Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Bill Klintona - Klivlend şəhəri, 18 may 1999-cu il


Hörmətli cənab prezident, aprel ayının 24-25-də Vaşinqtonda NATO-nun əlli illik yubileyinə həsr olunmuş sammitin yüksək səviyyədə təşkil olunması və əla keçməsi münasibətilə Sizi təbrik edirəm, mənə və Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm.

Vaşinqton sammiti NATO-nun böyük gələcəyi olduğunu bir daha nümayiş etdirdi. Mən bu tədbirlərdə iştirak etməyimdən və Sizinlə görüşməyimdən çox məmnun oldum. NATO-nun əlli illik yubileyində müstəqil Azərbaycan Respublikasının prezidentinin iştirakı və suveren Azərbaycan dövləti adından çıxış etməsi xalqımız üçün tarixi bir hadisə oldu.

Fürsətdən istifadə edərək bir daha bildirirəm ki, biz dünyada sülhün, əmin-amanlığın və sabitliyin təmin olunmasında NATO-nun rolunu yüksək qiymətləndirir və NATO-nun Vaşinqton sammitində qəbul olunmuş yeni strategiyasını dəstəkləyirik. Avropa və Atlantika məkanında, o cümlədən, Qafqaz regionunda və bütün dünyada təhlükəsizliyin və dinc yanaşı yaşamanın təmin olunması kimi xeyirxah bir missiyanın həyata keçirilməsi işində Sizə və NATO-ya yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

Vaşinqtona aprel ayının 22-dən başlanan səfərim zamanı Sizin administrasiyanın nümayəndələri, senatorlar və konqresmenlər ilə çoxsaylı görüşlərimiz və səmərəli danışıqlarımız oldu. Zənnimcə, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətləri və qarşılıqlı faydalı əlaqələri bütün sahələrdə inkişaf etdirmək üçün xeyli iş görə bildik.

Aprel ayının 27-də Amerika Birləşmiş Ştatları Senatının binasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən üç zəngin neft yatağının birgə işlənməsi barədə ARDNŞ ilə Amerikanın "Eksson", "Mobil" və "Monkfrit oyl" şirkətləri arasında imzalanmış yeni neft kontraktlarını xüsusilə qeyd etmək istəyirəm. Biz Xəzər hövzəsinin zəngin enerji ehtiyatlarının Amerika Birləşmiş Ştatlarının və dünyanın ən böyük neft və qaz şirkətləri ilə birgə istismar olunması və dünya bazarına etibarlı, təhlükəsiz yollarla ixrac edilməsi sahəsində Sizin administrasiyanız və Amerika şirkətləri ilə sıx əməkdaşlığımızı bundan sonra daha da artıracağıq.

Sizinlə görüşümüz zamanı Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə həll olunması barədə söylədiyiniz fikirlər məni ruhlandırdı. Ümidvaram ki, münaqişənin danışıqlar yolu ilə aradan qaldırılması üçün Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi öz fəaliyyətini artıracaqdır.

Əminəm ki, ölkələrimiz arasında çoxtərəfli faydalı iqtisadi, siyasi əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi 1997-ci il avqustun 1-də Ağ evdə Sizinlə imzaladığımız birgə bəyanatda da qeyd olunan dövlətlərimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Möhtərəm prezident, Vaşinqtondakı görüşlərim başa çatdıqdan sonra Ohayo ştatının Klivlend şəhərinə gəldim. Sizin ölkənizdə olmağımdan istifadə edərək həkimlərin məsləhəti ilə Klivlend klinikasında əvvəlcə müayinədən keçdim, sonra isə ürəyimdə cərrahiyyə əməliyyatı aparıldı.

Burada müalicə olunduğum zaman şəxsən hiss etdim ki, Klivlend klinikası dünyanın ən böyük tibb mərkəzlərindən biridir. Müasir tibb elminin və texnikasının əldə etdiyi ən yüksək nailiyyətlər bu klinikada cəmləşibdir. Cərrah Brüs Laytlın və kardioloq Murat Tuzçunun rəhbərlik etdikləri həkimlər qrupunun və tibb heyətinin yüksək peşəkarlığı məni heyran etdi. Ümumiyyətlə, Klivlend klinikasında müalicə olunan xəstələrə göstərilən yüksək tibbi xidmət məni valeh etdi və burada hökm sürən dostluq, mehribanlıq və qayğıkeşlik əhval-ruhiyyəsi tezliklə sağalmağıma kömək etdi. İndi özümü lap yaxşı hiss edirəm. Həkimlərin dediyinə görə, ürək-damar sisteminin bütün göstəriciləri normaldır.

Bütün bunlara görə Klivlend klinikasının rəhbərliyinə, orada çalışan və şərəfli əməyi ilə insanlara şəfa verən, həyat bəxş edən minlərlə həkimə və tibb heyətinə dərin minnətdarlığımı bildirirəm.

Klivlend klinikasında müalicə olunduğum dövrdə mənə göndərdiyiniz səmimi təbrik məktubuna, etdiyiniz telefon zənginə, göstərdiyiniz diqqət və qayğıya görə bir daha Sizə təşəkkürümü bildirir, Sizin administrasiyanızın mənə bəslədiyi yüksək hörmət və ehtirama görə dərin minnətdarlığımı çatdırıram.

Sizin qayğıkeşliyiniz, həssaslığınız və insanpərvərliyiniz, mənə göstərdiyiniz dostluq münasibəti şəxsiyyətinizə olan hörmət və ehtiramımı daha da yüksəklərə qaldırdı.

Sizi əmin edirəm ki, mən bu dostluğa sadiq qalacağam, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etməsi və möhkəmlənməsi üçün bundan sonra da var qüvvəmlə çalışacağam. Sizin gözəl ölkənizdən yola düşərkən bir daha Sizə hörmət və ehtiramımı bildirir, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik diləyir və gələcək işlərinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

Səmimiyyətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.