Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sədərək rayonu Yeni Kərki kənd sakinləri ilə görüşü- 14 avqust 2002-ci il


Heydər Əliyev: Əziz bacılar, qardaşlar!

Mən sizi səmimi-qəlbdən salamlayıram. Burda iki kənd var, ikisi də mənə yaxşı tanışdır. Birincisi, Böyükdüz kəndi vaxtilə yox idi. Şahtaxtı kəndindən köçüb gəlib burada məskən salmışdılar. Amma burada yaxşı işləyirdilər. Yadımdadır, yaxşı kolxozları var idi. Əli Məmmədov uzun illər kolxoz sədri olmuşdu. Sosialist Əməyi Qəhrəmanı, deputat idi.

Kənd Sakini: Cənab Prezident, Siz o vaxt buraya atla gəlmişdiniz.

Heydər Əliyev: Düz deyirsən, atla gəlmişdim. Mən vaxtilə burada KQB-də işləyəndə bizim avtomobilimiz yox idi, çox yerlərə atla gedirdim. Mən zabit idim, yaxşı atlarımız var idi. Atla bu kənddən o kəndə gedirdik, işlərimizi görmək lazım idi. Ona görə mən çox yaxşı at sürürdüm, bunu mənim dostum yadıma saldı. Amma iş onda deyil. Böyükdüz kəndi çox böyük kənd oldu, insanları da çox yaxşı yaşayırdılar. İkincisi, Kərki kəndi Azərbaycanın ən gözəl guşələrindən biridir. Amma təəssüflər olsun ki, o vaxt bu xəritəni cızanda Azərbaycana düşmən olan insanlar elə etmişdilər ki, Azərbaycanın Kərki kəndi Ermənistanın içində qalmışdı. Buna baxmayaraq, Kərki həmişə yaşayırdı. Ancaq 1990-cı ildə ermənilər hücum etdilər. Yaxşı yadımdadır, onda mən hələ buraya gəlməmişdim. Sonra gəldim, mənə dedilər. Kərkililər orada möhkəm müqavimət göstərdilər. Ancaq təəssüflər olsun ki, onda ermənilərlə birlikdə sovet ordusunun hissələri sizi öz kəndinizdən çıxardılar. İndi gəlib burada yerləşmisiniz. Mən tarixi düz deyirəm?

Səslər: Bəli, tamamilə düz deyirsiniz.

Heydər Əliyev: İndi eşitdiyimə görə, burada yaxşı torpaqlarınız, yeriniz var. Amma hamınız burada yerləşməmisiniz. Mən bu yaxın vaxtlarda vəsait ayırdım ki, qaçqın vəziyyətində yaşayan bir neçə vətəndaşlarımıza evlər tikilsin. O cümlədən bilirdim ki, burada kərkililər var. İndi siz burada ev tikmisiniz, təsərrüfatınız var, əkin aparırsınız. Amma bəziləri... 

Vasif Talıbov: Cənab Prezident, 9 ailə.

Heydər Əliyev: 9 ailə məskunlaşmamışdır. 

Vasif Talıbov: Bəli, 9 ailənin evi yoxdur. 51 ailədir. Burada 9 ev tikiləcəkdir.

Heydər Əliyev: Burada tikiləcəkdir?

Vasif Talıbov: Bəli. Muxtar respublika üzrə 51 ailədir.

Heydər Əliyev: Şəxsi ev?

Vasif Talıbov: Bəli.

Heydər Əliyev: Tikdiyimiz o beşmərtəbəli ev...

Vasif Talıbov: O, Ermənistandan olan qaçqınlar üçündür.

Heydər Əliyev: O, kərkililər üçün deyil, kərkililər üçün 9 evdir. Qalanlarının hamısının evləri var?

Vasif Talıbov: Bəli, evləri var.

Heydər Əliyev: Evləri var, düzdür, yoxsa yox? Yox, yox, əgər burada bir məsələ varsa, deyin.

Kənd Sakini: Cənab Prezident, biz eşitdik ki, oradan bizə də ev verirlər. Ona görə deyirəm.

Heydər Əliyev: Haradan?

Vasif Talıbov: Dördmərtəbəli 48 mənzilli binadan.

Heydər Əliyev: Yəni burada sizin eviniz yoxdur?

Kənd Sakini: Evimiz var, amma...

Heydər Əliyev: Hə, ikinci ev istəyirsən? Onda hələ bir az tələsmə. Qoy evi olmayanlar alsınlar. Ondan sonra gələn dəfə bir sərəncam verəcəm ki, yeni bir ev tiksinlər, onda sizə də verərlər.  Mən çox məmnunam ki, siz burada yaxşı yaşayırsınız. Naxçıvan Muxtar Respublikasında işlər yaxşı gedir, əkin əkirsiniz, mal-qaranız var, torpaqlarınızın sahibisiniz, eviniz var – hər şey var. Bu qızlar, gəlinlər, balaca uşaqlar, bu yaşlı qadınlar ki, məni bu qədər hərarətlə, məhəbbətlə qarşılayırlar, bu o deməkdir ki, siz mənim siyasətimdən razısınız.

Səslər: Bəli, ürəkdən razıyıq.

Heydər Əliyev: Belə olmasa siz məni qarşılamazsınız. Mən bunu bilirəm. Ancaq mənim bu bacı ilə söhbətim var. O sən idin, Bakıda mənə dedin ki, iki günlüyə gedirsən, gəlmədin, bizi aldatdın?

Zərifə Camalbəyova(Əmək və müharibə veteranı): İndi arxayın oldum ki, aldatmamısan. Mən o sözü dedim.

Heydər Əliyev: Yadınızdadır, 1993-cü ildə Azərbaycanda vəziyyət ağır idi, böhran var idi. Məni dəvət etdilər ki, Bakıya gedim. Doğrudur, mən Naxçıvandan ayrılmaq istəmirdim. Moskvadan Naxçıvana gələndə mənim fikrim bu idi ki, ömrümün sonuna qədər burada yaşayacağam. Çünki mən burada doğulmuşam və düşünürdüm ki, Allah nə qədər ömür verəcəksə, burada yaşayacağam. Gəldim, məni Naxçıvanın Ali Məclisinə sədr seçdilər, işləməyə başladım. Ondan sonra, 1993-cü ildə Azərbaycanda vəziyyət ağır olanda mənə müraciət etdilər. Çox adamlar, bizim ziyalılar – alimlər, professorlar, şairlər, yazıçılar gəldilər ki, Heydər Əliyev, Azərbaycan dağılır, böhrandır. Xalq Cəbhəsindən hakimiyyətdə olan adamlar artıq qaçıb dağılmışdılar. Gəncədən də, yadınızdadır, Surət Hüseynov kimi bir adam, elə Xalq Cəbhəsinin yetişdirməsi hücum edirdi, hakimiyyəti devirib özü prezident olmaq istəyirdi. Belə bir vəziyyətdə məni Bakıya dəvət etdilər. Mən də getdim. Gedəndə Ali Məclisin qabağına çox adam yığışmışdı, xüsusən qadınlar. Gördüm ki, bunların göz yaşları var. Dedim, niyə belə gözü yaşlısınız? Bu bacı dedi ki, Sən bizi qoyub gedirsən. Mən dedim ki, yox, iki gündən sonra qayıdıb gələcəyəm. Mən həqiqətən də belə düşünürdüm. Düşünmürdüm ki, mən gedib orada qalacağam.

Düşünürdüm ki, gedib vəziyyəti bir-iki gün araşdıracam, məsləhətlərimi verəcəyəm və qayıdıb gələcəyəm. Amma getdim, elə olmadı. Sonra mən müharibə veteranları ilə görüş keçirirdim. Mənim bu bacım da Naxçıvandan oraya gəlmişdi. Sən Böyükdüzdənsən?

Zərifə Camalbəyova: Mən əsl köklü Naxçıvanlıyam. Ancaq 1954-cü ildən Böyükdüzdə yaşayıram.

Heydər Əliyev: Yadındadır, orada durub dedin ki, yoldaş Əliyev, sən Naxçıvandan gedəndə bizə dedin ki, iki gündən sonra gələcəksən. Sən gəlmədin, bizi aldatdın. Niyə aldatdın? Mən buna bir söz deyə bilmədim. Dedim, aldatmadım. Doğrudan da mən iki gündən sonra gəlmək istəyirdim. Ancaq burada vəziyyət belə oldu ki, Azərbaycanı qoyub gələ bilmədim. Ancaq mənim qəlbim sizinlədir, Naxçıvanladır. Görürsən, indi gəlmişəm, demək, aldatmamışam. Bu hərarətli görüşə görə çox sağ olun. Mən sizin hamınızı öpürəm, qucaqlayıram, bağrıma basıram. Sizin hər birinizə cansağlığı arzu edirəm, səadət arzu edirəm. Sağ olun, salamat qalın.

Kənd sakinləri: Xalqımızın xilaskarı Heydər Əliyevə eşq olsun!

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış