"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkmənistan Prezidenti zati-aliləri cənab Saparmurad Niyazova məktubu" (22 oktyabr 2003-cü il) sənədinə tarixi arayış


Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik əlaqələr 1992-ci ilin iyununda yaradılıb. 1999-cu ildə Türkmənistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 2001-ci il iyunun 4-də Türkmənistan tərəfi Azərbaycandakı səfirliyinin fəaliyyətinə müvəqqəti xitam verib, bunu da maliyyə problemləri ilə bağlı olduğunu bildirib. 2008-ci ildə yenidən səfirlik öz fəaliyyətini bərpa edib.(http://www.mfa.gov.az/) 2002-ci ilin avqustunda isə Azərbaycanın Aşqabadda səfirliyi fəaliyyətə başlayıb.

Azərbaycan və Türkmənistan prezidentləri əsasən, beynəlxalq və regional təşkilatların konfranslarında görüşüb, fikir mübadiləsi aparıblar.

1996-cı il martın 18-19-da Türkmənistan prezidenti Saparmurat Niyazov Bakıya rəsmi səfərə gəlib. Səfər zamanı iki ölkə arasında iqtisadi, siyasi və mədəni sahələrdə 15 saziş və müqavilə imzalanıb.

Saparmurat Niyazovun hakimiyyəti dövründə iki ölkə arasında münasibətlər kifayət qədər mürəkkəb olub. Xüsusən Xəzərin hüquqi statusu və milli sektorların sərhədləri ilə bağlı Türkmənistanın nümayiş etdirdiyi mövqe Xəzər bölgəsi ölkələri arasında narahatçılığa səbəb olub. Bundan başqa, Xəzər dənizində əməkdaşlıq, onun karbohidrogen ehtiyatlarının işlənməsi və xarici bazarlara çıxarılması məsələsində də Türkmənistanın qeyri-ardıcıl və qeyri-prinsipial mövqeyi bu ölkənin tərəfdaş imicinə ciddi xələl gətirib. (Bax: Ə. Həsənov "Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti" Bakı - 2004).

90-cı illərin sonlarından etibarən soyuqlaşan ikitərəfli münasibətlər Saparmurat Niyazovun ölümündən sonra tədricən mülayimləşməkdədir. 2008-ci il mayın 19-da Türkmənistanın yeni prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri bu yumşaqlığın əyani sübutu kimi dəyərləndirilə bilər. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun təkbətək görüşü olub. Görüşdə Azərbaycan - Türkmənistan münasibətlərinin inkişaf perspektivləri və bu prosesin fəallaşmasında dövlət başçılarının görüşlərinin rolu vurğulanıb. Danışıqlardan sonra iki ölkənin maliyyə, xarici işlər və nəqliyyat nazirlikləri arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb. Tərəflər həmçinin, Xəzərin hüquqi statusu ətrafında da fikir mübadiləsi aparıblar. Türkmənistan prezidenti bu məsələnin prioritet olduğunu və problemin çözülməsinin dənizdə beynəlxalq əməkdaşlığa yeni imkanlar yaradacağına əmin olduğunu bildirib.

Tarixi arayış 22 may 2008-ci ildə tərtib edilib.