Azərbaycan - Gürcüstan münasibətləri


Münasibətlərin tarixi: Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Bundan başqa, 2010-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın, 2013-cü ildə isə Azərbaycanın Gəncə şəhərində Gürcüstanın baş konsulluqları açılıb.

İkitərəfli siyasi münasibətlər: Azərbaycan ilə Gürcüstan arasında müstəqillikdən sonra yaranan münasibətləri iki mərhələyə bölmək olar. Birinci mərhələ - 1991-ci ildən 1993-cü ilə qədər olan müddəti əhatə edir. Gürcüstan Respublikasının Prezidenti Zviad Qamsaxurdiya dövründə yaranan gürcü millətçiliyi yerli azərbaycanlılara qarşı çevrilmişdi. Erməni və gürcü millətçiliyi Qafqazda Azərbaycanın milli mənafeyinə təhlükə törədirdi. 1993-cü ildə Heydər Əliyevin və Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda ziddiyyətlərin aradan qalxmasına kömək etdi. Xarici və daxili siyasətdə milli mənafeləri təmin edən strategiya həyata keçirildi. 1995-ci ildə Azərbaycan ilə Gürcüstan dövlətləri arasında müqavilə bağlandı. Müqavilə siyasi, iqtisadi, hərbi, kommunikasiya sahələrini əhatə edir.

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxardıb. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. İkitərəfli münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik" və "Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq" haqda qarşılıqlı bəyannamələr imzalayıblar. 1997-ci ilin fevralında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılıb. Müqavilə iqtisadi, ekoloji, təhsil, rabitə və s. sahələr üzrə əməkdaşlığı əhatə edir.

Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq keçən müddətdə bütün sahələr üzrə davam edib. Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr həmin ölkələri bir-birinə strateji cəhətdən bağlayır. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda baş verir və strateji xarakter alır.

1998-ci il sentyabrın 7-8-də keçirilmiş Tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfransın işində iştirak etmək üçün Gürcüstan prezidenti Eduard Şevardnadzenin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri, 1998-ci il oktyabrın 7-də Azərbaycanın Gürcüstanla sərhədində yeni körpünün açılışında Azərbaycan və Gürcüstan prezidentlərinin, 1999-cu il aprelin 17-də isə Azərbaycan, Ukrayna və Gürcüstan dövlət başçılarının Bakı-Supsa neft kəmərinin təntənəli açılışı mərasimində iştirak etmələri qarşılıqlı əlaqələrin möhkəmlənməsinə və regional əməkdaşlığın inkişafına təkan verib.

1999-cu il noyabrın 18-də İstanbulda keçirilmiş ATƏT-in sammiti çərçivəsində "Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası ərazilərindən xam neftin nəqli haqqında" Sazişin ABŞ Prezidenti Bill Klintonun iştirakı ilə Türkiyə Prezidenti Süleyman Dəmirəl, Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şevardnadze tərəfindən imzalanması region ölkələrinin strateji əməkdaşlığı və Avropaya inteqrasiyası sahəsində ciddi addım idi.

Dövlətlərarası münasibətlərin hüquqi-normativ bazasının təkmilləşməsi və inkişafında dövlət və hökumət başçılarının sonrakı dövrdə intenisv xarakter alan qarşılıqlı səfərləri mühüm əhəmiyyət daşıyıb. Bu səfərlər sırasında 2000-ci ilin martında Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstana, 2001-ci ilin sentyabrında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin, 2002-ci ilin yanvarında Gürcüstan parlamentinin sədri Nino Burcanadzenin Azərbaycana rəsmi səfərlərini qeyd etmək lazımdır.

Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığını rəsmiləşdirən məqamlardan biri kimi 2002-ci ilin aprelində Türkiyənin də imzaladığı "Trabzon razılaşması"nı göstərmək olar. Regionun enerji təhlükəsizliyi və müstəqilliyini təmin etmək üçün üç ölkənin daxili işlər nazirlərinin imzaladığı bu sənəd terrorizm və aqressiv separatizmə qarşı mübarizədən tutmuş, çirkli pulların yuyulması və neft-qaz borularının birgə mühafizəsinədək kifayət qədər geniş spektri əhatə edir.

2004-cü ildə Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra, Gürcüstanın Azərbaycana olan marağı nəinki zəifləməmiş, əksinə, münasibətlərin daha da inkişafı üçün yeni addımlar atılıb. Belə ki, 2004-cü il martın 4-5-də Gürcüstan prezidenti Mixail Saakaşvili Bakıda rəsmi səfərdə olub. Səfər zamanı "Azərbaycan Respublikası və Gürcüstan Respublikasının arasında birgə bəyannamə", "Təhsil sahəsində əməkdaşlıq haqqında saziş", "Azərbaycan Respublikasının hökuməti ilə Gürcüstan hökuməti arasında informasiya sahəsində əməkdaşlıq haqqında saziş" imzalanıb.

"Gürcüstanla Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkələrdir" - bu fikri 2004-cü ilin martında Gürcüstan prezidenti Mixail Saakaşvilinin Bakıya rəsmi səfəri zamanı hər iki ölkənin dövlət başçıları bəyan ediblər.

Bunun ardınca, 2004-cü ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, həmçinin sərhəd-buraxılış məntəqələrinin işinin təkmilləşdirilməsi, nəqliyyat daşımaları tarifləri nəzərdən keçirilib.

Hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik Bakı Tbilisi-Ceyhan neft ixrac kəmərinin tikintisi ölkələrimizi daha da yaxınlaşdırıb. 2005-ci il mayın 24-25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirilib. Hər iki ölkənin, habelə Türkiyənin prezidenti mərasimdə iştirak ediblər.

Ölkələr arasında rəsmi səfərlər dövlət rəsmilərinin bu əlaqələrə necə çox önəm verdiyinə də bir sübutdur. Beləki, Azərbaycan Prezidenti İlham Əliyev bundan sonra da dəfələrlə Gürcüstanda səfərdə olub: 2005-ci il (12 oktyabr), 2007-ci il (7 fevral, 12 may, 21 noyabr), 2008-ci il (1 iyul), 2010-cu il (18 iyul), 2014-cü il (06 may), 2015-ci il (06 noyabr), Gürcüstan prezidentləri də müxtəlif vaxtlarda ölkəmizə səfərə gəliblər.

Keçən müddətdə iki ölkə arasında 100-dən artıq hüquqi-normativ sənəd imzalanıb.

Təəssüf ki, Azərbaycanla Gürcüstan arasında strateji münasibətləri gözü götürməyən qüvvələr də mövcuddur. 2015-ci ildə Gürcüstan energetika naziri Kaxa Kaladzenin Azərbaycanın Gürcüstanın qaz ehtiyacını tam ödəyə bilməməsi fikri ilə bir ara regionda “qaz oyunları”nın oynanılmasına baxmayaraq, hazırda da Azərbaycan bu ökəyə əsas qaz tədarükçüsüdür.

Son zamanlar isə Gürcüstanın bəzi ictimai-siyasi dairələrində Azərbaycanın şimal-qərb bölgəsinə, həmçinin David Qareci monastırı ərazisinə və bəzi digər torpaqlarımıza qarşı açıq və üstüörtülü formada iddialar irəli sürülməkdədir. Bunun da nəticəsidir ki, 14 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib. İnsident itkisiz ötüşsə də, hər iki ölkə və xalqları arasında münasibətləri pozmaq istəyən xüsusi qüvvələr bu məsələdən istifadə etmək və ölkələrimizi zəiflətmək niyyətindən hələ də vaz keçməyiblər.

Halbuki, 2008-ci ilin yanvarında Gürcüstan məlum olmayan səbəblər üzündən qazsız və elektrik enerjisiz qalanda, Azərbaycan Gürcüstana kömək edib, onun təbii qaz ehtiyacının 88 faizini təmin etməyə başlayıb. Azərbaycan qazı Tbilisi üçün Ermənistana nəql edilən güzəştli Rusiya qazından daha ucuz başa gəlir. Həmin ilin avqustunda ölkəmiz Rusiya ilə toqquşan Gürcüstana yardımını əsirgəməmişdi.

İqtisadi əlaqələr: Ölkələr arasında əməkdaşlığa zərbə vurmaq istəyənlərin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan və Gürcüstan arasında uğurlu əməkdaşlıq davam edir və bu əməkdaşlıq bütün sahələri - ticarət, investisiya, maliyyə, bank, enerji, nəqliyyat, kənd təsərrüfatı, idman, təhsil, mədəniyyət və sairi əhatə edir.

Gürcüstan Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşlarından biridir. Bundan başqa, Gürcüstana yatırılan birbaşa investisiyaların həcmini nəzərə alsaq, Azərbaycanın Gürcüstanın ən əhəmiyyətli investisiya tərəfdaşlarından olduğunu da görərik.

İndiyədək Gürcüstan Azərbaycan iqtisadiyyatına 93,8 mln. dollar, Azərbaycan isə Gürcüstana 3.2 mlrd. ABŞ dollarından çox investisiya yatırıb. Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz 2012-ci ildən etibarən 1-ci yerdədir. Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti qeydiyyata alınıb, 700-dən çox Azərbaycan sərmayəli şirkət, xüsusilə SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir. Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkət də Azərbaycan Dövlət Neft Şirkətidir.

Bakı-Tbilisi-Qars dəmir yolunun inşası zamanı Azərbaycan Gürcüstan ərazisindən keçən dəmir yolu xəttinin inşası üçün Tbilisiyə 775 milyon dollar həcmində kredit ayırıb.

SOCAR Energy Georgia MMC Gürcüstanın qazla təmin edilməsində mühüm rol oynayır. 2006-cı ildə qurulan bu şirkət yalnız Gürcüstan ərazisində fəaliyyət göstərir. SOCAR Energy Georgia MMC-nin əsas fəaliyyət sahəsi Gürcüstanda neftin topdan və pərakəndə satışı, neft və neft məhsullarının, həmçinin mayeləşdirilmiş qazın ölkəyə idxalı, neft terminalı və anbarlarının tikintisidir. Şirkət Gürcüstandakı neft satışının 72%, dizel satışının isə 61%-nə nəzarət edir, bundan başqa, Kulevi neft terminalı da şirkətin ixtiyarındadır. ARDNŞ Gürcüstana hər ay 20.000 ton neft məhsulu, həmçinin 15.000 ton benzin idxal edir.

Ümumiyyətlə, 2018-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 580 mln. dollar olub. Ölkələrimiz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Cənub-Qərb və digər beynəlxalq tranzit dəhlizlərinin inkişafında fəal əməkdaşlıq edir. Səmərəli əməkdaşlığın nəticəsində hər iki ölkənin ərazisindən keçən tranzit yükdaşımaların həcmi də artır.

Mədəni əlaqələr: Ölkələrimiz arasında mədəni əlaqələr də geniş inkişaf edib. Gürcüstanda ARDNŞ və Heydər Əliyev Fondu xeyriyyəçilik və sosial-mədəni layihələri həyara keçirir. 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi nəticəsində Tbilisi şəhərində M.F.Axundzadənin adını daşıyan 73 saylı, Marneuli şəhərindəki 7 saylı, Qardabani şəhərindəki 3 saylı, Dmanisi rayon mərkəzindəki 2 saylı məktəblər əsaslı şəkildə təmir olunub istifadəyə verilmiş, eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən Qardabani rayonunun Qaracalar kəndində, Bolnisi rayonunun Hasanxocalı və Cəfərli kəndlərində, Dmanisi rayonunun Kirovis kəndində müasir tipli yeni məktəb binaları tikilmişdir. ARDNŞ-in Gürcüstan nümayəndəliyi tərəfindən Marneuli rayonunun Alget və Lecbəddin kənd orta məktəbləri, Qardabani rayonunda uşaq bağçası və Nəzərli kənd orta məktəbi təmir edilmiş, Marneulidə “Çay evi” inşa edilmiş, Tbilisi şəhərində yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyi və görkəmli ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun ev muzeyi təmir edilmişdir.

Gürcüstanda azərbaycan dilində “Gürcüstan”, “Müəllim”, “Maarif”, “Təhsil”, “Aydın Yol” kimi qəzetlər nəşr olunur. Tbilisidə H.Əliyev adına Azərbaycan Dram Teatrı, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və N.Nərimanovun ev muzeyi fəaliyyət göstərir.

Bakı və Tbilisi qardaşlaşmış şəhərlərdir. Bu ənənəni digər şəhərlər də davam etdirir: Ağcabədi-Batumi, Gəncə-Kutaisi, Gəncə-Rustavi, Sumqayıt-Rustavi, Naxçıvan-Batumi, Şəki-Telavi də qardaş-şəhərdirlər.

Azərbaycanı Gürcüstanla yaxınlaşdıran ən mühüm məqamlardan biri 500 minədək soydaşımızın bu ölkədə yaşamasıdır. Gürcüstan azərbaycanlılarının dil, mədəniyyət, təhsil və s. sahələrdə mövcud problemlərinin həllindən ötrü həm rəsmi, həm də ictimai vasitələrlə zəruri işlər həyata keçirilməkdədir.

Ümumi tarixi arayış may 2020-ci ildə yenilənib.