Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Gürcüstanın xarici işlər naziri İrakli Meneqarişvilini qəbul etmişdir - 8 aprel 1997-ci il


Dünən Prezident sarayında respublika prezidenti Heydər Əliyev ölkəmizdə səfərdə olan Gürcüstan xarici işlər naziri İrakli Meneqarişvilini qəbul etmişdir.

Qonağı səmimi salamlayan prezident H.Əliyev onun gəlişindən şad olduğunu bildirdi və qarşılıqlı səfərlərin ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafında əhəmiyyətli rol oynadığını qeyd etdi. O, əlavə etdi ki, cənab İ.Meneqarişvilinin Azərbaycan xarici siyasət idarəsində apardığı danışıqlardan xəbərdardır və bu danışıqların nəticələrindən razıdır.

Cənab İ.Meneqarişvili Gürcüstan prezidenti E.Şevardnadzenin səmimi salamlarını dövlətimizin başçısına çatdırdı. O, sözünə davam edərək dedi ki, prezident E.Şevardnadzenin bu ilin fevralında Azərbaycana səfərini Gürcüstanda yüksək qiymətləndirir, səfər zamanı imzalanmış sazişləri, əldə edilmiş razılaşmaları xalqlarımız arasında dostluq münasibətlərinin genişləndirilməsində mühüm addım kimi dəyərləndirirlər. Qonaq əlavə etdi ki, səfər zamanı imzalanmış sazişlərin həyata keçirilməsi üçün Gürcüstan tərəfindən işçi qrupu yaradılmışdır və onun səfərinin məqsədi də həmin sənədlərin reallaşdırılması ilə bağlı azərbaycanlı həmkarları ilə fikir mübadiləsi aparmaq, habelə əməkdaşlığın gələcək perspektivlərini müzakirə etməkdir. O vurğuladı ki, bütün bu məsələlər barədə Azərbaycan Xarici İşlər Nazirliyində keçirdiyi görüşlər zamanı hər iki tərəfin fikirlərinin üst-üstə düşdüyünün şahidi olmuşdur.

Prezident H.Əliyev qeyd etdi ki, doğrudan da, prezident E.Şevardnadzenin ölkəmizə səfəri böyük hadisə idi. Bu səfər uğurlu oldu və biz onun nəticələrini yüksək qiymətləndiririk. Belə ki, səfər zamanı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı bir çox sənədlər, xüsusilə də iki dövlətin strateji əməkdaşlığı haqqında bəyannamə imzaladıq. Bu bəyannamə təkcə Azərbaycan və Gürcüstan üçün yox, həm də bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. Prezident H.Əliyev əlavə etdi ki, Gürcüstan dövlət başçısının səfərinin gedişində iqtisadi əməkdaşlıq haqqında, Transqafqaz magistralı barədə imzalanmış sənədlər də böyük əhəmiyyətə malikdir və biz hazırda həmin sazişlərin həyata keçirilməsi ilə məşğuluq.

Regionda yaranmış vəziyyətdən bəhs edən prezident H.Əliyev qeyd etdi ki, silahlı münaqişələrin hələ də tənzimlənmədiyi Qafqaz üçün sülh böyük səadətdir. Bu baxımdan Qafqaz ölkələrinin sülh və əmin-amanlıq naminə əməkdaşlığı Qafqaz xalqlarının mənafeyinə xidmət edir. O xatırlatdı ki, hələ keçən ilin mart ayında Azərbaycan və Gürcüstanın dövlət başçıları "Tbilisi Bəyannaməsi"ni imzalamış və onu bütün qonşu ölkələr üçün açıq elan etmişdilər. Sonra Kislovodskda da bu cür sənəd imzalandı. Bununla belə, Azərbaycanla Gürcüstanın strateji əməkdaşlığı xüsusi əhəmiyyətə malikdir. Azərbaycanla Ukrayna arasında ötən ay Kiyevdə strateji əməkdaşlıq haqqında imzalanmış sənəd həmin prosesin davamı kimi bütün dünyanın diqqətini cəlb edir.

Prezident H.Əliyev bəyan etdi ki, Azərbaycan regionun bütün dövlətləri ilə əməkdaşlıq etmək istəyir. Bizim Rusiya, Türkiyə, İranla səmimi əlaqələrimiz var. Lakin Ermənistanın ölkəmizə qarşı təcavüzü və bu təcavüz nəticəsində ölkəmizin 20 faizinin işğal edilməsi həmin ölkə ilə normal əlaqələr yaradılmasına imkan vermir. Belə bir şəraitdə Gürcüstanın və Azərbaycanın həmsərhəd ölkələrlə xoş münasibətləri Qafqazdakı münaqişə ocaqlarının söndürülməsi üçün perspektivlər açır.

Prezident H.Əliyev söylədi ki, Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişafı üçün hələ çox şey edilməli, hər iki ölkənin iqtisadi yüksəlişinin təmin edilməsi, xalqlarımızın rifah halının artırılması, təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərilməlidir. O vurğuladı ki, təhlükəsizlik sahəsində Azərbaycanın mövqeyi sabitdir. Lakin son vaxtlar Rusiyadan Ermənistana qanunsuz olaraq külli miqdarda silah göndərilməsi ilə bağlı aşkarlanmış faktlar böyük narahatlıq doğurur. Prezident H.Əliyev xatırlatdı ki, keçən ayın əvvəllərində ilk dəfə olaraq Rusiyadan Ermənistana silah ötürülməsi faktları ortaya çıxanda mən Rusiya prezidenti B.Yeltsinə məktub göndərdim. Sonra MDB dövlət başçılarının görüşü zamanı onunla təkbətək söhbət etdik və razılaşdıq ki, MDB dövlətləri arasında əlaqələrin inkişafına mane olan əngəlləri aradan götürmək lazımdır. Ancaq cari ayın əvvəllərində Rusiya ilə Ermənistan arasında silah sövdələşməsi barədə yeni faktlar aşkar edildi. Artıq Ermənistana nə qədər və hansı silahlar göndərildiyi mətbuatdan məlumdur. Mən bu faktlarla əlaqədar yenidən Rusiya prezidentinə məktub göndərdim. Prezident B.Yeltsin həmin faktları təhqiq etmək üçün müvafiq orqanlara göstəriş verib. Eyni zamanda bu məsələ bizim parlamentdə müzakirə olundu və Rusiya Dövlət Dumasına müraciət qəbul edildi. Biz həmin silahların Rusiyaya qaytarılması barədə bu dövlətin müvafiq orqanlarının tədbir görəcəyini gözləyirik.

Prezident H.Əliyev bildirdi ki, o hələ 1993-cü ilin dekabr ayında MDB dövlət başçılarının Aşqabad sammitində Birlik üzvü olan ölkələr arasında münaqişələrin olmasını qeyri-normal təzahür kimi qiymətləndirmiş və bununla bağlı bəyanat vermişdi. Ancaq o vaxt bu məsələyə lazımi diqqət yetirilmədi. Ötən ay Moskvada keçirilmiş zirvə toplantısında isə bütün dövlət başçıları həmin məsələdə həmrəy olduqlarını nümayiş etdirdilər.

Prezident H.Əliyevin fikrincə, belə bir şəraitdə Ermənistanın silahlanması Gürcüstanı da narahat edir. O, ümidvar olduğunu bildirdi ki, Gürcüstan bu məsələ ilə əlaqədar öz mövqeyini fəal şəkildə bildirəcəkdir. Çünki bu gün həmin silahlar Azərbaycana qarşı yönəldilibsə, sabah başqa bir dövlətə qarşı da yönəldilə bilər. Ona görə də sözügedən məsələ daim diqqət mərkəzində olmalıdır.

Azərbaycan dövlətinin başçısı söhbət zamanı Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarında vəziyyətin yaxşılaşmasını razılıqla qeyd etdi və bildirdi ki, bu, xalqlarımız arasında dostluq əlaqələrinin inkişafına xidmət edir.

Cənab İ.Meneqarişvili ölkələrimiz arasında əməkdaşlığın indiki vəziyyətindən danışaraq qeyd etdi ki, hazırda Tbilisidə Transqafqaz magistralı layihəsinin reallaşdırılması yollarına həsr olunmuş forum keçirilir. Tədbirdə maraqlı ölkələrlə bərabər beynəlxalq təşkilatların nümayəndələri də iştirak edir. Eyni zamanda qonşu dövlətlər, o cümlədən Ukrayna, Bolqarıstan bu layihəyə böyük maraq göstərirlər. Artıq layihənin reallaşdırılması istiqamətində konkret iş gedir.

Sonra görüş bağlı qapılar arxasında davam etdirildi.

Qəbulda xarici işlər naziri Həsən Həsənov, Gürcüstanın ölkəmizdəki səfiri Georgi Çanturiya iştirak edirdilər.

"Azərbaycan" qəzeti, 9 aprel 1997-ci il.