Kristian Ponsöle, Fransa senatının sədri (1998-2008)


Azərbaycana ilk səfərim zamanı Prezident Heydər Əliyevlə görüşməkdən sevinc və şərəf hissi duydum. O, məni əməkdaşlarımla birlikdə nahara dəvət etdi. Bu, yaddaqalan bir münasibət idi və belə xüsusi diqqət məni son dərəcə həyəcanlandırmış və təsirləndirmişdi. Həmin görüşdən məndə unudulmaz xatirə qalıbdır. 

Prezident Heydər Əliyev cəsarətli və sarsılmaz iradəyə malik bir şəxsiyyətdir. O, bütün varlığı ilə ölkəsinə bağlı, ölkəsi ilə nəfəs alan, onun bütün çətinlikləri ilə yaşayan bir insandır, xalqın həyat tərzinin yaxşılaşdırılması naminə var gücü ilə çalışır, gerçəkliyi nəzərə alaraq praqmatik hərəkət edir. Əlbəttə, o, xalqa boş vədlər yox, konkret ümidlər verir. 

Prezident Heydər Əliyevin iradə və gücündən danışarkən tibbi əməliyyatdan dərhal sonra məni qəbul edərək, çox uzun söhbət etməsini yaxşı xatırlayıram. Ona bir az dincəlməyi məsləhət gördükdə, «yox, bu söhbət çox vacibdir. Fransa ilə Azərbaycan arasında əlaqələrə böyük əhəmiyyət verdiyimdən mütləq sizinlə söhbət etməliyəm,» - deyə cavab verdi və söhbətin çox müsbət nəticələri oldu. 

Prezident Heydər Əliyev ölkəsində sabitliyi və bütün qüvvələr arasında birliyi bərpa etməyi bacardı. O, ölkədə sosial inkişafın dayağı olan iqtisadi inkişafı təmin etmək üçün lazımi inamı və asayişi bərpa etdi. Ölkəsinin təbii sərvətlərindən maksimum mənfəət əldə etməsi üçün lazımi şərait yaratdı. 

Bu gün Azərbaycan cəsarətli addımlarla bazar iqtisadiyyatına doğru gedir. Ölkə hər kəsin öz fikrini sərbəst ifadə etməsi, öz hisslərini bildirməsi üçün demokratiya yolunu seçib. Dövlət belə yüksəlir. Prezident Heydər Əliyev ölkədəki qüvvələri eyni bir məqsədə - Azərbaycanın tərəqqisi naminə səfərbər etməyə nail olmuşdur. Mən xüsusilə vurğulayıram ki, Prezident Heydər Əliyev Qərb demokratiyalarının əsas prinsipi olan dünyəvilik prinsipini ölkəsində tətbiq etdi. Ölkədə hər kəs dininə etiqad etməkdə və inamında azaddır. Eyni zamanda, din ölkənin idarə olunmasına müdaxilə etməməlidir. Bu, çox mühüm prinsipdir. 

Deməliyəm ki, məhz Prezident Heydər Əliyevin fəaliyyəti sayəsində Azərbaycan Cənubi Qafqazın hüdudlarından uzaqda böyük şöhrət qazanıbdır. Bu gün Fransa və Azərbaycan arasında gözəl əlaqələrin inkişafında Heydər Əliyevin xidmətləri əvəzsizdir. Azərbaycan və fransız xalqları arasında çox səmimi dostluq hissləri mövcuddur. Mənə çox xoşdur ki, Prezident Heydər Əliyev Fransa inqilabının ildönümünü - 14 iyulu həmişə xüsusi diqqətlə qeyd edir. Fransız xalqının azadlıq və demokratiya əldə etdiyi həmin gün ölkəsinə tərəqqi, azadlıq və ümid gətirmiş Heydər Əliyevin vaxtilə ən yüksək vəzifəyə təyin olunduğu günə təsadüf edir. 

«Dünyanı heyran qoyan insan» (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh.150.