Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ağcabədi rayonunda jurnalistin sualına cavabı və döyüşçülər qarşısında çıxışı - 9 aprel 1994-cü il


Sual:  Hörmətli prezident, cəbhə bölgələrinə səfərinizin məqsədi nədir?

Cavab: Məqsəd odur ki, yerlərdəki vəziyyəti özüm şəxsən görüb öyrənmək istəyirəm. Ali Baş Komandan kimi Müdafiə Nazirliyindən məlumat alıram, briqada komandirləri ilə bilavasitə əlaqə saxlayıram. Eyni zamanda vəziyyəti özüm şəxsən görüb, tanış olub, aydınlaşdırmaq istəyirəm. Əsgərlərlə, zabitlərlə görüşərək onların əhval-ruhiyyəsini öyrənirəm. Çalışıram öyrənim ki, onların döyüş ruhu nə səviyyədədir. Bunların hamısı, mənim üçün həm orduya rəhbərlik etmək, müdafiəni etibarlı təşkil etmək, həm də torpaqlarımızın azad olunması planlarını hazırlamaq üçün çox lazımdır. Ona görə də buradayam və bundan sonra da gələcəyəm.

Əvvəlki səfərimdən sonrakı dəyişikliklərə gəldikdə isə, mən əsgərlərlə, zabitlərlə görüşüb danışdığım zaman görürəm ki, onların əhval-ruhiyyəsi daha yüksəkdir, səriştələri də artıb. Bunların hamısı göstərir ki, addımlarımız xırda olsa da, biz irəliyə gedirik və gedəcəyik. Siz burada, ön mövqedə torpaqlarımızın müdafiəsində dayanmısınız. Azərbaycan Respublikasının indiki vaxtında orduda xidmət etməkdən, Vətənin müdafiəsində durmaqdan şərəfli peşə yoxdur. Siz bu sənətin sahibisiniz, bu yolu tutmusunuz. Bütün Azərbaycan xalqı bu yolu tutan övladlarına minnətdar olacaqdır.

* * *

Torpaqlarımız altı ildir ki, Ermənistai silahlı qüvvələrinin təcavüzünə məruz qalıb, xeyli insan öz evindən-eşiyindən didərgin düşüb. Elə burada, Ağcabədi rayonunda 60 minə qədər qaçqın var. Başqa rayonlarda da vəziyyət belədir. Burada biz erməni işğalçıları ilə qarşı-qarşıya durmuşuq. Görünən o kəndlər, habelə Azərbaycan ərazisinin böyük bir qismi erməni silahlı qüvvələrinin əlindədir. Onlar kəndləri dağıdırlar, yandırırlar, qalmış əmlakı qarət edirlər. Bunlar hamısı Azərbaycan xalqının başına gəlmiş bəlalardır. Ancaq biz təkcə kədərimizi bildirməklə kifayətlənməməliyik. Bütün Azərbaycan xalqının borcu ondan ibarətdir ki, belə ağır vəziyyətdə dönüş yaradaq və həm ərazilərimiz bundan sonra etibarlı müdafiə olunsun, həm də qüvvəmizi toplayıb işğal olunmuş torpaqlarımızı geri alaq.

Biz düşmənlərə sübut etməliyik ki, əgər onlar ərazimizdən çəkilib getməsələr ordumuz, xalqımız öz torpaqlarını öz gücü ilə azad etməyə qadirdir. Əsgər və zabitlərimizin işini yüksək qiymətləndirirəm və əmin olduğumu bildirirəm ki, düşmənin hər bir hücumunun qarşısı alınacaq və işğalçılara zərbələr vurmaq üçün ordumuzun lazımi imkanları vardır.

Biz ordunun qurulması, təşkil olunması, hərbi hissələrin yerləşdirilməsi, əsgərlərimizin, zabitlərimizin hərbi işin incəliklərinə dərindən yiyələnməsi üçün yaxşı əsas yaratmalıyıq.

Azərbaycan xalqı öz ordusuna böyük hörmət və ehtiramla yanaşır. Mən də Ali Baş Komandan kimi orduya daim qayğı və diqqət göstərmək tələbini irəli sürürəm. Bundan sonra da belə edəcəyəm. Ancaq siz, orduda xidmət edən əsgər və zabitlər xalqımızın diqqətinə, qayğısına layiq olmalısınız. Bu o deməkdir ki, siz gərək sədaqətlə xidmət edəsiniz, hərbi peşənin bütün sirlərini mənimsəyəsiniz, hər bir döyüşdə qalib gələ biləsiniz cəsarətiniz, iradənizlə, həm də hərbi biliyinizlə. Bunun üçün sizə tapşırılan yerlərin müdafiəsində möhkəm dayanmalı, həm də vaxtı itirmədən təlim, hazırlıq işləri aparmalı, silahı öyrənməli, peşənizin bütün incəliklərinə yiyələnməlisiniz ki, döyüşlərlə qalib gələsiniz.

İndi, siz buraya yaxınlaşarkən gözəl bir mahnı oxuyurdunuz. Qoy o mahnı da sizi ruhlandırsın. Xalqımızın zəngin adət-ənənələri, qədim tarixi, mədəniyyəti, böyük keçmişi və ondan da gözəl gələcəyi sizi ruhlandırsın, vətənpərvərliyinizi, döyüş ruhunuzu daha da artırsın. Siz böyük məsuliyyət daşıyırsınız. Mən istərdim ki, həmişə bu məsuliyyətin yüksək zirvəsində olasınız. Bir daha sizə cansağlığı arzu edirəm, döyüşlərdə qəhrəmanlıq, uğurlar diləyirəm və hər birinizi Azərbaycanın Milli Qəhrəmanı kimi görmək istəyirəm.

Tarixi arayış

ORDU QURUCULUĞU