Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurasının Baş katibi Daniel Tarşis ilə görüşdə söhbətindən (Strasburq, Avropa sarayı, 9 oktyabr 1997-ci il) sənədinə tarixi arayış


1994-1999-cu illərdə Avropa Şurasının İsveçdən olan baş katibi Daniel Tarşis təşkilatla Azərbaycan arasında münasibətlərin yaxınlaşdırılması üçün müvafiq fəaliyyət göstərib. O, iki dəfə Azərbaycana səfər edib və dəfələrlə Azərbaycan hökumətinin, ictimai-siyasi təşkilatların nümayəndələri ilə ölkənin Avropa Şurası ilə əməkdaşlığını genişləndirmək üçün müzakirələr aparıb.

1996-cı ilin iyununda Azərbaycana Avropa Şurası Parlament Assambleyasında xüsusi dəvət olunmuş qonaq statusu verilib. Bu hadisədən az sonra, 12-14 iyul 1996-cı ildə Daniel Tarşis və Avropa Şurası Nazirlər Komitəsinin sədri, Estoniyanın xarici işlər naziri Syum Kallasın başçılıq etdikləri nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Səfərdə məqsəd Azərbaycanda demokratiya və insan hüquqları sahəsində vəziyyəti öyrənmək olub. 13 iyul 1996-cı ildə Azərbaycan Prezidenti Heydər Əliyev nümayəndə heyəti ilə görüşündə Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olmaq niyyəti bildirilən məktubu Daniel Tarşisə təqdim edib.

Heydər Əliyevlə Daniel Tarşisin ikinci görüşü 9 oktyabr 1997-ci ildə, Strasburqda Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarınıın zirvə görüşündə olub. Avropa Şurasının Baş katibi Heydər Əliyevə Azərbaycanın bu təşkilata daxil olması üçün kömək göstərməyə hazır olduğunu deyib.

Azərbaycanın dövlət başçısı Daniel Tarşisə ölkənin Avropa Şurası ilə tam əməkdaşlıq etmək istədiyini söyləyib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışaraq ATƏT-in Minsk qrupunun o zaman təqdim edilmiş mərhələli sülh təklifinin ümidverici olduğunu bildirib.

Daniel Tarşisin Azərbaycana daha bir səfəri 1998-ci ilin avqustunda olub. Avropa Şurası Nazirlər Komitəsinin sədri, Yunanıstanın xarici işlər nazirinin müavini İannos Kranidiotislə təşkilatın nümayəndə heyətinə rəhbərlik edən baş katibin bu səfərində də məqsəd Azərbaycanda demokratik proseslərin həyata keçirilməsi vəziyyətini öyrənmək idi. Heydər Əliyevlə görüşü zamanı Daniel Tarşis Azərbaycanın Avropa Şurasında iştirak etmədiyi sonuncu orqan - Yerli Seçki Dairələri Şurasında da təmsil olunmasını arzuladığını bildirib.

Təşkiatın müxtəlif qurumlarında müzakirələrdən sonra, 25 yanvar 2001-ci ildə Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olub.

29 aprel 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının iqamətgahında təşkilatın baş katibi Valter Şvimmerlə görüşüb. Valter Şvimmer İlham Əliyevin Azərbaycan Prezidenti kimi Avropa Şurasına ilk gəlişinin əhəmiyyətini vurğulayıb. O, Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Azərbaycan ilə Avropa Şurası arasında heç bir problem olmadığını, bu təşkilata üzvlüyün üç ili ərzində ölkəmizdə demokratiyanın inkişafı, insan hüquqları və azadlıqlarının qorunması sahəsində böyük işlər görüldüyünü və bu siyasətin gələcəkdə də davam etdiriləcəyini bildirib.

5 sentyabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Avropa Şurasının yeni baş katibi Terri Devisin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanda cəmiyyətin daha da demokratikləşməsi istiqamətində həyata keçirilən işlər, parlament seçkilərinə hazırlıq prosesləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

4 iyun 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Buxarestdə, onun üçün ayrılmış iqamətgahda Avropa Şurasının baş katibi Terri Devislə yenidən görüşüb. Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın müxtəlif sahələrinə dair fikir mübadiləsi aparılıb.

2 dekabr 2008-ci ildə Prezident İlham Əliyev növbəti dəfə Avropa Şurasının baş katibi Terri Devisi qəbul edib. Söhbət zamanı Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda keçirilən konfransın əhəmiyyəti vurğulanıb. Bu cür tədbirlərin ölkələr və xalqlar arasında əlaqələrin möhkəmlənməsində və beynəlxalq əməkdaşlığın genişləndirilməsində rolu qeyd olunub. (www.president.az) 

Tarixi arayış 15 dekabr 2008-ci ildə yeniləşdirilib.