Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Məhəmməd əl-Baradeyi ilə görüşdə söhbəti - Prezident sarayı, 23 may 2002-ci il


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənab əl-Baradeyinin dəvəti qəbul edib Azərbaycana səfər etməsindən çox məmnun olduğunu bildirdi, onunla Vyanadakı görüşünü xatırladığını vurğuladı.

Qonağa müraciətlə dedi ki, bilirəm, Milli Elmlər Akademiyasının prezidenti, Xarici İşlər naziri ilə görüşləriniz olubdur. Azərbaycan sizin agentlik ilə müqavilə bağlayıbdır. Siz bunu bilirsiniz və həmin müqavilə parlament tərəfindən təsdiq olunubdur. Biz sizinlə əməkdaşlığımızı bunun əsasında davam etdirmək istəyirik.

Məhəmməd əl - Baradeyi: Cənab Prezident, səmimi qəbula görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin dəvətiniz mənim üçün çox böyük məna daşıyır. Ona görə də Sizin bu dəvətinizi qəbul edib ölkənizi ziyarət edirəm. Sizinlə görüşməyin mənim üçün böyük əhəmiyyəti vardır.

Mən də Vyanada Azərbaycanın Beynəlxalq Atom Enerjisi Agentliyinə üzv qəbul edilərkən keçirdiyimiz görüşü çox yaxşı xatırlayıram. O zaman biz Sizinlə Azərbaycanın üzvlüyü, eləcə də atom enerjisinin sülh məqsədləri üçün istifadə olunması məsələlərini müzakirə etdik. Azərbaycan nüvə silahlarının yayılmaması məsələsinə öz sadiqliyini bildirdi.

Mən burada olmağımdan çox şadam və ümid edirəm ki, biz əlaqələrimizi daha da dərinləşdirəcəyik və bir sıra məsələləri müzakirə edəcəyik. Deməliyəm ki, biz işimizi çox möhkəm təməl üzərində başlayırıq. İndiyədək bizim əldə etdiyimiz nailiyyətlər, əməkdaşlığımız məni tam qane edir.

Heydər Əliyev: Biz öz mövqelərimizə sadiqik. Yəni biz nüvə silahlarının yayılmaması prinsipini dəstəkləmişik və bu gün də dəstəkləyirik. Biz kütləvi qırğın silahlarının qadağan olunmasının tərəfdarıyıq. Xüsusən indi beynəlxalq terrorizmin geniş yayıldığı bir zamanda bu silahlardan hansısa bir vasitə ilə istifadə olunması çox təhlükəlidir. Bu barədə Azərbaycan daim öz mövqeyində olacaqdır və bu sahədə sizinlə bundan sonra da əməkdaşlıq edəcəkdir.

Bölgəmizdə bizi narahat edən Ermənistandakı atom elektrik stansiyasıdır. Bu elektrik stansiyasının tullantılarının harada basdırılması məsələsi bizə məlum deyil. Bəzi məlumatlar onu göstərir ki, onlar tullantıları Azərbaycanın işğal olunmuş ərazilərində basdırırlar, ya basdırmağa cəhd edirlər. Bölgəmiz üçün çox əhəmiyyətli olan Araz çayının da Ermənistan tərəfindən çirkləndirilməsi bizi narahat edir.

Xatirimdədir, hələ 1980-ci illərin əvvəllərində Ermənistanın Zod bölgəsində qızıl mədənlərindən çıxan filizin flotasiyası üçün Arazın kənarında bir zavod tikilirdi və oradakı tullantıların Araza buraxılması təhlükəsi var idi. Biz o vaxt buna etiraz etdik. Amma indi Ermənistan ilə Azərbaycan arasında münaqişə olduğu üçün bizim bu barədə məlumatımız yoxdur və bir şey də edə bilmərik. Bu məsələ nəzarət altında olmalıdır. Biz Araz çayından çox məqsədlər üçün istifadə edirik. Bu çayın suları Xəzər dənizinə axır. Demək, bu çayın təmizliyi Xəzər dənizinin təmizliyi üçün lazımdır. Ona görə bu məsələ bizi çox narahat edir. Biz istərdik ki, əməkdaşlığımızda bu məsələyə də diqqət yetirəsiniz.

Xəzər dənizinin ekologiyası, onun çirklənməsinin qarşısının alınması sahəsində də çox ciddi tədbirlər görmək lazımdır. Biz bununla məşğul oluruq. Güman edirəm, Xəzəryanı hər bir ölkə də, dövlət də bununla məşğul olur. Ancaq bizim hamımızın səylərimiz yetərli deyil. Xəzər dənizi ardıcıl surətdə çirklənir.

Bildirmək istəyirəm ki, Xəzər dənizindən neft və qaz hasilatı Xəzər dənizini çirkləndirmir. Çünki indi dünyanın böyük neft şirkətləri bizimlə bərabər Xəzər dənizində bu işlərlə məşğul olarkən, onlar müasir texnikanın, texnologiyanın tələblərindən, imkanlarından istifadə edirlər və ekologiya barəsində çox diqqətlidirlər.

Xəzər sahilyanı hər bir ölkədən dənizə buraxılan tullantılar nəticəsində çirklənir. Bu çox böyük problemdir. Bununla da məşğul olmaq lazımdır. Amma heç kəs təkbaşına bir şey edə bilməz.

Məhəmməd əl - Baradeyi: Sizin qaldırdığınız məsələlərin vacibliyi ilə tam razıyam. Çirkabların Araz çayına axıdılması elə bilirəm, bu regionda hamını narahat edən məsələdir.

Mən təklif etmişəm ki, Araz hövzəsindəki suları biz yoxlayaq, onları testdən keçirək və orada çirkabların hansı səviyyədə olmasını müəyyən edək. Suların çirklənməsi üzrə bizim çox müasir laboratoriyamız vardır. Mən xahiş edəcəm ki, onlar buraya gəlsinlər və bu məsələ ilə məşğul olsunlar.

Sizinlə razıyam ki, Xəzərin ekologiyasının qorunması sahəsində səylərimizi artırmalıyıq. Mən belə başa düşürəm ki, Bakıda Xəzərin ekologiyası ilə məşğul olmaq üçün bir mərkəz yaratmaq yerinə düşər və biz də bu mərkəzlə işimizi davam etdirə bilərik. Bütün bunların hamısı həm Sizin üçün, həm də bizim üçün çox vacib olan məsələlərdir. Sizi əmin etmək istəyirəm ki, adını çəkdiyim bütün bu məsələlərə yüksək səviyyədə lazımi diqqət göstəriləcəkdir.