Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında xalq deputatı Heydər Əliyevin çıxışı - 7 mart 1991-ci il


Hörmətli xalq deputatları!

Yeni İttifaq müqaviləsi ilə əlaqədar olaraq təyin olunmuş referendumda iştirak etmək və ya etməmək çox mühüm məsələdir. Azərbaycan xalqının gələcək taleyi həll olunur. Ona görə də mülahizə və təkliflərimi mən də bildirmək istəyirəm.

1922-ci ildən Azərbaycan Sovet İttifaqının tərkibindədir. Bu müddət ərzində xalqımız tarixi yol keçib, nailiyyətlər əldə edib. Eyni zamanda çox itkilərə, çətinliklərə də məruz qalıb. Bunları inkar etmək olmaz.

Biz hamımız bu İttifaqın mövcud olduğu dövrdə dünyaya gəlmişik, təhsil-tərbiyə almışıq, formalaşmışıq. Biz hamımız, hər halda tam əksəriyyətimiz bu İttifaqa həddindən artıq inanmışıq, sədaqətlə xidmət etmişik, xalqımızın səadətini, xoşbəxt gələcəyini bu İttifaq daxilində görmüşük. Mən və mənlə birlikdə xeyli müddət respublikaya rəhbərlik edən həmkarlarım İttifaqın möhkəmlənməsi üçün daim çalışmış, Azərbaycan xalqında da bu İttifaqa sadiqlik və məhəbbət hissiyyatları yaratmağa cəhd etmişik.

Fəqət son illərdə dünyada, ölkədə gedən ictimai, siyasi proseslər keçmişimizə münasibəti, ümumi dünyagörüşünü dəyişdirmiş, Sovet İttifaqında mərkəzlə respublikalar arasında olan iqtisadi, siyasi əlaqələr açılmış, çılpaqlaşmış, hansı tərəfin daha çox xeyir götürdüyü, zərər çəkdiyi aydınlaşmışdır. Bir neçə respublikada baş vermiş milli demokratik hərəkatların İttifaq dövləti tərəfindən zorakılıqla, hərbi qoşun hissələri vasitəsilə boğulması tədbirləri İttifaqın imperiya siyasəti apardığını tam aşkar etmişdir. İttifaq dağılmağa başlamışdır.

Ölkənin rəhbərliyi yetmiş il mövcud olan İttifaqın yarasız olduğunu bəyan edərək, respublikaları yeni İttifaq yaratmağa dəvət edir. Qorbaçov bir neçə çıxışında hətta belə demişdir ki, guya ölkədə indiyə qədər həqiqi İttifaq olmayıb, respublikalar heç də İttifaqda yaşamayıb, əsl İttifaq bundan sonra yaranacaqdır. Həqiqəti isə desək, yeni İttifaq müqaviləsinin layihəsi əvvəlkindən də yararsızdır.

Respublikanın keçmiş rəhbəri kimi, mən də belə yararsız və naməlum İttifaqa xidmət etdiyimi, buraxdığımız səhvləri etiraf edirəm və heyfsilənirəm. Nəzərə almaq lazımdır ki, hər dövrün öz hökmü var. Biz də, demək olar ki, bu salonda oturanların hamısı, o hökmün təsiri altında olmuşuq. İndi isə hesab edirəm ki, bizim xalqımız üçün yetmiş illik imtahan bəsdir. Yeni bir İttifaqa girməyi Azərbaycan xalqı üçün rəva bilmirəm.

Keçmişdə İttifaqa xidmət etməyimə bəraət qazandırıcı əsaslar da var. O dövrdə respublikamızda yaranmış güclü sosial-iqtisadi və intellektual potensial xalqımızın milli sərvətidir və Azərbaycanın müstəqilliyi üçün yaxşı zəmin yaradır.

Bir sözlə, mən yeni İttifaqa nail olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Bu, bütün seçicilərimin, deputatı olduğum Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının yekdil fikridir. Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan xalqı artıq bu yola çıxmışdır. O öz tarixini yenidən təhlil edir, yenidən qiymətləndirir, öz milli ənənələrini bərpa edir, milli köklərinə qayıdır. Respublikada aşağıdan, xalq kütlələri tərəfindən başlanmış milli dirçəliş, dövlət dirşəlişi hərəkatı inkişaf edir.

Bu təqdirəlayiq proseslərlə əlaqədar olaraq Ali Sovetin sessiyası fevralın 5-də müəyyən qərarlar qəbul etdi. Azərbaycan Respublikasının adının dəyişilməsi, dövlət bayrağının dəyişilməsi, 28 May günü haqqındakı qərarları nəzərdə tuturam. Lakin çox təəssüf ki, bu qərarlar müzakirə olunmadı, onların qəbul edilmə səbəbləri izah olunmadı, qərarın özündə də onların məna və mahiyyəti göstərilmədi.

Şübhəsiz ki, bu qərarlar forma naminə qəbul olunmayıb. Bəs, belə olan halda nə üçün onların böyük siyasi, tarixi əhəmiyyəti Ali Sovetin sənədlərində öz əksini tapmayıb?

Yetmiş il respublikamız sovet sosialist məzmunu daşıyıb. İndi biz respublikamızın adını bu sözlərdən azad etdik. Bəs, indi biz hansı yeni siyasi quruluşu qəbul edirik? Məlum deyil.

Yetmiş il bizim respublikamız Oktyabr inqilabı bayrağı altında yaşayıb. Biz o bayraqdan imtina etdik. Yeni bayraq qəbul etdik. Fəqət bu, heç də eyni bayraq deyil. O, 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının milli dövlət bayrağıdır. Bu mühüm siyasi əhəmiyyət kəsb edən fakt nə üçün qeyd olunmadı?

Məmməd Əmin Rəsulzadə partiyasının ideyasını təmsil edən bayraqla, ona zidd olan ideyanın banisinin büstünün sessiya keçən salonda yan-yana durması da təəccüb doğurur. Sadəcə desək, bu uyğunsuzluğu anlamaq çətindir. Bəlkə buna bir izahat vermək lazım idi?

28 May Azərbaycan dövlət quruluşunun dirçəliş günü kimi istirahət günü elan edilib. Məlumdur ki, 28 May 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaranmışdır. Belə olan halda bu hadisəyə və 28 aprel 1920-ci il hadisəsinə siyasi qiymət vermək lazımdır. Bu məsələlər gərək Ali Sovetin sessiyasında müzakirə olunsun.

İkitərəfli, daha açıq desək, ikiüzlü, qorbaçovsayağı, siyasət xalqda inam doğura bilməz. Bu günlərdə Minsk şəhərində çıxış edərkən Qorbaçov kommunist olduğunu, Kommunist Partiyasına axıra qədər sadiq qalacağını təkidlə sübut etməyə çalışırdı. Fəqət öz andını Kommunist Partiyasına, Leninə, Oktyabr inqilabı ideyalarına tam zidd mövqe tutan Soljenitsının sözləri ilə əsaslandırırdı. Sual olunur: biz hansı məzhəbə itaət etməyə dəvət olunuruq?

Bəziləri respublikamızın müstəqil, İttifaqdan ayrı yaşamağa imkanı olmadığını sübut etməyə çalışır. İttifaqda olan respublikalar bir-biri ilə sıx iqtisadi, texniki əlaqələrlə bağlı olduğuna görə, onların İttifaqdan ayrı yaşamasının mümkün olmadığı fikri də ölkədə geniş yayılmışdır.

Bu təbliğatlar əsassızdır. Əvvəla, Azərbaycan tam müstəqil dövlət kimi fəaliyyət göstərmək üçün bütün imkanlara malikdir. Bu barədə deputat Səmədzadənin çıxışındakı bir çox müddəalarla mən razı deyiləm. Əgər reqlamentdən əlavə vaxt verilsə, onların əsassız olduğunu sübut edərəm.

İkincisi, dünyanın hər bir dövləti digər başqa dövlətlərlə istədikləri sahələrdə qarşılıqlı iqtisadi, ticarət, texniki əlaqələr yaradır, ümumdünya inteqrasiya prosesində iştirak edir və bunların heç biri bu dövlətləri müstəqillikdən məhrum etmir. Ona görə də İttifaqda olan respublikaların iqtisadi əlaqələri onların müstəqilliyə nail olmasına mane ola bilməz. Fikrimcə, əgər Azərbaycan tam müstəqil dövlət olarsa (o, indi İttifaqda olan respublikaların hər biri ilə, hətta İttifaq qalarsa, onunla da qarşılıqlı, bərabər hüquqlu, iki tərəfə də faydalı iqtisadi əlaqələr yarada bilər), bu, müstəqil Azərbaycanın gələcək inkişafı üçün daha səmərəli olar. Azərbaycan xalqının başqa xalqlarla dostluq əlaqələri müstəqil xarakter daşıyar, daha səmimi, daha möhkəm olar.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan xalqının başqa xalqlara nisbətən yeni İttifaq müqaviləsindən imtina etməsinə daha çox əsası var. Üç ildir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi pozulub. Lakin İttifaq dövləti bu vəziyyətin aradan qaldırılması üçün səmərəli tədbirlər görməyib.

1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür.

Təəssüf ki, bu təcavüz indiyə qədər davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitdə keçirilir. Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin xatirəsinə abidələr ucaldılır. Fəqət qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir. Deputat Qarayevin məruzəsindəki məlumatlar buna tam əsas verir. Məsələnin müzakirəsinin təxirə salınması, uzadılması 20 Yanvar faciəsini ört-basdır etmək niyyəti kimi qəbul oluna bilər. Buna yol vermək olmaz.

Xalq deputatı kimi Bakıda bir ildən artıq müddətdə fövqəladə vəziyyətin hökm sürməsini başa düşə bilmirəm. Aydın deyil ki, sovet ordusunun qoşun hissələri kimi kimdən qoruyur.

Bəziləri deyir ki, 20 yanvarda Bakıya çağırılmamış qoşun hissələri gəlibdir. Əgər onlar, doğrudan da, çağırılmamışdılarsa, respublika dövləti öz suveren hüquqlarından istifadə edərək onları dərhal geri qaytarmalı idi. Lakin belə olmayıb. Əksinə, qoşunların Bakıda indiyə qədər saxlanılması zəruri hesab olunur.

Elmira Qafarovanın "Vətəndaş müharibəsi baş verər" - sözləri ilə deputatları və xalqı qorxutması da əsassızdır. Anlamaq olmur: kim kiminlə müharibəyə hazırlaşıb? Bu, çox ciddi məsələdir. Əgər belə bir təhlükə varsa, məsələ Ali Sovetin sessiyasında müzakirə olunmalı, lazımi tədbir görülməlidir.

Sessiyanın gedişi bir daha göstərdi ki, Ali Sovetin qarşısında çox böyük və mürəkkəb vəzifələr durur. Lakin ən əsas vəzifə respublikanın ərazi bütövlüyünü bərpa etmək və xalqımızı erməni təcavüzündən qorumaqdır. Son illərdə Ermənistanda millətçi quldur birləşmələri tərəfindən güclü silahlı hərbi potensial yaranmışdır. Şübhə yoxdur ki, bu, Azərbaycana qarşı təcavüzkarlıq məqsədi daşıyır. Azərbaycan, xüsusən onun sərhədyanı rayonları təhlükə altındadır. Uzun müddətdir ki, Naxçıvan Muxtar Respublikasının əhalisi böyük narahatçılıq hissi keçirir. Ona görə sayıqsızlığa yol vermək olmaz. Respublikanın müstəqil müdafiəsini təmin etmək üçün təxirəsalınmaz tədbirlər görülməlidir.

Bunun üçün respublikada ümumxalq birliyinə nail olmaq lazımdır. Təəssüf ki, belə bir ağır dövrdə bəzi dairələr xalqı birləşdirmək əvəzinə onu parçalamağa, ayrı-ayrı regionları, rayonları, kəndləri, hətta ayrı-ayrı şəxsləri belə bir-birinə qarşı qoymağa cəhd edirlər. Bunun qabağı tezliklə alınmalıdır. Ümumxalq birliyi yaratmaq üçün Ali Sovet gərək öz mövqeyini aydın bildirsin, öz platformasını yaratsın.

Məlumdur ki, Sovet İttifaqı Kommunist Partiyasının bir hissəsi olan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin platforması xalqı birləşdirə bilməz. O, xalq arasında nüfuzdan düşüb, bütün xalqın iradəsini təmsil etmir. Kommunist Partiyası hakimiyyətdən tamamilə imtina etməlidir. Yuxarıdan aşağıya qədər partiya komitələrinin katibləri eyni zamanda sovet orqanlarında rəhbər vəzifə tutmamalıdırlar. Demokratiyanın, siyasi plüralizmin, aşkarlığın inkişafı üçün şərait yaradılmalıdır. Bütün siyasi qüvvələr eyni hüquqda fəaliyyət göstərməlidir. Xalqa hər şey düzgün çatdırılmalıdır. Sosial ədalət bərqərar olmalıdır.

Azərbaycan xalqının birliyi yeni, demokratik, heç kəsdən asılı olmayan dövlət qurulması yolu ilə təmin oluna bilər. Doğrudur, bu yolda çətinliklər də az olmayacaqdır. Fəqət, nəyin bahasına olursa-olsun, biz buna nail olmalıyıq. Biz bu yola düşməsək, bunu gələcək nəsillər edəcək. Və onlar, tarix bizi bağışlamayacaq. İndi hər bir namuslu, qeyrətli azərbaycanlı gərək öz şəxsi mənafelərini, imtiyazlarını unutsun, xalqın aqibəti, bu günü və azad gələcəyi haqqında düşünsün. Xalqın müqəddəratı hər şeydən üstün olmalıdır.

Azərbaycan xalqı birləşməli, öz müqəddəs doğma torpağını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır.

Xalq deputatlarını, bütün Azərbaycan xalqını bu yola dəvət edirəm və əmin edirəm ki, mən bu yoldan dönməyəcəyəm.

Diqqətinizə görə sağ olun.