"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Xarici İqtisadi Əməkdaşlıq Komitəsinin üzvləri - işgüzar dairələrin nümayəndələri ilə görüşdə çıxışı" (Ankara, 1 noyabr 1994-cü il) sənədinə tarixi arayış


1-2 noyabr 1994-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev Azərbaycan xalqının və bütün türk dünyasının böyük şairi və mütəfəkkiri Məhəmməd Füzilinin anadan olmasının 500 illiyi münasibətilə Ankarada təşkil edilən yubiley tədbirlərində iştirak etmək üçün Türkiyədə işgüzar səfərdə olub. Səfər çərçivəsində Heydər Əliyev Türkiyənin Xarici İqtisadi Əməkdaşlıq Komitəsinin (Dış Ekonomik İlişkiler Kurulu, DEİK) təşkilatçılığı ilə bu ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşüb. Görüşü adı çəkilən qurumun sədri Əli Hücət açıb. O, öz çıxışında Türkiyə-Azərbaycan iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti haqqında, türkiyəli iş adamlarına Azərbaycanda iqtisadi fəaliyyət üçün yaradılan mühit və iki ölkə arasında iqtisadi əlaqələrin bundan sonrakı inkişafı üçün görülməsi vacib olan işlər haqqında söhbət açıb.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrə mane olan əsas səbəb kimi Azərbaycanda iqtisadi mühiti tənzimləyən qanunların hələ də keçmiş sovet münasibətlərinə əsaslanması və müasir tələblərə cavab verməməsi göstərilib. Bu kimi məsələlərə Azərbaycan Prezidenti Heydər Əliyev öz çıxışında münasibət bildirib. O, öz çıxışında bazar iqtisadiyyatına keçid dövrünə qədəm qoyan Azərbaycanda bu istiqamətdə görüləsi işlərin olduqca çox olduğunu bildirib. İqtisadi sistemi tənzimləyən qanunverici bazanın təkmilləşdirilməsi üçün Azərbaycanda fəaliyyət göstərən bütün xarici iş adamlarının bu istiqamətdə təşəbbüslərinin nəzərə alınacağını qeyd edən Heydər Əliyev deyib: "Azərbaycanın bütün iqtisadiyyatı hələlik sosialist iqtisadiyyatıdır. Bundan bazar iqtisadiyyatına keçmək üçün, şübhəsiz ki, vaxt lazımdır. Lakin ola bilər bu vaxtı uzadasan, bir də var ki, həmin mərhələni qısa müddətdə - bir ilə, iki-üç ilə keçəsən. Bundan ötrü isə siz bizə yardım etməlisiniz. Sizin yardımınız olmasa, sizin təcrübənizdən istifadə etməsək, çətin olacaq".

Qeyd edək ki, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrini intensivləşdirmək üçün 1996-cı ildə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə hökumətlərarası komissiyası yaradılıb. Bu vaxtdan ildə bir dəfə geniş tərkibli iclaslarını keçirən komissiya tərəfləri narahat edən məsələləri müzakirə edərək iqtisadi əlaqələrin inkişafını daha da gücləndirilməsinə yardım göstərir. (http://www.mfa.gov.az/)

2007-ci ilin martında Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla adı çəkilən komissiyanın tərkibi dəyişdirilib ki, bu da son illər Azərbaycan iqtisadiyyatının sürətli inkişafı və yeni tələblərin yaranması ilə izah edilir. Hazırda həmin komissiyanın tərkibinə müdafiə sənayesi, sənaye və energetika, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət və turizm, rabitə və informasiya texnologiyaları, gənclər və idman nazirləri, Naxçıvan MR-in baş naziri, Milli Bankın İdarə Heyətinin sədri, maliyyə, iqtisadi inkişaf, xarici işlər, vergilər nazirlərinin müavinləri, Gömrük Komitəsinin, Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin sədrləri, Ticarət-Sənaye Palatasının prezidenti, Azərbaycanın Türkiyədəki səfiri və Nazirlər Kabineti Aparatının xarici iqtisadi məsələlər şöbəsinin müdiri daxildir. Komissiyanın rəhbəri Baş nazirin birinci müavini A.Şərifovdur. (http://www.news.trend.az/)

Türkiyə Prezidenti Abdullah Gül 7-9 noyabr 2007-ci ildə Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Bakıda təşkil edilən Azərbaycan-Türkiyə biznes forumunda iştirak edib. İki ölkə arasında iqtisadi münasibətlərin həm də 15 illik yekunlarına toxunulan bu biznes forumda tərəflər arasında iqtisadi əlaqələrin real vəziyyəti və perspektivləri müzakirə edilib. 200 Türkiyə, 250 Azərbaycan iş adamının iştirak etdiyi biznes forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin inkişafına münasibət bildirərkən Türkiyə nümayəndələrinə üzünü tutaraq deyib: "Siz həm iqtisadi, həm də siyasi cəhətdən nə qədər güclü olsanız, bir o qədər də Azərbaycanın gücü artacaqdır". (http://www.president.az/)

Azərbaycan Respublikasının Gömrük Komitəsinin verdiyi məlumata əsasən 2008-ci ilin ilk 4 ayı ərzində Türkiyə Respublikasına Azərbaycandan 134 milyon ABŞ dolları dəyərində (ümumi ixracın 3,4%) mal ixrac, 201 milyon ABŞ dolları dəyərində mal isə (ümumi idxalın 10,5%) Türkiyədən idxal edilib. 2007-ci ilin yekunlarına əsasən iki ölkə arasında mal dövriyyəsi ümumi həcmi bir milyard 681 milyon ABŞ dolları təşkil edib ki, bunun da bir milyard 56 milyonu (ümumi ixraca nisbətən 17,44%) Azərbaycandan bu ölkəyə ixracın, 625 milyonu isə idxalın payına düşüb (http://az-customs.net)

Tarixi arayış 4 iyun 2008-ci ildə tərtib edilib.