Аzərbаycаn Rеspublikаsının Prеzidеnti Hеydər Əliyеv görkəmli Azərbаycаn bəstəkаrı Qаrа Qаrаyеvin 85 illiyinə həsr оlunmuş хаtirə gеcəsində iştirаk еtmişdir - Azərbаycаn Dövlət Аkаdеmik Оpеrа və Bаlеt Tеаtrı, 6 fеvrаl 2003-cü il


Аzərbаycаn Dövlət Akademik Opera və Balet Teatrında fevralin 6-da dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Lenin və Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 85 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilmişdir.

Azərbaycan Prezidenti Heydər Əliyev gecədə iştirak etmək üçün teatra gəldi. Salona toplaşanlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar.

Mədəniyyət naziri Polad Bülbüloğlu gecəni açaraq, bunu ölkəmizin musiqi həyatında əlamətdar hadisə kimi qiymətləndirdi.

O, Qara Qarayevin yaradıcılığının əhəmiyyətindən danışaraq, dahi bəstəkarın qüdrətli istedadının bəhrəsi olan «Yeddi gözəl», «İldırımlı yollarla» kimi baletlərinin, zəngin simfonik irsinin təkcə Azərbaycan musiqisinin deyil, həm də dünya mədəniyyəti xəzinəsinin incilərindən olduğunu vurğuladı. Nazir bildirdi ki, Azərbaycan Prezidenti Heydər Əliyev bəstəkarın yaradıcılığına və şəxsiyyətinə həmişə diqqət və hörmət göstərmişdir.

Beş il əvvəl prezidentin fərmanına əsasən, Azərbaycan musiqisi klassikinin 80 illiyi ölkəmizdə təntənəli surətdə keçirilmişdir.

Yubiley Rusiyada və YUNESKO-nun xətti ilə Fransada da geniş qeyd edilmişdir.

Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, Xalq artisti Vasif Adıgözəlov çıxışında dedi ki, Qara Qarayev Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcılarından biridir, onun musiqisi bütün qitələrdə, dünyanın ən yaxşı konsert salonlarında səslənmişdir və indi də səslənir. O, dövlətimizin başçısının incəsənət xadimlərinə, yaradıcı ziyalılara daim qayğı göstərməsini yüksək qiymətləndirdi.

Sonra Xalq artisti Rauf Abdullayevin idarəsi ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında dahi Qara Qarayevin əsərlərindən parçalar səsləndi.

Azərbaycan Prezidenti Heydər Əliyev böyük uğurla keçən konsertdən sonra səhnəyə gələrək, yüksək ifaçılıq məharətinə görə dirijor Rauf Abdullayevə, orkestrin musiqiçilərinə təşəkkür etdi.

Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin müavini Elçin Əfəndiyev, Türkiyə, Qazaxıstan, Türkmənistan, Başqırdıstan, Tatarıstan, Tuva, Xakasiya, Altay, Saxa (Yakutiya) respublikalarının, Şimali Kiprin mədəniyyət nazirləri, Qırğızıstan və Qaqauziyanın mədəniyyət nazirliklərinin nümayəndələri, xarici ölkələrin səfirləri, digər rəsmi şəxslər xatirə gecəsində iştirak edirdilər.