Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının prezidenti B.Klintona məktubu - 20 yanvar 1993-cü il


"Hörmətli cənab prezident!

1992-ci ilin noyabr ayında ABŞ-ın prezidenti Corc Buş Ermənistan Respublikasının prezidenti L.Ter-Petrosyanın xahişinə cavab olaraq uzun müddət iqtisadi blokada şəraitində olması ilə əlaqədar bu respublikaya humanitar yardım göstərilməsini qərara almışdır. 1992-ci il dekabr ayının 4-də Yerevana gələn Amerika Birləşmiş Ştatlarının nümayəndəsi humanitar yardımın praktiki olaraq həyata keçirilməsini elan etmişdir.

Biz prezident Corc Buşun bu humanist addımını düzgün anlayırıq. Eyni zamanda sizə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası artıq səkkiz aydır ki, daha ağır iqtisadi blokada şəraitindədir. Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə bağlayan və Ermənistanın ərazisindən keçən bütün kommunikasiya xətləri pozulmuşdur. Buna görə də muxtar respublikanın iqtisadiyyatının zəruri ehtiyatlarla təmin olunmasında, əhalinin ərzağa, elektrik enerjisinə, yanacağa olan minimum tələbatının ödənilməsində son dərəcə böyük çətinliklər yaranıb.

Son beş ayda Naxçıvan Muxtar Respublikasının əhalisi əsasən Türkiyə Respublikası hökuməti tərəfindən ayrılan kredit hesabına Türkiyədən gələn ərzaq malları və İran İslam Respublikasından daxil olan bəzi ərzaq və yanacaq malları hesabına yaşayır.

Naxçıvanı iqtisadi blokadadan çıxarmaq üçün Ermənistanın ərazisindən keçən Naxçıvan-Bakı dəmir yolunun, elektrik və qaz xətlərinin işinin bərpası sahəsində edilən cəhdlərimiz heç bir müsbət nəticələr verməmişdir. Naxçıvanla Bakı arasındakı yeganə rabitə vasitəsi hava nəqliyyatıdır. Lakin bu nəqliyyat yalnız adamların daşınmasını böyük çətinliklərlə təmin edə bilir.

Sərt qış şəraiti daha da gərginləşmişdir, Türkiyədən göndərilən ərzaq qurtarmaq üzrədir, vəziyyət son dərəcə acınacaqlı xarakter almışdır.

Belə bir şəraitdə bu gün siz Amerika Birləşmiş Ştatlarının prezidenti vəzifəsini icra etməyə başladığınız zaman sizdən Naxçıvan Muxtar Respublikasına humanitar yardım göstərilməsini xahiş edirəm.

Belə düşünürəm ki, Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəy bu xahişi bəyənəcək. Onun özü də Naxçıvanın sosial-iqtisadi problemlərini həll etmək üçün tədbirlər görür.

Ümidvaram ki, sizin, cənab prezident, Ermənistan Respublikası ilə böyük sərhədi olan Naxçıvan Muxtar Respublikasına bu çətin dövrdə göstərəcəyiniz kömək Amerika Birləşmiş Ştatlarının bizim bütün regiona xeyirxah, diqqətli münasibətinin inandırıcı təzahürü olacaq və layiqli qiymətini alacaqdır".

"Qətiyyətin təntənəsi", Bakı - 1995, səh 378.