991-ci ilin sonunda Azərbaycan öz dövlət müstəqilliyini əldə etmişdir.

Beləliklə, Azərbaycan torpağında ən qədim zamanlardan indiyə qədər müstəqil dövlətlər olmuşdur. Biz bununla fəxr edirik və fəxr edə bilərik. Azərbaycanlılıq hissiyyatını gənclərdə yaratmaq lazımdır. Azərbaycanı sevmək azərbaycanlılıq hissiyyatını özündə cəm etmək deməkdir. İndi müstəqil Azərbaycan Respublikası məlum olan Azərbaycanın hüdudları çərçivəsindədir. Keçmiş dövrlərdə, keçmiş əsrlərdə Azərbaycan dövlətləri daha da geniş ərazidə olmuşlar. İndi bizim Azərbaycandan savayı, dünyanın çox ölkələrində azərbaycanlılar yaşayır. Amerika qitəsində də, Avropa qitəsində də, Asiya qitəsində də azərbaycanlılar yaşayır. Onlar da azərbaycanlıdırlar, onlarda da azərbaycanlılıq hissləri yaşamalıdır, onlar da özlərini azərbaycanlı kimi hiss etməlidirlər, onlar da Azərbaycanla bağlı olmalıdırlar.

Bu gün burada bəlkə də imkan yoxdur, amma güman edirəm ki, müstəqil Azərbaycan dövləti yaşadıqca, inkişaf etdikcə, böyüdükcə, bütün dünyada yaşayan azərbaycanlılar bizim müstəqil Azərbaycanla əlaqəsini daha da artıracaq, inkişaf etdirəcək və hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq özünü azərbaycanlı kimi dərk edəcəkdir.

Məni bu gün bu forumda sevindirən cəhətlərdən biri də o oldu ki, çıxış edən bütün gənclər çox sərbəst, səlis, Azərbaycan dilində danışırdılar. Bilirsiniz, bir neçə il bundan öncə bunu görmək mümkün deyildi. Keçmiş illərin müəyyən xüsusiyyətlərinə görə Azərbaycan dili Azərbaycanda lazımi qədər inkişaf edə bilməmişdi. Doğrudur, biz buna çox çalışmışıq, 60-cı, 70-ci, 80-ci illərdə bu barədə çox səylər göstərilmişdir. Ancaq Azərbaycan dili hakim dil ola bilməmişdi. Biz Sovetlər İttifaqının tərkibində idik.

Sovetlər İttifaqının ümumi dili - rus dili hakim dil idi və o vaxt gənclərin, onların valideynlərinin çoxu öz övladlarını rusdilli məktəblərə qoyurdu. Bu da təbii idi, çünki geniş təhsil almaq üçün, Azərbaycandan kənara çıxmaq üçün o dildə təhsil almaq lazım idi və bunu da qınamaq olmaz. Ancaq bunlar hamısı bizim Azərbaycan dilinin tam inkişaf etməsinə müəyyən qədər maneçilik edirdi. Bir də, açıq demək lazımdır, biz müstəqil dövlət deyildik, ümumi bir dövlətin tərkibində idik, ümumi bir dövlətin dili ilə çoxları danışırdı. Ona görə də bəzi adamlarda təəssüf ki, öz dilinə düzgün münasibət çatmırdı. Mənim xatirimdədir, keçmiş komsomol qurultaylarında gənclərin çoxu Azərbaycan dilində danışmırdı. Azərbaycan dilində danışmaq istəyən də səlis, cazibədar danışmırdı. Amma bu gün burada çıxış edənlər məni nə qədər heyran etdilər, bizim dilimizin zənginliyini, bu gün Azərbaycanda hakim dil olmasını nümayiş etdirdilər.

Bilirsiniz, hər bir azərbaycanlı gənc çalışmalıdır ki, dünyanın çox dillərini - rus dilini də, ingilis dilini də, fransız dilini də, ərəb, fars dillərini də mənimsəsin, öyrənsin. Bu, lazımdır, çünki müasir dünya ölkələrinin bir-biri ilə sıx əlaqəsi bu gün və gələcəkdə insanlardan bir çox dili bilməsini tələb edir. Mən gənclərimizə bu tövsiyəni verirəm. Amma bunlarla yanaşı, bunlardan əvvəl öz ana dilimizi, Azərbaycan dilini mənimsəmək lazımdır, bu dildə yaxşı danışmaq lazımdır, bu dili ana dili kimi daim duymaq lazımdır, bu dili sevmək lazımdır.

Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Xatirimdədir, 70-ci illərdə mən bir neçə dəfə çox narahatçılıqla göstərişlər verdim ki, rusdilli məktəblərdə Azərbaycan ədəbiyyatına çox yer verilsin. Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz, Nəsimini oxuya bilməz, Vaqifi oxuya bilməz, Sabiri oxuya bilməz, Cəlil Məmmədquluzadəni oxuya bilməz və digərlərini oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək; onları oxuya bilməsə, bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaqdır.

Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun. Ümidvaram ki, - bu gün məndə bu ümidlər daha da çoxaldı, - bizim gənclərimiz bundan sonra tariximizi daha da yaxından öyrənəcək, doğma Azərbaycan dilimizi mənimsəyəcək və bunlar hamısı hər bir gənc Azərbaycan övladında yüksək vətənpərvərlik hissləri yaradacaqdır.

Dil barəsində danışarkən, mədəniyyət, milli ənənələr haqqında danışarkən eyni zamanda mən onu qeyd etmək istəyirəm ki, Azərbaycanda bütün vətəndaşlar eyni hüquqa malikdir və bütün dillərdən sərbəst istifadə olunur, olunmalıdır və gələcəkdə də istifadə olunacaqdır. Azərbaycan Azərbaycanda yaşayan bütün millətlərin doğma Vətənidir. Azərbaycan vətəndaşları, Azərbaycan xalqı deyəndə biz Azərbaycanda yaşayan bütün millətlərin birliyini dərk edirik. Mən böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycanda millətlər arasında olan əlaqələr mehriban dostluq əlaqələridir, bir-birinə hörmət, ehtiram əlaqələridir və biz bu əlaqələri inkişaf etdirəcəyik, bu əlaqələri yaşadacağıq, qoruyub saxlayacağıq. Ona görə də Azərbaycanın xüsusiyyətini - çoxmillətli ölkə kimi xüsusiyyətini, çoxdilli ölkə kimi xüsusiyyətini qoruyub saxlamaq bizim borcumuzdur, gənclərimizin vəzifəsidir.

Milli vətənpərvərlik haqqında danışarkən bir daha keçmiş tariximizin qiymətləndirilməsi zərurətini mən qeyd etmək istəyirəm. Tariximizin hər mərhələsi bizim üçün qiymətlidir: ən qədim dövr də, orta əsrlər də, sonrakı dövr də. XX əsr sona çatır, XX əsr başlanğıc dövründən indiyə qədər bizim gözümüzün qarşısındadır. Bu XX əsrdə Azərbaycan xalqı bir sıçrayış dövrü keçib. Ən böyük nailiyyətlərimizdən biri odur ki, XX əsrdə ilk dəfə Azərbaycanda demokratik respublika yarandı. Əgər o, süqut edibsə də, Azərbaycan xalqı öz inkişafında davam edib. Azərbaycanın 70 il Sovetlər İttifaqı tərkibində olan dövrü onun böyük inkişaf dövrüdür, bu dövrə qara yaxmaq olmaz, bu dövrü qiymətləndirmək lazımdır. Bu dövrdə Azərbaycan xalqının elmi, təhsili, mədəniyyəti sürətlə inkişaf edibdir. Bugünkü bizim müstəqil Azərbaycanın təməli, özəyi, əsası həmin dövrdə yaranmış iqtisadiyyat, o dövrdə yaranmış elmi potensial, o dövrdə yaranmış mədəni potensialdır, o dövrdə yaranmış təhsil potensialıdır. Bunu biz qiymətləndirməliyik. Bütün bu tariximizi, keçmiş tariximizi biz qiymətləndirərək, şübhəsiz ki, gənclərdə vətənpərvərlik hissini daha da artıra bilərik.

Bizim bu son keçmişimizdən qalan ağır, çətin bir məsələ, problem 70 il dinimizdən məhrum olmağımızdır. Əgər o 70 ildə bizim böyük nailiyyətlərimiz olubsa, onu mən qeyd etdim, eyni zamanda məhrumiyyətlərimiz də olubdur. Məhrumiyyətlərimizdən biri odur ki, biz dinimizdən məhrum olmuşduq. Ancaq dini heç kəs unutmayıbdır, dini xalq öz qəlbində, ürəyində saxlayıbdır. Müstəqillik, azadlıq əldə olunan kimi bizim dinimiz də sürətlə inkişaf edir. Bu, müsbət haldır.

İslam dini bizim müqəddəs dinimizdir, "Qurani-Kərim" müqəddəs kitabımızdır. İslam dininin, "Quran"ın Azərbaycan xalqına bəxş etdiyi mənəvi dəyərlər bizim üçün əzizdir və xalqımızın, gənclərimizin bu gün də, gələcəkdə də tərbiyəsi üçün çox əhəmiyyətlidir. Ona görə də din azadlığı bizim üçün böyük nailiyyətdir.

İslam dininin bəşəriyyətə bəxş etdiyi bütün nemətlərdən hər bir azərbaycanlı səmərəli istifadə etməlidir və xüsusən cəmiyyətdə davranışında islam dininin tələblərinə uyğun olaraq özünü göstərməlidir. Eyni zamanda bizim Konstitusiyamıza görə ölkəmizdə dünyəvi dövlət qurulur, din dövlətdən ayrıdır. Təbiidir, bütün dünyəvi ölkələrdə bu, belədir. Bu, heç kəsdə təəccüb doğurmasın. Bu, bizim dinə münasibətdə başqa bir mövqe tutmağımızı göstərmir. Ancaq gənclərimizin islam dinini mənimsəməsi üçün, hesab edirəm ki, lazımi tədbirlər görülməlidir. Çünki bu tədbirlərin olmaması nəticəsində bəzi mənfi hallar meydana çıxır, ayrı-ayrı qruplar gənclərə fanatizm əhval-ruhiyyəsini aşılamaq istəyirlər və bunlar da bizim gənclərin tərbiyəsinə zərər vurur. Ona görə də islam dininin məktəblərdə tədris olunması, hesab edirəm ki, günün tələblərindən biridir və bu barədə Təhsil Nazirliyi, müvafiq təşkilatlar düşünməlidirlər, lazımi tədbirlər görməlidirlər. Yəni bizim gənclərimiz dinimizi olduğu kimi öyrənməli, qəbul etməli və ondan istifadə etməlidirlər. Biz heç vaxt yol verə bilmərik ki, ayrı-ayrı şəxslər, ayrı-ayrı qüvvələr öz şəxsi mənafelərini güdərək islam dini pərdəsi altında Azərbaycan gənclərinin tərbiyəsinin zədələnməsinə gətirib çıxarsınlar. Biz buna yol verə bilmərik. Ona görə də bu barədə lazımi tədbirlər görülməlidir.

Burada gənclər arasında cinayətkarlıq haqqında, mənfi hallar haqqında da danışıldı. Bu, həqiqətdir. Biz bu həqiqəti etiraf etməliyik, dərk etməliyik və bununla mübarizə aparmalıyıq. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın gənclərinin tam əksəriyyəti sağlam mənəviyyatlı, sağlam düşüncəli, sağlam əxlaqlı gənclərdir. Bu çətin dövrdə də Azərbaycan gənclərinin tam əksəriyyəti mənəvi dəyərlərə sadiq qalır. Ancaq təəssüf ki, yolundan çıxanlar da az deyil. Ona görə də gənclər təşkilatlarının vəzifəsi bu mənfi halların aradan qaldırılması ilə məşğul olmaqdan, mənfi hallarla mübarizə aparmaqdan, gənclərin mənəvi tərbiyəsində belə halların aradan qaldırılmasına xüsusi diqqət verməkdən ibarətdir.

Beləliklə, əziz gənclər, mən bizim gənclərin qarşısında duran yalnız bir neçə vəzifə haqqında danışdım. Bu vəzifələrin hamısı Konstitusiyadan irəli gələn vəzifələrdir. Əminəm ki, siz Azərbaycan Konstitusiyasını dərindən öyrənəcəksiniz, mənimsəyəcəksiniz və öz təhsilinizi, həyatınızı, həyat fəaliyyətinizi Konstitusiyanın tələblərinə uyğun quracaqsınız. Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir. Mən əminəm kı, müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir. Onların nümayəndələri bu salondadır. Onların nümayəndələri bugünkü uşaqlardır, yetişən gənclərdir. Ona görə də biz yaşlı nəslin nümayəndələri arxayınıq ki, siz, əziz gənclər, müstəqil Azərbaycan Respublikasının nə qədər çətinliklə başa gəldiyini dərk edərək müstəqil Azərbaycan Respublikasının gələcəyini qoruyub saxlayacaqsınız. Mən buna əminəm!

Sizə, əziz balalar, bütün Azərbaycan gənclərinə öz sevgimi, məhəbbətimi bildirirəm. Əmin ola bilərsiniz ki, mən bütün dövlət orqanlarının gənclərə qayğısının artırılmasını təmin edəcəyəm. Sizə gələcək həyatınızda yeni uğurlar arzulayıram. Azərbaycanın gənclərinə xoşbəxt gələcək arzulayıram.

Yaşasın Azərbaycanın gəncləri!

Yaşasın yenilməz, bölünməz müstəqil Azərbaycan Respublikası!

Sağ olun.