Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin 74-cü ildönümü münasibətilə rəsmi qəbulda nitqi - "Gülüstan" sarayı, 29 oktyabr 1997-ci il


Hörmətli səfir!

Hörmətli xanımlar, cənablar və qonaqlar!

Mən sizi Türkiyə Cümhuriyyətinin yaradılmasının 74-cü ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Sizə, Türkiyə xalqına, Türkiyə Cümhuriyyətinə yeni-yeni uğurlar arzulayıram.

74 il ərzində türk xalqı, Türkiyənin vətəndaşları cümhuriyyət içərisində böyük və şanlı bir yol keçmişlər. 74 il bundan öncə Osmanlı imperatorluğu dağılan zaman, mənim əziz dostum Süleyman Dəmirəlin ifadəsi ilə desək, "Osmanlı imperatorluğunun külləri içərisindən müsəlman Şərqində ilk cümhuriyyət yaranmış - Türkiyə Cümhuriyyəti". Türkiyə Cümhuriyyətini yaradanlar bütün dünyada böyük bir qeyrət göstərmişlər və türk xalqının gələcək həyatı üçün böyük imkanlar açmışlar. Türkiyə xalqının iradəsi, böyük Mustafa Kamal Atatürkün zəkası və qəhrəmanlığı nəticəsində Türkiyə Cümhuriyyəti ağır, çətin bir şərait içərisində, qurtuluş savaşının qələbəsi sayəsində yaranmışdır. Türkiyə Cümhuriyyəti yaranarkən, Türkiyə Cümhuriyyəti qurularkən böyük Mustafa Kamal Atatürk demişdir: "Xalqımız məsud, müvəffəq və müzəffər olacaqdır". Biz artıq o sözlərin həyata keçirilməsinin şahidiyik. Türkiyədə demokratik, hüquqi, dünyəvi bir dövlət qurulubdur. Türkiyə Cümhuriyyəti, Türkiyə xalqının həyatı demokratiyanın inkişafı sahəsində, insan hüquqlarının qorunması sahəsində, iqtisadiyyatın inkişafı sahəsində Dünya Birliyində görkəmli yer tutmuşdur.

Türkiyə Cümhuriyyətinin 74 illik yolu çətin, mürəkkəb olmuşdur. Ancaq türk xalqının iradəsi və Türkiyə Cümhuriyyətini irəliyə aparan böyük insanlar bu çətin, ağır şərait içərisində cümhuriyyəti yaşatmış, inkişaf etdirmiş və Dünya Birliyində görkəmli yer tutan dövlət səviyyəsinə gətirib çıxarmışlar. Türkiyə bütün sahələrdə inkişaf etmiş bir dövlətdir və onun nailiyyətləri göz qabağındadır. 1950-ci illərdə Türkiyədə adambaşına orta gəlir 50 dollar idi, indi isə 5 min dollardır. Budur, Türkiyə iqtisadiyyatının Türkiyə vətəndaşlarına verdiyi töhfələr!

Türkiyə əhalisinin sayına görə dünyada 16-cı yerdə durur, ərazisinin sahəsinə görə isə 32-ci yerdədir. Demək, böyük dövlətlər sırasındadır, bütün beynəlxalq təşkilatların üzvüdür. Biz ümidvarıq ki, Türkiyə apardığı işlərini uğurla başa çatdıracaq və Avropa Birliyinin də üzvü olmağa nail olacaqdır. Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələri böyük və zəngin tarixə malikdir. Biz bunu yüksək qiymətləndiririk. Bizim keçmişimiz də, bu günümüz də dostluq, qardaşlıq əlaqələri ilə səciyyəvidir. Azərbaycan dövlət müstəqilliyini əldə edən andan indiyə qədər Türkiyə ilə bütün sahələrdə sıx əməkdaşlıq edir və bizim dostluq, qardaşlıq əlaqələrimiz günü-gündən inkişaf edir. Türkiyə bizim üçün dost, qardaş, yaxın ölkədir, Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkədir, dövlət müstəqilliyimiz yolunda Azərbaycana daim dayaq olan, kömək edən qardaş ölkədir. Biz bunu bütün sahələrdə hiss etmişik və edirik. Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrini biz, xalqımız və dövlətimiz üçün çox əhəmiyyətli hesab edirik. Bu əlaqələrin daha da genişlənməsi, daha da yüksəlməsi bizim xalqımızın və dövlətimizin gələcək vəzifəsidir.

Azərbaycana Ermənistan tərəfindən hərbi təcavüz edilən zamandan Türkiyə Azərbaycan ilə daim bir yerdə olmuş, bərabər olmuşdur. Biz Türkiyənin bu sahədə mənəvi dəstəyini və beynəlxalq təşkilatlarda onun Azərbaycanın mövqeyini müdafiə etməsini, bu sahədə bizimlə daim əməkdaşlıq etməsini yüksək qiymətləndiririk. Türkiyə ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün yaradılmış Minsk qrupunun üzvüdür. Minsk qrupunun tərkibində Türkiyə daim fəal iş aparır, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli, sülh yolu ilə həll olunması üçün öz səylərini qoyur. Biz bu məsələlərin həll edilməsində həmişə Türkiyə ilə əlaqədəyik. Minsk qrupunun son təkliflərini qəbul edərək, eyni zamanda yaxşı bilirik ki, Türkiyə Cümhuriyyəti də, xalqı da, Türkiyə dövləti də bizim kimi, bu təkliflərin qəbul edilməsinin tərəfdarıdır, bu məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıdır.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Türkiyənin tutduğu mövqe bizim üçün ona görə əhəmiyyətlidir ki, Türkiyə Azərbaycanla bir olduğunu nümayiş etdirir.

Türkiyə Ermənistanla heç bir diplomatik əlaqə yaratmayıbdır və Türkiyənin xalqı da, dövləti də, hökuməti də dəfələrlə bildiriblər ki, Ermənistanın Azərbaycana təcavüzü ləğv edilməyənə qədər, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş torpaqları azad edilməyənə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmayana qədər Türkiyə ilə Ermənistan arasında heç bir əlaqə ola bilməz. Biz bunu yüksək qiymətləndiririk. Türkiyənin dövlət, hökumət başçıları bunu dəfələrlə bəyan ediblər. Türkiyənin prezidenti, əziz dostumuz, qardaşımız Süleyman Dəmirəl beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT-in Lissabon Zirvə görüşündə Azərbaycanın mövqeyinin müdafiəsində bizimlə sıx əməkdaşlıq edibdir və Azərbaycana yardım göstəribdir, bütün başqa hallarda da Türkiyənin Azərbaycanla bərabər olmasını təsdiq edibdir.

Oktyabrın 10-11-də Strasburqda Avropa Şurasının üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşündə Türkiyənin baş naziri cənab Məsud Yılmazla görüşüm zamanı da bu fikirlər yenidən təsdiq edildi. Yenidən bəyan olundu ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi Azərbaycan üçün nə qədər əhəmiyyətlidirsə, Türkiyə üçün də bir o qədər əhəmiyyətli və vacibdir və bu məsələlər həll olunmayana qədər Türkiyə ilə Ermənistan arasında heç bir əlaqəyə yol verilə bilməz. Bunların hamısı onu göstərir ki, Türkiyənin hökuməti, dövləti, xalqı Azərbaycanı özünün dostu, doğma qardaşı hesab edir, Azərbaycanın düşdüyü vəziyyəti özünün vəziyyəti kimi qiymətləndirir və buna müvafiq olaraq münasibət bildirir.

Güman edirəm ki, bunların hamısı, bizim ümumi səylərimiz, aparılan işlər Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasını təmin edəcəkdir və biz bölgəmizdə sülhə nail olacağıq. Dəfələrlə bəyan etmişik və mən bu gün bir daha bildirirəm ki, Azərbaycan bu məsələnin sülh yolu ilə həll edilməsinin tərəfdarı olaraq qalır. Mən bunu son dəfə Strasburqda Avropa Şurasının üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşündə və Kişinyovda Müstəqil Dövlətlər Birliyinin dövlət başçılarının zirvə görüşündə də bəyan etmişəm. Bu gün də bildirirəm. Biz bu məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq, Lissabon Zirvə görüşündə qəbul edilmiş prinsiplərin əsasında həll edilməsinin tərəfdarıyıq. Məsələnin iki mərhələdə həll edilməsi, yəni birinci mərhələdə Azərbaycanın altı rayonunun işğalçı qüvvələrdən azad olunması, o rayonlardan didərgin düşmüş azərbaycanlıların öz yerlərinə-yurdlarına qayıtması, ikinci mərhələdə isə Şuşa və Laçın rayonlarının işğalçı qüvvələrdən azad edilməsi və bununla bərabər, Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu verilməzi - bu, Minsk qrupunun son təklifləridir. Biz bunları qəbul etmişik. Məmnuniyyət hissi doğurur ki, Ermənistan Respublikasının rəhbərliyi də bunu qəbul edibdir. Strasburqda Ermənistan prezidenti və Azərbaycan prezidenti bu barədə birgə bəyanat veriblər. Bunların hamısı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasını bizim üçün daha da yaxınlaşdırıb, böyük ümidlər yaradıbdır.

Bunlara nail olmaq üçün, bu səviyyəyə çatmaq üçün son illər çox işlər görmüşük. Bütün bu işləri görərkən Türkiyə-Azərbaycan əməkdaşlığı bu işlərin həyata keçirilməsində çox böyük və mühüm rol oynayıbdır. Əminəm ki, biz məsələnin sülh yolu ilə həll edilməsinə nail olacağıq, Qafqazda sülhün yaranmasına nail olacağıq və beləliklə Türkiyə ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq əlaqələri daha da yeni imkanlardan istifadə edərək yüksəklərə qalxacaqdır.

Biz Türkiyənin əldə etdiyi nailiyyətləri gənc, müstəqil Azərbaycanın dövlət quruculuğunda örnək kimi qəbul etmişik. Azərbaycanda dövlət quruculuğu prosesində, demokratiyanın bərqərar olmasında, Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə inkişaf etməsi və müstəqil dövlətin həyatına aid bütün məsələlərin həll olunmasında Türkiyə Cümhuriyyətinin təcrübəsi, əldə etdiyi nailiyyətlər bizim üçün böyük təcrübədir və örnəkdir.

Bu bayram günü Türkiyə Cümhuriyyətinə, Türkiyə xalqına ölkəmizə, xalqımıza dostluq, qardaşlıq münasibətinə görə təşəkkürümü bildirirəm. Türkiyə xalqına səadət, əmin-amanlıq arzu edirəm. Türkiyə Cümhuriyyətinin Mustafa Kamal Atatürkün qoyduğu yol ilə daha da uğurla irəliləməsini arzu edirəm. Bir daha sizi ürəkdən təbrik edirəm, sizin hamınıza cansağlığı və səadət arzulayıram. Sağ olun.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - XII cild Azərnəşr, Bakı - 1998, səh.381.