Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ səfiri Stenli Eskuderonu qəbul edərkən söhbətindən - 9 oktyabr 1999-cu il


Heydər Əliyev: Mən sizi səmimi-qəlbdən salamlayıram. Sizin İspaniyadan təzəcə qayıtmağınız haqqında xəbərim var və xahişinizlə mən bu gün sizi qəbul etdim.

Stenli Eskudero: Bəli, cənab prezident, bir həftəlik İspaniyaya getmişdim. Orada Amerika Birləşmiş Ştatlarının keçmiş SSRİ və Avropadakı səfirlərinin görüşləri var idi. Orada cənab Sestanoviçlə və Telbotla Azərbaycan haqqında söhbət etdik. Yəqin yaxşı bilirsiniz ki, xüsusilə son zamanlar Amerika Birləşmiş Ştatlarında Azərbaycana böyük maraq vardır.


Heydər Əliyev:
Mənə dedilər ki, siz mənimlə bu gün görüşmək istəyirsiniz. Doğrusu, bu gün işim həddindən artıq çoxdur. Sabah da Naxçıvana yola düşürəm. Ancaq mən hər dəfə sizin xahişinizi təmin etməyə çalışıram.

Stenli Eskudero: Cənab prezident, Siz öz tərəfinizdən böyük lütfkarlıq göstərmiş olursunuz ki, həftənin sonunda rəsmi cədvəlinizdən vaxt ayırıb məni qəbul edirsniz. Bilirəm ki, Siz sabah Naxçıvan Muxtar Respublikasının 75 illiyinə həsr olunmuş təntənələrdə iştirak etmək üçün oraya yola düşürsünüz. Ümid edirəm ki, həftənin ikinci günü, yəni ayın 12-də mən də Sizə qoşulacağam.

Heydər Əliyev: Bəli, mən istəyirəm ki, siz də orada olasınız.

Stenli Eskudero: Cənab prezident, bu imkanı heç vaxt əldən qaçırmaram. Bir neçə ay bundan əvvəl Naxçıvanda oldum və o vaxt da qərara gəlmişdim ki, o diyara bir də qayıdım.

Heydər Əliyev: Çox gözəl. Məmnunam.

Stenli Eskudero: Cənab prezident, bu gün səhər tezdən mən teleqraf vasitəsilə vitse-prezident Albert Qordan məktub almışam. Bu, onun Sizə göndərdiyi məktubdur və o, xahiş edir ki, mümkünsə, bu məktubu bu gün ərzində sizə çatdırım.

Məlumdur ki, prezident Klinton və dövlət katibi xanım Olbrayt kimi, vitse-prezident Albert Qor da Azərbaycanla strateji əlaqələrə və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı maraqlarına xüsusi əhəmiyyət verir. Vitse-prezidentimiz Sizin son aylar ərzində Ermənistan prezidenti Robert Koçaryanla apardığınız danışıqları çox maraqla izləyir. Deyərdim ki, bu danışıqlar çox cəsarətli və uzaqgörən danışıqlardır.

Bu yaxınlarda dövlət katibi xanım Olbrayt vitse-prezident Albert Qoru Nyu-Yorkda iki ölkənin xarici işlər nazirlərinin görüşü haqqında məlumatlandırmışdır. Yəni Azərbaycanın xarici işlər naziri Zülfüqarovla Ermənistanın xarici işlər naziri Oskanyanın görüşü haqqında ona məlumat vermişdir. Bu görüşdən sonra vitse-prezident çox ruhlanmışdır.

Beləliklə, vitse-prezident məndən xahiş etmişdir ki, bu məktubu Sizə şəxsən təqdim edim. Bu məktubda həm cənab Alber Qorun, həm də prezident cənab Klintonun Sizə dərin hörməti ifadə olunur. Vitse-prezident bu məktubda ümidlərini ifadə edir ki, Siz Azərbaycanın sakit, sülh şəraitində xoşbəxt gələcəyi üçün əsas maneələri danışıqlar vasitəsilə aradan götürə biləcəksiniz.

Anlayırıq ki, bu danışıqlar çox çətin şəraitdə keçir, vitse-prezident eyni zamanda ümidini itirmir ki, Siz cəsarət göstərərək bütün bu çətinliklərin hamısını aradan qaldıracaq və onlara üstün gələcəksiniz.

Məlumdur ki, indiki danışıqlar Sizin düşündüyünüz kimi, bu regiona sülh, sabitlik və sakitlik gətirəcəkdir. O, məktubunda ümidvar olduğunu bildirir ki, danışıqların bu mərhələsində, yəni ATƏT-in noyabrda İstanbulda keçiriləcək zirvə görüşündən əvvəlki mərhələdə Siz Komaryanla ümumi bir razılığa gəlsəniz və bir qərar çıxarsanız, İstanbul sammiti zamanı bütün ATƏT birliyi və eləcə də Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Sizinlə birlikdə olacaq, Sizinlə çiyin-çiyinə işləyəcək və müəyyən bir qərar çıxarılacaqdır. Məktubun sonunda cənab Qor inamını bildirir ki, danışıqların uğurlu başa çatması Azərbaycanın gələcək inkişafına yardım etmiş olacaqdır. Yəni Azərbaycanda, bu regionda əməkdaşlığın inkişafına yardım edəcək, eləcə də Azərbaycanın Avropa - Atlantik Şurası ilə əməkdaşlığını daha da genişləndirəcəkdir.

Cənab prezident, mən məktubun ümumi məzmununu, əsas məğzini sizə yetirdim. Əgər icazə verirsinizsə, məktubu Sizə təqdim edim. Biz etiraz etmirik ki, həmin məktub Sizin mətbuatda dərc olunsun.

Heydər Əliyev: Hörmətli cənab səfir. Təşəkkür edirəm. Birinci növbədə, vitse-prezident Albert Qorun mənə göndərdiyi bu çox əhəmiyyətli məktub münasibətilə. Siz bilirsiniz ki, mən Azərbaycanın prezidenti kimi bütün fəaliyyətim dövründə Amerika Birləşmiş Ştatları ilə əlaqələri çox yüksək qiymətləndirirəm və bu əlaqələrin inkişaf etməsi üçün daim öz səylərimi göstərirəm.

Mən çox məmnunam ki, Amerika Birləşmiş Ştatlarının hökuməti Azərbaycana daim qayğı və diqqət göstərir, Azərbaycan Amerika Birləşmiş Ştatları üçün çox əhəmiyyətli bir ölkə kimi tanınır və Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klinton, vitse-prezidenti cənab Albert Qor, dövlət katibi xanım Olbrayt bu barədə dəfələrlə öz fikirlərini bildirmişlər.

Çox məmnunam ki, həm cənab Bill Klinton ilə, həm cənab Albert Qor ilə, həm də xanım Olbraytla mənim aramda çox səmimi dostluq münasibətləri yaranıbdır. Mən onlara inanıram. Məmnunam ki, onlar da mənə çox diqqətlə, qayğı ilə yanaşırlar. Bunlar, şübhəsiz ki, bizim ölkələrimiz arasındakı əlaqələrin inkişaf etməsi üçün çox böyük əhəmiyyət kəsb edir.

Mən çox məmnuanm ki, vitse-prezident Albert Qor bu məktubda Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün mənə demək olar ki, dəstək verir, daha cəsarətli danışıqlar aparmaq üçün məni ruhlandırır.

Təbiidir ki, mənim Ermənistan prezidenti Robert Koçaryanla son görüşlərim, demək olar ki, indiyə qədər, Ermənistan- Azərbaycan münaqişəsi dövründə heç vaxt bu qədər intensiv olmamışdır. Doğrudur, bu, bizim ölkəmizdə o qədər də birmənalı qəbul edilmir. Hesab edirəm ki, bizim vətəndaşlarımızın əksəriyyəti mənim xəttimi, hərəkətimi bəyənir, dəstəkləyir və mənim bu təşəbbüslərimi, yəni bu görüşlərimi də bəyənir və ümidlər bəsləyirlər. Amma eyni zamanda, siz bilrsiniz ki, bizim müxalifət qüvvələri özləri heç bir təklif irəli sürmədən bizim gördüyümüz işlərin hamısını inkar edirlər və özlərini guya Dağlıq Qarabağın azad olunması üçün ən cəsarətli, ən böyük mübariz hesab edirlər. Amma bu mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Çünki mən Azərbaycanın prezidenti kimi öz üzərimə böyük məsuliyyət götürmüşəm və bu, məsuliyyətimi dərk edirəm. Nəinki bu gün üçün dərk edirəm, gələcək tarix üçün də öz məsuliyyətimi dərk edirəm. Mən məhz bu fikirlərlə danışıqlar aparıram və bəzi qarşılıqlı kompromislərə getməyin zəruri olduğunu bildirirəm.

Mənim məqsədim tezliklə sülh əldə etməkdir. Mənim məqsədim Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının sülh yolu ilə azad edilməsidir. Mənim məqsədim yerindən-yurdundan didərgin düşmüş, ağır vəziyyətdə yaşayan vətəndaşlarımızı öz evlərinə, öz yerlərinə qaytarmaqdır. Mənim məqsədim Ermənistanla Azərbaycan arasında şübhəsiz ki, gələcəkdə etibarlı, uzunmüddətli sülh yaratmaqdır. Mənim məqsədim Qafqazda, xüsusən cənubi Qafqazda sülhün, əmin-amanlığın yaranmasına öz xidmətlərimi göstərməkdən ibarətdir. Buna görə də mən çox cəsarətli addımlar atıram və bundan sonra da atacağam. Çünki əgər cəsarətli addımlar olmasa, əgər real siyasət, hərəkət olmasa heç bir şeyə nail olmaq olmaz.

Vitse-prezident cənab Alber Qorun buradakı fikirləri ilə tamamilə razıyam. Mən də hesab edirəm ki, əgər Ermənistan prezidenti Koçaryanla mənim aramda da məsələnin həll olunması üçün bir əsas yarana bilsə, biz gələn ay İstanbulda ATƏT-in sammitinə çox yaxşı töhfə verə bilərik. Mən bu istiqamətdə bundan sonra da çalışacağam. Təbiidir ki, bu, təkcə məndən asılı deyil, eyni zamanda Ermənistan prezidentindən asılıdır.

Mən ayın 11-də Ermənistan-Azərbaycan sərhədində prezident Robert Koçaryanla yenidən görüşəcəyəm. Bu görüş ərəfəsində cənab Albert Qorun göndərdiyi məktub məni daha da ruhlandırır və daha da cəsarətləndirir.

Xahiş edirəm, mənim təşəkkürümü cənab Albert Qora çatdırasınız. Mən Naxçıvandan dönəndən sonra mütləq onun məktubuna cavab göndərəcəyəm və imkan dairəsində, bizim danışıqlarımız haqqında məlumat verəcəyəm. Bir daha təşəkkür edirəm.

Stenli Eskudero: Cənab prezident, yəqin, Sizin üçün təəccüblü olmaz eşidəsiniz ki, mənim hökumətim də Sizin dediklərinizi çox bəyənəcəkdir. Aydındır ki, Sizin indicə dediklərinizin hamısı ilə tam razıyam. Səfirliyə dönən kimi vitse-prezidentə bu görüş barədə məlumat verəcəyəm. Ona da tam əminəm ki, prezident Koçaryanla görüşünüz haqqında Siz ona yazarkən o, bunu böyük maraqla oxuyacaqdır.

Heydər Əliyev: Təşəkkür edirəm və siz dediyiniz kimi, mən məktubu dərhal mətbuata verəcəyəm. Qoy bizim vətəndaşlarımız, Azərbaycanın ictimaiyyəti də bu məktubla tanış olsunlar.

"Azərbaycan" qəzeti, 10 oktyabr 1999-cu il