"Azərbaycanda İkinci beynəlxalq ticarət sərgisinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı" (Bakı, 3 sentyabr 1996-cı il) sənədinə tarixi arayış


Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatı ilə sıx inteqrasiya olunması, xarici sərmayələrin ölkəyə gəlməsini stimullaşdırmaq, inkişaf etmiş ölkələrin respublikamızda müştərək iş görməsini təşkil etmək məqsədilə 1994-cü ildən başlayaraq Bakıda beynəlxalq sərgilərin keçirilməsi ənənəyə çevrilib. Yeni xarici iqtisadi əlaqələrin qurulmasına xidmət edən beynəlxalq sərgilərin keçirilməsi həm beynəlxalq təcrübənin öyrənilməsi, həm də yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından olduqca əhəmiyyətlidir.

Beynəlxalq əhəmiyyətinə görə belə sərgilərdən ən miqyaslısı 1994-cü ilin mayından başlayaraq hər il Bakıda keçirilən "Xəzərneftqaz" beynəlxalq sərgi-konfransıdır. Bu sərgi-konfransların Azərbaycan neft strategiyasının həyata keçirilməsində böyük rolu olub.

3 sentyabr 1996-cı ildə Bakı İdman-Konsert Kompleksində Azərbaycan Ticarət-Sənaye Palatası və Böyük Britaniyanın "İnternəşnl treyd eksibişnz" şirkətinin birgə təşkil etdiyi İkinci beynəlxalq ticarət sərgisinin açılış mərasimi olub. Gündəlik tələbat mallarının geniş çeşiddə nümayiş etdirildiyi bu beynəlxalq sərgidə dünyanın 25 ölkəsindən 100-ə qədər şirkət təmsil olunub. Sərgi çərçivəsində yerli şirkətlərlə xarici şirkətlər arasında kənd təsərrüfatı məhsullarının istehsalı üzrə müştərək istehsal müəssisələrinin yaradılması, bir neçə xarici şirkətin Azərbaycanda nümayəndəliyinin açılması üzrə razılaşma əldə edilib.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev bu cür tədbirlərin xarici iş adamları ilə Azərbaycanda yenicə formalaşmaqda olan yerli sahibkarlar arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin yaranmasında mühüm rol oynayacağına inandığını bildirib. Azərbaycan Prezidenti deyib: "Bu gün mən məmnuniyyət hissi ilə deyə bilərəm ki, Azərbaycanın dünya iqtisadiyyatı ilə sıx əlaqələri günü-gündən inkişaf edir və respublikamıza xarici sərmayənin gəlməsi, xarici ölkələrin Azərbaycanla müştərək iş görməsi müvəffəqiyyətlə həyata keçirilir".

Hazırda Azərbaycanda hər il bir neçə ixtisaslaşmış sərgi keçirilir. Bunlardan daha çox tanınanları yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq statusa malik və 15 ildir Bakıda təşkil edilən "Xəzərneftqaz", Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi, 16 ildir keçirilən Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi, mebel sərgisi, kənd təsərrüfatı texnologiyaları sərgisi, tikinti materialları, turizm, qida məhsulları sərgisidir. Həmçinin hər il bir neçə ölkəyə məxsus xüsusi sərgilər də təşkil edilir. Məsələn, 2008-ci ilin birinci yarısında Bakıda İran və İordaniya istehsalı olan malların sərgisi təşkil edilib. Müxtəlif ölkələrin istehsal məhsullarının Azərbaycanda bu cür sərgilərinin keçirilməsi yeni-yeni işgüzar əlaqələrin qurulmasına, daxili bazara dünya standartları səviyyəsində hazırlanan məhsulların gəlməsinə və ya istehsal edilməsinə böyük yardımçı olur.

Azərbaycanda ən son keçirilən sərgi isə əvvəlkilərdən tamamilə fərqli olub. Belə ki, əvvəlki sərgilər beynəlxalq xarakter daşıyırdı və burada nümayiş etdirilən məhsullar ayrı-ayrı inkişaf etmiş xarici ölkələrə məxsus idi. Lakin son sərgi sırf yerli məhsulların nümayişinə həsr edilib. 2 sentyabr 2008-ci ildə Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının təşkil etdiyi sərgidə 185 yerli şirkətin məhsulları nümayiş etdirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. O, sərgi salonunda 174 özəl və 11 dövlət müəssisəsi tərəfindən təşkil olunan və Azərbaycanın ayrı-ayrı iqtisadi rayonlarına məxsus pavilyonlarla tanış olub. Dövlət başçısı sərgidə nümayiş etdirilən və müasir standartlara cavab verən yerli məhsulların mövcudluğunu ölkə iqtisadiyyatının uğurlu inkişaf strategiyasının nəticəsi kimi qiymətləndirib. (http://www.azerbaijan.news.az/)

Tarixi arayış 3 sentyabr 2008-ci ildə tərtib edilib.