1996-cı il iyunun 28-dən etibarən Azərbaycan Respublikasının Avropa Şurasında xüsusi dəvət olunmuş qonaq statusunda iştirakı milli qanunvericiliyimizin Avropa standartları səviyyəsinə yüksəldilməsinin işlək mexanizmini hazırlamağa imkan verdi. Qeyd edək ki, 1996-2001-ci illər arasında Azərbaycan Respublikası tərəfindən Avropa standartlarına və beynəlxalq hüquq normalarının tələblərinə uyğun yuzlərlə qanun, qərar və digər normativ hüquqi aktlar qəbul edilib.
2000-ci il iyunun 28-də AŞ PA-nın növbəti sessiyasında Nazirlər Komitəsinə Azərbaycan Respublikasının AŞ-nın tamhüquqlu üzvü seçilməsi tövsiyə olunub. Azərbaycan Respublikası 2001-ci il yanvarın 17-də Avropa Şurasına tamhüquqlu üzv qəbul edilib və rəsmi mərasim yanvarın 25-də keçirilib. Bununla da Azərbaycan diplomatiyası Avropa inteqrasiya proseslərinə qoşulmaq uğrunda mübarizədə böyük qələbə əldə edərək Avropanın üzvi hissəsinə çevrildiyini işdə sübut edib.
Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın 2001-ci ildə bu beynəlxalq təşkilata daxil olması beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib.
“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.179